Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 14:43

'Avropadakı qiymətlərdən danışırlar, maaşlardan yox'


Masazır qəsəbəsində məcburi köçkünlər üçün yeni salınmış məhəllə.
Masazır qəsəbəsində məcburi köçkünlər üçün yeni salınmış məhəllə.

Məcburi köçkünlərə dövlət qayğısı, qazın qiymətinin bahalaşacağı ilə bağlı təxminlər, ölkə iqtisadiyyatının inkişaf yolları və neftin gələcək taleyi bu gün medianın aparıcı mövzusudur...

KÖÇKÜNLƏRƏ XƏRCLƏNƏN MİLYARDLAR...

«Azərbaycan» qəzetində dərc edilən «Azərbaycan nümunə göstərir» sərlövhəli məqalədə məcburi köçkünlərin problemlərinə dövlət qayğısı dəyərləndirilir.

Müəllifə görə, məcburi köçkünlər öz ata-baba yurdlarına qayıdacaqları günün çox uzaqda olmadığını yaxşı bilirlər: «Tam və birmənalı şəkildə etimad göstərdikləri Ali Baş Komandanın onların yurd həsrətinə son qoyacağına qəti əmindirlər».

Məqalədə vurğulanır ki, indiyə qədər qaçqın və məcburi köçkünlərə 6.2 milyard manatdan çox vəsait sərf edilib: «Bundan 2.8 milyard manatı dövlət büdcəsinin, 2 milyard manatı Dövlət Neft Fondunun, 1.4 milyard manatı isə beynəlxalq maliyyə qurumları və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir».

Müəllifə görə, Dövlət Neft Fondunun vəsaiti hesabına müasir standartlara cavab verən 3.2 milyon kvadratmetr sahəsi olan 95 yaşayış kompleksi salınıb. 50 min ailə və ya 250 min nəfərdən çox qaçqın və məcburi köçkün yeni mənzillərlə təmin olunub. Yeni yaşayış məntəqələrində 150 məktəb, 58 mədəniyyət mərkəzi, 59 uşaq bağçası, 58 tibb məntəqəsi, 2 olimpiya idman kompleksi tikilib.

Məqalədə vurğulanır ki, 550 milyon əhaliyə malik Avropa 1 milyon miqrantın problemlərinin həllində çıxılmaz vəziyyətə düşüb. Halbuki, 10 milyon əhaliyə malik, gənc dövlət olan Azərbaycan 20 ildən çoxdur ki, 1 milyon 200 min nəfərdən çox qaçqının və məcburi köçkünün problemlərini həll edir.

Cəmil Həsənli
Cəmil Həsənli

KUBMETRİ 100 MANATA SATILAN HAVAYI QAZ...

Azadliq.info saytında dərc edilən «İlham Əliyevin dövründə qazın qiyməti 10 dəfəyə qədər artıb» sərlövhəli məqalədə Milli Şura sədri, tarixçi-professor Cəmil Həsənlinin düşüncələrinə yer verilib.

C.Həsənli yazır ki, Azərbaycan hökuməti müxtəlif bəhanələrlə əhaliyə satılan mavi yanacağın qiymətini artırmaq istəyir: «Artıq bu fikir Milli Məclisin iclasında da səsləndirilib. Orada deputatlar öz təşəbbüsləri ilə belə məsələləri qaldırmırlar. Bir qayda olaraq, bu göstərişlər yuxarıdan gəlir. İlham Əliyevin hakimiyyətdə olduğu 13 il ərzində qazın qiyməti 10 dəfəyə qədər artıb».

C.Həsənli vurğulayır ki, təklif müəllifləri bu bahalaşma niyyətini inkişaf etmiş ölkələrdə enerjidaşıyıcıların qiymətinin yüksək olması, qaz hasilatının maya dəyərinin baha başa gəlməsi ilə izah etməyə çalışırlar. Yazıda bu izahlar əsassız sayılır: «Bu dəlillərin heç birinin iqtisadi və sosial əsası yoxdur. Bəli, Avropada, inkişaf etmiş ölkələrdə qaz baha ola bilər. Lakin kiçik istisnalarla, onlar qazı idxal edirlər, satın alırlar. Mavi yanacağın bu ölkələrə nəql edilmə xərci də onun hasilat və emal xərclərinə əlavə edilir. Biz ki, nəql etmə xərcləri çəkmədən öz qazımızı istehlak edirik».

Yazıda deyilir ki, qazın qiymətini inkişaf etmiş ölkələrlə müqayisə edən hökumət rəsmiləri nədənsə həmin ölkələrdə maaş və pensiyaların miqdarını xatırlamağı unudur: «Axı, inkişaf etmiş ölkələrdə müəllim 100-150 avro yox, 4-5 min avro aylıq məvacib alır. Burada təbii bir sual yaranır: müəllimə, həkimə, büdcə təşkilatlarında çalışanlara 200-300 manat əməkhaqqı, 1.4 milyon təqaüd alan yaşlı əhaliyə… orta hesabla 189.6 manat pensiya verən bir hökumətin qazın qiymətini artırmağa haqqı varmı?».

C.Həsənli qaz hasilatında maya dəyərinin yüksək olması ilə bağlı dəlilləri də əsassız adlandırır: «Birincisi, beynəlxalq şirkətlərlə imzalanmış müqaviləyə görə, səmt qazı Azərbaycan tərəfə havayı verilir. Havayı aldığı qazın hər 1000 kubmetrini Azərbaycan hökuməti erməni kilsələrinə havayı, ölkə vətəndaşlarına isə 100 manata satır. 2008-ci il seçkilərindən sonra, ikinci dönəm prezidentliyə başlayan cənab İlham Əliyev qazın qiymətini 47.2 manatdan 100 manata qaldırdı».

Oqtay Haqverdiyev
Oqtay Haqverdiyev

XARİCİLƏRİ ÇAĞIRIN...

«Exo» qəzetində «İqtisadiyyatı xilas etmək üçün xariciləri dəvət etmək vaxtı çatıb» sərlövhəli məqalə diqqəti cəlb edir.

Ekspertlərdən Oqtay Haqverdiyev qəzetə deyib ki, dövlət məmurları Azərbaycanda iqtisadi situasiyaya nəzarəti itirirlər. Ölkə iqtisadiyyatını xilas etməyi bacaran və buna hazır olan əcnəbi mütəxəssisləri dəvət etmək vaxtıdır: «Manatın məzənnəsinin enməsi qaçılması mümkün olmayan zərurətdir. Mərkəzi Bank ölkə iqtisadiyyatını dəstəkləyə bilmək üçün manatın məzənnəsinin zəifləməsinə yol verməyə hazırdır. Amma bu zəifləmə tədrici olacaq ki, ölkədən kapital axınına yol verilməsin».

Ekspert hesab edir ki, dövlət büdcəsi bütünlükdə neft-qaz sənayesindən asılıdır. Onun fikrincə, hökumət valyuta qazanmaqdan ötrü dünya bazarına hansı məhsullarla çıxmaq üzərində düşünməlidir. Yalnız neftin qiymətinin bahalaşacağına ümid bəsləmək əbəsdir. Ekspert deyir ki, ölkənin imkanlarını və dünya təcrübəsini nəzərə almaqla vəziyyətdən çıxış yolları axtarılmalıdır. Bu məsələdə isə Azərbaycanın imkanlarına bələd xarici mütəxəssislərin bilik və bacarığından faydalanmaq olar.

Natiq Cəfərli
Natiq Cəfərli

NEFTİN QİYMƏTİ QALXACAQ, YOXSA DÜŞƏCƏK?

«Yeni Müsavat» qəzetində «Neftin qiyməti 25 dollara qədər düşə bilər» sərlövhəli məqalədə ekspertlərlə «qara qızıl»ın gələcək taleyi müzakirə edilir.

Yazıda qeyd edilir ki, noyabrın sonunda Vyanada keçiriləcək OPEC sammitindən sonra neftin bir barreli hətta 25 dollara düşə bilər: «Sammitdə razılaşmanın əldə edilməyəcəyinin əsas səbəbi neft bazarı uğrunda gedən kəskin mübarizədir. Məhz bu səbəbdən heç bir iri neft hasilatçısı hasilatını məhdudlaşdırmağa razı olmayacaq»,-deyə analitik qrup hesab edir.

Ekspert Natiq Cəfərli də deyib ki, OPEC və Rusiya danışıqlar, sözlü müdaxilələr, bazara psixoloji təsirlər yolu ilə müəyyən qədər qiymətləri 50 dollaradək qaldırmağı bacarıb: «Amma bazar oyunçuları nəhayət anladılar ki, OPEC-də ciddi fikir ayrılıqları var. OPEC-in qəbul etdiyi hər hansı bir qərarı yoxlamaq, qərarları pozan hər hansı ölkəyə qarşı sanksiya tətbiq etmək mexanizmi yoxdur».

N.Cəfərli vurğulayır ki, OPEC-ə daxil olan əsas oyunçu ölkələrdən İran, İraq, Liviya hasilatlarını maksimum həddə çatdırmağı, öz bazar paylarını qorumağı düşünürlər. Buna görə də, noyabrın sonunda Vyanada keçiriləcək görüşdə ciddi bir anlaşma olması ehtimalı çox aşağı düşüb: «Düşünmürəm ki, qiymətlər lap aşağı, 25 dollara qədər enəcək. Amma ən azı 35 dollara qədər enə bilər. Neftin qiyməti bu ilin ikinci yarısında olduğu kimi, 40-50 dollar arasında «rəqs» edəcək. 2017-ci ildə dünyada iqtisadi artım tempinin də zəif qalacağını nəzərə alsaq, neftin qiymətinin uzun zaman kəskin artması ehtimalı getdikcə heçə enir».

XS
SM
MD
LG