Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:23

Valideyn şikayəti: 'Məktəbdə uşaqlar soyuqdan xəstələnir'


26 sentyabr referendumu
26 sentyabr referendumu

Ölkədə insan hüquqları, Bakıda kanalizasiya problemləri, manatın tədricən dəyər itirməsi, məktəblərinin və uşaq bağçalarının istilik qayğıları bu gün medianın aparıcı mövzusudur...

İNSAN HAQLARINA HÖRMƏT

«Azərbaycan» qəzetində «Azərbaycanda insan hüquq və azadlıqlarına yüksək təminat yaradılıb» sərlövhəli məqalə dərc edilib.

Müəllif yazır ki, prezident İlham Əliyevin hakimiyyətdə olduğu son 13 ildə apardığı iqtisadi, siyasi, hüquqi islahatların əsasında məhz insan hüquq və azadlıqlarının təmini məsələsi dayanır.

Yazıda vurğulanır ki, ötən müddətdə ölkədə demokratikləşmə sahəsində böyük uğurlar qazanılıb. Bu uğur isə mülki cəmiyyət quruculuğuna hesablanmış məhkəmə-hüquq və ədliyyə islahatlarının ölkənin sosial-iqtisadi inkişaf dinamikası ilə uzlaşdırılması nəticəsində mümkün olub.

Məqalədə eyni zamanda qeyd edilir ki, son vaxtlar bəzi dövlətlər və nüfuzlu qurumlar beynəlxalq hüquq normalarına münasibətdə siyasi avantürizm nümayiş etdirirlər. Bu münasibət isə Avropa məkanında əsl demokratik dəyərlərə «ikili standart»dan yanaşıldığı qənaətini gücləndirir. Müəllif bir sıra Qərb dövlətlərini insan hüquqlarının müdafiəsi bəhanəsi ilə öz maraqlarını gerçəkləşdirmək cəhdlərində ittiham edir.

Müəllif sonda bu il sentyabrın 26-da keçirilmiş Konstitusiyaya dəyişikliklərlə bağlı referendumu xatırladır. Məqalədə qeyd edilir ki, bu referendum dövlətin insan və vətəndaş amilinə böyük həssaslıqla yanaşdığının göstəricisidir.

Bakı sel altında
Gözlə
Embed

No media source currently available

0:00 0:01:03 0:00

MİLYONLARIN UDULDUĞU BAKI KANALİZASİYALARI

Azadliq.info saytı «Hanı kanalizasiyaya silinən milyonlar?» sualına cavab axtarır.

Müəllif yazır ki, Bakıya yağış yağması ilə küçələri, evləri su basır. Hətta paytaxtın bəzi rayonlarında evlər günlərlə su içində qalır.

Yazıda qeyd edilir ki, Fövqəladə hallar üzrə Dövlət Komissiyasının sədri Abid Şərifov bu problemlərin yoluna qoyulmasından ötrü milyardlarla vəsaitin tələb olunduğunu deyib: «Məgər güclü yağışlar Bakıdan başqa şəhərlərdə problem yaratmır?».

A.Şərifov bildirib ki, problemin yaranmasının başlıca səbəbi Bakıda kanalizasiya kollektorunun 50-60 il əvvəl salınması və indiki tələblərə cavab verməməsidir.

Məsələyə münasibət bildirən iqtisadçı Nemət Əliyev isə əks fikirdədir. O, qəzetə deyib ki, problem yarıtmaz idarəçilikdədir: «Müxtəlif dövlət proqramları qəbul etməklə deyil. Gərək həmin dövlət proqramlarını qəbul edərkən, ümumi istiqaməti özündə əks etdirən konseptual əsaslara istinad edəsən. Bakı şəhərinin infrastrukturu yaradılanda, ona milyardlar xərclənəndə, şəhərin baş planına uyğun hərəkət edilməli idi».

N.Əliyev deyir ki, A.Şərifovun özünün iştirakı ilə həyata keçirilən infrastruktur layihələrinə milyardlar xərclənib. İqtisadçının fikrincə, onda baş nazirin müavinin real şəraitdən gözəl xəbəri olub: «Amma Abid Şərifov susub. Çünki baş verənlərdə marağı olub...».

Dollar
Dollar

SƏMƏRƏSİZ İSLAHATLAR VƏ MANATA İNAMIN İTMƏSİ

«Novoye Vremya» qəzetində «İqtisadiyyatın dollarlaşması qorxulu miqyas alır» sərlövhəli yazı oxumaq olar.

Müəllifə görə, hazırda ölkə iqtisadiyyatı növbəti dəfə ağır dövr yaşayır. Əhalinin manata etimadı azalır: «Milli valyutanın dəyərdən düşməsi şəraitində iqtisadiyyat üçün əlverişsiz olan dollarlaşma prosesi güclənir».

Yazıda qeyd edilir ki, bu il oktyabrın 1-nə ölkə banklarında əmanətlərin 82 faizə yaxını dollarladır. Müəllif hesab edir ki, səmərəsiz iqtisadi islahatlar dolların ölkəyə daha çox nüfuz etməsinə səbəb olur: «Yüksəksəviyyəli inflyasiya, inkişaf etməmiş infrastruktur, zəif maliyyə institutları xarici valyutanın bütün cari əməliyyatlarda istifadə olunmasını şərtləndirib».

Yazıda vurğulanır ki, mövcud vəziyyət problemlərin bir qədər də dərinləşəcəyindən xəbər verir. Çünki iqtisadi amillər manatın güclənməsinə yox, əksinə, zəifləməsinə xidmət edir.

Müəllifə görə, ölkənin ixrac imkanlarının artmaması və qeyri-neft sektorunun inkişafdan qalması milli valyutanın zəifləməsini qaçılmaz edir.

Qazaxda məktəb
Qazaxda məktəb

ŞAGİRDLƏR DƏ XƏSTƏLƏNİR, MÜƏLLİMLƏR DƏ...

«Bizim Yol» qəzetində isə «Soyuqdan şagirdlər də xəstələnir, müəllimlər də…» sərlövhəli məqalə diqqət çəkir.

Müəllif yazır ki, havaların soyuması istiliklə bağlı problemləri aktuallaşdırıb. Xüsusən mərkəzləşdirilmiş istilik sisteminə bağlı olan məktəb və bağçalardakı durum diqqət mərkəzindədir.

Valideynlərdən Kamran Ağayev deyib ki, oğlunun oxuduğu məktəbdə hazırda istilik sistemi yoxdur. Bu məktəbin direktoru istiliyin noyabrın 15-dən veriləcəyinin bildirir. Valideynlərsə bu müddətə qədər havalar soyuq olduğundan uşaqların xəstələnəcəyindən ehtiyat edirlər. Hətta bəzilərinin bildirməsinə görə, uşaqlarından artıq xəstələnənlər də var.

Yazıda bəzi müəllimlərin də fikri çatdırıb. Onlar isə aldıqları maaşların iynə-dərmana xərclənməsindən şikayətləniblər.

Qəzet rəsmi qurumların da mövqeyinə yer verir. Yazıda bildirilir ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva havaların soyuq keçməsi ilə əlaqədar orta məktəblərə istiliyin vaxtından əvvəl verilməsinə ehtiyac yarandığını etiraf edib. Ancaq müvafiq qaydalara görə, istiliyin noyabrın 15-dən aprelin 15-ə qədər verildiyini nəzərə çatdırıb.

XS
SM
MD
LG