Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:32

Xarici ulduzları Rusiyaya çəkən nədir?


Seagal Vladivostok forumunda
Seagal Vladivostok forumunda

Amerikalı aktyor, aykido ustası Steven Seagal noyabrın 3-də Rusiya vətəndaşlığı almasına “həddən artıq sevinib”. O bunu NTV televiziyasına deyib.

Bir az əvvəl Rusiya prezidentinin sözçüsü Dmitriy Peskov demişdi ki, Seagal uzun müddət və təkidlə Rusiya vətəndaşlığı istəyirdi.

Xarici ulduzları Rusiyaya çəkən nədir?

Steven Seagal

Aktyor bildirir ki, onun öz vətəni Amerikaya olduğu kimi Rusiyaya da dərin hörmət və bağlılığı var.

Hollivudda 50-ə yaxın filmə çəkilən 64 yaşlı Seagal deyir ki, onun atasının ailəsi, daha dəqiq desək, nənəsi əslən Vladivostokdandır.

Ola bilsin, ailə bağlılığından başqa, Rusiyada Seagalın biznes maraqları da var. Seagal iki il qabaq Deqtyarov silah zavoduna səfəri zamanı təklif etmişdi ki, bu Rusiya silhalarının dünyadakı reklamında iştirak edə bilər.

Gérard Depardieu

Hər şey fransalı kino ulduzu Gérard Depardieu-nin 2012-ci ildə Belçikada, Fransa ilə sərhəddə köhnə bir ev almasından başlandı. Fransada bunu Depardieu-nin vergidən qaçması kimi qiymətləndirdilər.

Gerard Depardieu
Gerard Depardieu

Fransanın baş naziri bunu “cılız hərəkət” adlandıranda aktyor baş nazirə açıq məktub və üstündə öz pasportunu göndərdi. Məktubda Gérard Depardieu yazırdı ki, “siz kimsiniz ki, məni mühakimə edirsiniz? Mən adam öldürməmişəm, 45 ildə Fransaya 145 milyon avro vergi vermişəm.”

Bundan sonra Gérard Depardieu Belçikaya köçdü və Fransa vətəndaşlığından imtina etdi. Aktyor dedi ki, vətənpərvərlik anlayışı köhnəlib, o özünü bütün dünyanın vətəndaşı hesab edir.

2013-cü ilin yanvarında Rusiya prezidenti Putin Gérard Depardieu-yə Rusiya vətəndaşlığı verdi.

Keçən il mediada xəbər yayıldı ki, Gérard Depardieu Rusiyada nəyi varsa, satıb gedir, ancaq onun direktoru bu xəbərləri təkzib etdi. Gérard Depardieu-nin özü az sonra bildirdi ki, Rusiya pasportu hələ də üstündədir və bir az sonra hətta dedi ki, “Rusiyaya görə ölümə də gedər”. Bununla belə, Gérard Depardieu həmişə deyir ki, Rusiyanı da sevir, Fransanı da, ancaq Belçikada yaşamaq istərdi.

Pamela Anderson

48 yaşlı model və aktrisa Pamela Anderson keçən il Rusiyada Vladivostokda İqtisadi Foruma dəvət aldı. Buna səbəb onun az əvvəl Putinə yazdığı açıq məktub idi.

Pamela Anderson
Pamela Anderson

Heyvanların müdafiəsi ilə məşğul olan Anderson Putindən xahiş edirdi ki, İslandiyadan nadir balina olan finvalın ətini daşıyan gəminin Şimal dənizindən keçən yolunu bağlasın. Anderson məktubda Putinə birgə şam etməyi də təklif edirdi. Bundan sonra onu Rusiyada foruma çağırdılar, Putinlə şam yeməyi barədə məlumat verilmədi, ancaq Rusiyanın təbii sərvətlər naziri Sergey Donskoy şəxsən özü Ussuriysk zooparkını Andersona nümayiş etdirdi. 48 yaşlı Anderson deyirdi ki, dəvət alacağını gözləmirdi və Rusiya nadir heyvanları qorumaqda hansı işlər görüldüyünün şahidi oldu.

Brigitte Bardot

Rusiya vətəndaşlığından öz ökələrinin hökumətlərinə hədə kimi istifadə edənlər də var. Bütün növ heyvanaları qoruması ilə məşhur olan 80 yaşlı kino ulduzu Brigitte Bardot Fransa hökumətini hədələdi ki, Parisdə iki sirk filini xilas etməsələr, Depardieu kimi o da Rusiya vətəndaşlığı alacaq. Həmin iki qoca filə iynə vurub, yatırtmaq istəyirdilər.

Brigitte Bardot
Brigitte Bardot

Sonralar Monako şahzadəsi Stefani həmin filləri öz malikanəsinə apardı və həmin qoca fillər ölümdən qurtardı.

2012-ci ildə Bardot Fransa mediasına müsahibəsində deyirdi ki, Putini ideal prezident sayır. O izah edirdi ki, “hər dəfə ondan nəsə xahiş edəndə, prinsipcə, həmişə razılaşır. Putin heyvanları qorumaq üçün bizim prezidentlərdən çox iş görür”

Ondan əvvəl aktrisa Qrenlynadiya suitinin ətinin və dərisinin idxalına qadağan qoyduğuna görə Putinə təşəkkür edirdi.

Roy Jones

O tarixdə ilk boksçudur ki, 4 müxtəlif çəkidə peşəkarlar arasında dünya çempionu olub. Roy Jones 2015-ci ilin avqustunda Sevastopolda Rusiya prezidenti Putinə müraciət etdi ki, Rusiya vətəndaşlığı almaqda ona kömək etsin.

Roy Jones
Roy Jones

Bir ay sonra ona Rusiya vətəndaşlığı verildi. Roy Jones deyir ki, Rusiya cəmiyyətini sevir, necə ki, Rusiya onu sevir. Amerikalı Roy Jones-un gəlib Rusiya vətəndaşlığı almasının səbəbləri üstə indiyə kimi baş sındırılır. Hətta bəziləri düşünür ki, o, iki ölkə arasında münasbətləri düzəltmək istəyir.

Mickey Rourke

Rusiyaya və Putinə sevgisini gizlətməyən qalmaqallı amerikalı aktyor və keçmiş boksçu Mickey Rourke 2014-cü ildə Rusiyaya gələndə yerli media onun səfərini geniş işıqlandırırdı.

Rourke üstündə Putinin şəkli olan köynəkdə
Rourke üstündə Putinin şəkli olan köynəkdə

Moskvada rusların məşhur qulaqlı papağında şəkil çəkdirən, dükanda Putinin şəkli olan qısaqol koynək alan Rourke deyirdi ki, Rusiya vətəndaşlığı almağı düşünür.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG