Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:43

Bəraət alıb, indi polislərin cəzalandırılmasını tələb edir


Qorxmaz Abbasov
Qorxmaz Abbasov

«Məni şərləyən polislərin də, 2 ilə yaxın günahsız yerə həbsdə yatırdan müstəntiqin də cəzalandırılmasını tələb edirəm».

Bu tələbi səsləndirən 13 məhkəmədən sonra bəraət almış Ağdaş rayon sakini Qorxmaz Abbasovdur.

«QEYDİYYATA ALMAĞA RÜŞVƏT İSTƏDİLƏR»

Qorxmaz Abbasovun başına gələnlər bir filmdir desək, yanılmarıq. Hər şey ondan başlayıb ki, əvvəlki məhkumluğu başa çatandan sonra yaşadığı ərazidə qeydiyyata düşməkdən ötrü Ağdaş rayon polis şöbəsinə gedib. Ancaq dediyinə görə, burada ondan rüşvət istənilib. Rüşvəti verməməsi Qorxmaz Abbasovun aqibətini həll edib – o, həbsxanaya qayıdıb. Gerisini özündən eşidək:

«Həbsdən azad olunanların adaptasiyası haqqında qanuna görə, hər bir şəxs məhkumluğu başa çatandan sonra yaşadığı ərazidə qeydiyyata alınmalıdır. Əslində, dövlət özü buna maraqlı olmalıdır. Bizdəsə əksinə, polis deyir, «pul gətir, səni qeydiyyata salım». Xeyli get-gəldən sonra rəis müavini məndən açıq şəkildə rüşvət istədi. Növbəti dəfə şöbəyə gedəndə qapıdan içəri buraxmadılar. Dedilər, «rəis müavininin tapşırığı var ki, bir də səni içəri buraxmayaq». Arada mübahisə yarandı, az qala, şöbənin bütün polisləri üstümə tökülüşüb döydülər, əl-ayağımı qandallayıb 14 saat belə vəziyyətdə şöbədə saxladılar. Sabahı gün Ağdaş məhkəməsinə apardılar, hakim 5 günlük inzibati həbs cəza kəsdi».

Ancaq iş bununla bitmir. İnzibati həbs bitər-bitməz, Qorxmaza Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq) maddəsi ilə cinayət işi qaldırılır. Zərərçəkmişlər də, şahidlər də elə polislər özü olur. Bir də Qorxmazın qoca, savadsız anası... Onun savadsızlığından istifadə edən polislər anadan oğulun əleyhinə ifadə alırlar:

ALİ MƏHKƏMƏ QƏRARI LƏĞV EDİR

«4 ay istintaq getdi, polis nəzarətindəydim, günaşırı gedib sənədə qol çəkirdim. Sonra məhkəmə oldu, Ağdaş Rayon Məhkəməsi mənə 3 illik həbs cəzası kəsdi, həbsə alındım. Hökmdən apellyasiya şikayəti verdim. Şəki Apellyasiya Məhkəməsinin İnşallah Quliyev adlı hakimi əvvəllər Ağdaşda işləmişdi, məni döyüb şərləyən polislərlə münasibəti yaxşıydı deyə, hökmü qüvvədə saxladı».

Qorxmaz Abbasov ümidini itirmir. Ali Məhkəməyə kasasiya şikayəti verir. Ali Məhkəmə Şəki Apellyasiya Məhkəməsinin qərarını ləğv edir. Şəki Apellyasiya Məhkəməsi işə yenidən baxıb bu dəfə Ağdaş Rayon Məhkəməsinin hökmünü ləğv edir və işə yenidən elə Ağdaş məhkəməsində baxılır. Bu dəfə də Qorxmaz Abbasova kəsilən cəza əvvəlkindən fərqlənmir – 3 illik həbs...

Qorxmaz Abbasov yenə Şəki Apellyasiya Məhkəməsinə müraciət edir, hökm ləğv olunur. İşə yenidən baxılması barədə qərar çıxır. Buna qədər artıq cəzanın 1 il 8 ayını çəkən Qorxmaz Abbasov barəsində həbs-qətimkan tədbiri dəyişdirilir, polisin nəzarətinə verilməsi şərti ilə məhkəmə zalından azad edilir. O, 2014-cü ilin sentyabrından 2016-cı ilin aprelinədək başqa yerə getməmək barədə iltizam altında saxlanılıb. Ancaq ittiham tərəfi əl çəkmir. Prokuror bu dəfə kasasiya şikayəti verir. Ali Məhkəmə təmin etmir. İş Ağdaş məhkəməsinə qaytarılır, Ağdaş məhkəməsi isə yenidən istintaq aparılması üçün işi istintaqa qaytarır.

Polis
Polis

«QƏRAR 1 İLDİR İCRA OLUNMUR»

İstintaq bu dəfə də eyni maddələrlə yekunlaşır və Ağdaş Rayon Məhkəməsinə göndərilir. Bu dəfə Qorxmaz Abbasov işə Ağdaş məhkəməsinin baxmasına etiraz edir. Şəki Apellyasiya Məhkəməsi etirazı təmin edərək işi Göyçay Rayon Məhkəməsinə göndərir. Bu məhkəmə Qorxmaz Abbasov barəsində bəraət hökmü çıxarır. Qarşı tərəfin sonrakı apellyasiya və kasasiya şikayətləri təmin olunmur. Bu il sentyabrın 21-də Ali Məhkəmə bəraət hökmünü qüvvədə saxlamaqla məsələyə nöqtə qoyur.

Ancaq Qorxmaz Abbasovun indi başqa istəyi var. O, istintaqı aparmış müstəntiqlə, üzünə durmuş polislərlə bağlı məhkəmənin çıxardığı xüsusi qərarın icra olunmasını tələb edir: «Birinci dəfə məni açıb buraxanda müstəntiq Azad Məmmədovla bağlı hakim xüsusi qərar çıxartdı. Bir aydan sonra A.Məmmədov baş müstəntiq oldu, kapitan idi, elədilər mayor. Halbuki, bu boyda dövlətin adından onun barəsində xüsusi qərar çıxarmış məhkəmə vardı. Göyçay məhkəməsi mənə bəraət verəndə, ümumi zərərçəkmişlər və şahidlər ifadələrində göstərirlər ki, əlimin-qolumun bağlanmasında iştirak ediblər. Şahidlər də polislər özləri idi, axı. Polis haqqında qanunu pozduqları üçün onların hamısı barəsində hakim xüsusi qərar çıxartdı. O qərar da 1 ildən çoxdur ki, icra olunmur».

Ağdaş polisindən «Qaynar xətt»ə bildirilib ki, Qorxmaz Abbasov barəsində şikayət var və hazırda polis həmin şikayəti araşdırır. Qorxmaz Abbasov da hazırda diqqəti yayındırmaq üçün səs-küy salıb.

«MƏQSƏD MƏNİ SUSDURMAQDIR»

Bu arada Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə müdiri Orxan Mansurzadə də məsələyə münasibət bildirib. Bizimyol.info-ya deyib ki, Qorxmaz Abbasov bu yolla özünü sığortalayır. Onunla bağlı Ağdaşın Nehrəxəlil kənd sakini Hamil Hacıyev rayon prokurorluğuna müraciət edib. Müraciətində qeyd edib ki, Q.Abbasov onun həbsdə olan oğlu Pünhanı azad etdirəcəyi vədi ilə ondan 1700 manat pul alıb. Təbii ki, dediyini etmədiyindən vətəndaş dəfələrlə ondan pulunu geri tələb etsə də, qaytarmadığına görə prokurorluğa müraciət edib. Prokurorluqda Q.Abbasov barəsində Cinayət Məcəlləsinin 178.1 (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Ağdaş RPŞ-nin istintaq qrupuna həvalə olunub.

Qorxmaz Abbasovsa deyir, bu cinayət işini onu susdurmaq və polislərin cəzalandırılması tələbindən əl çəkməsi üçün düzüb-qoşublar:

«Tələbim elə həmin polis işçilərinin cəzalandırılması ilə bağlıdır. Məhkəmənin bu polislər barəsində çıxardığı xüsusi qərarı icra etmək əvəzinə vətəndaşı təzədən o polislərin əlinə verməklə guya qisas almaq istəyirlər. Tələblərimin qarşısını kəsməkdən ötrü uydurma maddə atıblar ortalığa... Bunlar məni hələ o vaxt susdurmaq üçün qardaşımı da şərləyib 5 sutkalıq həbs vermişdilər, gətirib yanıma atmışdılar ki, məni dilə tutsun, heç yerə şikayət etməyim. Bununla belə, mən susmadım, haqqımı tələb etdim. Yenə susmayacağam».

XS
SM
MD
LG