Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:11

«Bu gün dünyada 415 milyona yaxın şəkərli diabet xəstəsi var. 2040-cı ildə bu sayın 642 milyon olması gözlənilir».

APA-nın xəbərinə görə, bunu Respublika Endokrinologiya Mərkəzinin direktor müavini Babek Salek deyib.

Onun bildirməsinə görə, Azərbaycanda son hesablamaya görə, 212 min 577 nəfər şəkərli diabet xəstəsi rəsmi qeydiyyatdadır. B.Salek vurğulayıb ki, onlardan 28 min 924 nəfərdə I, 183 min 653 nəfərdə isə II tip şəkərli diabet müşahidə olunur.

I tip xəstələr arasında 1150 nəfərin uşaqlar təşkil etdiyini deyən direktor müavini bildirib ki, onların 99 faizi insulindən asılı formadadır: «Bu ilin dövlət büdcəsindən diabetlə bağlı dövlət proqramına 40.1 milyon manat ayrılıb. Xəstələrin sayında artım və cavanlaşma müşahidə olunur. Dünyada bu gün 500 mindən artıq uşaq I tip şəkərli diabet xəstəsidir. Əvvəllər II tip xəstəliyə 45-50 yaş arasında rast gəlinirdisə, indi 30 yaşında bu xəstəliyə rast gəlinir. Hətta bir yaşında uşaqlarda bu xəstəlik aşkarlanır. Dünyada hər 11 nəfərdən 1-i şəkərli diabet xəstəsidirsə, 2040-cı ildə bu, hər 10 nəfərdən 1-i olacaq. Hər 6 saniyədən bir xəstə şəkərli diabetin fəsadlarından vəfat edir. Bu ya infarkt, ya insult, ya da böyrək çatışmazlığı səbəbindən olur. Dünyada 46.5 faiz insanın (yəni hər iki nəfərdən biri) öz xəstəliyindən xəbəri yoxdur. Bundan başqa, doğuşa qəbul edilən hər 7 hamilə qadından 1-ində şəkərli diabet olur».

B.Salek qeyd edib ki, şəkərli diabet xəstəliyinin erkən aşkarlanması fəsadların qarşını almağa yardım edir.

Azərbaycanda 2005-ci ildə şəkərli diabet xəstələrinin sayı 56 min olub. 2012-ci ildə bu rəqəm 163 min 280, 2014-cü ilin ilk rübünün sonunda isə 200 minə yaxınlaşıb.

Şəkərli diabetin iki forması var: I tip (insulin asılılıqlı) və II tip (insulin asılılığı olmayan).

Günün bütün mövzuları

XS
SM
MD
LG