Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:35

Prezident nəzarətə götürdü


Bakı sel altında
Gözlə
Embed

No media source currently available

0:00 0:01:03 0:00

Bakı sel altında

Ölkənin yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi, xarici ticarətin kiçilməsi, inflyasiya və problemli kreditlərin artması bu gün medianın aparıcı mövzusudur...

YAĞIŞ-KANALİZASİYA SİSTEMİ TƏKMİLLƏŞDİRİLİR

«Azərbaycan» qəzetində dərc edilən «Prezident nəzarətə götürdü» sərlövhəli məqalədə dövlət başçısı İlham Əliyevin yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə bağlı imzaladığı sənəd dəyərləndirilir.

Müəllif qeyd edir ki, Azərbaycanda bu il oktyabrın ortalarından intensiv leysan yağışları baş verib və bu paytaxtda bir sıra ciddi problemlər yaradıb: «Onların sırasında paytaxtın yağış kanalizasiya sisteminin intensiv yağıntıları lazımi səviyyədə ötürmək gücündə olmaması özünü daha qabarıq göstərdi».

Məqalədə vurğulanır ki, bu problemə görə Bakının bir sıra ərazilərindəki evləri və obyektləri su basıb. «Binəqədi yolu» deyilən küçədən yağış sularını günlərlə çəkmək mümkün olmayıb.

Müəllif hesab edir ki, bunun bir səbəbi yağıntının aylıq normadan dəfələrlə çox olmasıdırsa, digər səbəbi də son illər yeni ev, bina və obyektlərin inşası zamanı paytaxtın mühəndis-kommunikasiya sisteminin gücünün nəzərə alınmamasıdır.

Yazıda deyilir ki, harada gəldi icazəsiz tikilən fərdi evlər, hündürmərtəbəli binalar problemin əsas mənbəyidir: «Hansını deyəsən, hansını yazasan, birdir-ikidir məgər?! Belə olsaydı nə var idi ki?! Ən azından yerli icra orqanları səviyyəsində belə halların nəticələrini aradan qaldırmaq mümkün olardı».

Müəllif sonda da yazır ki, bu sənəd dövlət başçısının paytaxt əhalisinin çoxdan gözlədiyi məsələnin yüksək səviyyədə həllinə diqqət ayrılmasından xəbər verir.

Rövşən Ağayev
Rövşən Ağayev

XARİCİ TİCARƏT DÖVRİYYƏSİ AZALIR

Azadliq.info saytında dərc edilən «Azərbaycanın ixrac bazarları: görünən və görünməyən tərəflər» sərlövhəli məqalədə ekspert Rövşən Ağayevin fikirlərinə yer verilib.

«Ölkənin xarici ticarətdə rəqabət qabiliyyətliliyini əks etdirən 4 vacib faktor var: ixracın artım dinamikası, ixracın əmtəələrə görə diversifikasiyası (şaxələnməsi), ixracın coğrafiyasının diversifikasiyası, ixrac səbətinin keyfiyyət strukturu»,-deyə iqtisadçı qeyd edib.

Ekspert vurğulayır ki, 2015-ci ilin 9 ayında ölkənin neftdənkənar ixracı 1.2 milyard dollar olub. Bu il bu rəqəm 887 milyon dollara enib.
Bu isə 313 milyon dollar və ya 26 faiz azalma deməkdir.

R.Ağayev bunu ixracın genişlənə bilməməsi kimi dəyərləndirir. Ekspertə görə, ixracın coğrafi diversifikasiyası da mühüm göstəricidir. O, hesab edir ki, ixrac nə qədər geniş coğrafiyaya, proporsional həcmdə yayılırsa, daha yaxşıdır: «Üstəlik, Azərbaycanın qeyri-neft məhsulları çox məhdud ölkədə özünə bazar tapa bilirlər».

Ekspert 4-cü göstərici olan ixrac səbətinin keyfiyyətini də təhlil edir. R.Ağayevə görə, ixracda yüksək dəyərə malik əmtəələrin xüsusi çəkisi nə qədər yüksək olarsa, səbətin gəlirlilik səviyyəsi də yüksək olur.

R.Ağayev vurğulayır ki, tədqiqatçılar bununla ixrac səbətinin EXPY dəyərini hesablayır: «Bu göstərici «ixracın təkmillik ölçüsü» (measure of export sophistication - EXPY) adlanır. İxrac səbətində daha yüksək məhsuldarlıq və gəlirlilik səviyyəsinə malik (tibb sənayesi, kosmik sənaye, rəqəmsal texnoloji məhsullar, avtomobil sənayesi məhsulları) mallar üstünlük təşkil etdikcə, ixracın EXPY dəyəri daha yüksək olur».

R.Ağayev deyir ki, 4 faktorun hamısında vəziyyət ürəkaçan deyil.

Qubad İbadoğlu
Qubad İbadoğlu

KREDİTLƏRİN QAYTARILMAMASI RİSKİ ARTIR

Musavat.com saytında «Manatın ucuzlaşması kreditlərin qaytarılma riskini artırır» sərlövhəli məqalə diqqət çəkir.

Yazıda ekspert Qubad İbadoğlunun mövzu ilə bağlı dəyərləndirmələri ilə tanış olmaq olar.

«2015-ci ilin dekabrında idarəolunan üzən məzənnə rejiminə keçidi elan edən Mərkəzi Bank ötən dövrdə valyuta məzənnəsini əvvəlcədən elan edilən həddə saxlamaqla xeyli vaxt itkisinə yol verib. Hazırda həyata keçirilən idarəolunan üzən məzənnə rejimi daha düzgün tənzimlənmə metodu sayıla bilər»,-deyə Q.İbadoğlu qeyd edir.

İqtisadçının bildirməsinə görə, bu rejimdə xarici valyutaya artan tələbat manatın ucuzlaşmasını şərtləndirir: «Amma Mərkəzi Bankın başqa alternativi qalmayıb».

Ekspert deyir ki, bu vəziyyət xarici valyutada götürülən kreditlərin qaytarılmasını bir xeyli çətinləşdirir: «Beləliklə də hazırda yüksələn inflyasiya iqtisadiyyatın, artan problemli kreditlər isə maliyyə-bank sektorunun əsas çətinliklərinə çevrilib».

Q.İbadoğluna görə, inflyasiyanın hədəflənməsi ilə birgə, onun yaratdığı xərclərin kompensasiya olunmasına da çalışmaq lazımdır. Nəticədə bu prosesdən xalq nisbətən az əziyyət çəkər.

O hesab edir ki, məvaciblərin, müavinətlərin indeksləşdirilməsi, pensiyaların baza hissəsinin artırılması və xarici valyuta ilə olan kreditlərə güzəştlərin tətbiqi məqsədilə 2017-ci ilin dövlət büdcəsindən əlavə vəsaitlər ayrılmalıdır: «Hesab edirəm ki, bu məsələlər parlamentdə gözlənilən növbəti ilin büdcə layihəsinin müzakirəsində diqqət mərkəzində olmalıdır».

XS
SM
MD
LG