Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:53

Azad Yazarlar Ocağının ideoloqları


Rövşən Danyeri
Rövşən Danyeri

"Ümumi vəziyyətin indiki hala düşməsi bizi də çox incidir. Bütün bu atılan addımların haqlı və haqısız tərəflərini də bilirik. Ancaq hər hərəkətinizin arxasında AYO-ya sığınmamağınızı rica edirik".

Rövşən Danyeri

Azad Yazarlar Ocağının ideoloqları

Azad Yazarlar Ocağı yarananda üzdə olan əsas simaların sayı 10-a çatmırdı. Onlardan da yarısı deyirdi ki, AYO-nun qurucusu, ideoloqu bizik. Elxan Zal deyirdi ki, AYO-nun “ocağı” mənim Türk Törə Ocağından götürülüb, Murad Köhnəqala deyirdi ki, ideya məndən çıxıb, Həmid Herisçi də deyirdi ki, nəinki AYO-nu, hətta postmodernizmi belə Azərbaycana mən gətirmişəm. Bu füqəra şimallılara əsl ədəbiyyatı tanıtmışam.

Deyir mamaça çox olanda uşaq tərs gələrmiş. Bu qədər ideoloqu olan təşkilat indi yarımfabrikant halda işləyir.

Buna da bax: Rasim Qaraca: AYO-nun indi sadəcə adı var

İnciməyin dostlar, amma heç birinizin səmimiyyətinə inanmıram. Əgər ideologiyan uğruna ölməyi bacarmırsansa, o ideyanın qurucusu olduğunuz haqqında dediyiniz bütün fikirlər qeyri-səmimidir.

Bu sözügedən ideoloqlar isə nəinki ölmək, heç yarım günlük çörəklə imtahanı keçə bilmədilər.

AYO-nun ocağını tərk edib, pirlərə, ocaqlara üz tutan Həmid Herisçi iki gün işsiz qalanda yenə köməyi sekulyar kəsimdən istədi. İndi də Rövşən Lənkəranskidən yazmaq üçün pul axtarır, istənilən razılaşmaya getməyə hazırdır. Amma AYO-nun ideoloqu heç vaxt belə etməzdi.

Yazarlar Seymur Baycan və Murad Köhnəqala.
Yazarlar Seymur Baycan və Murad Köhnəqala.

Murad Köhnəqala kimi istedad ideologiyasına necə xəyanət etdisə, indi istedadını belə satışa qoyur, alan yoxdur. İllər sonra deyir ki, mən AYB-nin sədri Anarı səhv tanımışam. Apardığımız dava da bir uşaqlıq şıltaqlığı idi, keçdi getdi. Apardığı davanın mahiyyətini anlamayan adam necə, həmin davanın ideoloqu ola bilər?

AYO-da ilk çıxmaq, getmək, sözü müxtəlif formalara salmaq ənənəsini Qan Turalı gətirmişdi. Sonra ilk dəfə də o, demişdi ki, AYB ilə barışığa hazıram.

Aqşin Yenisey ilk sədr olduğu dövrdə ortaya “mövqe” qoymuşdu, Qan Turalını dəstəklədiyini bildirmişdi.

AYB-nin sədri Anar ilk dəfə onda açıqlama verib, bildirmişdi ki, “tövbə qapısı açıqdır...”

Buna da bax: Murad Köhnəqala: "AYO - gənclərin təşkilatı olmalıdır

Onda da etiraz edənlər elə eyni simalar idi, Rasim Qaraca, Rafiq Tağı, Seymur Baycan, Elnur Astanbəyli.

Ümumi vəziyyətin indiki hala düşməsi bizi də çox incidir. Bütün bu atılan addımların haqlı və haqısız tərəflərini də bilirik. Ancaq hər hərəkətinizin arxasında AYO-ya sığınmamağınızı rica edirik. Biz sizin istər AYO-da, istərsə də Azərbaycan ədəbiyyatındakı yerinizi bilir, istedadınıza bələdik. Sizi müdafiə edənlər də elə biz gənclər olacayıq. Ancaq heç olmasa bu addımları atanda ideoloq olduğunuzu deməyin. Hər addımınıza haqq qazandıra biləcəyik, ancaq ideyanıza xəyanət etməyinizə heç cür haqq qazandırmağı bacarmayacayıq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG