Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:43

Son bir ayda İsmayıllıya yağıntının normadan artıq düşməsi səbəbindən rayonun Sədiyan və İstisu kəndlərində torpaq sürüşməsi yenidən aktivləşib.

APA bildirir ki, torpaq sürüşməsi kəndi üç tərəfdən əhatə edən dağ yamacında baş verir və sürüşmə ərazisi genişlənərək evlər üçün də təhlükəli durum yaradıb.

Sakinlərin sözlərinə görə, indiyədək bu ərazilərdə torpaq sürüşməsi qeydə alınmayıb. Torpaq sürüşməsinin İstisu kəndinin şimalındakı dağlıq ərazidə aktivləşməsi sakinlərdə daha çox narahatlıq yaradır, sürüşmə davam edir və ərazisi genişlənir.

Sakinlər bildiriblər ki, həyətyanı sahələrdə və meyvə bağlarında böyük yarğanlar əmələ gəlib, yeraltı sular üzə çıxıb. Kənddəki evlərin bir çoxunun torpaq altında qalmaq təhlükəsi olduğundan, insanlar təşvişə düşüb.

29 KƏNDDƏ 184 EVDƏ QƏZALI VƏZİYYƏT YARANIB

İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Rövşən Ağayevin sözlərinə görə, son illər İsmayıllıda torpaq sürüşməsi nəticəsində 29 kənddə 184 ev qəzalı vəziyyətə düşüb: «Sürüşmə zonasında yerləşən 184 evdən 81-i tam qəzalı vəziyyətdədir, həmin evlərdən 7-si isə tamamilə dağılıb, 103 evin divarlarında isə iri çatlar əmələ gəldiyi üçün yaşayış üçün təhlükəlidir».

Ölkə ərazisində torpaq sürüşməsi bu il oktyabrın ortalarındakı intensiv yağışlardan sonra daha da artıb.

Gədəbəydə, Şamaxıda, Lənkəran-Masallı zonasında, paytaxt Bakıda sürüşmələr çoxalıb.

Mütəxəssislər hesab edirlər ki, intensiv yağışlar torpaq sürüşməsini fəallaşdırsa da, meşələrdə ağacların kəsilməsi də sürüşməni sürətləndirən amillərdəndir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG