Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:33

Son bir ayda intensiv yağan yağışlardan sonra Şamaxı rayonunun Mədrəsə qəsəbəsində torpaq sürüşməsi yenidən aktivləşib.

APA-nın xəbərinə görə, qəsəbədə sürüşmə sahəsi daha 20 hektar genişlənərək 40 hektara çatıb. Torpaq sürüşməsi zamanı vətəndaşlara məxsus daha 4 fərdi evin divarlarında iri çatlar əmələ gəlib.

Hazırda Mədrəsə qəsəbəsində qəzalı evlərin sayının 20-dən çox olduğu bildirilir. Qəsəbə sakini Vahid Qasımovun evi tamamilə yararsız hala düşdüyündən, ailənin 6 üzvü müvəqqəti kirayə mənzilə köçüb.

Şamaxı rayon İcra Hakimiyyətinin Mədrəsə kəndi üzrə icra nümayəndəsi Fuad Abdulrazaqov qəzalı evlərlə bağlı məlumat verib: «Mənzillərin divarlarında iri çatlar əmələ gəlib. Evlər hər an sürüşməyə məruz qalaraq dağıla bilər. Kənd sakinlərinə məxsus tərəvəz və bostan yerlərində, meyvə bağlarında çox saylı batmalar baş verib. Sürüşmə hər gün davam edir».

Fövqəladə Hallar Nazirliyi və Şamaxı rayon İcra Hakimiyyətinin nümayəndələri Mədrəsə qəsəbəsindəki sürüşmə zonasına baxış keçirib, sakinlərlə görüşüblər.
Son bir ayda intensiv yağışlardan ölkənin bir sıra bölgələrində sürüşmə zonalarının genişləndiyi bildirilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG