Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:45

Manata daha bir təzyiq - Trumpın planları dolları möhkəmlədir


Arxiv fotosu: Bakı, ABŞ dollarının 2016-cı ilə noyabrın 14-ə olan məzənnəsi

Arxiv fotosu: Bakı, ABŞ dollarının 2016-cı ilə noyabrın 14-ə olan məzənnəsi

Donald Trumpın prezidentliyi dollara necə təsir edəcək? ABŞ-da və Britaniyada bu sual hətta media başlıqlarında yer alır.

Manatı dollara nisbətdə onsuz da düşən Azərbaycanda isə bu sual yəqin ki, daha aktualdır.

ABŞ-da yaşayan azərbaycanlı iqtisadçı, Şimali Dakota Dövlət Universitetində maliyyədən dərs deyən Fariz Hüseynli AzadlıqRadiosunun eyni sualına belə cavab verir:

-Seçkilərdən sonra dollar sürətlə güclənməyə başlayıb. İnvestorlar Trump hökumətinin büdcə xərclərini artıracağını, idxal qiymətlərini artıracaq addımlar atacağını gözləyir.Bunlarin nəticəsində inflyasiya təhlükəsi yaranacaq ki, bu da faizlərin daha sürətlə artmasina səbəb olacaq. Dollara tələb artacaq. Dollar bahalanacaq. Bazar bu prosesə indidən başlayıb.

GRAY: LAYİHƏLƏR REALLAŞSA...

Nüfuzlu Qərb mediası da, cüzi istisnalarla,demək olar ki, yekdildir: Trumpın prezidentliyi dolları bahalandıracaq.

Politico məcmuəsinin yazdığına görə, Trumpın maliyyə naziri vəzifəsinə namizəd seçdiyi Jonathan Gray deyib ki, Trumpın çoxmilyardlıq infrastruktur layihələri bank faizini artıra bilər. Başqa sözlə, Gray-in fikrincə, bu layihələri Trump rellaşdırsa, bank faizi artacaq və dollar bahalanacaq.

Britaniyanın Telegraph qəzeti yazır ki, Trump seçki kampaniyası vaxtı deyirdi ki, infrastruktur layihələrinə Hillary Clintonun vəd etdiyindən 2 dəfə çox xərcləyəcək. Bu da təxminən ildə 500 milyard dollar deməkdir.

Telegraph qəzeti də hesab edir ki, infrastruktura bu qədər pul xərcləmək dolları qaldıracaq.

Yeri gəlmişkən, Reutersin məlumatına görə, ABŞ-ın Mərkəzi Bankı olan Federal Reserve Sistemin dekabr ayındakı növbəti yığıncağında bank faizinin artırılacağını artıq rəyi soruşulan ekspertlərin 90 faizi deyir.

Trump öz seçki vədlərini yerinə yetirsə, dolların bahalanacağına çoxları əmindir, fikir ayrılığı yalnız bunun sürəti ilə bağlıdır.

GEC YA TEZ? SÜRƏTLİ YA TƏDRİCİ?

CNBC televiziyasının məlumatına görə, Fed-də qərar qəbul edilərkən səsvermə hüququ olan Kanzas Federal Rezervin prezidenti Esther George əvvəla deyib ki, bank faizinin qaldırılması “gec olmaqdansa, tez olacaq”. Georg onu da əlavə edib,o, faizin artırılmasına tərəfdar olsa da, iqtisadiyyatın vəziyyəti faizi sürətlə artırmağa imkan vermir. Onun sözlərinə görə, bu, iqtisadi fəallığa mənfi təsir göstərəcək, ona görə də, bank faizi sistemli şəkildə, tədricən artırılmalıdır. Yəni, dollar qalxacaq, ancaq tədricən.

Dollar nə qədər arta bilər? Forbes jurnalı yazır ki,bir sıra ekspertlərin fikrincə, dollarla avro bərabərləşə bilər.

Hərçənd Trumpın prezidentliyi dövründə dolların məzənnəsi necə olacaq? – sualına Forbes jurnalının öz cavabı çoxlarından fərqlidir. Forbes jurnalının fikrincə, Trump dövründə dolların qalxıb-qalxmayacağını demək hələ tezdiur. Forbes hesab edir ki, dolların məzənnəsi daha çox, verilən qərarlara reaksiya şəklində olacaq.

Digər nüfuzlu iqtisadi xəbər və təhlil qurumu Bloomberg isə yazır ki, dolları elə indinin özündə qaldıran Trumpın planlarıdır. Başqa sözlə, Bloombergin fikrincə, həmin planlar reallaşsa, dollar yalnız qalxacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG