Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:41

«Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyev saxlandığı Kürdəxanı təcridxanasında mənəvi işgəncələrə məruz qalır».

Bunu AzadlıqRadiosuna C.Hacıyevin vəkili Aqil Layıcov bildirib.

Vəkilin bildirməsinə görə, C.Hacıyevin saxlandığı kameraları tez-tez dəyişdirirlər ki, bu da yolverilməzdir. «C.Hacıyevi tez-tez bir kameradan başqa kameraya köçürürlər. Bu da ancaq insana mənəvi işgəncə verməkdir. C.Hacıyev ikiadamlıq kamerada saxlanılırdı. Yəni bir nəfərlə ünsiyyət qurmaq, dil tapmaq daha asandır. İndi bildiyim qədər 8 nəfərin saxlandığı kameraya köçürülüb. Həm də C.Hacıyevin bəzi xəstəlikləri var ki, siqaret tüstüsü səhhətə birbaşa mənfi təsir göstərir. Odur ki, mən bunu müdafiə etdiyim şəxsə qarşı mənəvi işgəncə hesab edirəm».

Vəkil Aqil Layıcov deyib ki, Baş Prokurorluq C.Hacıyevin təqsirsizlik prezumpsiyasını kobud şəkildə pozduğundan, bu qurumu məhkəməyə veriblər.

Bu il noyabrın 1-də Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov mətbuata açıqlama vermişdi ki, yüz milyonlarla vəsaitin ölkədən çıxararaq mənimsənilməsi ilə bağlı bəzi epizodlar üzrə geniş istintaq-əməliyyat tədbirləri davam etdirilir. Həmin açıqlamada məhz C.Hacıyevin adı çəkilirdi.

«Azərbaycan Beynəlxalq Bankı» ASC-nin İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev 2015-ci ilin sonlarında saxlanıb.
2016-cı il oktyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 15 il azadlıqdan məhrum edilib. O, mənimsəmə və vəzifə səlahiyyətlərini aşmada ittiham edilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG