Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:26

'Xalqa ödətdirilən borc'


İ.Əliyev İsmayıllıda velosiped zavodunun açılışında.
İ.Əliyev İsmayıllıda velosiped zavodunun açılışında.

İsti suyun qiymətinin qalxacağı ilə bağlı gözləntilər, «kölgə iqtisadiyyatı»nın həcmi, ölkə iqtisadiyyatına aid fərqli dəyərləndirmələr bu gün medianın aparıcı mövzusudur…

UĞURLARI TƏQDİR EDİLƏN ÖLKƏ-AZƏRBAYCAN

«Azərbaycan» qəzetində «Azərbaycanda aparılan islahatlar beynəlxalq miqyasda təqdir olunur» sərlövhəli məqalə dərc edilib.

Müəllifə görə, Azərbaycan iqtisadiyyatı indi qlobal böhrana baxmayaraq, iri layihələr və proqramlar həyata keçirir. Cəmiyyətin bütün sahələrində dirçəliş, intibah meylləri sosial-mədəni sferada da özünü göstərir.

Məqalədə qeyd edilir ki, Azərbaycanda investisiyaların qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi iqtisadi siyasətin əsas prioritetidir: «Qlobal maliyyə böhranının yeni fazaya keçməsinə baxmayaraq, qeyri-neft sektorunda artım 3.6 faiz təşkil edir. Sosial layihələr uğurla icra edilir və ötən müddətdə 29 məktəb tikilib, 485 məktəbdə təmir işləri aparılıb, 33 səhiyyə obyekti inşa olunub. 154 min iş yeri açılıb ki, onlardan da 121 mini daimi iş yerləridir».

Müəllif ölkədə biznes mühitinin yaxşılaşdırılması yönündə növbəti ildə də davamlı işlərin görüləcəyini bildirir və fikirlərinin təsdiqi kimi prezidentdən sitat gətirir: «Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində bu gün çox ciddi addımlar atılıb. Deyə bilərəm ki, sahibkarlar bu işlərə artıq böyük ruh yüksəkliyi ilə qoşulurlar».

Məqalənin sonunda da vurğulanır ki, ölkənin uğurlarının dünyanın ən nəhəng reytinq təşkilatlarının və maliyyə institutlarının hesabatlarında əksini tapması aparılan islahatların uğurlarından xəbər verir.

İstilik
İstilik

İSTİ SUYUN QİYMƏTİ ARTIRILA BİLƏR

Azadliq.info-da ««Azəristiliktəchizat» borcunu xalqa ödətdirir» sərlövhəli məqalədə isti suyun qiymətinin hökumətin tənzimlənməsindən çıxarılması müzakirə edilir.

Müəllif yazır ki, Nazirlər Kabinetinin qərarına görə, isti suyun qiymətləri dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısından çıxarılıb. Artıq 2017-ci il yanvarın 1-dən «Azəristiliktəchizat» ASC özü müstəqil qiymət siyasəti həyata keçirəcək.

«Azəristiliktəchizat» ASC nümayəndəsi Rafiq Əliyev deyib ki, soyuq suyun qiyməti və onu qızdırmaqdan ötrü sərf olunan qaz, enerji xərcləri hesablanıb yeni qiymət müəyyənləşdiriləcək. «Yeni qiymət idarənin zərərlə işləməsinin qarşısını almağa və tədricən gəlir gətirən təşkilata çevrilməsinə xidmət edəcək»-deyə o qeyd edib.

Yazıda vurğulanır ki, bu isə bu sahədə qiymətin artırılacağından xəbər verir.

Müəllif qiymət artımına əsas səbəb kimi «Azəristiliktəchizat» ASC-nin «Azəriqaz» İB-nə olan külli miqdarda borcunu göstərir: «Bu səbəbdən zaman-zaman iki qurum arasında yaranan «soyuq müharibə»nin də şahidi olmuşuq, zərərini isə daha çox xalq ödəyib».

Yazıda qeyd edilir ki, indiki iqtisadi böhran şəraitində müxtəlif sahələrdə qiymət artımını anlamaq olur. Amma bu ilin may ayında suyun qiymətinin 39 faiz, iyul ayında işığın qiymətinin 17 faiz qalxmasını anlamaq olmur. Müəllif xəbərdarlıq edir ki, bu yanaşma ilə qaz və benzinin də qiyməti qaldırıla bilər.

Dollar
Dollar

«KÖLGƏ»NİN «YEDİYİ» 12-15 MİLYARD

«Exo» qəzetində «Kölgə iqtisadiyyatı Azərbaycanda 12-15 milyard manatı «yeyir»» sərlövhəli məqalə diqqəti çəkir.

Yazıda qeyd edilir ki, Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) böyük bir hissəsi «kölgə iqtisadiyyatı»nın payına düşür. Müəllifə görə, ölkədə hər il 12-15 milyard manat «kölgə»yə gedir.

Ekspert Nəriman Ağayev mövzunu qəzetə belə şərh edir: «Kölgə iqtisadiyyatı şərdir və ona qarşı mübarizə zəruridir».

Ekspertə görə, bunu aradan qaldırmaqdan ötrü ölkədə nağdsız hesablaşmaya keçmək lazımdır və hazırda bu proses 10-15 faiz həcmindədir. Bu da çox aşağı göstəricidir.

Ekspert «kölgə iqtisadiyyatı»nı aradan qaldırmaqdan ötrü iqtisadi amnistiya təklif edilir.

Başqa bir iqtisadçı Samir Əliyev isə deyir ki, iqtisadi böhran şəraitində ÜDM-un həcmi azaldıqca, «kölgə iqtisadiyyatı»nın həcmi artır: «Digər bir rakursdan baxsaq, böhran dövründə həmişə «kölgə iqtisadiyyatı»nı «kölgə»dən çıxarmaq üçün qanunvericilik bazası təkmilləşdirilir. Bütünlükdə isə «kölgə iqtisadiyyatı» şərdir və böhranın bir səbəbi də bu iqtisadiyyatın inkişaf etməsidir».

O da düşünür ki, bu şərə qarşı mübarizədə nağdsız hesablaşmalara keçmək zəruridir: «Bu sahədə Azərbaycanda müəyyən irəliləyiş var. Amma bu məsələ Azərbaycanda hələ ilkin mərhələdədir».

S.Əliyev hesab edir ki, «kölgə iqtisadiyyatı» ilə mübarizədə daha bir üsul qanunvericilik bazasının təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin bu proseslərə cəlb edilməsidir.

Böhran
Böhran

BÖHRAN DƏRİNLƏŞİR

«Novoye Vremya» qəzetində isə «Ölkədə böhran dərinləşir» sərlövhəli məqalə oxumaq olar.

Müəllif yazır ki, Azərbaycanda iqtisadiyyat kiçilir və bu, böhranın nəticəsidir.

Məqalədə Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə baş iqtisadçısı Hans Timmer-ə istinadən qarşıdakı 3 ildə Azərbaycan iqtisadiyyatının böyüməyəcəyi qeyd edilir.

Müəllif bildirir ki, bank təmsilçisi böhrandan çıxış kimi maliyyə sektorunda sabitləşdirməni tövsiyə edib.

Yazıda vurğulanır ki, Azərbaycanda bütün iqtisadi problemlərin əsası neftin qiymətinin düşməsi, gəlirlərinin azalmasıdır. Müəllifə görə, hökumət Maliyyə Sabitliyi Şurası yaratsa da, iki ay ərzində bu qurum heç nəyə nail ola bilməyib.

Yazıda qeyd edilir ki, neft sektoruna bağlı olmayan sahələrdə də inkişaf yoxdur. Rəsmi etirafa görə, inflyasiya 12 faiz təşkil edir.

Özəl müəssisələrin və vətəndaşların da gəlirləri kəskin azalıb. Üstəlik, problemli kreditlərin həcimi artıb.

Müəllifin fikrincə, indiki ağır iqtisadi durumun yaranmasına səbəb həm də ölkəyə gələn neft pullarından uzun müddət səmərəli istifadə edilməməsidir: «Pullar xərclənib, iqtisadiyyat yox, sonrakı dövrün necə təmin edilməsi hələ bilinmir».

Müəllif qeyd edir ki, böhran hökuməti gerçək islahatlara sövq edə bilərdi. Ancaq bu görünmür...

XS
SM
MD
LG