Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:47

«Hazırda Ələtdə azad ticarət zonasının yaradılmasından ötrü hüquqi rejimin formalaşması prosesi aparılır. Zonada işlər 2017-ci ilin birinci yarısında başlaya bilər».

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov noyabrın 21-də jurnalistlərə açıqlamasında belə deyib.

T.Ziyadov Dubaydakı məşhur Cəbəl-Əli azad zonası ilə paralellər aparıb. «Biz işlərimizdə bütün xarici təcrübələri diqqətlə öyrənirik. Cəbəl-Əli 1985-ci ildə Dubayda yaranmış bir azad ticarət zonasıdır. Yarananda Cəbəl-Əli ətrafında yalnız bir bina var idi. 2013-də Cəbəl-Əlinin ümumi dövriyyəsi 100 milyard dolları keçdi. Cəbəl-Əli nəinki Dubayda, dünyada marka olub. Biz də ümid edirik ki, Bakı Limanının ətrafında buna bənzər bir inkişaf modeli ortaya qoyacağıq. Burada Dubaydakı kimi birpəncərəli sistem işə düşəcək. Zonanın 5-6 ildən sonra nəticələr verməyə başlayacağını düşünürük», - o, qeyd edib.

20 İLDƏN SONRA...

T.Ziyadov Ələtin gələcəyini parlaq gördüyünü vurğulayıb. «Azad iqtisadi zona üçün 400 hektar yer ayrılıb, gələcəkdə daha 2 min hektar ayrıla bilər. Elə bir sistem yaratmalıyıq ki, bütün sahibkarlar digər ölkələri deyil, bizi seçsinlər. Ələt bu gün kiçik bir şəhərcikdir. Amma 20 il sonra böyük bir şəhər olmalıdır. Gələcəkdə Ələtdə hava limanı və digər komplekslərin inşa edilməsi planlaşdırılır», - deyən T.Ziyadov «Made in Azerbaijan» brendinin də məhz bu zonada yaranmasının gözlənilən olduğunu vurğulayıb.

Prezident İlham Əliyev bu ilin martında Ələt qəsəbəsində azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı sərəncam imzalayıb. Həmin sərəncam Azərbaycanın logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsi, çoxşaxəli nəqliyyat infrastrukturunun yaradılması məqsədini daşıyır.

Azad ticarət zonası ölkə ərazisinin xüsusi rejim altında fəaliyyət göstərən bir hissəsidir. Belə zonalarda istehsal olunan məhsullara milli gömrük ərazisindən kənarda olan obyekt kimi baxılır. Həmin məhsullar gömrük nəzarətindən keçirilmir, vergiyə cəlb edilmir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG