Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:34

Azərbaycanın qlobal enerji layihələrdə iştirakı, bələdiyyə istiqrazlarından gözləntilər, iqtisadi durum və ölkəni xarici investorlara cəlbedici etməyin yolları bu gün medianın aparıcı mövzusudur...

QLOBAL LAYİHƏLƏR TƏŞƏBBÜSKARI-AZƏRBAYCAN

«Azərbaycan» qəzetində «Qlobal layihələrin təşəbbüskarı» sərlövhəli məqalə dərc edilib.

Müəllif yazır ki, Azərbaycan geosiyasi məkan kimi regionda sülhün və təhlükəsizliyin təmin olunmasında ən perspektivli tərəfdaşdır. Prezident İlham Əliyev isə konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, regional, qlobal miqyasda sabitliyə xidmət edən siyasi xətt yürüdür. Müəllifə görə, bu siyasətdə beynəlxalq aləmə çoxşaxəli inteqrasiyanın təmin olunması, iqtisadi və strateji maraqların ödənməsi, vətəndaşların təhlükəsiz yaşayışının təmin olunması prioritet təşkil edir: «Ötən 13 ildə həyata keçirilən uğurlu islahatlar nəticəsində Azərbaycan fantastik görünə biləcək sürətli inkişaf yolu keçmiş, bir sıra taleyüklü məsələlərin həllinə nail olmuşdur».
Müəllif bu sırada Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TAP, TANAP kimi enerji layihələrini göstərir.

Məqalədə həmin layihələrin əhəmiyyətini çatdırmaqdan ötrü dövlət başçısı İlham Əliyevdən də sitat gətirilir: «Bu gün dünyanın ən böyük enerji layihələrindən biri olan «Cənub Qaz Dəhlizi» uğurla icra edilir. Biz «Şahdəniz-2» layihəsinin icrasında artıq son mərhələyə yaxınlaşırıq. Layihə 83 faiz icra edilib».

Müəllif yazır ki, İ.Əliyevin inamla apardığı yeni neft strategiyasının nəticəsi olaraq ölkə enerji müstəqilliyini tam təmin edib. Bununla dünya enerji təhlükəsizliyinə böyük töhfə verilib. Bunun nəticəsi kimi Azərbaycanın dünyada geosiyasi önəmi və beynəlxalq nüfuzu yüksəlib.

Yasamal bələdiyyəsi

Yasamal bələdiyyəsi

BƏLƏDİYYƏ İSTİQRAZLARI ALINACAQMI?

Azadliq.info saytında gedən «Hökumət ölkəni borc bataqlığına sürükləyir» sərlövhəli məqalədə ayrı-ayrı rəsmi müəssisələrin istiqraz buraxması ekspert Nemət Əliyevlə müzakirə edilir.

Yazıda bildirilir ki, indi bələdiyyələrin istiqraz buraxması ilə bağlı təşəbbüslərə başlanılıb. Müəllif xatırladır ki, ölkədə ilk dəfə Maliyyə Nazirliyi, daha sonra isə SOCAR istiqraz buraxıb.

Yazıda vurğulanır ki, heç bir gəlir mənbəyi olmayan bələdiyyələrin istiqraz çapına hazırlaşması başa düşülən deyil.

İqtisadçı Nemət Əliyev sayta mövzunu belə dəyərləndirib: «Normal inkişaf etmiş ölkələrdə bu cür istiqrazları, bir qayda olaraq, səhmdar cəmiyyətlər buraxır və bu iqtisadiyyatın inkişafına verilən bir töhfə olur. Bununla sərbəst pul vəsaitləri cəlb olunaraq müəssisələrin inkişafına yönəldilir».

Nemət Əliyev deyib ki, Azərbaycanda isə bu proses əksinə gedir. İqtisadçının fikrincə, əhalinin indiki ağır maddi durumu bu istiqrazların iqtisadi inkişafa təkan verəcəyinə inamı sarsıdır: «Əhalinin pul gəlirləri kəskin şəkildə azalıb. Əhalinin pul gəlirləri kəskin şəkildə azalıbsa, sərbəst pul vəsaitləri yoxdursa, o zaman bu istiqraz vərəqələrini buraxmaqla deyil. İstiqraz vərəqələri bir şeyə yaramayacaqsa, o zaman bir müddət sonra onların çapına xərclənən vəsait də batıb gedəcək. Real və faktiki nəticəsi olan işlərə fokuslaşmaq lazımdır».

Ekspert Dövlət Neft Fondunun bir milyard dollarlıq vəsaiti depozit şəklində Azərbaycan Beynəlxalq Bankına yerləşdirməsini də tənqid edib. N.Əliyevin fikrincə, bu vəsait ölkə iqtisadiyyatının inkişafına yönəldilsəydi, daha səmərəli ola bilərdi.

Oqtay Haqverdiyev

Oqtay Haqverdiyev

İQTİSADİ ARTIM GÖZLƏNİLMİR...

«Exo» qəzetində isə «Hələ ki, Azərbaycan iqtisadi siyasətə yenidən baxmayıb...» sərlövhəli məqalə oxumaq olar.

Ekspertlərdən Oqtay Haqverdiyev ölkədəki iqtisadi durumu qəzetə belə dəyərləndirib: «Proqnozlara görə, 2017-ci ildə Azərbaycanda iqtisadi artım sıfıra bərabər olacaq, yəni, nə artım, nə də azalma olacaq. Mənim fikrimcə isə, azalma davam edəcək. Anacaq 2017-ci ilin sonunda azacıq artım ola bilər. İqtisadi artım bazardakı konyunkturadan asılıdır. Əgər neftin dəyəri 100 dollar olarsa, bizdə ümumi daxili məhsul (ÜDM) 10-20 faiz arta bilər. Yox neftin qiyməti artmazsa, iqtisadi artım da ola bilməz. İqtisadi inkişaf isə səmərəli fəaliyyətlə bağlıdır».

O.Haqverdiyev hesab edir ki, hökumət iqtisadi siyasətə yenidən baxmalıdır: «Nə qədər ki, Azərbaycan hökuməti iqtisadi siyasətə yenidən baxmayıb, ölkə iqtisadiyyatı həmişə təhlükə altında olacaq. Buna yol verməmək üçün isə qeyri-neft sektorunun inkişafına ciddi yanaşmaq lazımdır».

Ekspert obrazlı ifadə ilə qeyd edir ki, qeyri-neft sektoru quyuya düşüb. O.Haqverdiyevə görə, Azərbaycanda qeyri-neft sektorunu müstəqil inkişaf edən sahə adlandırmaq olmaz: «Əmtəənin hazırlanması üçün istifadə edilən xammal müxtəlif ölkələrdən gətirilir. Odur ki, devalvasiyadan sonra bu müəssisələrin bir-birinin dalınca bağlanması təəccüblü deyil və hələlik, rəqabətqabiliyyətli məhsul istehsal edə bilmirik».

Dollar

Dollar

İNVESTORLAR NİYƏ GƏLMİR?

«Novoye Vremya» qəzetində «Pullar sakitliyi sevir və ya investorların qaçışını necə önləyək» sərlövhəli məqalə diqqət çəkir.

Yazıda qeyd edilir ki, neftin kəskin ucuzlaşmasından sonra daxili imkanlar hesabına ölkəyə investisiya yatırmaq imkanı artıq aradan qalxmaqdadır: «Neftin qiyməti 50 dollar ətrafında hərəkət edirsə, iqtisadiyyatın bir çox sahələrinə dövlət investisiyası qoymaq ancaq arzu edilə bilir. Bu investisiyanın azalması təsadüfi deyil. Belə halda ümid xarici investisiyalara qalır ki, indiki halda bu, hava kimi vacibdir».

Müəllif yazır ki, son vaxtlar baş verənlər isə bu arzunun gerçəkləşəcəyinə böyük şübhələr yaradır. İnvestorlar nəinki Azərbaycana gəlmir, üstəlik, əvvəllər gələnlər də getmək haqda düşünürlər. Yazıda vurğulanır ki, iqtisadi fəallığın və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi bir sıra xarici şirkətlərin ölkədən getməsi ilə nəticələnir.

Müəllifə görə, ölkə iqtisadiyyatında yerli özəlliklərin olması da burada az rol oynamayıb: «Əvvəllər yüksək neft gəlirləri fonunda şirkətlər bürokratiyaya, korrupsiyaya, məmur özbaşınalığına dözürdülər. İndi bu sərmayəçiləri qane etmir».

Yazıda vurğulanır ki, neft bumu dövründə ölkədə əlverişli biznes və sərmayə mühiti yaradılmadığından belə bir mənzərə başa düşüləndir. Müəllifin fikrincə, maliyyə bazarının, bank sisteminin sabitləşmədiyi, inhisar, korrupsiya və məmur özbaşınalığının davam etdiyi bir şəraitdə ölkənin rəsmi qurumlarının sözdə verdiyi təminatlar əbəsdir: «Ən başlıcası, yaxın perspektivdə iqtisadi durumun yaxşılaşacağı görünmür. Yenə də neft qiymətdən düşməkdədir».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG