Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:25

'Dedilər ki, bunu Hövsan tərəfə aparıb, lüt soyundurub, İnternetdə yaymaq lazımdır'


Mehriban Hüseynova

Mehriban Hüseynova

"İlhamə xanım bıçağın taxta sapıyla başımdan vurdu. Durub yanından qaçanda bıçağı atdı, buduma girdi. Ayağımdan qan axdığını görəndə özü də çox pis oldu. Oğlu Orxan və onun dostu Vüqar məni döydülər. İlhamə xanıma dedilər ki, bunu Hövsan tərəfə aparıb, lüt soyundurub, internetdə yaymaq lazımdır. Ehtiyat edirdilər ki, bıçaqlanma barədə şikayətlənərəm. Dedim ki, mən ölsəm də, gedib İlhamə xanımdan şikayət eləmərəm".

Mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi olmuş, indi isə onun əmlakını ələ keçirmək cəhdində suçlanıb hakim önünə çıxarılan Mehriban Hüseynova noyabrın 22-də məhkəmədə ifadə verib.

Buna da bax:​ 'İlhamə Quliyeva dedi ki, Mehribanı öldür...''

"Deyirdi, "üzüyüm itib", amma baxırdım ki, barmağındadı"

O, İlhamə Quliyevanın əmlakını ələ keçirməyə çalışması, bundan ötrü saxta vəsiyyətnamə düzəlməsi barədə ittihamları yalan adlandırır. M.Hüseynovanın sözlərinə görə, İlhamə Quliyeva son dövrlərdə hamıdan, hətta oğlu Orxan Nadirov və gəlinindən də uzaqlaşmışdı. Yalnız ona güvənir və həmişə yanında olmasını istəyirdi. Xalq artisti, hətta köməkçisinə birillik “Baş etibarnamə” də verib, bütün var-dövlətini ona həvalə edib: "Son dövrlərdə ayaqlarında yaralar əmələ gəlmişdi, vəziyyəti ağırlaşmışdı. Məni yanından uzağa buraxmaq istəmirdi. Mənim də işim-gücüm vardı. Bir neçə dəfə olmuşdu, gedəndən sonra zəng eləyib, evdən üzüyünün, qızıllarının oğurlandığını demişdi. Bunu mən yanından getməyim deyə edirdi. Sonra evə qayıdanda baxırdım ki, itib dediyi üzüyü barmağındadır. Soruşanda da deyirdi ki, evdə qoyduğu yerdən tapıb.

O ərəfədə oğlunu da yanına buraxmırdı. Ad günü ərəfəsində mən ondan xahiş elədim ki, oğlu, gəlini gəlsin. Razılaşdı. Elə vəziyyətdə idi ki, yeriyə bilmirdi. Özü dedi ki, "sənə etibarnamə verəcəyəm, amma Orxan bilməsin". Tünd xasiyyəti vardı, onun bir sözünü iki eləmək olmazdı. Razılaşdım, verdi. Həmin ərəfədə Xətai klinikasında Sona Vəliyevanın yanına getdik, orada həkim dedi ki, ayağı kəsilməlidi. Əsəbiləşdi. Sonra Türkiyənin Samsun şəhərinə getdik, orada iki ay müalicə olundu".

Buna da bax:​ 'İlhamə dedi ki, telefondan nazirlərin, deputatların nömrələrini silin'

"Evini 330 minə satdı, üç gündən bir pul saymaqdan yorulmuşdum"

Köməkçisi deyir ki, müğənni Türkiyədə müalicə olunduğunu oğlundan da gizlədirmiş. Hamıya deyib ki, Avropada istirahətdədir: "Qayıdandan sonra evini 330 minə satdı. Üç gündən bir pul saymaqdan bezmişdim. Ona təklif elədim ki, pulu banka qoysun. O vaxt heç kimlə əlaqə saxlamırdı. Yalnız Əli Mirəliyevlə, bir də Milli Məclisdə adını hallandırmaq istəmədiyim bir adamla danışırdı. Həmin ərəfədə oğlunun tanışı Vüqar zəng elədi ki, "Orxan 5-6 nəfərlik qrup yaradıb, 95 min pulu alıb qaytarmayıb, ya pul qayıtmalıdı, ya da mediaya bu barədə məlumat veriləcək". Evin pulu hələ banka qoyulmamışdı. Vüqara 10 min verdi. Bir müddət sonra daha 3 min 500 verdi".

"Onu tələyə salmaq istəyəndə özüm onun tələsinə düşdüm"

Vüqar Bəkirovdan şübhələndiyini, onu ifşa etmək istədiyini deyən Mehriban Hüseynova onunla aralarındakı söhbəti də danışıb: "Orxan İlhamə xanımın mənə verdiyi etibarnamədən xəbər tutmuşdu, bu barədə Vüqara da demişdi. Vüqar dedi ki, məndəki etibarnamədən istifadə edib vəsiyyətnamə düzəltmək olar. Mən də onun planının üstünü açmaq üçün razılaşdım. Onunla görüşəndə İlhamə xanımın əleyhinə danışırdım ki, məqsədlərinin nə olduğunu öyrənim. Vüqar mənim dediklərimi diktofona yazıb, İlhamə xanıma verib, yəni onu tələyə salmaq istədiyim halda, özüm onun tələsinə düşdüm".

Buna da bax:​ İlhamə Quliyevanın '3 milyonluq' əmlakı...

Mehriban Hüseynova deyir ki, bundan sonra İlhamə Quliyeva onu evinə çağırıb və internetdə yayılmış qalmaqallı videogörüntü lentə alınıb. Onu döyüb və diz çökdürərək İlhamə Quliyevadan üzr istəməyə məcbur ediblər.

Ardınca İlhamə Quliyeva hüquq-mühafizə orqanlarına şikayət edib. Köməkçisinin həbsindən 4 ay sonra müğənni dünyasını dəyişib. Mehriban Hüseynova deyir ki, dörd ay ərzində dəfələrlə xalq artisti ilə üzləşdirilməsini tələb etsə də, bunu eləməyiblər.

İfadədə adıçəkilən Vüqar Bəkirov bir müddət əvvəl dələduzluqda suçlanaraq məhkum edilib. O bu məhkəmə prosesinə də şahid kimi, həbsxanadan gətirilmişdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG