Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:23

Prezident köməkçilərinin adı ilə adamları aldadıblar


Azerbaijan - building of Presidential Administration in Baku, undated

Azerbaijan - building of Presidential Administration in Baku, undated

Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini Əli Əsədovun, prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirovun adından yararlanıblar.

"Kaş imkan ola, Çingiz Abdullayevə deyələr, mənim məhkəməmdən bir kitab yaza...". Məhkəməsindən əsər yazılmasını istəyən Alim İbrahimovdur. O, Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Məhkəmə qarşısına da tək çıxarılmayıb, tanışı Tərlan Comərdov da onunla birgə mühakimə edilir. Onların hər ikisi bəzi yüksək vəzifəli şəxslərin, o cümlədən prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini Əli Əsədovun, prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirovun adından yararlanıb, pul ələ keçirməkdə suçlanır.

"Ona "müəllim" deyirdi"

Bu adamların məmur olduğuna inandığını və onlara pul verdiyini iddia edən Adil Həsənov məhkəmədə zərərçəkmiş kimi ifadə verib. Deyib ki, Bakıda fərdi yaşayış evləri və bina tikintisi ilə məşğul olarkən, işin gedişində vergi ödənişi ilə bağlı problemlər yaranıb. Problemin həllinə kömək edə biləcək adam axtarıb. Şəriklərdən biri Tərlanı tapıb: "Biz qanunsuz iş görmək istəmirdik. Sadəcə, qanundan başımız çıxmırdı. Bütün işlərin qısa zamanda həll olunmasını istəyirdik. Tərlanla görüşdük, danışdıq. Şirinlik istədilər, razılaşdıq. Mən şərikimə inanıb, bu adamlara pul verdim. Aldadıldığımı biləndə də pulumu şərikimdən tələb elədim, bunlarla mənim aramda heç vaxt mübahisə olmayıb".

Buna da bax:​ İşadamları milyonları mənimsəməkdə suçlanır- [Məhkəmə]

Zərərçəkənin dediklərindən belə məlum olub ki, Tərlan Comərdov o biri təqsirləndirilən Ali İbrahimovu bu adama Natiq Əmirovun müşaviri kimi qələmə verib, onları bir-birilə tanış eləyib. 2016-cı ilin yanvarından Prezidentin köməkçisi olan Natiq Əmirov daha əvvəl vergilər nazirinin birinci müavini olub. Söhbət də vergi probleminin həllindən getdiyindən, onun adı "köməyə çatıb".

Zərərçəkənin dediyinə görə, Tərlan onun yanında Alim İbrahimova "müəllim" deyə üz tuturdu.

Bu adamlara toplam 123 min manat verdiyini deyən Adil Həsənov qeyd edib ki, həmin vəsaitdən 49 min manat və 2 min avronu Alim İbrahimova Vergilər Nazirliyinin qarşısında çatdırıb.

Məni "BMW"də gözləyirdi, elə geyinmişdi ki..."

O da məlum olub ki, Adil Həsənov Natiq Əmirovun müşaviri kimi tanıdığı Alim İbrahimovla görüşmək üçün Vergilər Nazirliyinə gedib. Orada ona belə bir adamın olmadığını deyiblər. Amma yenə də aldadıldığını anlamayıb, çünki bir neçə dəqiqə sonra Alim İbrahimov özü ona zəng edib. Deyib ki, nazirliyin qarşısında onu gözləyir.

Buna da bax: Memar-dizayner məhbəsdən yazır: «MTN-də 300 min manat istədilər»

"Ora çatanda gördüm ki, "BMW"də məni gözləyir. Elə geyinmişdi ki, elə bil, "ministr" idi", - zərərçəkən ifadəsində belə deyib.

Məhkəmə zalında şüşə kabinədə olan Alim İbrahimov haqqında deyilənləri gülüşlə qarşılayıb. Özünü nazir müavininin müşaviri kimi tanıtması məsələsinə toxunmayıb. Yalnız bu adamdan pul almadığını söyləyib: "Tərlanın da ondan pul almasından xəbərim yoxdur. İşi danışmışdıq, sonra alınmadı".

"O boyda adamla iş görmək istəyirəm, amma..."

Məhkəmədə ifadə verən başqa bir zərərçəkmiş - Fikrət İbrahimov keçmiş polis əməkdaşıdır. O, qardaşı ilə şərikli qapı-pəncərə sexi işlədib və tikinti materiallarının satışı ilə də məşğul olub. Dediyinə görə, Alim İbrahimov ona özünü Prezident Administrasiyası rəhbərinin müavini Əli Əsədovun mühafizəçilərinin rəhbəri kimi təqdim edib:

"Yaxın dostum Bəhruzla görüşlərimizin birində süfrə arxasında Alimi gördüm. Əvvəlcə özünü dindar kimi təqdim etdi. Din barədə də geniş məlumatı var. Sonradan Əli Əsədovun mühafizəçilərinin rəisi olduğunu dedi. Bir müddət keçəndən sonra fikirləşdim ki, bundan xahiş edim, Əli Əsədovun tikinti şirkətinə lazım olan qapı-pəncərələrin bizdən alınmasına yardım göstərsin. Dedim, o da razılaşdı".

Buna da bax:​ Masazır torpaqları kimlərə, necə satılıb?

Vaxtilə polis işləsə də, Alim İbrahimovdan şübhələnməməsini isə belə əsaslandırıb: "Elə danışırdı ki, adam təəccüblənirdi. Ondan bəzi adamlar haqda soruşurdum, elə dəqiq cavablar verirdi ki, inanırdım".

Fikrət İbrahimov deyir ki, Alimin ona 28 min manat borcu qalıb: "Bir gün Alim zəng elədi ki, 120 ton armatur lazımdı. Mən də, hər tonunda 20 manat xeyirlə, ona verəcəyimi dedim. Alim dedi ki, pulu nağd verəcək. Ertəsi gün maşınları sexə göndərdi, armaturları yükləyəndən sonra dedi ki, pul yoxdur. Mən də yükü boşaltmalarını söylədim. 15 dəqiqə sonra Alim zəng elədi, başladı ki, "o boyda adamla iş görmək istəyirsən, amma 120 ton armaturun söhbətini eləyirsən". Ümumi məbləğ 94 min edirdi. Pulu 1-2 günə verəcəyini dedi, mən də razılaşdım. Sonra Alim yoxa çıxdı. Dostum Bəhruza dedim, bir neçə gün sonra Alimi tapdıq, pulun bir hissəsini qaytardı, 28 min borcu qaldı".

Alim İbrahimov da deyilənlərin doğru olduğunu təsdiqləyib: "Məqsədim malı satıb pul qazanmaq idi. Ancaq məni də dostum aldatdı. Hər tonunda 20 manat qazanmaq üçün malı Məşhəddə tanış olduğum Elçin Həmidova vermişdim. Ancaq Elçin pulun qalanını vermədi".

Buna da bax:​ ​İlham Əliyevin yeni köməkçisi

Alim İbrahimovun dediyinə görə, Elçin Həmidovu məhkəməyə verib. Məhkəmə də Elçinin borcu ödəməsi barədə qətnamə çıxarıb. Amma qərar icra olunmayıb.

"Mən çalışırdım ki, ondan pulu alım, qaytarım. Ancaq polis imkan vermədi. Tutub basdılar içəri", - Alim İbrahimovun əlavəsidir.

Məhkəmə davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG