Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:59

Ağ Ev rəsmisi müsəlmanlara qadağanın dəyişdirildiyini deyir


Reince Priebus
Reince Priebus

ABŞ prezidenti administrasiyasının yeni rəhbəri Reince Priebus islamın bəzi hissələrini «problemli» adlandırıb.

«BƏZİ İNSANLAR RADİKALLAŞIBLAR»

Respublikaçılar Partiyasının sədri və ABŞ prezidenti administrasiyasının yeni rəhbəri Reince Priebus müsəlmanların ölkəyə girişinin yasaqlanması məsələsində heç nəyin istisna olunmadığını bildirib. Ancaq onun sözündən belə çıxıb ki, söhbət müsəlmanlara birbaşa qadağadan getmir.

«Mən heç nəyi istisna etməyəcəyəm, ancaq biz dini inanc əsasında qeydiyyata başlamayacağıq», – R.Priebus bazar günü NBC kanalının «Meet the Press» proqramında deyib.

«... Demək istədiyimiz budur ki, bəzi insanlar - əlbəttə ki, hamı yox, ...ancaq bəzi insanlar – radikallaşıblar», – deyə R.Priebus bildirib.

R.Priebus həmçinin, İslamın bəzi elementlərini «problemli» hesab etdiyini vurğulayıb.

«BUNU HEÇ KİM DANA BİLMƏZ»

«Aydın görünür ki, bu dinin bəzi problemli aspektləri var və biz onları bilirik; biz onları görmüşük», –o, ABC telekanalının «This Week» proqramına söyləyib. «Əlbəttə ki, bu, həmin dinin bütün daşıyıcılarına şamil edilmir, ancaq Mike Flynn Amerikada ən hörmətli kəşfiyyat əməkdaşlarından biridir. Əlbəttə, bunu heç kim dana bilməz».

D.Trump-ın milli təhlükəsizlik müşaviri təyin etmək istədiyi M.Flynn bir sıra antimüsəlman bəyanatları ilə tanınır. O, fevralda Twitter-də yazmışdı ki, «müsəlmanlardan qorxmaq rasionaldır».

R.Priebus-un bu mövqeyi ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump və onun keçid komandası ilə səsləşir. Belə ki, onlar müsəlmanların ölkəyə girişini tam yasaqlamadan, müsəlman ölkələrindən mühacirəti məhdudlaşdırmaq istəyirlər.

Kris Kobach
Kris Kobach

YUMŞALMIŞ VERSİYA

Bu ilin yayında D.Trump yeni yoxlama mexanizmləri yaranana qədər terrorizmlə bağlı ölkələrdən mühacirəti dayandırmağa ümid etdiyini bildirib. Bu mövqe D.Trump-ın daha öncəki bəyanatının yumşalmış versiyası sayıla bilər. Belə ki, o, öncə ABŞ nümayəndələri nə baş verdiyini öyrənənədək, müsəlmanların Birləşmiş Ştatlara girişinin tam yasaqlanmasını təklif etmişdi.

D.Trump-a bu məsələlər üzrə məsləhətlər vermiş, Kanzas ştatının dövlət katibi Kris Kobach coğrafi zəmində hazırlanmış qadağanın layihəsi üzərində işləyib. «Trump və Daxili Təhlükəsizlik Departamenti işə başlayıblar», – K.Kobach «The Huffington Post»a deyib.

«The Huffington Post» yazır ki, K.Kobach əvvəllər George W.Bush administrasiyası zamanı giriş və çıxışın qeydiyyatı sistemi üzərində çalışıb. Bu proqramın məqsədi ABŞ-da 16 yaşından yuxarı əcnəbi kişilərə nəzarət etmək idi. Söhbət bir sıra müsəlman ölkələrindən gələn insanlardan gedir. Sonradan bu proqram uğursuz sayılaraq ləğv olunub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG