Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:35

Prezidenti təhqir edənlər cinayət məsuliyyəti daşıyacaq


Emomali Rahmon

Emomali Rahmon

Tacikistan prezidenti Emomali Rahmon hökumətin dövlət başçısını təhqir etməyə görə cinayət məsuliyyəti nəzərdə tutan qərarını imzalayıb.

Bu qanunu pozanları beş ilə qədər həbs, yaxud cərimə gözləyir.

Oktyabrın 26-da Tacikistan parlamentinin aşağı palatasının deputatları «Milli lider haqqında» yeni qanuna yekdilliklə səs veriblər. Eyni zamanda, onlar Emomali Rahmon-a müstəqil Tacikistanın banisi, Milli lider, «Sülh və Birliyin banisi» statuslarını veriblər.

«Sülh və milli birliyin banisi - milli lider haqqında» yeni konstitusiya qanununa əsasən, milli liderə xüsusi yer və xüsusi avadanlıq ayrılacaq, onun xüsusi fondu yaradılacaq, Milli Lider Ordeni və Milli Lider Mükafatı təsis ediləcək.

Düşənbədə Emomali Rahmon-un nəhəng portreti

Düşənbədə Emomali Rahmon-un nəhəng portreti

PREZİDENT VƏZİFƏSİNDƏN GEDƏNDƏN SONRA...

Bundan başqa, Milli lider ölkə prezidenti vəzifəsindən gedəndən sonra da respublika xalqına müraciət, vacib dövlət tədbirlərində iştirak və onlarda çıxış etmək haqqını qoruyub saxlayır.

Ölkəni idarə etdiyi zaman atdığı bütün addımlara görə Milli liderə toxunulmazlıq təminatı verilir. Milli lideri saxlamaq, həbs etmək, üzərində axtarış aparmaq qadağandır. Milli liderin özünə və yaxınlarına məxsus daşınan və daşınmaz əmlak toxunulmazdır.

64 yaşlı Emomali Rahmon 25 ildir ki, Tacikistanı idarə edir. 1992-ci il noyabrın 19-da Respublika Ali Sovetinin Xocənddə keçirilmiş XVI sessiyasında Ali Sovetin sədri seçilmiş Rahmon (o zaman Rahmonov idi) iki il sonra prezident olub.

Bu ilin mayında ölkə əhalisinin əksəriyyəti Rahmon-un referenduma çıxardığı Konstitusiya dəyişikliklərinin lehinə səs verib. Yeni düzəlişlərə görə, prezident Emomali Rahmon vəzifəsində ömürboyu qala bilər. Onun böyük oğlu isə artıq 2020-ci ildə keçiriləcək seçkilərdə öz namizədliyini irəli sürə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG