Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:17

Prezidentin ön cəbhəyə səfəri, hökumətin xarici ölkələrə investisiya yatırmaq niyyətləri və son vaxtlar Hesablama Palatasının audit yoxlamalarının detallı şəkildə xalqa açıqlanmaması bu gün medianın aparıcı mövzusudur...

PREZİDENTİN LƏLƏTƏPƏ MESAJI

«Azərbaycan» qəzetində prezident İlham Əliyevin noyabrın 12-də cəbhə bölgəsinə növbəti səfərindən bəhs edən məqalə dərc olunub.

Məqalə prezidentin Lələtəpə yüksəkliyindən Ermənistan tərəfinə çatdırdığı mesajlar üzərində qurulub.

Müəllif hesab edir ki, İ.Əliyevin cəbhə bölgəsinə gəlişi sıradan bir hadisə deyil. Yazıda dövlət başçısının bu ilin aprel döyüşlərində azad edilən Lələtəpə yüksəkliyinə gəlişi belə dəyərləndirilir: «Prezident buradan təcavüzkara, onun havadarlarına, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə dəxli olan bütün beynəlxalq dairələrə ən sərt mesajını göndərdi».

Məqalədə vurğulanır ki, prezident öz mesajlarında daha geniş ərazilərin azad edilməsi niyyətini bəyan edib: «İşğal edilmiş torpaqlarda, Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək!».

Müəllif sonda da yazır ki, prezident İ.Əliyevin rəhbərliyi altında Azərbaycanı böyük qələbələr gözləyir: «Prezidentin yüksək diplomatik fəaliyyəti hərbi əməliyyatların gerçəkləşməsinə beynəlxalq hüquqi zəmin, düzgün iqtisadi siyasət ölkənin bu savaşdan qalib çıxması üçün fövqəladə güc yaradıb. Uğurlu hərbi islahatlar ordunun qüdrətini artırıb, xalqın və fəal zümrənin Ali Baş Komandana birmənalı inamı, dəyişməz etimadı var».

Burkina Faso

Burkina Faso

ÖZÜNƏ UMAC OVA BİLMƏYƏNLƏR...

Azadliq.info saytında «Özünə umac ova bilməyənlərin özgəsinə kəsdiyi əriştə» sərlövhəli məqalədə Azərbaycan hökumətinin Burkino-Fasoya sərmayə yatırmaq niyyəti barədə açıqlamalar tənqid edilir.

Müəllif hesab edir ki, Azərbaycan iqtisadiyyatı özü böhran içindədir: «Hər gün ixtisarlar baş verir, hər gün milli valyuta dəyər itirir, hər gün hansısa bank iflas olduğunu elan edir, hər gün intihar halları baş verir, hər gün ölkədən pul axınının şahidi oluruq, hər gün qiymət artımı ilə üzləşirik və s.».

Yazıda Azərbaycanın Burkina-Fasoya investisiya yatırmaq niyyəti «əsl tragikomediya» adlandırılır: «Ölkə başçısı xaricdəki iş adamlarını Azərbaycana pul yatırmağa çağırır, icra başçılarına yerli iş adamlarını ölkəyə cəlb etmək tapşırığı verilir, o biri tərəfdən Burkina-Fasoya investisiya yatırmaq eşqinə düşüblər».

Müəllifə görə, milli valyutası 110 faiz dəyər itirən, 2.5 milyon əhalisi kredit borcu ödəyən, minimum əməkhaqqısı 105 manat olan, 25 milyard dollarlıq büdcəsi 10 milyard həddinə düşən Azərbaycan hökuməti Burkina-Fasoya yaxşı həyatın yollarını başa sala bilməz.

Yazıda qeyd edilir ki, dünya Azərbaycanın gününə ağlayır. Azərbaycan hökuməti isə Bolqarıstanda xarabalıqları abad edir, Burkino-Fasoya sərmayə yatırmaq istəyir: « Ölkə vətəndaşı yaşamaq uğrunda mübarizə aparır, aclıqla sınağa çəkilir. Hökumət isə afrikalıların qarnını doydurmaq niyyətindədir. Çünki bizim hökumət tolerant və multikulturaldır».

Oqtay Haqverdiyev

Oqtay Haqverdiyev

GƏLƏCƏK NƏSİL ƏLİBOŞ QALACAQ

«Exo» qəzetində «Azərbaycan qeyri-neft sektorunu inkişaf etdirməlidir» sərlövhəli məqalə diqqət çəkir.

Müəllif ekspert Oqtay Haqverdiyevlə ölkəyə xarici investorların cəlb olunması vəziyyətini dəyərləndirib. «Bu, həqiqətən yaxşıdır. Hökumət ölkəyə daha çox xarici investor cəlb etmək istəyir. Amma xarici investora ölkədə yaşamaq güzəştləri vermək çıxış yolu deyil. Belə güzəştlərlə qlobal məsələlər həll edilməz»,-deyə iqtisadçı qeyd edib.

İqtisadçının fikrincə, xarici investorlara yaxşı və faydalı şərtlər təklif edilməlidir. O.Haqverdiyev deyir ki, bundan ötrü Naxçıvanı sərbəst zona elan etmək lazımdır.

O, əlavə edir ki, xarici investisiyaya münbit, əlverişli şərait yaradılmalıdır. 5 il ərzində onlardan vergi tələb olunmamalıdır, bunun da əvəzində onlar layihələr reallaşdırmalıdırlar: «İnhisar və korrupsiya nəzərə alınmalıdır. Xarici investorları kütləvi şəkildə ölkəyə cəlb etməyin başqa yolu yoxdur».

O.Haqverdiyev deyir ki, bir müddət sonra neft də, qaz da tükənəcək. Əgər qeyri-neft sektoru inkişaf etməsə, gələcək nəsillər əliboş qalacaq.

Hesablama Palatası

Hesablama Palatası

POZUNTULAR XALQDAN NİYƏ GİZLƏDİLİR?

«Bizim Yol» qəzetində «Hesablama Palatası bir neçə dövlət qurumunda yeyinti aşkarlayıb» sərlövhəli məqalə oxumaq olar.

Müəllif yazır ki, Hesablama Palatasının növbəti kollegiya iclasında həyata keçirilmiş dörd nəzarət tədbiri üzrə hesabatlar müzakirə olunub. Bunlar dövlət büdcəsindən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə, onun tabeliyində olan müəssisələrə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrası ilə bağlıdır. Daha bir məsələ isə Siyəzən rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadə olunmasına aiddir.

Yazıda qeyd edilir ki, tədbirlər üzrə Kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması nəzərdə tutulub.

Ancaq yazıda vurğulanır ki, yenə də audit yoxlamaları ilə bağlı detallı məlumatlar verilmir: «Adətən Palata nöqsanlar aşkarladığı hallarda «aidiyyəti qurumlar»a təqdimatlar göndərilir. Keçirilən nəzarət tədbirlərində maliyyə pozuntusuna rast gəlinməyən büdcə təşkilatının hələ indiyə qədər adı açıqlanmayıb. Çünki dövlət vəsaitlərini qanunauyğun xərcləyən bir qurum yoxdur».

Yazıda qeyd edilir ki, artıq dördüncü iclasdır Palata keçirdiyi auditlərin nəticələrini ictimaiyyətdən gizlədir. Müəllifin fikrincə, bu isə Palatanın fəaliyyətinin şəffaflığını şübhə altına alır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG