Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:42

Özəlləşdiriləcək müəssisələrin tam siyahısı


Arxiv fotosu
Arxiv fotosu

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yaxın dövrdə özəlləşdirilməsi nəzərdə tutulan 2 min 831 müəssisə və obyektin siyahısını açıqlayıb.

Siyahıya Naxçıvandakı obyektlər daxil deyil

Buraya, Naxçıvan MR istisna edilməklə, ölkə ərazisinə «səpələnmiş» səhiyyə obyektləri (xəstəxana və poliklinika), uşaq bağçaları, yay düşərgələri, kinoteatrlar, pansionat və istirahət mərkəzləri, sənaye və xidmət müəssisələri və s. daxildir.

Siyahını öz səlahiyyətləri çərçivəsində Nazirlər Kabineti və ƏMDK tərtib edib. Bu haqda prezident İlham Əliyevin 19 iyul tarixli fərmanında göstəriş verilmişdi.

Buna da bax:​ Özəlləşdiriləcək 65 müəssisə adı açıqlandı

Özəlləşdirməyə hamı qoşulub?

Özəlləşdirməyə 37 nazirlik, komitə və dövlət şirkətinin, Bakı, Gəncə, Mingəçevir şəhəri və Xaçmaz rayonu icra hakimiyyətlərinin balansında olan obyektlər çıxarılır. Ən çox sayda (2 min 535) obyekti Mədəniyyət və Turizm Nazirliyi çıxarıb. Bunlar, əsasən, kinoteatrlar, mədəniyyət evləri və klublardır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğuluq Xidməti isə 92 istehsal müəssisəsini investorlara açıq elan edib.

«Azneftkimyamaş» Açıq Səhmdar Cəmiyyəti, mərkəzi aparat daxil, 13 törəmə səhmdar cəmiyyəti investorlara təklif olunacaq. Onların hamısını investisiya müsabiqəsi yolu ilə özəlləşdirmək nəzərdə tutulur.

Açıq hərraclara üstünlük veriləcək

Ümumiyyətlə, hökumət özəlləşdirməyə açılan 63 müəssisəni investisiya müsabiqəsi yolu ilə satmağı düşünür. Qalan müəssisə və obyektlər açıq hərraclarda satılacaq. Özəlləşdirməyə çıxarılan obyektlərin 51-i əvvəlcə səhmdar cəmiyyətinə çevriləcək.

Buna da bax: Geniş özəlləşdirmə proqramı üzərində iş başladı

Siyahıda daha nələr var?

Özəlləşdirməyə çıxarılacaq müəssisələr arasında 8 balıqartırma zavodu, Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionu, DGK-nın mərkəzi Hospitalı, Bakıdakı Dəniz Vağzalı və Cıdır Meydanı, hazırda təmir olunan dəmiryol mehmanxanası və s. var. SOCAR-ın 24 müəssisə və obyekti də satılacaq.

Hökumət «Azəralüminium» ASC, Gəncə Avtomobil Zavodu, Bakı vaqon təmiri zavodunu da satmağa hazırlaşır.

İki il öncə tikintisinə, ən azı, 200 milyon manat dövlət sərmayəsi qoyulan iki yeraltı avtomobil dayanacağı uzunmüddətli idarəetməyə veriləcək.

Buna da bax:​ Hansı dövlət şirkətləri özəlləşdirilə bilər

«Uğura görə mükafat»

Siyahda adı çəkilən obyektləri orta müddətdə - 3-5 ilədək özəlləşdirmək nəzərdə tutulur. ƏMDK bu prosesə beynəlxalq məsləhətçi şirkətləri cəlb edəcək. Artıq onlardan biri ilə (PwC) anlaşma memorandumu da imzalanıb. ƏMDK-nın sözçüsü Qulu Xəlilov AzadlıqRadiosu-na deyib ki, tərəflərin razılığına görə, xarici investorları cəlb edəcəyi və özəlləşdirməni uğurla başa çatdırmağa yardım edəcəyi halda, beynəlxalq məsləhətçilərə «uğura görə mükafat» prinsipi ilə pul ödəniləcək. Amma pulu ödəməyi dövlət yox, qalib şirkət boynuna götürəcək. Qısası, ƏMDK məsləhətçilərə pul verməyəcək.

Naxçıvanın öz yolu var?

Dövlət əmlakının özəlləşdirilməsinə başlanan vaxtdan (1996-cı ildən) bəri ƏMDK 48 minədək müəssisə və obyekti özəlləşdirib. 2-ci dövlət Özəlləşdirmə Proqramı qəbul ediləndən (2000-ci ildən) sonra Naxçıvanda özəlləşdirməni yerli hökumət həyata keçirir və bu proses haqqında ictimaiyyətə geniş məlumat verilmir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG