Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:14

Azərbaycanda problemli bankların idarə olunması ilə bağlı hazırlanmış qanun layihəsi kredit təşkilatlarına təyin olunan müvəqqəti inzibatçılara əlavə səlahiyyətlərin verilməsini nəzərdə tutur.

«Report» bu xəbəri Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlıya istinadən yayıb.

«Azərbaycanın bank qanunvericiliyində müvəqqəti inzibatçının vəzifələri dəqiq göstərilməyib. Məqsədimiz odur ki, ödəniş qabiliyyətini itirmiş, kapital çatışmazlığı problemi olan banklara gələcəkdə təyin ediləcək müvəqqəti inzibatçılar əlavə səlahiyyətlərə malik olsunlar», - deyə R.Aslanlı qeyd edib.

Palata sədrinin bildirməsinə görə, layihə müvəqqəti inzibatçının problemli bankın sağlam aktivlərini onun öhdəliklərinin bir hissəsi ilə birlikdə hərrac vasitəsilə başqa banka ötürməsini, bundan əldə olunan vəsait hesabına sağlamlaşdırma tədbirləri həyata keçirməsini nəzərdə tutur: «Həmçinin, layihədə «Körpü-bank» anlayışı var. Sağlam olmayan bankın öhdəlikləri ilə birlikdə «Körpü-bank»a ötürülməsi, sonra isə həmin bankın satılması nəzərdə tutulub».

Bu ilin əvvəlindən Azərbaycanda 11 bankın lisenziyası ləğv edilib. Ləğvetmə prosesində həmin banklara müvəqqəti inzibatçılar təyin edilib.

Ekspertlərin fikrincə, Azərbaycanda bankların bağlanması prosesi bundan sonra da davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG