Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:53

Səni gözləyəndə sizin məhlədə


Amin Mehdi.
Amin Mehdi.

Amin Mehdi

Şeirlər

Bugün sizin qaldığınız yerdən.
Sizin, xanımqız!
Sizin məhlədən keçdim.
Güclü bilirdim özümü mən də.
Keçmişi bir sözlə,
Qəzəb və kinlə
Atıb getdiyimi sanırdım mən də.
Sən demə keçmişim elə o tində,
Sizin binanın qıraq küncündə,
Əlində papiros məni güdürmüş.
Səni ötürdüyüm bütün o yollar,
İndi hamısı mənə qayıdır.
Üzü tərs tərəfdən gələndə sizə
Düşüb dayanacaqda yol dəyişərdik.
Yerüstü keçiddən keçib qarşıya,
Əl sıxışardıq, üz görüşərdik.
Sonra sən gedərdin evinə tərəf.
Arxanca boylanıb,
Fikrə dalardım.
Papiros yandırıb xəyal qurardım
Bina girəcəyindəki bölmə başında.
Meyvə satanlar da mənə qımışıb
"Cavanlıq nə gözəl şeydir" ədalarında
Köks ötürərdi, gülümsəyərdi.
Hərdən
Səni gözləyəndə sizin məhlədə
Tütün çəkməyə əlim gəlməzdi.
Gülqabı deyirdim sizin məhləyə.
Külqabı etməyə üzüm gəlməzdi.
Xanımqız,
Düşünmə, Məcnuna dönmüşəm indi.
Nə o zamandayıq, nə də səhrada.
Deyəsən mən elə sizin məhlədə
Papiros çəkməyən öz əllərimin,
Yarası olmayan geniş qəlbimin
Və o körpü altına atdığım
Öz gəncliyimin
Ən dərin, ağrılı həsrətindəyəm.
Yoxsa o tindəki keçmiş bu qədər
Şeir yazdırmazdı şair könlümə.
Lap sən özün demiş,
Mən ki, dərin adamam dəryalar qədər.
Belə xırda şeylər öldürməz məni.
Xatirə dolusu küləkli şəhər
Əksinə
Daha tez qocaldar,
Böyüdər məni.
Məncə, insan xəyanət etməmiş
Öz saflığına və başqalarına.
Gəncliyi körpüdən atıb yerlərə,
Yaşlı ahıllar kimi sadiq olmalı
Keçmiş deyilən bu mərət şeyə.
Yoxsa əhval da, sevgi də,
Eşqin özü də
Bir qədir bilməyən məhlə tinində
Çürüyüb məhv olur bizdən xəbərsiz.

Buna da bax: Bu ölkə bəs etmir xəyallarıma

*

Məsələn

Uşaqlıq şəkilləri kimi

Alboma düzmüşəm gedənlərimi.

Arada iki barmaqla yadıma

Düşə-düşməyə şəkildəki adamlar.

Telefon rəhbərimdə də xeyli nömrə var.

Amma

Nə alo deməyə, nə də yığmağa

Nə məndə bir hey var,

Nə telefonumda.

Masam çox nəfərlik,

Çox boşqablı olsa da,

Tək adamlıq süfrədir

Tənha yaşamaqla

Nakam tox olmaq.

Gecə lampasının zərif işığı,

Qulağı bəzəyən tar havası da,

Bəşər balası,

Bunların hamısı bir nişanədir

Yalqızlar evinin dərd davasından.

Buna da bax: Küçədən tozlu ürək tapıram hər gün...

*

5 mərtəbəli binamızdan düşüb
Evlərə nəzər salıram.
Yol alıram evimizdən uzaqlara.
Çinarlar şəhərinin tarixindən
Tarixə xəyanət etmiş küləklər şəhərinə
Xatirə dolu xurcunumla yol alıram.
Çinarlardan uzaq yerlərdə
Küləklərlə illər keçirəcəyim içimdə
Baş qaldırmış intizar
Məni yenə evimə, otağıma və
" düş çörək al"-, sədasına geri qaytarar.
Buna adım kimi əminəm.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG