Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:36

Azad Qaradərəli. Əllidən bir kəm (romandan parça)


Azad Qaradərəli.
Azad Qaradərəli.

Yazıçı Azad Qaradərəli “Əllidən bir kəm” adlı yeni romanını yazıb bitirmişdir. Əsər “Yazı” dərgisində hissə-hissə çap olunacaqdır. Yeni romandan bir parçanı Oxu Zalının oxucularına təqdim edirik.

AZAD QARADƏRƏLİ

ƏLLİDƏN BİR KƏM

roman

Hüseyn Cavidin və bütün repressiyaşəhidlərinin xatirəsinə

ÜRƏK DÖYÜNTÜSÜ,

yaxud rəqəmlərin paradı.

2-ci minillik bitmiş, üçüncüsü başlamışdı. Ölkələr bir-birinə dəymiş, SSRİ boyda imperiya dağılmış, o biri respublikalar kimi Azərbaycan da müstəqil olmuşdu. Amma hər əsrin başında və sonunda olduğu kimi, bu dəfə də torpaq itirmişdik...

Minilliyin sona varmasına - üç sıfırın birdən yan-yana düzülməsinə, bir az sonra 3-cü minilliyin başlamasına kompyüterlər dözməmiş, sıradan çıxmış, itkilər olmuşdu... Ən böyük itki isə insan itkisi idi. Köhnə minilliyin sonlarında başlamış müharibə insanları udmuş, erməni-azərbaycanlı münaqişəsi sonu görünməyən savaşa çevrilmişdi. Ancaq insanları təkcə müharibə udmurdu...

-Tıp... tıp... tıp... tıp... tıp......................................................................................................

Ürəyi yenə sözünə baxmırdı.

Bir əli sükanda, o birisi ürəyinin başındaydı.

Maşın da saatda 100-lə gedir. Hərdən 110-120-yə, lap 130-a da qalxır. İstəyirdi sürəti azalda, o dəqiqə arxadan təqib edən qara QAZ-31-in burnu görünürdü. Düzdür, JİQULİ-06 da elə-belə maşın deyil, amma yazıq maşın neynəsin sürənin əhvalı yerində yoxsa? Üstəlik, yollar da bərbad. (“Mənə deyən gərək, niyə axı o işlənmiş MERSEDES-i almadım? Ode, şəhərdə hərə birin minib. Sağ-salamat qayıdım, bunu satajam. Alajam o nemes maşınnarınnan birin. İndi qoyardım üstünə, uçub çıxıb gedərdi. Başın qarışdı qəhbələrə, gözün qızdı, maşını dəyişməkmi yadına düşürdü? “)

Daha əhvaldan-zaddan keçmişdi. Ürəyi tappatap vururdu – arvadlar palaz yuyanda bir ağacdan asıb iri dəyənəklə necə çırparlar, bax elə. Əvvəl yavaş-yavaş vururdu: tıp... tıp... tıp... Və birdən başlayırdı aramsız döyünməyə: tap-tap-tap!!!

Üzü allahdaydı ki, sükanda olanda partlamasın ürəyi. Yoxsa maşın cəhənnəmə, özü para-pırtıq olardı. O isə belə ölüm arzulamırdı...

Səyriyən dodağı qaçdı. “Anam demişkən, arsız canım... He-he.. Gör e... Arzulamırdı... “Arzuya bax, sevgilim?!” Nə arzulamaq? Ölümmü? 49 yaşındamı?! Ay səni, çort vazmi!.. Köməy ol, ay allah! Nə olar, keç günahımnan? Səni tanımıyana lənət... “

Uzun, qara nokia telefonuna (bu, nokianın ilk buraxılışlarındandı, iki il əvvəl şahmatçı qardaşı Nizami xaricdən ona pay gətirmişdi – ölkədə mobil telefon hələ az-az adamda vardı, amma artıq dəb halını almağa başlayırdı yavaş-yavaş) yenə gizli nömrədən zəng gəldi. Artıq ikinci zəng idi – ikisi də gizli nömrədən; bu zənglər də onun ürək döyüntüsünü artırırdı. “Qoy bu mirət telefonu söndürüm, yoxsa onun həyəcanlı, üstəlik də, gizli nömrədən olan zəngləri lap da bağrımı çatladır” deyib telefonun qırmızı düyməsini basaraq söndürdü.

Bu lənətə gəlmiş ürək döyüntüsü onda lap gənclik illərindən vardı. Əslində adi bir ehtiyatsızlıq və təcrübəsizlik buna səbəb olmuşdu. 70-ci illərin başıydı. O, təzəcə aspiranturaya girmişdi - hələ burnunun ovulmayan vaxtları idi. Tənqidçi-alim Məsud Əlioğlunun fəaliyyətindən bəhs edən məqaləni işlədiyi institutun “Elmi xəbərlər” jurnalına təqdim edəndən bir gün sonra baş redaktor ( həm də elmi şuranın üzvü, tanınmış ədəbiyyatşünas-alim idi) onu yanına çağırıb demişdi:”Ay oğul, elə bilirsən, bu sadaladığın faktları səndən başqa bilən yoxdur? Nəyinə lazımdır, Məsud Əlioğlu özünü niyə öldürüb, nədən ötürü öldürüb? Yoxsa sən özünü süddən çıxmış ağ qaşıq hesab eliyirsən? Ağlını başına yığ, bala. Bu, Sovet hökümətidir. Dovşanı arabaynan tutur. Elə səni də tutar. Get, başqa şey yaz. Məsələn, elə atasınnan yaz – Əli Vəliyevdən. Ode, dəf kimidi! Hələ də yazıb-yaradır. Onnan yazarsan, əlinnən tutar, İttifaqa qəbul elətdirər, müdafiənə köməyi dəyər... Yoxsa, intihar hadisəsini araşdırırsan, nə bilim, nə qayırırsan... Cavidi qurdalayırsan, “Əllidən bir kəm”dən danışırsan, “Darıxan adamlar”dan yazırsan. Sarsaq-sarsaq işlər...”

Buna da bax: Devrilmiş, əski prezidentin əski kostyumu...

O, cavab qaytarmamaq üçün əlini ağzına təpərək barmaqlarını gəmirə-gəmirə institutun əsas binasının dəhlizi ilə qəddi əyilmiş kimi addımlayanda xətirini dünyalar qədər istədiyi, elə bütün tələbələrin sevimlisi olan İsmayıl Şıxlı bir qrup müəllimlə qabağına çıxmış, hələ tələbəlikdən yaxşı tanıdığı İmiri saxlamış, niyə kefsiz olduğunu soruşmuşdu. O da təcrübəsizlikdən olanları digər institut müəllimlərinin yanındaca danışmış, axırda lap gül vurmuşdu:

-İsmayıl müəllim, mənə deyir get Əli Vəliyevdən yaz... Axı mən onnan nə yazım?! Onun bütün yazıları başdan-başa tərənnümdür... Siz özünüz mühazirələrinizdə demirdinizmi ki, tədqiqat apardığın obyekt cılız olanda, tədqiqat da cılız olacaq? Yazaram e, niyə yazmıram, amma tənqid yazsam, verərlərmi? Az qala son illərdə müdafiə olunan elmi işlərin hamısı ilə tanış olmuşam. Bircə elmi kəşf, bircə yenilik yoxdur. Hamısı bir-birindən köçürüb... Elə o “Elmi xəbərlər” olsun... Bir urvatlı məqalə tapa bilməzsən! Nə edim, aspiranturanı atıb gedim?

İsmayıl müəllim, dediyim kimi, bu istedadlı gənci yaxşı tanıyırdı. Yerlibazlığa pis baxsa da, onların zonasından olduğunu, atasız böyüdüyünü bilirdi. (Hətta tələbə vaxtı İmirin ona verdiyi dəftərdən şeirlərini oxumuş, bəzi məsləhətlər vermiş, axırda demişdi: səndə şairlikdən artıq elmi potensial görürəm. Bədii yaradıcılığını davam etdirməklə bərabər, elmi məqalələr də yaz, araşdırmalar apar.) Ona görə hərdən öyüd verər, yol göstərərdi. Bu dəfə də ağır, ləngərli danışığı ilə məsləhətini əsirgəməmiş, təmkinlə demişdi:

-Sən tələsmə, İmir...

Vaxt gələr, bu dediklərini də yazarsan, çap etdirərsən. İndi nə deyirlər, onu elə. Əli Vəliyevdən demirlər, onnan yaz... dikbaşlıq eləmə. Yoxsa səni irəli buraxmazlar. Müdafiənə maneçilik edərlər... Öz tədqiqatlarını isə davam etdir. Amma iradəylə, ağılla...

O bilirdi: yaşadığı quruluş həqiqəti sevmir. Yalan və zor bu quruluşun mayasındaydı. İnsanlar ailələrdə, uşaq bağçalarında, məktəblərdə, iş yerlərində tutuquşu kimi hazırlanırdılar. Hamının lağa qoyduğu qoca Brejnyev televizorda böyük dahi, xalqın nicatı, partiyanın lideri kimi tərənnüm olunurdu. Onun adına siyasi çıxış və məqalələr, hətta “Kiçik torpaq”, “Xam torpaq” kimi bədii memuarlar belə yazırdılar. Hamı bilirdi ki, o qoca nəinki bunları yazmağa qadir deyil, heç onun qələm tutmağa taqəti yoxdur. Amma bunu qəbul etməyə məcburdular...

O bilirdi: dünya böyük elmi, humanitar məsələlər üzərində baş sındırdığı halda, onun ölkəsi SSRİ ərzaq proqramı qəbul edir, Əfqanıstanda, Çexoslavakiyada, Alma-Atıda, Tiflisdə, bir qədər sonra isə onun öz şəhəri Bakıda dinc əhalini tank tırtılları ilə əzir, səsini çıxardanı həbsə atır, Sibirə sürgün edirdi.

O bilirdi: Sovet hökuməti dağılandan sonra müstəqil olmuş Azərbaycanda yeni qurulan dövlət heç iki iləcən də yaşamadı. Əvəzində eynən SSRİ-dəki kimi bir quruluş quruldu: saxta seçkilər, saxta, pafoslu çıxışlar, yalana köklənən “demokratik idarə ertmə”.

Bunları bilmədən qoyun kimi yaşamaq asandır və heç ürəyin də ağrımaz.

Amma o bilirdi...

Bir neçə həftə keçmiş kafedra iclasında həmin baş redaktor-professor (sonradan dostlaşdılar, İmirin elmi rəhbəri oldu) çıxışında İmiri yuyub sərdi. Onun antisovet düşüncəyə malik olduğunu, elmi təfəkkürünün zəifliyini, primitiv savadının onu uzaqlara apara bilməyəcəyini vurğuladı. (Bildi ki, İsmayıl müəllimə başına gələnləri danışanda onun yanında olan müəllimlərdən biri gedib eşitdiklərini qoyubmuş o professor-baş redaktorun ovcuna.) Sonda professor lap zilə çıxdı:

-Sən kimsən ki, bizim kafedranın, bu boyda institutun, Sovet Respublikaları içərisində ən populyar elmi jurnalın əməkdaşlarının əməyini yerə vurursan?! Sən kimsən ki, məşhur bir nəslin, bu dövləti quran xalq yazıçısının oğlunun vəfatına intihar damğası vurursan?!. Hələ bununla kifayətlənmirsən, Cavidə işarə vurursan, Mikayıl Müşfiqə işarə vurursan, onların tökülən qanınnan danışırsan?! Cavidin, Müşfiqin qanının Məsud Əlioğluna nə dəxli?! Bəlkə paralellik axtarırsan bu ölümlərdə? Hələ eşitdiyimə görə “Nargin adası” adlı cızma-qara da yazmısan?! Özünü Soljenitsına oxşadırsan? “Arxipelaq QULAQ”dan dəm vurursan? 37-ci il olsaydı, bilirsən sənə nə edərdilər?!.

(“O vaxt həqiqətən, Soljinitsının “Arxipelaq QULAQ” əsəri “samizdat” şəklində Moskvada yayılmış, sonra isə makina nüsxələrində çoxaldılaraq Bakıya da gəlib çatmışdı. Rail müəllim bu əsəri - gərək ki, İsmayıl Şıxlıdan almışdı – hardansa tapıb mənə də vermişdi oxumağa. İndi əlim üzümdə qaldı ki, bu adam mənim sirlərimi hardan bilir? Özüm özümdən şübhələnməyə başlamışdım.” – İmir professorun dediklərini dinləsə də, həm də öz aləminə dalmışdı.)

Yerdən kimsə pafosla replika atdı:

-Damlayardılar!

İstədi dönüb səs sahibinə baxsın, dönmədi – saxta pafosundan tanıdı səsi. Rembo dedikləri dekan müavini idi. O bu səsdən diksindi. Yox, elə-belə əti çimçəşmədi. Onun anası iyrəndiyi adam haqqında deyərdi o sözü: “Diysinirəm onnan.” Bax, o həmin səsdən həm qorxdu, həm də iyrəndi. Elə bil ki, 37-də kəsilən başların qanı sıçramışdı onun üstünə. Cavidin, Müşfiqin qanı ilə Məsud Əlioğlunun qanı axıb bir-birinə qarışmış, sonra ona tərəf gəlməyə başlamışdı. Ha istədi qaçsın, olmadı. O bu qanın dama-dama köynəyinin ağ damalarına çırtladığını görüncə – o vaxtın dəbi ilə “şahmatnı” deyərdilər üstündəki ağ-qara kvadratlara görə - qəfil ürəyi döyünməyə başlamışdı. Əlini ürəyinin başına basıb dayanmış, özünü toxtatmağa çalışmışdı. Ən qəribəsi o idi ki, o ağ-qara kvadratların arasından qapqara qan (ilahi, qanına şükür, qara da qan olarmış?!) doğrudan-doğruya sızıb onun sinəsinə basdığı əlinin barmaqları arasından üst-başına sıçramış, ordan da bu kiçik iclas salonunu bürümüşdü.

-Mınnan qan igi gəlir, - bunu kafedranın laborantı Sara xanım demişdi.

(Sara xanım Bakının əsilli-nəsilli ailələrindən idi. Qürbəttə yaşayıb-yaratmış şair Almas İldırıma qohumluqları çatırdı. Elə Almas İldırımgilin Şüvəlandakı ev-eşiyini, nəsil-kökündən qalanları himayə etdiklərinə görə atasını və əmisini güllələmişdilər. Abasquliyevin məşuqəsi olan bu xanım köhnə hürufatı yaxşı bilən, klassik ədəbiyyatı dərindən öyrənən azsaylı mətnşünaslardan idi. Nə ailə qurmuş, nə müdafiə etmişdi. Abasquliyevə çay süzər, günorta yeməyini pilətədə isidər, hərdən də maşınına minib sevişməyə gedərdi onunla. Amma bu sevişmə daha olmurdu deyəsən. Çünki Sara xanım yaşlaşmışdı və yaşlaşdıqca da üz-gözü də qırışmağa başlamışdı.)

-Alə, mını qan tutdu ki! – bunu da qəciyib quru ağaca dönərək əsim-əsim əsən İmirin qolundan tutan Rail müəllim dedi. Sonra da Abasquliyevin işarəsi ilə quruyub qaxaca dönmüş İmirin qolundan tutub tualetə apardı, qurnanı açıb üzünə su vurdu.

-Qqqoy əəəlimin qqqanının yuuuyum... – Əlini suyun altına tutan İmirə təəccüblə baxdı Rail və bilmədi gülsün, ya ağlasın....

Üstündən iki gün keçəndən sonra o redaktor-professor kafedrada yanına gəlmiş, qolunu boynuna salmış, bir kənara çəkib asta səslə demişdi:

-Səni burdan qovacaqdım, qurban olasan İsmayıl müəllimə. Düzdür, o mənə bir söz deməyib, amma bilirəm ki, xətrini çox istəyir – eloğlusunuz axı! Get. Daha səninlə işim yoxdur. Dediyim kimi, loyal, dövlətin siyasətinə toxunmayan yazılar yaz gətir, çap edim. Hətta sənin imzanı tanıtmaq üçün məqalələrinin altınnan öz imzamı da qoyaram: qoşa imzayla çap etdirərik yazılarını!.. Hə, necədir səninçün?!

Və professor ondan aralanıb gedəndə qəfil geri dönmüş, bahalı pencəyinin altından geydiyi qolsuz ağ köynəyin qabağında bərq vuran qızılı qalstukunu sol əli ilə sığallaya-sığallaya demişdi:

-Kstati, araşdırmışam, rəhmətlik atan Löhraz biz tərəfdəndir – mən də amasiyalıyam. Yəni burda, institutda bizə ermənistanlılar deyərlər... Ananın o tərəfdən olmağına baxma, sənin damarında bizim qanımız axır...

(Hələ tələbəlik illərindən institutda, bütün ölkədə olduğu kimi, yerlibazlığın olduğunu eşitmişdi. “Ermənistanlılar”, “qarabağlılar”, “qazaxlılar”, “cənublular”, “gürcüstanlılar”, “naxçıvanlılar” və sair bu kimi adlar altında yerlipərəstliyin olduğunu bilirdi. Amma bu xəstəliyin lap “elmi” səviyyəyə çatdığına inanmazdı.)

Bundan sonra onlar dostlaşmışdılar. Hətta İmirin məqalələri, doğrudan da professor Abasqulu Abasquliyevin (o redaktor-professorun adı-soyadı beləydi) imzası ilə şərikli çıxmağa başlamışdı. Amma bu “travma” – ürək döyüntüsü ömürlük qalmışdı İmirdə... (Bu “travma” sözünü ilk dəfə dostu Rahil müəllimdən eşitmişdi. Üç dost – Rahil, Tofiq Qəhrəmanov və İmir Tofiqgilin Yuxarı Dağlıdakı darısqal evlərində görüşəndə belə-belə sözlərdən çox işlədərdilər.)

...Evlərinin çavıstanında gizlənmişdi. Həyətdə isə anasını, itlərini, inəklərini dəyənəyin altına salıb tappatap döyürdülər... O özünü bu dəyənək zərbələrindən qoruya bilsə də, ürəyini qoruya bilmədi. Bir də gördü ki, sinəsinin sol tərəfində nədisə gup-gup vurur. (Onda o, ürək döyüntüsünün nə olduğunu anlamırdı.) Elə vururdu ki, az qalırdı onu top kimi qaldırıb yerə çırpsın... Nənəsi necə deyərdi o qədim el sözünü? “Zərb zəyərəkdən zəy çıxardar.”

Onda, o uşaq olanda... “Yox! Yox! Yox!!! Mən o vaxtlarımı xatırlamaq istəmirəm! İstəmirəm! İstəmirəm!İstəmirəmmmmmmmmmmmmmmm!!!..................................”

Öz bağırtısı başqa səslərə qarışıb qulağını deşirdi. Qulaq verib o yad səsləri dinlədi.

...- Dəvə, dəvəli, dəvəli! Dəvə əməliyyatı!..

Yanından ötən bir polis maşınındakı ratsiyadan gəlirdi bu səs. Bir azca sakitləşən ürəyinin guppultusu təzədən başladı. Sol əli ilə bərk-bərk tutduğu sükanın üstünə sağ əli ilə döyəcləyə-döyəcləyə bağırdı:“Nə, nə dedi?! Dəvə, Dəvəli?! Dəvə əməliyyatı?! Sən öl düzmüş müşahidəm! Oğraşlar direktorun otağında aparat quraşdırıbmışlar... Yıxıldı Nanabəyimin evi... Yaxşı bəs niyə saxlamadı məni? Niyə ötüb keçdi?.. Noolsun e sən də? Bu keçib qabağımı kəsəcək dar bir yerdə, o 31-də gələn də arxadan diriyib dalıma də!.. Bəlkə basım bu qruntovoy yola?..“

Qarşıdan bir torpaq yol ayrılırdı. İstədi maşını sala o yola, ürəyi gəlmədi.“Yoox, maşını zay eliyərəm... Nə zülmnən almışam bunu. ”

...Bir həftə idi ki, bu cənub şəhərində idi.

İşlədiyi institutun buradakı filialına dövlət imtahanı götürməyə təhkim olunmuşdu. İmtahanları uğurla başa vurdu. Kəsmək istədiyi yeddi uşağın hamısının valideyni özünü alataş çatdırdılar filialın direktoru Hüseyn Dəvəlinin kabinetinə. (Dəvəli əvvəlcədən imkanlı ailələrdən olan tələbələrin siyahısını ona vermişdi.) Hərəsi 500 dollardan “doğdular.” Bu 500-ün hərəsindən 200 onun özünə qaldı, qalanları da Dəvəlinin cibinə getdi...

“Bu Dəvəli də oğraş adamdı ha! Doğuzduran mən, hazırına nazir bu it oğlu. Yarı da bölmədi heç olmasa... Hardan gəldi ağlıma bu söhbət? Nə yaxşı... Ürəyim bir balaca sakitləşən kimi oldu... Vay-vay-vay! Ağlım gedib Dəvəli sukaya, heş güzgüyə baxmamışam! Xavarın vaar, oğraş 31-in burnun dirəyib götümə ki! Bas qaza görüm ə! Sənin bajıı s...m!”

(“Doğmaq”, “doğuzdurmaq”, “qusmaq”, “düş bura”, “əlinə vermək”, “tıs eləmək”, “maralı hürkütmək” kimi kəlmələr institut müəllimlərinin arasında işlənən jarqonlar idi. Hələ Sovet vaxtı qəbula düşəndə bir-biri ilə bu jarqonlarla danışardılar ki, ətrafdakılar başa düşməsin. Yaxud bir tələbəni semestr imtahanından kəsəndə “kəndiri kəsirəm” – yəni tələbəyə “2” verirəm – kimi sözlərdən istifadə edirdilər. Kağız vermək, nömrə yazmaq qorxulu idi. Ən yaxşısı jarqondu. İmtahan gedəndə yanında oturan assistentinə - adətən işi onların əli ilə görürdülər – jarqonla sözlər deyirdi, ya da kağıza yazıb ötürürdü:”Bu laxdı, ya loxdu?” Yəni mənası beləydi ki, bu tələbə pul verəndir, oxuyub özü qiymət alandır?.. Adətən oxuyan uşaqlarla işləri olmurdu, çünki onlar zəhlətökən olurdular – pul verməməkləri bir yana, dekana, hətta rektora şikayət-zad eləyirdilər. Belələrindən İmirin zəhləsi gedərdi. Qiymətini yazıb başından edərdi.)

Buna da bax: "Əli və Nino" bunu təbliğ edib - "Biz respublikaçıyıq, monarxist deyilik"

Söyüş ağzından çıxan kimi ürəyinin guppultusu təzədən başladı. Ya bəlkə heç dayanmamışdı, ona belə gəlirdi? Hər nəydisə, başını ayrı söhbətlərlə qatanda elə bil sakitləşirdi ürəyi. Haçansa oxumuşdu ki, ürəyin sözünə baxmayanda, tamam ayrı şeylər düşünməyə çalışmalısan. Məsələn, çayda balıq son zamanlar niyə azalır?.. (“Doğrudan e, maraqlıdır, biz uşaq olanda çay nədi, arxlardan vedrə-vedrə balıq tutardıq. Bəs indi niyə balıq yoxdu çaylarda?..” Suala bax da! Balıq, çay... Yox bir, çayda balıq yan gedər!..”) Ona görə maşının sürətini artırıb arxasındakı “quyruğ”u itirəndən sonra yenə başladı nələrsə düşünməyə. “Dəvəlinin filialında kəsdiyim qızlardan biri ayrı aləm idi haaa! O yanına-bu yanına keçdim, qolumla böyrünə toxundum, bir şey çıxmadı. Hətta guya əyilib qarşısındakı vərəqlərə baxanda üzüm döşlərinə də toxundu. O gözəllikdə qız lap mal idi. Ə, o “mal”dan yox e, belə ağzı bağlı mal-heyvan kimi. Tupoy kənd qızıydı, də! (Kopolunun Bakısı! Nə işdisə, qızların ayağı vağzalın perronuna dəyən kimi, dəyişirlər. Bakının havası şəhvət dadır. Heç birinci kursu yarı eləməmiş, yuxarı kursların oğlanları ilə qəhbə yanına getmədimmi? Şəhər adama şəhvət hissi aşılayır.) Əslində mən belələrini daha çox istəyirəm. Pişik tutduğu siçanla necə oynayır, mən də heylə... Yoxsa çoxbilmiş şəhər qızları?! Oy onları yansın elə!”

O dəqiqə gözünün qabağına çoxlu sayda qızlar gəldi. Lap hərəmxana idi! Düz 19 qız. Hamısı da bakirə. Yox, daha bakirə deyildilər...

ŞƏHVƏT

Şərq şəhvətə susayıb.

“Min bir gecə” dastanları, “Qabusnamə”, hələ hindlilərin “Kamasutra”sı... Yox, hindlilərin bu kitabı başqadır. Bu nəsə seks elmi haqqında bilgilərdir. Bizim, şərq xalqlarının Qərbdən fərqi budur ki, bizdə guya şəhvət, seks üstüörtülüdür, gizlindir. Hətta bəlkə, qanuniləşmiş formadadır. Məsələn, bir dul qadın səfərə çıxır, hər hansı bir kişi onu siğə edib bir gecəliyə şəhvətini söndürə bilər. Və sonra kim hara istəsə gedər... Şəriətə görə bir kişi dörd arvad saxlaya bilər. Amma kimdir buna baxan?! Şahların hərəmxanasında 100-dən yuxarı qadın olurdu. Hərəsindən də 3-4 uşaq... Bu edir 500-600 nəfərlik bir ailə. Ailə ha!.. Ay səni...

Hətta bu hal Azərbaycanın sonuncu “şahı” Mir Cəfər Bağırovun hakimiyyəti zamanı da dəbdəydi. Əslində bu “sonuncu” sözü düz olmadı; gərək birinci və sonuncu yazaydım. Nədən ki, bizim özümüzün nə şahlığımız, nə də şahımız olub. Heç dövlətimiz də olmayıb. (Məhəmməd Əmin Rəsulzadənin 1918-20-ci illərdə qurduğu cümhuriyyət xaric.) Düzdür, şahlar Azərbaycan türkü idi, amma hakimiyyət İranın olub.

Hə, sözüm orda qaldı ki, repressiya illərində həbsxanada, dindirmə otaqlarında gözəl qadınların bir çoxunu Bağırov özü dindirirdi. Müşfiqin arvadı Dilbəri də, Ayna Sultanovanı da... şəxsən dindirmiş, belə gözəl qadınların necə döyüldüyünü, necə əzablar içində qıvrıldığını öz gözləri ilə müşahidə etmişdi. Bu mazoxist qadın fəryadından aldığı zövqü heç nədən almazmış. Nə biləsən, bəlkə bu da belə orqazm olurmuş.

Qadın Komitəsində (Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi) işləyəndə bir dəfə aparatın rəhbəri zirzəminin açarını mənə verib dedi ki, komendantı çağır, düşün padvala. Oradan bizim çap məhsullarımızın hərəsindən bir bağlama gətirin, Küveyt qadınlarının nümayəndələrinə hədiyyə edəcəyik.

Mən aşağı düşəndə qoca liftçi Dayı da - hamımız ona Dayı deyirdik - zirzəminin ağzında idi. Komendant açarları (zirzəminin giriş qapısının açarı) ona verib Dayını mənə qoşdu ki, kitabları daşımaqda kömək eləsin. Son vaxtlarda dostlaşdığım bu kişi qocalıb 80-ni çoxdan bitirsə də, namxuda qıvraqdır. Gümrah addımlarla qabağa düşüb bələdçilik elədi - pillələrlə bir xeyli aşağı endik. Giriş qapısını açdı, sonra məni beton zirzəminin dərinliklərinə apardı. Eynən ümumi hamamdakı kimi beton stollar, çarpayılar vardı. Hər tərəfdən vahimə yağırdı. Ən dəhşətlisi isə, bu divarlardan mənasını anlamadığım bir qoxu yayılırdı. Lüminessent lampalarla işıqlandırılsa da, zirzəmi yarıqaranlıq idi. Bu qaramat hisslərlə əlləşə-əlləşə gəlib bir qapıda dayandıq. “Açar səndədir, - dedi Dayı, - çıxard, aç. Bu qapı sizinkidir.” Qapını aça-aça soruşdum: “Dayı, buralar nə üçün istifadə olunurmuş?” Qoca beton divara söykənib müştüyünə siqaret keçirə-keçirə dedi:

-Eee, ay oğul, bu divarlar, bu beton stol-stullar nə qanların şahididir, bilirsənmi? Bu divarları su nasoslarının vurduğu güclü su şırnağı ilə neçə dəfə yudurdublar bizə, amma onlara hopmuş qan, sidik, nəcis qoxusu, ən çoxu da meyit qoxusu getmədi ki, getmədi. Bax, burdan belə axıracan müharibədən sonra tutulan xalq düşmənlərinin saxlanıldığı yer idi... – Kişinin elə bil buranın nəm və rütubətli havasından boğazı qıcıqlanır, danışığına ara verir, öskürüb davam edir. - Kekebenin padvalı dolu olduğunnan, ora sığmayanları gətirib bura – stroykası hələ tam başa çatmamış Hökümət evinin padvalına doldururdular. İstintaq başa çatdıqdan sonra sağ qalanların bir qismini Bayıla, bir qismini Narginə, qalanlarını da sürgünnərə yola salırdılar... Bəzən istintaq prosesinə dözməyənlər elə burdaca canlarını tapşırırdılar. Belələrini çox vaxt heç dəfn eləmirdilər. Gecəynən gəmilərə yığır, ayağına daş bağlayıb, “gumb” dənizə tullayırdılar...

-Dayı, sən bunları hardan bilirsən belə? – yarıqaranlıqda diqqətlə üzünə baxıb ehtiyatla soruşdum.

(Heç yaxşı fikir verməmişəm: bu kişinin nə qəribə sifət quruluşu varmış. Altı kölgəli iri qara gözləri, parıldayan şumal üzü, enli alnı, kvadrata bənzəyən yekə başı və hələ bircə tükü nə ağaran, nə də əskilməyən, arxaya daranmış - hətta darağın diş yerləri aydınca görünür - şəvə kimi saçları... Qocalığı çənəsindən aşağıda hiss olunur – boyun-boğazının dərisi qırtışıb sallanır, beli bir az əyilib, çiyinləri enib, ayaqları nizamını itirib. Danışığında isə bir qüsur-filan yox. Nitqinin ortasında hərdən dayanıb sinəsini artlamasını, öskürməsini nəzərə almasaq, adama bu yaşı qəti verməzsən.)

-Mən onda sənin kimi cavandım. 1951-ci il idi. 23 yaşım vardı. Müharibədən 5-6 il ötmüşdü. Adamların çoxu qırılmışdı, kadr çatışmırdı. Əsgərlikdən gələn kimi məni milisiyəyə dəvət etdilər. 51-dən 81-cən burda milis nəfəri işləmişəm. Sonra da gah komendant, gah qardrobşik oldum. İndi də liftçiyəm...

-Dayı, heç sən də adam döydün?

Kişi zənlə üzümə baxır; elə bil bu sualın altda nə gizləndiyini bilmək istəyir. (“Keçmiş orqan işçisi olmur” ifadəsi elə-belə yaranmayıb ki. Bunlar ölüncən işlədikləri idarənin mənafeyinə sadiq olurlar. Sirr vermirlər. Amma bu qoca bəzi şeyləri asanlıqla danışr. Əlbəttə, hamısını deyil. “Bəzi şeyləri”. Hansı ki, ona əziyyət verir və ondan xilas olmaq istəyir.)

-Mən... Belə... Düzün axtarsan, belə fürsətim olmadı... Yəni... Əslində, biz inzibati orqan işçiləri buyruq qulu oluruq... Kəbinni arvad kimi... Atanı da gətirib “döy” desələr, döyməlisən. Bu, əslində bir vəzifədir, tapşırıqdır, əmrdir... Neyniyə bilərsən?! Boynun qıldan da nazikdir...

-Axı döydüyün də adamdır. Hələ bəlkə də günahsız adam...

-Qarşındakı həmcinsin, yəni adam, o anda adam olmur, ya bəlkə olur, nə bilim e... Amma sən, yüz faiz adam olmursan, maşın olursan - ətçəkən maşın kimi... düyməni basırlar, vsyo! Robot kimi... Sən düşünmək haqqınnan məhrumsan e... Kak nastayaşşiy robot... maşina... Nə gizlədim... Düzün bilmək istəsən, hə, döymüşəm. Çox axmaq hissdir... Naqlıy... Döyə-döyə qarşındakına da, özünə də, həyata da nifrət edirsən... – Qoca dayanıb dərin bir nəfəs alır. Belini əyən ağır bir yükdən xilas olubmuş kimi bir an titrrəyir sanki. –Axır vaxtlar dinə gəlmişəm axı. Quran-zad oxuyuram... Elə dinə gəlməyimin bir səbəbi də elədiyim günahlarımın allah qarşısnda bağışlanmasına ümid etməkdir... Günahlarımı Quran oxumaqla, zikr eləməklə yumaq istəyirəm... Bilirəm, çətin öləcəyəm. Elə indidən görünür. Günahlarımın cəzasını indidən çəkməyə başlamışam. Birinci arvaddan olan oğlum var, axran milisiyədi...

-Polis, - deyirəm. – Acı-acı gülür:

-Nə fərqi var...Milis, ya polis... Bir zibildir... Hə, oğlumu deyirəm axı... Ayda bir dəfə, maaşdan-maaşa gəlib küçənin ortasında üzümə tüpürür, burdan verilən maaşın yarısın alıb anasına aparır... Nə bilim, bəlkə heç ona vermir, özü xərcləyir – mən arvadı görmürəm ki... Narkomandı bədbəxt... Bir az pulu gecikdirəndə döyür də məni... Axmaqlıq elədim. Arvadı boşadım iki uşaxla, özümnən düz on səkkiz yaş cavan bir qız aldım. İndi onnan olan uşaqları böyüdürəm... Pensiyə yetmir, ölüncən işləməliyəm... Biz asiyalılara nə bəla gəlsə, sən də bağışda, şeyimizdən gələcək. Mən də şeyimin badına getmişəm. Yuxarıdakı otaqlardan birində indiki arvadımla gözləşdim. Alışıb-verişdik. Düz on il ikiarvadlı kimi yaşadım. Gah köhnə arvadın yanında qalırdım, gah təzənin. Axırda birinci arvad dözmədi, boşandı mənnən...”

Buna da bax: Bizim vaxtımızda referendum

SİĞƏ

Dayı ilə günorta yeməyinə bir getdik. Daha doğrusu, mən onu dəvət etdim. Əvvəl razı olmadı. Bizdə qarderobda işləyən arvadı ilə nahar edirdi hər gün. Ona görə vərdişini pozmaq istəmədi. Amma bir an nə düşündüsə, “yaxşı, birə on dəqiqə qalmış, arkanın qabağında olacam, mən də bir çöl-bayır görüm, neçə ildir elə səhər bu Hökümət evi, axşam Yasamalda köhnə beşmərtəbədəki ikiotaqlı karobka mənzildən başqa heç nə görmürəm” deyib razılaşdı.

Hökümət evi ilə üzbəüzdə türklərin işlətdiyi bir kafe vardı. Yaxşı mərci supu verirdilər. Adamda qaz yaratsa da, ucuz və dadlı olduğundan günaşırı ora gedirdim. Dayı ilə bu kafedəydik. İstəyirəm ki, bayaqkı söhbətinə davam eləsin. Gözlərindən görürəm: bu adamın içi limhalim doludur. Amma həyat eşqi söndüyündən (mənə belə gəldi, ya bəlkə səhv edirdim) danışmağa səndeyən həvəsi yoxdur. Mərci supunu qaşıqlaya-qaşıqlaya dedim:

-Dayı, biz müsəlmanlar, üzr istəyirəm, bu şəhvətə niyə belə çox can atırıq? Şahlar 100-dən çox qadın saxlayırdı, xanlar da elə, sərkərdələr, əsgərlər müharibə zamanı tutduqları şəhərlərdə yerli qadınları zorlayırdı... Ən balaca vəzifə sahibinin mütləq ikinci qadını var... Bu nə ilə bağlıdır?

Dayı qaynar supu püfləyə-püfləyə içir, namnazik doğranmış çörək dilimini dişləyir:

-Mənim ali təhsilim yoxdur. Amma sonralar bir az kitab-mitab oxumuşam... Bir də oxumuşlarla da çox oturub-durmuşam. Az qala bir əsr də yaşamışam... Bilirsənmi, biz şərqlilər çox temperamentliyik... İstiqanlıyıq... zad... başımızı çox işlətmək yerinə, ayrı şeyimizi işlədirik... Bir ehtimala görə, insanlıq ilk dəfə Şərqdə yaranıb. Burdan Qərbə yayılıb... Yəqin bilirsən, bizim dinimiz də şəhvəti qadağan eləmir... Mən Məhəmmədi başa düşürəm... Görüb ki, mının hümməti farağat oturan deyil, bir-birinin arvadına sataşacaq. Araya qan düşəcək. Ona görə siğəni atıb ortaya... Siğə bilirsən nədi?

Düzü, bu barədə az anlayışım vardı. Bir yazıçıya yaraşmayacaq qədər zəif idi bilgim. Ona görə əlüstü dilləndim:

-Mənim dini bilgilərim çox aşağı səviyyədədir. Hesab edin ki, yox kimidir... Bildiyiniz varsa, danışın mümkünsə...

-Mən son beş ildir həm Quranı öyrənirəm, həm də dini kitablar oxuyuram. Məsələn, adicə fatihə surəsini belə bilmirdim. Amma indi Bayazı tam oxuyuram... Mən axı əslən şamaxılıyam – biz Şirvan əhli Qurannı-Kitablı olmuşuq həmişə. İntəhası, Sovet höküməti imkan vermirdi deyə, unutmuşdux.... Qaldı ki siğə... Siğə, yaxud mütə, əslində Quran tərəfinnən təsdiq olunub. Mütə ərəbcədə faydalanma deməkdir. Quranda siğə haqqında “Nisa” surəsinin gərək ki, 24-cü ayəsində – mən bunları tərcümədə oxumuşam, ona görə elə tərcüməsin də sənə deyirəm – deyilir: “Mütə elədiyiniz qadınların mehrlərini lazımi qaydada verin! Mehr müəyyən edildikdən sonra, aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz! Allah hər şeyi biləndir, hikmət sahibidir”

-Mehr, yəqin ki, mal-pul mənasındadır?

-Hə, onu kişi ilə qadın özləri müəyyənləşdirir, yəni burda bir norma yoxdur. Bu, məsələn, müəyyən qədər pul, yaxud əşya da ola bilər...

Mən soruşdum:

-Deyəsən bunun duası da var? Yəni molla, yaxud kişi özü nələrisə oxumalıdır?.. – Az qala gülmək tutacaqdı məni. Amma özümü saxladım.

-Hə, ö sözləri də əzbərləmişdim. Amma ərəbcə olmalıdır, özü də gərək deyəndə çaşmayasan. Dayan görüm... – Cibindən balaca bir kitabça çıxardıb açır, barmağı ilə dilini yaşlayıb vərəqləri çevirir. --Hə... Ya molla, ya da əgər bilirsə, siğə eləyən kişi özü siğə olunacaq qadına bu sözləri əzbərlədib təkrarlatmalıdır:

-“Zəvvəctukə nəfsi fil-muddətil-mə'luməti ələl məhril məlum."

Yəni, mənası belədi: "Razılaşdığımız mehriyyə və müddət müqabilində özümü sənin arvadın etdim". Kişi də bundan sonra deməlidir: “Qəbiltu.” Yəni “qəbul edirəm.” Onların görüşü, yəni yatıb-durması razılaşdıqları müddətdən sonra bitir və azaddırlar.

-Dayı, bu fahişə yanına getmək kimi bir şeydir də, əslində...

-Yox, yox... – Dayı əlini qaşıqdan çəkir, - elə deyil. Əslində fahişəliyin qarşısını almaq üçündür bu. Yəni bu mədəni...

Kişi sözünün dalını tapa bilmir deyəsən. Gözlərini mənə dikib sanki kömək istəyir, yəni tamamla. Mən də insafsızcasına deyirəm:

-...mədəni fahişəlikdir...

Dayı salfetlə ağzını silib hıqqınır və gülümsünür. Nahar fasiləsi başa çatır və biz kafedən çıxırıq. Yolda üzümü kişiyə tutub utana-utana dedim:

-Heç siğə etdiniz?

Güldü. Daha doğrusu, zorla gülümsündü. Sonra üzünü Hökümət evinə tutub dedi:

-O bina bu ölkənin başı sayılır, yəni burdan idarə olunub həmişə. Amma oradakı kişilərin hərəsinin azından 3-4 əlavə qadını var. Son vaxtlarda qadın müğənnilər saxlamaq dəb düşüb. Mən siğə eləmədim, çünki cavanlığım Sovetin vaxtına düşüb, amma iki arvaddan başqa, dəqiq yadımda deyil, təxminən 10-12 qadınla yatdım. Yenə deyirəm: hesab eliyirəm ki, siğə vəziyyətdən ən yaxşı çıxış yoludur...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG