Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:01

Ərəb kəndində yaşamaqdan bezənlər...


Ərəb kənd qəbiristanlığı
Ərəb kənd qəbiristanlığı

Ərəb kəndi Masallı şəhərinin 15 kilometrliyində yerləşir.
Sakinlərin demələrinə görə, son 5-6 ayda bu kəndə 4 gənc intihar edib. Onlardan 3-ü eyni məktəbdə təhsil alıb, 24 yaşlı Kənan Gənciyevin 40 mərasimi hələ çıxmayıb...


Qəbiristanlıqda orta yaş həddi 50-dir


Kənd qəbiristanlığındayıq. Başdaşılarda yazılan rəqəmlərdən bəlli olur ki, son illərdə vəfat edənlərin orta yaş hədi 50-yə çatmır.

Kəndin rəsmiləri intiharın səbəbləri ilə bağlı danışmaq istəməslər də, sakinlər buna aydınlıq gətirməyi özlərinə borc bildilər.

Kənd sakini Niftulla Hacıyev deyir ki,onun bir oğlu özünə qəsd etmək istəyir.Səbəb kimi sosial vəziyyəti göstərir:

“Mənim də oğlum intihar etmək istəyir”

“Mənim də oğlum intihar etmək istəyir.Mən də xahiş edirəm ki,əlac qılsınlar,bu hadisə baş verməsin.Pul istəmirəm,çörək istəmirəm.Sadəcə intiharın qarşısını alsınlar.”

Niftulla Hacıyevin gildən hörülmüş iki otaqlı evi var. Bir otaqda oğlundan ayrılmış bir uşaqla gəlini yaşayır.Digər otaqda isə ailənin 4 nəfər üzvü qalır.Özü vərəmdir,həyat yoldaşının isə şəkər xəstəliyi var:

Niftulla Hacıyev
Niftulla Hacıyev

“Onu güdməklə məşğuluq ”

“Bir otaqda iki oğlum,arvadım və mən yaşayırıq.Yanımda yaşayan oğlum əlildir,işləmir.Əlilliyə görə, 55 manat pensiya alır. Bu haradan dolanmalıdır? İş yoxdur. Hər gün deyir ki,belə həyatı yaşamaq istəmirəm.Onu güdməklə məşğuluq. Gəlsinlər, kömək eləsinlər, intiharın qarşısını alaq.Bir dəfə qurtarmışıq.İkinci dəfə qurtara bilməyəcəyik. Baxan yoxdur, maraqlanan yoxdur.Bilirəm, mənim evimdə intihar baş verəçək.”

Kəndin digər sakini Abuzər Tağızadə bizi evinə dəvət edir.Abuzər Tağızadənin də ailəsində heç kim işləmir. İki uşağı və həyat yoldaşı xəstə yatırdı.Onun deməsinə görə, həyat yoldaşı bir ildir ki,yataqdadır.Ayaqları işləmir, gündən-günə əlləri də heydən düşür.
Deməsinə görə, pulu yoxdur ki, evinə həkim çağırsın. İş də tapa bilmir:

“Ailəm, uşaqlarım xəstə,...”

”Heç bir məmur mənə kömək eləmir.Kimin də yanına gedirsən səni başdan edir. Get filan işi gör, filan məsələni həll elə.Siz baxdız da, həkim yox, tibb məntəqəsi pis gündə.Heç kim gəlmir.Baş həkimin yanına gedirəm,deyir olmaz. 4 uşağım var, yoldaşım birinci qrup xəstə.Evim yoxdur.Bura başqasının evidir,kirayə qalırıq.Amma prezident məmurlara deyir ki,insanlarla maraqlanın.”

Abuzər Tağızadə
Abuzər Tağızadə

“Uşaqların məktəbə getməyə paltarları yoxdur”

Yanında duran oğlanı göstərib deyir ki,8 yaşı var.İmkansızlıqdan uşaqlarını məktəbə göndərə bilmir.Paltarları yoxdur:

”Uşaq deyir özümü öldürərəm.Böyüyün 17, kiçiyin isə 8 yaşı var.İş olsa saxlayaram.Torpaq bizi bu günə salıb.Hər dəfə təbii fəlakət olur. Məhsul batır,pullar batır.Qarınlarına çörək tapım,paltar alım? Bir o qalıb ki, ip salıb boğazıma, qəsd edim. Hər yerə getmişəm. İcra hakimiyyətinə, məşqulluq idarəsinə. Ürəkləri daşdır, qardaş. 50 sot badımcan əkdim, o da heç.İntiharların hamsı problemlərlə bağlıdır.Mənim 35 yaşım var.Mən özümü nə üçün asmalıyam?Çünki bunun səbəbləri var.Siz mənim yaşayışımı gördünüz. Belə şəraitdə insan yaşaya bilərmi?”

Tibb məntəqəsi kəndin mərkəzində yerləşir.Məntəqənin divarları gildən hörülüb, pəncərələri və qapısı yoxdur.Kənd sakinləri deyir ki,buranın tibb bacısı olsa da, məntəqədə əyləşmək qeyri mümkündür.

Kəndin mərkəzinə asvalt yol çəkilsə də, ara yolları keçilməzdir.Elə evlər var ki,oraya getməyə uzunboğaz çəkmə lazım gəlir.

Kənd sakini Hidayət Şəmmədov deyir ki,iki oğlunun evi yolu olmayan ərazidə yerləşir.Həmin əraziyə getmək istəyimiz alınmadı.Bataqlıqdan keçə bilmədik.Onun sözlərinə görə, həmin əraziyə piyada yay aylarında getmək olur:

Hidayət Şəmmədov
Hidayət Şəmmədov

“Gedirlər qul bazarına, orda günü 5 manata işləyirlər”

“İmkansızlıq, işsizlik baş alıb gedir.Gedirlər qul bazarına,orda günü 5 manata işləyirlər. O da həmişə olmur.Mən infarkt keçirtmiş adamam.Bu kəndin yarısı belə problemlərlə yaşayır,əksəriyyəti xəstədir.Allah elə bil ki,bu kəndi qarğıyıb.Dövlətdən aldığım 150 manatının 95 manatını kredit ödəyirəm.Dərmana pul çatmır.Borc içində boğuluram.”

Hidayət Şəmmədov-un sözlərinə görə, bataqlıq ərazisində yaşayan gəlninin iki böyrəyi sırdan çıxıb və ölüb. O deyir ki, əməliyyata pul olmayıb .Onun fikrincə, kəndə baş verən intiharların arxasında yoxsulluq durur .
O intiharların bundan sonra da davam etməsindən ehtiyatlanır:

“İntiharın birinci səbəbi işsizlikdir.Cavan uşaqdır əyləşir,nə iş görsün.Girirlər sosial şəbəkələrə.Dünyda yaşayış görürlər,müqaisə edirlər...”

“Oğlan intihar edəndən sonra, anası kəndən getdi”

Kənd sakini Fəridu Abbasova deyir ki,ehtiyac insanları yadlaşdırıb:

“İntiharlarla bağlı birmənalı söz demək olmur. İntihar etmişlərin hərəsi kəndin müxtəlif yerlərində yaşayıblar.Ötən ay intihar etmiş Qismət adlı yeniyetmə bibim nəvəsidir.17 yaşı var idi.Atası yox idi.Bir bacısı var.Oğlan intihar edəndən sonra, anası kəndən getdi. Onun qızı da deyirdi ki,özümü asaram.Evin içini bilmək olmur.Bu intiharlar bizi də narahat edir.”

Fəridu Abbasova
Fəridu Abbasova

“Torpaq qazanc gətirmir, başqa iş də yoxdur ”.

Fəridu Abbasovanın oğlu Eldəniz söhbətə qarışır.O deyir ki,iki uşağı var.Talvarın altında yaşayır.Yağış suları evin içinə axır.Geyməyə alt paltarı yoxdur.Uşaqları məktəbə getmir.Nə əyinləri var, nə də dərs ləvazimatları.Onun sözlərinə görə, kəndin yarıdan çoxu onun vəziyyətindədir.Səbəb çox sadədir.Torpaq qazanc gətirmir,başqa iş də yoxdur.

Başımıza toplaşan kənd sakinlərin demələrinə görə, indi bir qədər vəziyyətləri yaxşıdır. Kəndin qadınları Cəlilabad rayonuna çiyələk əkininə gedirlər.İş səhər saat 7-də başlayır, axşam 7-də qurtarır.Onların hər birnə 8 manat pul ödənilir.Bunun 2 manatı yola, qalanları isə ailəyə xərclənir:

“Əkin qurtarandan sonra, müsibətli günlərimiz başlayacaq. Pul yox, çörək yox.”

Kənd sakini Allahqulu Qafarov isə deyir ki, intihar hadisəsi adiləşib:

Allahqulu Qasımov
Allahqulu Qasımov

“Bir şəxs intihar edəndə deyirlər ki,canı qurtardı,rahat oldu. İntiharın səbəbləri dəqiq bilinmir. Öz problemlərimiz başdan aşır.”

Kəndin sakinlərin demələrinə görə, gənclərin sosial pisxoloji vəziyyətləri yaxşı deyil.Kəndə mütəxəssis gəlib intiharın köklü səbəblərini tapmalıdır.Onların dediklərinə görə, intihar edən yeniyetmələr arasında imkanlı ailələrin nümayəndələri də var.

Başçının müavini: “ İntiharların səbəbi sosial problemlər deyil ”

Masallı rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı isə deyir ki, Ərəb kəndində sosial problemlər yoxdur:

“Kəndə asfalt yol çəkilib,təbii qaz ,elktirk enerjisi var,yeni məktəb tikilib.Masallıda sovet dövründən qalma 50 tibb məntəqəsi olub.Çoxları evlərdə yerləşirdi.28 tibb məntəqəsini təzələmişik.Tibb məntəqələri birinci növbədə inzibati ərazi mərkəzlərində tikilib.Ərəb kəndinin daxil olduğu Xırmandalı ərazi vahidində yeni tibb məntəqsi inşa edilib.Ərəb kəndin 2-3 kilometrliyindədir.Növbə ilə tikəcəyik.Bu məntəqələr Səhiyyə Nazirliyin balansında olsa da, daxili imkanlar hesabına tikirik.”

O Ərəb kəndində işsizlərin olması fikiri ilə də razılaşmır:”Ərəb kəndin sakinləri zəhmətkeşdirlər.Heyvandarlıqla məşquldurlar.Əkin yerləri var.Məşquliyyət var.İntiharların kökündə sosial problemlər durmur. Uşaqların psxoloji problemləri olub...”

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG