Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:21

İnternet haqda film çəkən rejissor: 'İnternetdən az istifadə edirəm, telefonum da yoxdur'


Alman rejissoru Werner Herzog.
Alman rejissoru Werner Herzog.

Böyük alman rejissoru Werner Herzog haqqında əfsanələr uydurulan kinematoqrafçılardandı. Onun çılğın hərəkətləri haqqında qalın kitablaryazmaq mümkündü. Tənqidçilər Herzogun filmlərini başqa dünyaya, mədəniyyətə, hərdən də başqa planetlərə səyahət adlandırırlar. Rejissor “O, internet! Rəqəmsal dünyanın xəyalları” adlı yeni sənədli filmində də belə dünyalardan birini - virtual aləmi araşdırır. Oxu zalı rejissorun son dövr verdiyi müsahibələrindən birini təqdim edir. Werner Herzog filmlərindən, rəqəmsal dünyadan, birlikdə işlədiyi aktyorlardan və Ralf adlı ən böyük xoruzdan danışır.

- Əvvəllər filmlərinizi sivil insanın ayağının dəymədiyi məkanlarda çəkirdiniz. İndi isə yeni bir dünyaya soxulursunuz. Müasir insana ismarıc göndərmək arzusu necə yarandı? Onun ilkin məzmunu necə idi?

Werner Herzogun yeni filmi "İnternet dünyasının xəyalları"nın afişası.
Werner Herzogun yeni filmi "İnternet dünyasının xəyalları"nın afişası.

- “İsmarıc” sözünü ehtiyatla istifadə eləsək, yaxşıdı, çünki əgər təkcə ismarıc vermək istəsəydim, poçtalyona çevrilərdim. Halbuki mən filmlər çəkirəm, əhvalatlar danışıram. Təbii ki, son filmimdə də internet -hadisələrin cərəyan elədiyi məkandı. Mən özüm internetdən az-az istifadə eləyirəm, mobil telefonum yoxdu və o, mənə lazım deyil. Ola bilsin ki, virtual məkan həm də yeni ərazidi, amma mənim əvvəlki filmlərimdə də əsas məkan müasir dünya olub. Ona görə də, yeni filmimin internetə həsr olunmağında təəccüblü heç nə yoxdu.

Buna da bax: Werner Herzog'dan rejissorlara 24 məsləhət​

- Elə olubmu ki, çəkilişlərə başlayanda tamaşaçılara vermək istədiyiniz konkret mesajınız olub, ancaq çəkilişlər bitəndən sonra ilkin ideyanın dəyişdiyini görmüsünüz?

- Ümumiyyətlə, filmlər həmişə çəkilişin ilk saniyəsindən etibarən öz həyatını yaşamağa başlayır. Ona görə də, məsələn, mən ssenari yazanda proses başlayana qədər onu təkrar oxumağı sevmirəm. Hərdən bu zaman kəsiyi iki ilə qədər uzanır: pul, aktyor tapmaq, özünü hazırlamaq lazımdı. Və mən bunu bilərəkdən eləyirəm, çünki filmə yenilik hissi ilə başlamaq, ssenarini yazarkən keçirdiyim bütün duyğuları başdan yaşamaq istəyirəm. İstehsalat prosesində həmişə yeni nələrsə meydana çıxır, buna görə də mən gözlənilməzliklər üçün şərait yaradıram. Amma bütün dəyişikliklərə baxmayaraq, filmin əsas mahiyyətini və çatdırmaq istədiyim atmosferi, əhval-ruhiyyəni qoruyuram.

- Yəni sizin üçün nəticənin ilkin ideyadan fərqlənməsi vacibdi?

- Həmişə yox, ancaq hərdən olur. Uşaq kimi – o doğulur, siz ona tərbiyə verirsiniz, amma sonra, təbii ki, o öz həyatını yaşamağa başlayır. Uşaqlar sürprizlərlə doludular. Eyni şeyi filmlər haqqında da demək mümkündü. Ona görə də mən kadrlaşdırmanı (storyboard-red) sevmirəm. Hər kadrı ayrıca çəkirsən və artıq düşünməyə ehtiyac qalmır. Bu, mexaniki hərəkətə çevrilir. Halbuki biz əhvalat danışırıq, film yaradırıq, mühasib deyilik.

- Sizin filmoqrafiyanızda iki vacib aktyor var – Klaus Kinski və Bruno S. Bu iki aktyorun həyatları da, temperamentləri də, energetikaları da bir-birindən xeyli fərqlənir. Onlar sizi nə ilə cəlb eləyirdilər?

Alman rejissoru Werner Herzog/
Alman rejissoru Werner Herzog/

- Bunu ancaq rejissor hiss eləyə bilər. Gərək sənin radarına düşsünlər ki, onları görəsən. Qeyri-adi insanlarla həmişə belə olur. Kinski – ekranda tam hökmranlıq və gərginlik effektidi. Əvvəllər heç vaxt ekranlarda görünməyən Bruno isə gəlişi ilə hamıya göstərdi ki, nəsə heyrətamiz bir şey görəcəklər. Ancaq bu, təkcə ona aid deyil. Bu, kastinqin əsas prinsipidi və buna ciddi yanaşmaq lazımdı. Sizin gələcəyiniz hələ irəlidədi və mütləq başa düşməlisiniz ki, bütün ideyalarınız, danışmaq istədiyiniz əhvalat seçdiyiniz aktyorlarla “dil tapmalıdı”, onlarla birlikdə “yaşamalıdı”. Siz hələ sənədli kinoda da kastinq olduğunu görəcəksiniz. Mən də yeni filmim üçün iştirakçıları böyük səylə seçmişəm. Tamaşaçını sehrləyəcək birini tapmaq vacib idi, çünki bu aləmdə ortabab və darıxdırıcı şeylər həddindən çoxdu. Elə insanlar var ki, onlar haqqında heç nə çəkmək mümkün deyil. Mən onlarla işləməyə heç cəhd də eləmirəm. Mənim “Dibsizliyə” filmimə baxa bilərsiniz. İnternetdə var. Bu film son dərəcə soyuqqanlı bir qətldən bəhs eləyir. Qatillər öz inkarları, qəddarlıqları ilə dərhal sarsıdırlar, amma onların ailə üzvləri elə təsir bağışlayır, sanki onları məxsusi olaraq “rol” üçün seçiblər. Buna görə də filmi cəmi bir həftəyə çəkmişəm – çəkilişə daxil elədiyim hər kəs filmdə görünür. Üstəlik orda ayrı-ayrı hissələrin montajı yoxdu. Başqa sözlə, mən ancaq lazım olan qədər material çəkmişəm. Film, təxminən, iki saat davam eləyir, ümumi materialın həcmi 6-8 saatlıq olub. Hamısı da ona görə ki, heyəti doğru seçmişdim. Kastinq son dərəcə diqqətlə, ehtiyatla aparılıb. Əgər sənədli film çəkirsinizsə, insanları özünüz seçməlisiniz. Ən maraqlı personajları tapın, onları 20 dəqiqəyə yaxın çəkin. Sizə təkcə bu lazımdı. Bundan sonra kino yaratmaq olar.

Buna da bax: Məşhur rejissor Werner Hersog-un sevdiyi 5 film

- Nicolas Cage bu yaxınlarda verdiyi müsahibələrin birində sizin “Pis leytenant” filminizdə çəkildiyinə görə fəxr elədiyini deyib. Hollivud aktyorları ilə necə işləyirsiniz, onlara qarşı hansısa xüsusi yanaşmanız varmı?

- Zənnimcə, biz uzun müddət bir-birimizin işlərinə hörmətlə yanaşmışıq. Və mən “Pis leytenant”ı yalnız bir şərtlə çəkməyə hazır idim- Nicolas Cage mütləq komandamızın üzvü olmalıydı. Cage-in də müqaviləni imzaladığı zaman eyni sözləri dediyindən xəbərim yox idi. Həmin vaxt o, Avstraliyada hansısa filmə çəkilirdi. Ona zəng vurdum, rol təklif elədim və biz razılaşdıq. Artıq onda bilirdik ki, hər şey yaxşı alınacaq. Hətta prodüserlərə, agentlərə qarşı konspirasiya planı da hazırlamışdıq. Məncə, Cage başa düşmüşdü ki, mənimlə işləyən aktyorlara böyük dəyər verilir. Kinski zirvədə idi. Təbii ki, Bruno da. Nicolas Cage də bir neçə yaxşı rol oynamışdı, amma onun, səhv eləmirəmsə, “Las-Veqası tərk edərkən” filmində oynadığı oskarlı rolu da “Pis leytenant”dakı rolu qədər güclü deyil. Ona demişdim ki, sənə kinonun heç vaxt görmədiyin tərəfini göstərəcəm. Hər şey belə başladı. Aktyorlarla işləməyə başlayanda onların qəlbini görmək, duyğularını, ruhi vəziyyətlərini anlamaq və hiss eləmək vacibdi. Bundan sonra özlərini ən yaxşı şəkildə göstərmələrinə yardım etməlisən. Ancaq bu, həmişə işə yaramır. Təəccüblü də olsa, mən Nicolas Cage-in personajını qətiyyən tanımırdım, bəzi hallarda o öz personajını özü yaradırdı. Aktyora hərdən azadlıq vermək lazımdı. Bunu anlamaq vacibdi. Hərdən isə əksinə, ondan dəqiqlik tələb eləyirdim və deyirdim ki, mənim istədiyimi oynamır. Mən Cage-lə hər zaman açıq və dürüst olmuşam. Ona “hər şey düz idi: mətn, dialoq, kameranın hərəkəti. Hamı fokusda idi, amma mən bu səhnəyə baxanda mürgüləyirəm. Deməli, burda nəsə düz deyil. Təkrar çəkirik. Səndən bircə şey istəyirəm – çılğın ol” deyə bilərdim. Və Nikolas hər şeyi anlayırdı.

Werner Herzog-un "İnternet aləminin xəyalları" filminin treyleri.

- Belə çıxır ki, aktyorlar sadəcə onlarla işlədiyinizə görə yox, həm də onları başa düşdüyünüzə görə sizə dəyər verirlər. Bəlkə elə buna görə siz bir az çılğın və ekspressiv insanları sevirsiz?

- Əslində yox. Mən ən adi insanlarda qeyri-adi cəhətlər tapıram. “O, internet! Rəqəmsal dünyanın xəyalları” filmində bunu görəcəksiniz. Ona görə belə olur ki, bəzi insanlar - məsələn, İlon Mask - həddindən artıq utancaqdılar və bunu dəyişmək mümkün deyil. Eyni zamanda onu söhbətə necə cəlb edəcəyinizi də bilməlisiniz, aktyorlar da bunu bacarmalıdılar.

- Bir dəfə siz Ralf adlı 32 funtluq xoruz haqqında danışmısınız. Onun, Frenk adlı balaca ponini təqib etməyini istəyirmişsiz. O vaxtdan sonra Ralfdan daha böyük xoruz tapmısınız?

- Yox, ən böyüyü elə o idi! Əslində mən daha elə nəhənglər axtarmıram. Ancaq “Oğlum, oğlum, sən neynədin” filmimdə bu motivdən istifadə eləmişəm. Orda qoyundan böyük xoruz və balaca cırtdan haqqında söhbət var. Xoruz tennis kortundan geniş olan nəhəng yüksəkliyin ətrafında qaçmalıydı. Mən də Kaliforniyada elə bir yüksəklik tapdım – dünyanın ən geniş yüksəkliyi. Bir də 90 santimert boyu olan cırtdan. Ancaq xoruzu tapa bilmədim. Əvəzində qoyundan da balaca olan cırtdan poni tapıldı. Sahibi onu mənə satmağa hazır idi. Qəflətən ponini hansı səhnədə çəkəcəyimi soruşdu. Ona hər şeyi izah elədim, nəticədə atı satmaqdan imtina elədi. Dedi ki, sevimli ponisi həmin səhnədə gülünc görünəcək. Odur ki, bu ideya arzu olaraq qalır – o yüksəklikdə təkcə xoruzu yox, atı da çəkmək. Həyata keçməmiş ideyalarımızın olması normaldı. Ancaq istehsalat prosesi hərəkətə başlayanda ideya gerçəkləşməlidi, film də tamamlanmalıdı. Başqa variant yoxdu. Bunun əksi heç vaxt olmamalıdı. Ona görə də əgər filminizi tamamlamasanız, gəlib sizi tapacam və işi özüm sona çatdıracam.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG