Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:15

Azərbaycan ədəbiyyatı niyə Xəzər dənizinə bənzəyir...


Azərbaycan yazıçıları Natəvan kulubunda ədəbi müzakirələr zamanı.

Azərbaycan yazıçıları Natəvan kulubunda ədəbi müzakirələr zamanı.

"Bax həmin şeirdə mənim demək istədiyim də budur: heç yana çıxışı olmayan dəniz axırda bataqlıqlaşır. Bizim müasir Azərbaycan ədəbiyyatı da onun kimi; bizim heç yana çıxışımız yoxdur, ona görə də jurnal redaksiyalarımız, nəşriyyatlarımız belə bataqlıqdır".

Vüqar Dəmirbəyli

XƏZƏR DƏNİZİ

(hekayə)

Vüqar Dəmirbəyli

Vüqar Dəmirbəyli

Aqil üç ay idi ki, şer dərnəyinə gedirdi. Dərnəyin rəhbəri, Elmlər Akademiyasında hansı isə bir institutun Həmkarlar İttifaqının sədr müavini işləyən Fazil yaşı əllini keçmiş bir şair idi. Fazilin çox şerləri var idi, amma heç yerdə onları çap eləmirdilər. Fazilin dediyinə görə bunun səbəbi ancaq ondaydı ki, o düzünü yazırdı, düzü isə heç kimə lazım deyildi. Bununla belə təzə bir şer yazdımı, Fazil dərhal əlyazmasını qoltuğuna vurub başlayırdı bütün ədəbiyyat jurnallarının, qəzetlərinin qapısını bir-bir döyməyə. Hər dəfə də dərnəyindən kimisə hökmən özü ilə bərabər götürürdü. Aqilin özünün buna marağı olduğundan son vaxtlar o Fazillə tez-tez redaksiyalara getməyə həvəs göstərərdi.

Fazili bütün ədəbiyyat redaksiyalarda tanıyırdılar, o da əvvəlcə içəri girəndə hamı ilə ədəb-ərkanla salamlaşır, kef-əhval soruşur, sonra da əl ilə, əyri-üyrü xətlə yazılmış şerlərini həyəcanla çıxarıb işçilərdən birinə verirdi. Həmin kəs də əlyazmasına ötəri bir nəzər salar və Fazilə deyərdi ki, əlaqə saxlasın, bir həftəyə oxuyub ona cavabını deyəcək.

Buna da bax: Azərbaycan boyda ölkədə cəmi 10 nəfər yazıçının oxunması utancverici haldır...

Neçə dəfə Fazil Aqili cavab üçün də özü ilə bərabər redaksiyalara aparmışdı. Fazil yenə də həyəcanla içəri girər, tez-tələsik soruşardı:

- Noldu, oxudun?

Cavab isə həmişə eyni cür olardı:

-Hə, oxudum. Amma bu şeri biz çap eləyə bilmərik...

Bundan sonra Fazil başlayardı:

- Sənin şerdən başın çıxmır, ona görə çap eləmək istəmirsən...

Həmin adam da deyirdi ki, burada çap olunası bir şer yoxdur, çünki Fazil şer yaza bilmir. Fazil də dözməyib ağzına gələni həmin adama deyər, səsi-küyü, qışqırtısı aləmi başına götürərdi.

Bundan sonra da kişi qəm dəryasına batar, bütün dünyadan, bütün insanlardan küskün, bezar kimi görünərdi. Aqil hər dəfə onun bu vəziyyətini görəndən sonra elə düşünərdi ki, Fazil daha bundan sonra özünə gələ bilməyəcək, şer yazmağı-zadı da tərgitəcək. Bəzən hətta qorxardı ki, kişi intihar eləyər birdən. Yəni ki, jurnal redaksiyalarına hər belə uğursuz səfərdən sonra Fazil o qədər pis hala düşərdi. Amma yox, dərnəyin gələn yığıncağında Fazil yenə də heç nə olmayıbmış kimi təzə yazdığı şeri oxuyar, coşub, ağzından köpük daşa-daşa onu gələnlərə izah edərdi.

Fazil həm də köhnə fikirli adam idi, yəqin elə bundan yana da dərnəyini “Məcalisü - əşar” adlandırırdı. Adətən də elə Elmlər Akademiyasının həyətindəki binalardan birində yığışardılar. Fazil institut rəhbərliyinin qarasınca deyinə-deyinə otağı tez-tez dəyişdirər, amma yenə hər dəfə dərnək üçün bir otaq tapardı. Şer dərnəyinə gələnlər çox olardı; tələbələr – şer yazan, şer sevən qızlar, oğlanlar dərnəyə həvəslə gələr, bəziləri şerlərini utana-utana, bəziləri qürurla təqdim edərdilər. Tofiq deyilən bir tələbə isə demək olar ki, dərnəkdə Fazildən sonra ikinci adam idi və onun davam etməsində də bu gənc xüsusi rol oynayardı. Belə ki, Tofiq daima canfəşanlıq edib bu dərnəyi universitet tələbələri arasında tanıdar, oraya yeni gəncləri - şer yazanları, şer həvəskarlarını cəlb etməyə çalışardı. Bundan başqa Tofiq dərnəkdə həm öz şerlərini oxuyar, həm də o birilərin şerlərini çox həvəslə təhlil edib, başqalarını da müzakirədə iştirak etməyə çağırardı

Müzakirəyə qalanda isə burada bəzən əndazədən çıxanlar da olurdu. Talıb adlı bir tələbə gənc hamının şerlərini kəskin tənqid edər, çoxlarına onların şer yaza bilmədiyini sübut etmək istəyərdi. Talıb filologiya fakültəsində oxuyurdu və deyirdi ki, gələcəkdə tənqidçi olacaq. Dərnək iştirakçıları ona şer də qoşmuşdular.

Bəs bu gələn kimdi, görün, Talıbdı.
Yenə ələ zurnasını alıbdı
.

Bir axşam dərnəkdə yenə qızğın müzakirələr getdi. Aqil hamıdan tez gəlmişdi və həyəcanlı idi; o həmin axşam birinci dəfə olaraq öz şerlərini təqdim edəcəkdi.

Əvvəlcə Fazil gələnləri salamladı, şerin böyüklüyündən danışdı. Dedi ki, dünyada hər şey məhv olsa da, şer, sənət yaşayacaq. Sonra da kimlərin bu gün şer oxuyacağını deyib sözü Tofiqə verdi. Tofiq də başlayan kimi Aqili təqdim etdi:

- Aqil üç aydı ki, dərnəyimizə gəlir. Maraqlı şerlər yazır, müzakirələrimizdə iştirak edir. Onu da qeyd eləyim ki, Aqil indiyə kimi öz şerlərini dərnəyimizdə təqdim etməyib. Neçə gün bundan qabaq mənə Xəzər dənizi haqqında bir şer göstərəndən sonra zorla boynuna qoymuşam ki, gərək bu gün bu şeri burda oxuyasan. İndi buyur, Aqil, söz sənindi.

Aqil qabağa gəlib tribunaya çıxdı. Heç özündə deyildi, sanki otaq başına fırlanırdı. Amma yenə özünü toxtaq tutmağa, keçirdiklərini büruzə verməməyə çalışırdı. Elə bil Fazil onun bu halını duyub dedi:

- Aqil, birinci dəfə şer oxuyanda hamı həyəcanlanır. Keçib gedəcək, fikir eləmə, şerini oxu.

Aqil yenə özünü ələ almağa çalışıb, şer yazılmış vərəqi qarşısına tutdu və gələnlərə diqqət etməməyə çalışaraq, başını aşağı salıb oxudu:

Düşünürəm daim mən bu dənizi.
Tək-tənha, atılmış Xəzər dənizi,
Solmuşdur həsrətdən sanki bənizi,
Belə bir dənizin heç qalmaz izi.

Kim ayırdı səni öz yurd-yuvandan?
Kim qopardı səni o okeandan?
Bağışla, bağışla həm də sən bizi,
Çarəsiz, köməksiz, ümidsiz bizi.

Bir yana, bir yerə çıxışın yoxdur,
Səndən okeanın xəbəri yoxdur.
Dünya unudubdur bu talesizi,
Tənha bir dənizi, Xəzər dənizi.

Nigaranam sənin bu taleyindən.
Necə qurtaraq biz qəmin əlindən
Çatmayan dünyaya səsi dənizi,
Ayrılmış dənizi, yalqız dənizi?

Aqil şerini oxuyub bitirən kimi yerbəyerdən çəpik çalıb onu alqışladılar.

- İndi gördünüz ki, Aqil necə gözəl şer yazır. Təzə şerlərini intizarla gözləyəcəyik, Aqil, - Tofiq gənci təriflədi.

Fazil onu dediyinə qüvvət verdi:

- Doğrudan da yaxşı şerdi, qələminə qüvvət, Aqil. Amma Aqil son vaxtlar mənimlə jurnala redaksiyalarına çox gedib və bilir ki, belə şeri heç kim çap eləmir.

Bundan sonra isə Talıb söz aldı.

- Bir məsələni mən başa düşə bilmədim: bu şer Xəzər dənizinəmi müraciətlə yazılıb, yoxsa biz insanlaramı? Birinci halda da, ikinci halda şerin quruluşu, nizamı pozulub. Bənzətmələrin çoxu yersizdi, “tənha”, “yalqız”, “ayrılıq” sözləri tez-tez təkrar olunur. Belə şeri əlbəttə heç kim çap eləməz.

Buna da bax: F. Hüseyn: Biz dünya ədəbiyyatına da "fırıldaqla" çıxmaq istəyirik

Aqil bu eşitdiklərindən az qala sarsılacaq, şeirini burada oxuduğuna peşman olacaqdı. Burada Tofiq onun dadına çatdı:

- Əşi, fikir vermə, Talıbın xasiyyətin bilmirsən? Gör hələ o birilərinə nə qoşacaq.

Aqildən sonra Sədaqət adında qız belə bir şer oxudu:

Səni gözləyirəm, gələrsən bir gün.
Eşqin nə olduğun bilərsən bir gün.
Onun ələyindən keçərsən bir gün.
İndi qayğısızsan, indi gülürsən.

Gəl, əlini ver, bir yuva quraq,
Ailə, ev quraq, cənnət yaradaq.
Hər gün körpəmizlə lap tezdən duraq.
İndi qayğısızsan, indi gülürsən.

Talıb yenə söz almaq istəyirdi ki, Fazil onu saxladı:

- Talıb, bir dəqiqə dayan, qoy hələ biz sözümüzü deyək, sən sonra danışarsan.

Sonra da Fazil üzünü toplaşanlara tutub soruşdu:

- Qadın poeziyası haqqında heç fikirləşibsiniz? Hələ qədim Yunanıstanda Sofiko adlı şairənin şerləri məlum idi. Onun şerlərini kişi şairlərin yazdıqları ilə müqayisə eləyəndə ilk gözə çarpan nədir? Belə deyirlər ki, kişilər şerlərində çox vaxt üsyana çağırırlar, yerlə, göylə əlləşirlər, nəyisə dəyişdirməyə çalışırlar. Qadının yazdığı şerdə isə ailəni, ocağı saxlamağa çağırış, sevgi, məhəbbət, uşaqlar əsas yer tutur. Sədaqətin şeri buna bir daha sübutdur.

- Sədaqətin şerləri sakit bir bulaqdı, axır özü üçün, - Tofiq də buna qısa yekun vurub sözü indi də Adil adlı gəncə verdi.

Əli göydə qalan Talıb isə Tofiqə tərs-tərs baxsa da daha bir söz deyə bilmədi. Həmin bu Adil isə Talıbla bir yerdə oxuyurdu, həm də onların qrupunun starostası idi. Adil şerini oxudu:

Ah, səni bir daha qucuma alıb,
Kövrək əllərindən tutaydım yenə.
Mavi gözlərinə doyunca baxıb,
Al dodaqlarından öpəydim yenə.

O incə belini kaş qucaydım bir,
Pərişan saçların oxşayaydım bir.
Səninlə bir yerdə kaş uçaydım bir
O əngin göylərə, səmaya yenə.

Adilə əl çaldılar, Fazil yenə nəsə demək istəyirdi ki, Tofiq onu saxladı:

- Fazil, Talıb bayaq sualını verə bilmədi. İndi yaxşı olar sözü əvvəlcə ona verək. Adil həm də onun starostasıdı, görək Talıb onun haqqında nə deyəcək.

Qayda belə idi ki, şer oxuyanlar həmin gün onun çoxaldılmış surətlərini də özləriylə gətirməli, iştirakçılara paylamalı idilər. Talıb da indi Adilin şerinin surətini götürüb tribunaya qalxmağa icazə istədi. Fazil razılıq verəndən sonra orada yerini tutan Talıb sözə belə başladı:

- Ədəbi tənqid olduqca mühümdür, ədəbi tənqid olmayan yerdə ədəbiyyatın özü də yoxdur. Şer yazan adamın şerin quruluşu, şerə olan tələblər haqqında təsəvvürü olmalıdır. Bir də şer deyilən şeyin akselerasiyası olur. İndi görək Adilin şerində bu akselerasiya necədir?

Talıb Adilin şeri olan vərəqi baş-ayaq çevirdi və oxumağa başladı:

O əngin göylərə, səmaya yenə
Səninlə bir yerdə kaş uçaydım bir.
Pərişan saçların oxşayaydım bir,
O incə belini kaş qucaydım bir.

- Gördüyünüz kimi şerdə akselerasiya yoxdur, ahəng, ritm isə pozulub. Yəni, bu adam şer yaza bilmir...

- Bəsdi, - Adil yerindən durub qışqırdı. – Mən daha şer yazmayacam, daha yazmayacam...

Gənc sonra da ağlaya-ağlaya otağı tərk etdi.

Bundan hamı dilxor oldu, Fazil isə Talıba oturmağı işarə eləyib dedi:

- Talıb, əgər sən gələcəkdə ədəbiyyat jurnallarından, ya nəşriyyatlardan birində işləyəsi olsan, onda vay bizim halımıza...

Aqil indi fikirləşirdi ki, onun bəxti hələ gətirdi, Talıb ona çox ilişmədi, düşdü yazıq Adilin üstünə. Bəlkə də Adil ilə köhnədən haqq-hesabı varıymış, ona görə belə elədi, kim bilir axı?

Bu hadisədən bir neçə gün keçəndən sonra Aqil Fazilin yanına instituta gəlib dedi:

- Fazil, ağlıma bir fikir gəlib, istəyirəm onu əvvəlcə sənə danışam.

Sonra məlum oldu ki, Aqil Vahidin dillər əzbəri olan “Bir dənəsən” qəzəlini, Səməd Vurğunun məşhur “Dünya” şerini, bir də Mikayıl Müşfiqin tanınmış “Yenə o bağ olaydı” şerini ayrıca öz adı altında yığdırıb ki, redaksiyalara aparsın.

- Yox, belə şey eləmə, - dedi Fazil əvvəlcə.

Amma sonra ağlına nə gəldisə də fikrini dəyişdi:

- Bura bax, doğrudan da “prikol” üçün belə şey eləmək olar. Gəl aparıb o şerləri redaksiyalara verək, mən də səninlə gedəcəm.

Bir gün Fazillə bərabər bütün redaksiyaları dolaşdılar; Fazil hər yerdə Aqili gənc şair kimi təqdim eləyəndən sonra onun adından həmin məşhur şerləri redaksiyanın əməkdaşlarına verdilər. Hər yerdə onlara dedilər ki, bir həftədən sonra əlaqə saxlasınlar.

Bu məsələni Fazil gülə-gülə dərnəyin növbəti yığıncağında da danışdı. Dedi ki, bu işin nəticəsini öyrənmək üçün bir neçə günə Aqillə bərabər redaksiyalara yeni yürüş edəcəklər.

Bir də redaksiyalara baş çəkəndə demək olar ki, hər yerdə rədd cavabı aldılar, bu şerlərin çox zəif olduğunu, Aqilin hələ şer yazmağı öyrənməli olduğunu dedilər. Bir redaksiyanın poeziya şöbəsinin müdiri isə onların hər iksini oturmağa dəvət eləyəndən sonra özü şerləri bir-bir oxuyub təhlil etməyə başladı.

- Bax götürək sənin “Dünya” şerini, - həmin adam Aqilə dedi. - Yazırsan:

Ulduzlar gecənin bağrını dəlir,
Qayalı dağlardan duman yüksəlir.
Xəyalım gecəni salama gəlir,
Çapdırır atını birbaşa dünya.

- Bala, belə şer olmaz. Bunun bir mənası, bir hikməti yoxdu. Gecə, ulduzlar, qayalar – nə olsun axı? Bir də “çapdırır atını birbaşa dünya” nə deməkdi? İndi o biri şerə baxaq:

Yenə o bağ olaydı, yenə yığışaraq siz
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.

- Elə bil şer döyül ey, məruzədi, - kişi başını buladı. - Belə də şeirmi olar, yaxşı: “O bağa köçəydiniz”. Yox bir, “kurorta gedəydiniz”. Yaxşı, bağın məhəbbətə nə dəxli var, məhəbbətin bağa nə dəxli var? Elə şer gətirirsiniz ki, istəsən də onu bir yana çıxarıb çap eləmək mümkün olmur. Hələ dalına baxaq:

Yenə o bağ olaydı, səni tez-tez görəydim,
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
Yazaydım səhər-axşam.

- Yox, bala. Sən şer yazmağı hələ öyrənməlisən. Belə şeiri biz verə bilmərik. Bir də “qələmə söz verəydim” nədi? Heç olmasa yazaydın ki, “qələmə güc verəydim” də...

Fazil bunu eşidəndə daha özünü saxlaya bilməyib pıqqıldadı. Poeziya şöbəsinin müdiri isə bunu verdiyi yozumun bəyənilməsi kimi qəbul etdi:

- Bax görürsən, Fazil köhnənin yazanı deyin, mənim dediyimi o saat başa düşdü. Sən hələ cavansan, qələmi təzə əlinə alıbsan, çoxlu oxumaq, çoxlu öyrənmək lazımdı sənə. O biri şairlərin yazdıqlarını oxu, yazmağı gərək onlardan öyrənəsən, dostum. Hə, indi bu qəzəllə bağlı. Birincisi, indi qəzəlin vaxtı keçib, indi qəzəl vaxtı döyül. Bundan sonra da elə yazırsan ki, yazdığından baş açmaq olmur. İndi bura baxaq, yazırsan:

Sən olmasan, məni hicran qəmi həlak eylər,
Şikəstə könlümə aləmdə çarə bir dənəsən.

Hicranın da qəmimi olar, hicran elə hicrandı də. Bir də “şikəstə könlüm” nə deməkdi axı? Heç uğurlu bənzətmə deyil. Sonra yazırsan:

Zəmanə əhlinə məşhursan gözəllikdə,
Bu sirr gizli deyil, aşikarə bir dənəsən.

Bu nə yazı tərzidi, bu nə ifadələrdi, sən işlədirsən? Öyrən, bala, öyrən yazmağı, mən dediklərinmi nəzərə al, təzə şerlər yazanda yenə gətirərsən.

Redaksiyaların yerləşdiyi binanın tərk edib metroya enəndən sonra da Fazil bir kəlmə də danışmayıb ta onlar ayrılana kimi susdu. Ayrılanda isə Fazil ona dedi:

- Sağ ol, Aqil. Sən bu gün mənim çox mətləblərə gözümü açdın. Mən elə bil indiyə kimi kor imişəm.

Buna da bax: "Yazarlarımız hakimiyyətdən pay almaq növbəsinə durublar"

Aqilə qalanda isə o bir də Fazilin şer dərnəyinə getmədi. İki aydan sonra Tofiq onu axtarıb universitetdə tapdı və Fazilin adından xahiş etdi ki, gələn dəfə hökmən dərnəyin yığıncağına gəlsin. Aqil yenə də imtina etdi və cibindən bir məktub çıxarıb Tofiqə verdi:

- Xahiş edirəm, bunu Fazilə çatdır, bu məktubu ona yazmışam. Neçə vaxtdır cibimdə gəzdirirəm ki, aparıb özüm ona verəm, amma imkan eləyə bilməmişəm indiyə kimi.

Tofiq daha bir söz deməyib məktubu ondan aldı və keçmiş dərnək üzvü ilə xudahafizləşib yola düzəldi. Amma məktub ona rahatlıq vermirdi: görəsən, Aqil bu məktubda Fazilə nə yazıb axı? Yəqin ona dərnəyə niyə gəlmədiyinin səbəbini izah edir. Yox, gərək mən də biləm ki, o niyə daha dərnəyə gəlmək istəmir; bəlkə Fazil sonradan bunu heç kimə bildirmək istəməyəcək?

Tofiq səliqə ilə Aqilin ona verdiyi zərfi açdı və içərisindəki məktubu oxumağa başladı.

“Fazil, salam”, - Aqil yazırdı. - “Mən çoxdandır dərnəyə gəlmirəm, buna görə məni bağışla. Düzü bunun indən belə mənim üçün bir mənası olduğuna da inanmıram. Mən şer yazmağa davam edirəm, amma onları dərnəkdə təqdim eləməyi də, redaksiyalara aparmağı da mənasız sayıram. Redaksiyalardakı adamların hansı səviyyədə olduğunu sən özün o dəfə gördün. Mənim “Xəzər dənizi” şerim yadındadırmı? Bax həmin şeirdə mənim demək istədiyim də budur: heç yana çıxışı olmayan dəniz axırda bataqlıqlaşır. Bizim müasir Azərbaycan ədəbiyyatı da onun kimi; bizim heç yana çıxışımız yoxdur, ona görə də jurnal redaksiyalarımız, nəşriyyatlarımız belə bataqlıqdır. Orada işləyən kəslərin şerdən, sənətdən başı çıxmır, amma bizim şerlərə qiyməti də, onların çap olunub-olunmaması haqqında qərarı da onlar verməlidirlər. Bu həmin çıxışsızlığın faciəsidir, bataqlıqlaşan Xəzər dənizinin faciəsidir ki, bu bizim də nəsibimizə çevrilir. Bu bataqlıqlaşan dəniz isə ancaq redaksiyalarda işləyənlər kimi, bir də onların səsinə səs verən talıblar kimi qurbağalar yetişdirə bilər. Bizə qalan isə ancaq özümüz üçün yazmaqdır. Bəlkə də vaxt gələr, bu çıxışsızlığa son qoyular, onda bizim şerlər də bir tərəfə çıxar. Məni düzgün başa düşəcəyinə ümid edirəm. Xudahafiz. Aqil”.

Bakı, 1990

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG