Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:25

Ölkədə media azadlığı, iqtisadi böhran, siyasi təqiblər, intiharların artması və yaşayış minimumu bu gün medianın aparıcı mövzusudur...

MEDİA AZADLIĞI TƏMİN EDİLİB

«Azərbaycan» qəzetində «Azərbaycanda müstəqil medianın inkişafı beynəlxalq miqyasda yüksək qiymətləndirilir» sərlövhəli məqalə dərc edilib.

Müəllif məqaləyə bu mövzuda prezident İlham Əliyevdən sitat gətirməklə başlayır: «Müstəqil medianın inkişafı hökumətin əsas prioritetlərindəndir. Ölkədə bütün fundamental azadlıqlar təmin edilib. Azərbaycan internetin tam azad olduğu ölkədir. KİV-in inkişafı prosesinin uğurlu nəticələri var; demokratikləşmə yönündəki islahatlar səmərəli olub».

Məqalədə xatırladılır ki, dövlət başçısı bu sözləri bu günlərdə Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresində çıxışında deyib.

Müəllif hesab edir ki, dünyanın bütün qitələrindən xəbər agentliklərinin təmsil olunduğu Konqresin Bakıda keçirilməsi müstəqil medianın inkişafı sahəsində Azərbaycanın uğurlarının yüksək səviyyədə qiymətləndirilməsi kimi saymaq olar.

Müəllif öz arqumentlərini gücləndirməkdən ötrü prezidentdən sitatlar gətirməkdə davam edir: «Bu gün Azərbaycanda 40-dan artıq gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzetlər fəaliyyət göstərir. Ölkə ərazisində 10 milli, 1 peyk, 13 regional və 17 kabel televiziyası yayımlanır. Azərbaycan internetin tam azad olduğu ölkədir və əhalimizin 75 faizindən çoxu fəal internet istifadəçisidir. Ölkə əhalisinin sayı təqribən 10 milyon nəfərdir və Azərbaycanda sosial mediadan istifadə edənlərin sayı 2 milyondur. Bu rəqəm onu nümayiş etdirir ki, Azərbaycanda azad medianın inkişafı çox uğurlu olub».

İnternet nəzarət

İnternet nəzarət

ÖLKƏ BÖHRANDA, HÖKUMƏT MÜXALİFƏT «OV»UNDA

Azadliq.info-da «Azərbaycanda «inkişaf»ın 1 günü» sərlövhəli məqalədə ölkədəki problemlərin səbəbləri təhlil edilir .

Müəllif yazır ki, bu gün Azərbaycanda ən aktual sual belədir - Bizim axırımız necə olacaq?: «Mən də hər dəfə cavab verirəm ki, vallah, bu gedişlə axırımız yaxşı olmayacaq. Bu, təkcə proqnoz, ehtimal, analiz deyil. Bu hər gün hökumətin bizə təqdim etdiyi statistikanın üzə çıxardığı gerçəklikdir».

Yazıda qeyd edilir ki, ölkə iqtisadiyyatının bütün sahələrində tənəzzül hökm sürür: «Bütün sahələrdə sürətli eniş müşahidə olunur, vəziyyətin düzəldilməsi bir yana qalsın, vəziyyəti sabit saxlamaq mümkünsüz olub».

Müəllif yazır ki, hakimiyyət ölkəni uçuruma gətirib çıxarıb. Çıxış yolu aramaqdansa millətin ağzını qapatmağa çalışırlar: «Böhran ölkəni hər gün, hər saat ağuşuna alır. Hökumət isə Facebook-da tənqid yazanların, mitinqə gedənlərin izinə düşür, müxalifət funksionerlərini həbs edir, müxalifət liderlərinə qarşı çirkin kampaniya aparır».

Müəllifə görə, bütün bunların səbəbi yarıtmaz, məsuliyyətsiz, tənəzzülə aparan idarəçilikdir və bu günbəgün daha aydın görünür: «AzTV-nin yalan xəbərlərini nəzərə almasaq, bu ölkədə xoş xəbər eşitmək mümkünsüz olub. Bunların islahat proqramı, anti-böhran tədbirləri yalnız tənəzzülə xidmət edir. Faktiki olaraq ölkə yiyəsiz qalıb, Azərbaycan hər gün geriyə doğru sürətlə «inkişaf» edir».

Azad İsazadə

Azad İsazadə

İNTİHARLARIN SƏBƏBİ...

«Exo» qəzetində dərc edilən «Azərbaycanda psixoloqlar çatışmır, intihar edənlərin sayı isə artır» sərlövhəli məqalədə müəllif ölkədə intihar mövzusunu psixoloq Azad İsazadə ilə araşdırır.

«Hədd-buluğa çatmayanlar arasında intiharları dayandıra bilmək üçün Təhsil Nazirliyi təhsil müəssisələrində fərdi psixoloji yardım məsələsinə diqqət yetirməlidir. Bunun üçün isə psixoloqların sayının artırılması və onların sosial statuslarının yüksəldilməsi zəruridir», - deyə psixoloq A.İsazadə bildirir.

Son vaxtlar ölkədə intiharların sayının artdığını qeyd edən A.İsazadə bunun səbəblərinə də toxunur: «İntiharların səbəbləri müxtəlif olur. Bunlardan ən əsası depressiyadır. Burada şagirdlər ən kövrək qrupdur. Azərbaycanda potensial intihar edənlərə və eləcə də hədd-buluğa çatmayanlara psixoloji yardım edilmir. Hər bir təhsil müəssisəsində psixoloq ştatı olmalıdır».

Ekspert deyir ki, ölkənin təhsil müəssisələrində ixtisaslı psixoloqlar yox dərəcəsindədir: «Hər 100 şagird və tələbəyə 1 psixoloq düşür. Bu halda hamıya necə kömək etmək olar? Mütəxəssisin qəbuluna düşmək üçün növbəyə yazılmaq lazım gəlir, əksər müəssisələrdə isə ümumiyyətlə psixoloq ştatı yoxdur».

A.İsazadə intiharın 14 -20 yaş arası yeniyetmə və gənclər arasında daha çox olduğu düşüncəsindədir: «Əgər bu problemə ümumi konsepsiya kontekstində yanaşsaq, bu yaşda yeniyetmələrin ölüm səbəbləri sırasında məhz intihar ikinci parametri təşkil edir».

Yazıda Ümumdünya Səhiyyə Təşkilatının təhlillərinə əsasən qeyd edilir ki, intiharların çoxu maddi rifahı yüksək olmayan ölkələrdə baş verir. İnsanlar canlarına daha çox sosial təminatın olmaması və gələcəyə ümidlərinin itməsi üzündən qəsd edirlər.

Karikatura

Karikatura

155 MANATLA YAŞAMAQ OLARMI?

«Novoye Vremya» qəzetində «Yaşayış minimumuna yaşamaq olarmı?» sərlövhəli məqalə diqqət çəkir.

Müəllif yazır ki, Azərbaycanda yaşayış minimumunun həcminin qaldırılması çoxdan gündəlikdədir. Amma burada ciddi dəyişikliklər, hələ də, görünmür. Yazıda vurğulanır ki, «2017-ci ildə yaşayış minimumu haqqında» Qanun layihəsinə əsasən, gələn ildən onun 155 manata qaldırılması gözlənilir: «Hazırda bu məbləğ 136 manatdır. Başqa sözlə, bu rəqəm 14 faiz və ya cəmi 19 manat artacaq».

Müəllif hesab edir ki, bu göstərilən rəqəmlərlə real həyat arasında fərq olduqca böyükdür. Yazıda vurğulanır ki, indiki böhran şəraitini nəzərə almadan yaşayış minimumunun məbləğinin müəyyən olunması bir tərəfdən gülməli, digər tərəfdən isə vətəndaşa həqarətdir: «Hətta səy etsək belə, 136 manatla hansısa həyat səviyyəsinə dəstək olmaq mümkün deyil. Bu 19 manatın əlavə edilməsi də mahiyyəti dəyişə bilmir. Bunun adı kasıblıq və yoxsulluqdur».

Müəllifə görə, indi elə bil məmurlar reallıq hissini itiriblər. Yazıda vurğulanır ki, burada sosial ədalət təmin edilmir və bunun səbəbi hakimiyyətdir: «15-20 il ərzində vəzifələrdə oturan və vəzifəni ailə hakimiyyətinə döndərən sistemin özündə köklü dəyişikliklər edilməsə, iqtisadiyyatın sosialyönümlü olması barədə deyilənlər söz olaraq qalacaq».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG