Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:43

Azərbaycan-Rusiya əlaqələri, rəqəmsal yayıma keçidin problemləri, bankların vəziyyəti və köklü islahat gözləntiləri bu gün medianın aparıcı mövzusudur...

RUSİYA İLƏ TARİXİ ƏLAQƏLƏRDƏN –STRATEJİ MÜTTƏFİQLİYƏ

«Azərbaycan» qəzetində dərc edilən «Tarixi əlaqələrdən strateji müttəfiqliyədək» sərlövhəli məqalədə Azərbaycan-Rusiya münasibətləri dəyərləndirilir.

Müəllif yazır ki, müstəqilliyin ilk illərində Rusiya ilə münasibətlər qaydasında deyildi. Yalnız keçmiş prezident Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, xarici siyasət kursunda kardinal dəyişikliklərlə vəziyyət düzəlib: «Heydər Əliyevin siyasi uzaqgörənliyinin nəticəsi olaraq Rusiya ilə münasibətlərdə mövcud olan bütün problemlər aradan qaldırıldı. Hər iki tərəf üçün qarşılıqlı anlaşmaya əsaslanan faydalı tərəfdaşlığın əsası qoyuldu».

Məqalədə vurğulanır ki, münasibətlərin normallaşması tezliklə özünü bir sıra sahələrdə, xüsusilə Xəzərin statusu məsələsində büruzə verdi. Əvvəl Xəzərin statusu ilə bağlı fərqli mövqe bildirən Rusiya münasibətlərə gətirilən yeni nəfəsdən sonra Azərbaycanla eyni mövqedən çıxış etməyə başladı.

Məqalədə qeyd edilir ki, indiki prezident İlham Əliyevin vaxtında Rusiya ilə münasibətlər daha da yaxşılaşdırılıb. Müəllif arqumentlərini gücləndirməkdən ötrü prezident İlham Əliyevdən də sitat gətirir: «Bizim yaxşı siyasi əlaqələrimiz, ikitərəfli, regional məsələlərdə tam qarşılıqlı anlaşmamız var. Bir çox beynəlxalq problemlərdə mövqelərimiz uyğun gəlir. Azərbaycan Rusiyanın strateji tərəfdaşıdır və biz bu strateji tərəfdaşlığa sadiqik».

Müəllif yazır ki, bu münasibətlər iqtisadi sahədə də özünü göstərir: «Azərbaycan ərazisində Rusiya kapitalı ilə 600-dən çox müəssisə fəaliyyət göstərir. Bunların 400-ü birgə müəssisə formatındadır. Son illər Rusiya tərəfindən Azərbaycan iqtisadiyyatına 3 milyard ABŞ dollarından çox investisiya qoyulub. Azərbaycan isə Rusiya iqtisadiyyatına 1 milyard dollardan çox birbaşa investisiya yönəldib».

Siyəzən rayonu İcra Hakimiyyəti

Siyəzən rayonu İcra Hakimiyyəti

İCRA BAŞÇILARININ DURUMU

Azadliq.info saytında isə «Bəzi icra başçıları postlarını təhvil verməyə hazırlaşır» sərlövhəli yazı oxumaq olar.

Yazıda qeyd edilir ki, bəzi icra başçılarının belə qərara gəlməsi səbəbsiz deyil. Müəllifin fikrincə, onlar icra başçısı postunun getdikcə əhəmiyyətsiz vəzifəyə çevrildiyini düşünürlər:

«Böhran başlayandan 30-dan çox rayon dotasiyadan məhrum edilib. Daha sonra ölkə başçısının sərəncamı ilə orta məktəblər üzrə təhsil xərcləri yerli xərclərin tərkibindən çıxarıldı. Təhsil xərcləri yerli xərclərin 60 faizini təşkil edirdi. Bundan sonra şəhər və rayonların turizm-mədəniyyət şöbələri yerli icra hakimiyyətlərinin tabeliyindən çıxarılıb, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilib. Bəzi məlumatlara görə, maliyyə idarələri ilə də bağlı eyni addım atıla bilər. Beləliklə, icra başçıları faktiki olaraq qazancsız qalıblar».

Yazıda vurğulanır ki, belə bir vəziyyətdə icra başçılarından ölkəyə investor cəlb olunmasının tələb edilməsi də əlavə problemə çevrilib: «Bütün bunlar isə bəzi icra başçılarının postlarını təhvil verərək, başqa vəzifəyə təyinat almağa həvəsləndirib…».

TV

TV

DEKODER, YOXSA ÇÖRƏK?

«Exo» qəzetində «Rəqəmsal yayıma keçid: Bu Azərbaycan üçün problemdir» sərlövhəli məqalə diqqət çəkir.

Yazıda bildirilir ki, bu il noyabrın 1-dən Bakı və Abşeron yarımadası ərazisində analoq yayım dayandırılıb. Yalnız rəqəmsal yayım qalıb. Müəllifin fikrincə, bununla da əhalinin həyatında «yayım problemi» yaşanmağa başlayıb.

Yazıda vurğulanır ki, bir çox televizorlar rəqəmsal yayımda siqnalları qəbul edə bilmir və bunu aradan qaldıra bilməkdən ötrü əhali dekoder adlı cihaz almalıdır. Bu cihazların dəyəri 25-40 manat arasındadır. Ekspert Nəriman Ağayev vəziyyəti qəzetə belə şərh edib: «Hökumət 100 min nəfər vətəndaşı dekoderlə pulsuz təmin etməlidir. Çünki onlar bunu almaq gücünə malik deyillər. Bunun üçün böyük məbləğ tələb edilmir. Odur ki, hökumət adıçəkilən cihazların alınması üçün bu məbləği ayıra bilər».

Ekspert xatırladır ki, bu məsələ hələ bir neçə il öncə qaldırılanda, hökumət lazım gəldiyi anda aztəminatlı ailələrə yardım olunacağı vədini vermişdi. Amma sonra bu unuduldu: «Kimlərəsə 40 manat xırda pul kimi görünə bilər, kimlər üçünsə bu, 10 iş günü deməkdir».

Manat

Manat

KÖKLÜ İSLAHATLAR OLMASA...

«Novoye Vremya» qəzetində dərc olunan «Valyuta bazarı yenə çalxalanır» sərlövhəli () məqalədə ölkənin maliyyə durumundan bəhs edilir.

Yazının əvvəlində qeyd edilir ki, ölkə yeni devalvasiya ərəfəsindədir.

Müəllifə görə, ölkədə belə bir durumunun yaranmasına səbəb idarəetmədəki problemlərdir: «Tənzimləyici orqanla bağlı hər şey aydın deyil. Mərkəzi Bank sərbəst kursa keçərək manatın tənzimlənməsindən kənara çəkilib. Maliyyə Bazarlarına Nəzarət Palatası isə, hələ, ölkənin «maliyyə nəbzi»ni tuta bilmir. Keçən ilin devalvasiyasından sonra bank sistemi yenə də yeni valyuta böhranına çəkilir. Tələb və təklif baxımından valyuta bazarında balans yoxdur. Bank kreditlərinə tələb sıfır nöqtəsindədir. Hətta Mərkəzi Bankın uçot dərəcəsini 9.5 faizə qaldırması belə vəziyyəti dəyişə bilmir. İnvestisiya alətləri ya yoxdur, ya da kifayət qədər deyil».

Yazıda vurğulanır ki, ölkənin bank sistemi deqradasiyaya uğramaqda davam edir. Vətəndaşların əli hətta ən sadə pul köçürmələri kimi əməliyyatlara belə çatmır.

Müəllifə görə, ehtimal edilən devalvasiya belə ölkədə istehsalın inkişafına səbəb olmayacaq. Bu, daha çox vəsaitlərə əhəmiyyətli dərəcədə qənaət olunmasına xidmət edə bilər.

Müəllif vəziyyətdən çıxışı total korrupsiya ocağı adlandırdığı vergi və məhkəmə sistemlərində köklü islahatlarda görür: «Amma köhnə düşüncə ilə bu islahatları aparmaq mümkün deyil. Hakimiyyət indi bunun üzərində düşünməlidir. İslahat olmayacaqsa, deməli, inflyasiya, iqtisadi böhran əhalini kəmərləri daha çox sıxmağa vadar edəcək. Bəlkə də, bu, hökumətin iqtisadi islahatlar reseptidir...».

Günün bütün mövzuları

XS
SM
MD
LG