Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:54

Əsilzadə italyan rejissoru Viscontinin yaddaqalan beş filmi


İtalyan rejissor Luchino Visconti, 1972-ci il.
İtalyan rejissor Luchino Visconti, 1972-ci il.

-

İtaliyan rejissoru Luchino Visconti həm İtaliya, həm də dünya kinosununən vacib rejissorlarından biridi.

O, həm də barışmaz ziddiyyətlərdən toxunmuş nadir şəxsiyyətdi: Bir tərəfdən əsil-nəsilli zadəgan, digər tərəfdən kommunist ideologiysına sadiq olan qatı marksist, faşizm əleyhinə hərəkatın fəal iştirakçısı.

O, gestapo tərəfindən həbs edilib salındığı ölüm kamerasından möcüzə nəticəsində xilas olmuşdu.

Luchino Viscontinin gənclik illəri.
Luchino Viscontinin gənclik illəri.

O, ən demokratik kinocərəyanlardan birinin - neorealizmin banisi idi, amma əksər filməri hədsiz estetizmi, səxavətli şairanəliyi və yüksık emosionallığı ilə opera sənətinə bənzəyirdi.

Fransız kinosuna baxa-baxa böyümüş italiyalı Visconti tez-tez ruhən tamamilə fərqli bir mədəniyyətə- avstro-alman süjetlərinə müraciət eləyirdi.

Luchino Visconti 1906-cı il noyabrın 2-də Milan şəhərində anadan olub. Atası –hersoq Visconti di Modronenin Lombardiyada qəsri vardı, Savoy sülaləsinə xidmət eləyirdi, La Skala teatrının həmiyədarı idi, 1914-1919-cu illərdə isə Milanın “İnternasional” futbol klubuna başçılıq eləmişdi. Anası isə varlı sahibkarın qızıydı.

Buna da bax: Fellini bu filmiylə dünyaya səs salmışdı - bir obrazın tarixçəsi

Ailənin dördüncü uşağı olan Visconti hələ uşaqlıqdan ev tamaşalarında oynayırdı, 13 yaşında isə Konservatoriyanın zalında Marçellonun violençel üçün sonatasını ifa eləmişdi. On səkkiz yaşında dəlicəsinə aşiq olduğuna görə kollecdən qaçmış, bundan sonra dini böhran yaşamış və kavaleriya məktəbində hərbi xidmət zamanı qismən özünə gəlmişdi. Bu məktəbdə o, həm də yarış atları ilə maraqlanmağa başlamış və növbəti beş ilini at yetişdirməyə sərf eləmişdi. (Sonralar atlarla topladığı təcrübənin aktyorlarla işdə ona çox yardım elədiyini deyirdi).

Həmim dövrdə Luchino Şimali Amerika və Avropada çoxlu səyahət eləyirdi. 30-cu illərin sonlarında belə səyahətlərin birində Parisdə Coco Chanelin zəmanəti ilə dahi fransız rejissoru Jean Renoirın assistenti işləməyə başlayır və bu onun rejissorluq yolunun başlanğıcı olur.

1943-cü ildə Visconti öz vəsaiti və İtaliya Kommunist Partiyasının maddi dəstəyi ilə ilk tammetrajlı filmini – James M. Cainin “Poçtalyon zəngi həmişə iki dəfə basır” romanı əsasında “Mübtəlalığ”ı çəkir. Rejissorun dediyinə görə, bu proto-nuarı çəkmək üçün o, anasından qalan daş-qaşları satmalı olmuşdu.

II dünya müharibəsi zamanı faşizmə qarşı müqavimət hərəkatına qoşulan Visconti Romadakı evində siyasi mühacirləri, gestapodan qaçmağı bacaran müttəfiq qoşunların əsgərlərini gizlədir (sonralar “İnteryerdə ailə portreti” filmində bunu süjet kimi istifadə eləyir).

Luchino Visconti mübariz, araşdırmaçı xarakterli bir insan idi. Estet idi, amma bu onun üçün ictimai həyatdan kənarda durmaq anlamına gəlmirdi.

Onun haqqında “Viskonto daha çox monarxdı, nəinki ingilis kraliçası” yazırdılar.

Luchino Visconti kamera arxasında.
Luchino Visconti kamera arxasında.

Fransız aktrisası Annie Girardot isə onu belə təsvir eləmişdi: “Mən onun ucaboy, yaraşıqlı olduğunu eşitmişdim, amma bu qədər yaraşıqlı olduğunu təsəvvür eləmirdim. Necə əzəmətli qədd-qaməti var! Visconto - zəriflik, alicənablıq mücəssəməsidi. O, son dərəcə nəcabətlidi! Hələ baxışları. O qara gözlər soyuqluğu ilə adamı zəncirləyir, dəlib keçir, yerinə mıxlayır. Mən dahi və qəddar kolleksiyaçının əlinə düşmüş kəpənək kimi tamamilə onun hökmündəyəm. O, məni tədqiq eləyir. Yalnız bir şeyi aydın dərk eləyirəm: bu insana heç vaxt “sən” deyə müraciət eləyə bilməyəcəm. Visconti çəkiliş meydançasında əsl tirandı. O, manyakcasına mükəmməlliyə can atır, buna görə də bizi nəfəs almadan işləməyə məcbur eləyir”.

Luchino Visconti karyerası boyu on doqquz film çəkib, qırxdan çox dram tamaşasını, iyirmi opera tamaşasını və iki baleti səhnələşdirib. Onlardan bir çoxuna rəssam kimi özü tərtibat verib.

Oxu zalı dahi italiyan rejissor Luchino Viscontinin ən məşhur beş filmini təqdim edir:

1. “Rokko və qardaşları” – (1960)

Luchio Viscontinin çəkdiyi "Rokko və qardaşları" filmindən bir kadr.
Luchio Viscontinin çəkdiyi "Rokko və qardaşları" filmindən bir kadr.

Film C.Testorinin novellaları əsasında çəkilib.

İtaliyanın cənubundakı yoxsulluqdan qaçıb böyük şəhərə gəlmiş ailə. Dul ana dörd böyük oğlu ilə Milana, beşinci oğlunun yanına köçür.

Visconto qardaşlardan ikisini – Simone (Renato Salvatori) və Rokkonu (Alain Delon) əsas qəhrəmanlar kimi digərlərindən ayırır. Simone ilə Rokko bir-birinin əksidi – Simone, kobud və amansız boksçudu, Rokko isə həssas, saf, köməksiz insandı. Hər ikisi eyni qadına- Nadya adlı fahişəyə vurulanda aralarındakı uçurum daha da dərinləşərək faciəyə çevrilir.

Rejissor 50-ci illər İtaliyasında XIX əsrin klassik ailə romanlarının prinsiplərini canlandırır. Ancaq ayrıca bir ailənin dağılması əhvalatını sosial ümumiləşdirmə səviyyəsinə qaldırır.

“Rokko və qardaşları” Viscontinin nəzərəçarpacaq dərəcədə kommersiya uğuru qazanan ilk filmidi. Ancaq film ciddi senzuraya məruz qalmış, İtaliyada ekranlara çıxacağı ərəfədə, təxminən, 45 dəqiqəlik bir hissəsi kəsilmişdi, sonra da onun Milanda nümayiş olunmasına icazə verməmişdilər.

Buna da bax: Baxılmalı 10 italyan filmi

2.“Leopard” – (1963)

"Leopart" filmindən bir kadr.
"Leopart" filmindən bir kadr.

Film, qədim zadəgan sülaləsindən olan Cüzeppe Tomazi- 11-ci knyaz di Lampeduzanın “Il Gattopardo” (“Hepard”) əsəri əsasında çəkilib. Yeri gəlmişkən, ekran əsəri ekranlara çıxandan sonra kitabın adını dəyişib filmdəki kimi “Leopard” qoyublar.

Filmdə hadisələr Qaribaldi dəstələrinin hücumu nəticəsində süqut edən Palermoda baş verir.

Hər şeydə mükəmməlliyə can atan rejissor bu əsərində də tam gerçəkliyə nail olmağa çalışıb.

“Bu filmdə mən bir insanın və cəmiyyətin əhvalatını danışmaq istəyirdim. Cəmiyyətin ölümünü qəhrəmanımın şüurundan keçirərək göstərməyə, eyni zamanda tarixi həqiqətləri təhrif eləməməyə çalışırdım – rejissor bir müsahibəsində deyirdi. – Buna görə də filmi təbii interyerdə çəkdim. Biz saray interyerinin ümumi görünüşünü təhrifsiz saxlamaqdan ötrü 1860-cı hazırlanmış bütün predmetləri yığışdırdıq. Məqsədimiz Roma və Milan saraylarından fərqlənən Siciliya zadəganlarının tərzini çatdırmaq idi”.

3. “Tanrıların ölümü” – (1969)

Visconti "Tanrının ölümü" filmində aktyora faşist salamı verməyi məşq etdirir.
Visconti "Tanrının ölümü" filmində aktyora faşist salamı verməyi məşq etdirir.

Bu film, alman sahibkarlarının həyatından, cəmiyyətin yüksək təbəqəsinin mənəvi çöküşündən və faşistlərin hakimiyyətə gəlməsindən bəhs edir. Filmin əsas, necə deyərlər, kulminasiya epizodu – “uzun xəncərlər gecəsidi”. Həmin gecə - 1934-cü ilin 20 iyununda Hitlerin əmri ilə hücum dəstələrinin - “CA”-nın başçıları məhv edilmişdi. Bu epizod – dünya kino tarixində faşizm əleyhinə çəkilmiş ən güclü səhnələrdən biri hesab olunur.

Rejissor bu barədə “Mənim bir ideyam vardı. Daxilində cinayətlər baş verən və hamısı cəzasız qalan bir ailə haqqında danışmaq. Müasir tariximizdə bu cür faktlar harda, nə vaxt və necə baş verə bilərdi? Yalnız nasizm dövründə. Nasizm dövründə qırğınlar, kütləvi qətllər, ayrı-ayrı fərdlərin qətlləri törədilirdi və hamısı cəzasız qalırdı. Bax, buna görə mən bu əhvalatı – polad maqnatı ailəsinin hekayəsini Almaniyada nasizmin təşəkkül elədiyi dövrə saldım” yazırdı.

4. “Venesiyada ölüm” – (1971)

"Venesiyada ölüm" filmindən bir kadr.
"Venesiyada ölüm" filmindən bir kadr.

Tomas Mannın eyniadlı novellasının ekranizasiyası olan bu film-pritça həyat və ölüm mövzusuna həsr olunub.

Hadisələr Venesiya yaxınlığında yerləşən kurort şəhərciyi Lidoda baş verir. Filmin qəhrəmanı - mənəvi və yaradıcı böhran keçirən bəstəkar Qustav fon Aşenbax dincəlmək üçün kurorta gəlir. Bütün zamanını həyatını, xatirələrini saf-çürük eləməklə keçirən bəstəkar, tədricən, ailəsi ilə birlikdə dincəlməyə gəlmiş yeniyetmə Tadzionun gözəlliyinə aludə olur.Bəstəkar Lidoda olanda Venesiyada vəba epidemiyası yayılır. Xəstəlik Aşenbaxdan da yan keçmir.

“Venesiyada ölüm” filmi həyatın vazkeçilməzləri – sevginin, gəncliyin, gözəlliyin faniliyi haqqqındadır. Visconti özü bu filmi barəsində “Hər şeydən əvvəl mən düşünmürəm ki, Mannın “Venesiyada ölüm” novellasında bəhs elədiyi mövzu artıq aktuallığını itirib. Əksinə, deyərdim ki, bu növellanın mövzusu – ki, onu “incəsənətin ölümü”, ya da “siyasətin estetikadan üstünlüyü” kimi interpretasiya eləmək olar -hələ də müasirdir”- deyirdi.

Buna da bax: Solçu dünyanın sonuncu böyük rejissoru haqda nə bilirik

5. “İnteryerdəki ailə portreti” – (1974)

"İnteryerdəki ailə" filmindən bir kadr.
"İnteryerdəki ailə" filmindən bir kadr.

Bu, ekran əsəri rejissorun son işlərindən biridi. Visconti artıq insult keçirmişdi və meydançaya əlil arabasında gəlirdi.

“İnteryerdəki ailə portreti” filmi rejissorun ən şəxsi filmlərindən biri hesab olunur. O, çəkilişlər bitəndən

bir il sonra vəfat eləyib.

Filmin qəhrəmanı zadəgan nəsildən olan, həyatdan küşmüş professordu. O, çoxdan özünü real dünyadan təcrid eləyib, hüzurlu ailə səhnələri təsvir olunmuş rəsmlərin kolleksiyasını toplayır. Lakin özündən asılı olmadan, onun zahid həyatına müaxilə edilir. Gözəl markiza Byanka professorun yaşadığı binada, ondan bir mərtəbə yuxarıda sevgilisi üçün mənzil kiraləyir.

İncəsənətlə həyatı qarşı-qarşıya qoyan “İnteryerdə ailə portreti” filmi Viscontinin hələ neorealizm dövründən sadiq qaldığı bir ideyanı təsdiqləyirdi: - incəsənət – qapalı interyer deyil, insanların yaşadığı açıq dünyadı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG