Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:05

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Fuad Əhmədlinin həbs müddətinin artırılması ilə bağlı məhkəmə qərarı vəkilinə verilmir.

Bu haqda cəbhəçinin vəkili Əsabəli Mustafayev bildirib.

Vəkilin deməsinə görə, noyabrın 14-də Nəsimi Rayon Məhkəməsinə müraciət etsə də, qərarı əldə edə bilməyib.

“Qərarı qəbul etmiş hakim Babək Pənahov öz köməkçiləri vasitəsilə bildirdi ki, qərar bu gün də (14 noyabr) verilməyəcək. Halbuki, bu gün qərarın tərəflərə təqdim olunmasının və ondan şikayət verilməsinin son günüdür”, deyən vəkil belə durumlara hazırlıqlı olduğunu qeyd edib.

“Gecikmələrə adət etdiyimdən apelyasiya şikayətini artıq hazırlamışdım və onu məhkəməyə təqdim etdim”.

Buna da bax:​ Vəkil: 'Fuad Əhmədli ilə bağlı istintaq aparılmır'

Vəkil qərarın ona verilməməsindən Məhkəmə Hüquq Şurasına, Ombudsmana müraciət etdiyini də bildirib. Vəkilin şikayətinə, hələlik, Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahovdan münasibət almaq mümkün olmayıb.

Nəsimi Rayon Məhkəməsi noyabrın 11-də Fuad Əhmədlinin həbs müddətini gələn il yanvarın 12-dək artırıb.

F.Əhmədli avqustun 18-də saxlanıb. O Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

Buna da bax: Kürdəxanıda saxlanan cəbhəçi dostlarından kitab istəyir

Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun məlumatında deyilirdi ki, «Azerfon» MMC-də zənglər mərkəzində operator işləyən F.Əhmədli abunəçilərə aid fərdi məlumatları, antenalar üzrə olduqları yerləri müəyyən adamlara ötürüb.

İddiaya görə, onun yaşadığı evdən axtarış zamanı qanunvericiliklə qadağan edilmiş dini ədəbiyyat, CD-disklər, Fethullah Gülen-in çıxışları, «Hizmet imamları» adlandırılan şəxslər və onların qarşılıqlı əlaqələrinə dair sənədlər götürülüb.

Müdafiə tərəfi ittihamları əsassız adlandırıb.

Buna da bax: Gənc 'gülençi' ittihamını gülüşlə qarşıladı

AXCP isə bəyan edib ki, F.Əhmədlinin ittiham olunmasında məqsəd partiya sədri Əli Kərimlini hədəf almaq olub

Türkiyənin hökumət üzviləri bu il iyulun 15-də ölkələrində baş verən çevriliş cəhdinə görə, Fethullah Güleni ittiham edirlər.

Hazırda ABŞ-da yaşayan ilahiyyatçı F. Gülen isə belə iddiaları qəbul etmir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG