Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:23

Noyabrın 18-i Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) gənc fəalı Fuad Əhmədlinin şikayətini təmin etməyib.

Bunu AzadlıqRadiosuna F.Əhmədlinin vəkili Əshabəli Mustafayev bildirib.

Vəkil deyib ki, bu il noyabrın 11-də Nəsimi rayon Məhkəməsinin hakimi Babək Pənahov F.Əhmədlinin həbs müddətinin uzadılması barədə qərar verib: «Amma müdafiə tərəfi olaraq bu qərarı indiyə kimi ala bilməmişik. Qərarı almaq üçün Nəsimi rayon Məhkəməsinə getmişəm. Qərarı mənə verməkdən imtina ediblər. Mən bu münasibəti hakimin qərəzi kimi dəyərləndirirəm».

Vəkil deyir ki, apellyasiya şikayətini qərarı almadan yazmalı olub. Ə.Mustafayevin deməsinə görə, bu barədə Ombudsman Aparatına və Məhkəmə Hüquq Şurasına müraciət edib.

F.Əhmədli avqustun 18-də saxlanıb. Ona CM-nin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

Bu həbslə əlaqədar DTX və Baş Prokurorluq birgə məlumat yaymışdılar. Məlumatda qeyd edilirdi ki, «Azerfon» MMC-də «Zənglər mərkəzi»ndə operator vəzifəsində işləyən Fuad Əhmədli abunəçilərə aid fərdi məlumatları və antenalar üzrə olduqları yerləri müəyyən adamlara ötürüb. İddiaya görə, onun yaşadığı evdən axtarış zamanı qanunvericiliklə qadağan edilmiş dini ədəbiyyat, CD disklər, Fethullah Gülen-in çıxışları, «Hizmet imamları» adlandırılan şəxslər və onların qarşılıqlı əlaqələrinə dair sənədlər götürülüb.

F.Əhmədlinin yaxınları isə evdən Fethullah Gülen-ə aid kitab və sənədlərin götürülməsi barədə deyilənlərin yalan olduğunu bildirir.

AXCP bəyan edib ki, F.Əhmədliyə irəli sürülən ittihamlar yalan və quramadır. Bunda məqsəd partiya və onun lideri Əli Kərimlini hədəf almaqdır.

Türkiyənin hökumət rəsmiləri bu il iyulun 15-də bu ölkədə baş verən dövlət çevrilişi cəhdinə görə Fethullah Gülen-i ittiham edirlər. Hazırda ABŞ-da yaşayan ilahiyyatçı F.Gülen isə belə iddiaları qəbul etmir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG