Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:26

Ordu quruculuğu, ölkədə baramaçılığın perspektivi, əhalinin sağlamlığı və məhkəmə sisteminə etimadsızlıq bu gün medianın aparıcı mövzusudur...

QAFQAZIN ƏN GÜCLÜ ORDUSU

«Azərbaycan» qəzetində «Qafqazın ən güclü, hazırlıqlı və modern ordusu» sərlövhəli məqalədə Azərbaycanda ordu quruculuğundan bəhs edilir.

Məqalədə deyilir ki, Azərbaycan dünyada tək iqtisadi gücü ilə yox, həm də müasir döyüş imkanlarına və dağıdıcı gücə malik Silahlı Qüvvələrinin olması ilə diqqət çəkir. Müəllifə görə, bütün bunlar keçmiş prezident Heydər Əliyevin və indiki prezident İlham Əliyevin xidmətləridir: «Ümummilli lider Heydər Əliyevin başladığı və prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində Silahlı Qüvvələrimiz gündən-günə daha da möhkəmlənir və döyüş qabiliyyətini artırır».

Məqalədə Azərbaycan ordusunun gücündən bəhs edərkən bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlar xatırladılır: «Bu ilin aprel ayının əvvəllərində Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlar göstərdi ki, hərbi toqquşmalar hər an yenidən alovlana bilər. Lakin ən əsası bir daha sübut olundu ki, Azərbaycan Ordusu baş verə biləcək müharibəni qısa müddətdə qələbə ilə başa çatdırmağa qadirdir».

Məqalədə daha sonra ölkənin Hərbi Hava Qüvvələrindən da söz açılır. Müəllif vurğulayır ki, Azərbaycanın Hərbi Hava Qüvvələri ən müasir texnika ilə təchiz edilib: «Bütün bunların nəticəsidir ki, Silahlı Qüvvələrimizin adı dünyanın güclü, müasir standartlara uyğun yenidən qurulan və təchiz edilən orduları sırasında çəkilir».

İpəkqurdu

İpəkqurdu

BƏSLƏSƏN ATLAS OLAR TUT YARPAĞINDAN...

Azadliq.info saytı isə «Hökumətin barama planının faydası olacaqmı?» sualına cavab axtarır. Yazıda ölkədə baramaçılığın perspektivi ekspert Vahid Məhərrəmli ilə müzakirə edilir.

Yazıda deyilir ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı çərçivəsində Çindən 1.6 milyon ədəd tut ağacı tingləri gətirilib. Bundan başqa, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevə istinadən bildirilir ki, İrandan barama toxumu gətirilərək istehsalçılara pulsuz paylanıb.

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov isə qəzetə deyib ki, hökumətin baramaçılığın inkişafından ötrü atdığı addımlar başa düşülən deyil: «Əgər burada məqsəd yeni iş yerlərinin yaranması, kənd təsərrüfatının inkişafı və bu sahədən gəlir əldə olunmasıdırsa, o zaman yanlış addımlar atılır»,-deyə ekspert qeyd edir.

V.Məhərrəmli hesab edir ki, baramaçılığın Azərbaycana fayda verəcəyi ilə bağlı səsləndirilən fikirlər reallıqdan uzaqdır: «Bu istiqamətə kifayət qədər maliyyə resursu ayırıblar. Amma hər hansı bir sahəni inkişaf etdirməkdən ötrü gərək yerli şəraiti dəyərləndirəsən. Məsələn, sovet dövründə barama istehsalı sahəsində böyük çətinliklərlə rastlaşırdıq. Əhali baramaçılıqla məşğul olmaq istəmirdi».

V.Məhərrəmli deyir ki, ölkədə tut ağacı sahələrinin kifayət qədər olmaması yeniləmənin vaxtlı-vaxtında aparılmasına imkan vermir. Onun fikrincə, çətinlik yalnız tut ağacı ilə bağlı deyil. Barama qurduna yaz vaxtı müəyyən temperatur yaradılmalıdır: «Azərbaycan Çindən tinglər gətirir. Bu tingi bizim şəraitə uyğunlaşdırmaq lazımdır. Bütün bunlar isə böyük xərc tələb edir. Həm daşınması, həm bizim şəraitə uyğunlaşdırılması böyük vəsait tələb edir. Halbuki bizim çəkil bağlarımız da var. Düzdür, sayı azdır, amma bunu genişləndirmək də olardı».

Ekspertə görə, tinglər Çindən, barama toxumları İrandan gətiriləcəksə, əldə edilən məhsulun maya dəyəri yüksək olacaq. V.Məhərrəmli sual edir - Elə hazır baramanı xaricdən gətirmək daha ucuz olmazdımı? Ekspert hesab edir ki, indi məhsulun, necə deyərlər, astarı üzündən baha başa gələ bilər.

Depressiya

Depressiya

İNSANI XƏSTƏLƏNDİRƏN SOSİAL SƏBƏBLƏR...

«Exo» qəzetində «Sorğu: Aşağı həyat səviyyəsi azərbaycanlılara daha çox ziyan vurur» sərlövhəli məqalə diqqət çəkir.

Yazıda ölkənin həyat səviyyəsi və əhalinin sağlamlığı ilə bağlı aparılan sorğunun nəticələri təqdim edilir: «Sorğunun nəticələrinə görə, respondentlərin 55 faizi bu qənaətdədir ki, aşağı həyat səviyyəsi onların sağlamlığına daha çox təhlükə yaradır. 27 faiz isə düşünür ki, stress və zərərli vərdişlər sağlamlıqlarına ziyan vurur. 14 faiz də hesab edir ki, bütün problemlər ekoloji təmizliyin olmamasındadır. Yalnız 4 faiz onların sağlamlığına təhlükə olmadığı düşüncəsindədir».

Sosioloq Əli Əliyev isə düşünür ki, işsizlik cəmiyyəti şikəst edir: «İnsanlar öz maliyyə durumları ilə bağlı həyəcanlandıqda, sağlamlıqla bağlı müxtəlif problemlərin inkişaf riski yüksəlir. Maliyyə vəsaiti olmaması üzündən yaranan stress və depressiyalar insan sağlamlığına ciddi ziyan vura bilir. İşsizlik sağlamlığa ziyan vuran əsas sosial problemlərdən biridir. Alimlər sübut ediblər ki, hətta ekoloji problemlər belə sosial problemlər qədər insan orqanizminə ziyan vura bilmir».

Məhkəmə

Məhkəmə

MƏHKƏMƏLƏRƏ ETİMADSIZLIQ

«Novoye Vremya» qəzetində isə «Heç bir treninq kömək edə bilməz» sərlövhəli məqalə oxumaq olar.

Yazıda ölkənin məhkəmə sisteminin Avropa standartlarından çox geridə qalmasından bəhs edilir. Yazıda deyilir ki, Avropa Birliyinin dəstəyi ilə keçirilən treninqlər də bu sahədə heç bir dönüş yaratmır: «Xatırladaq ki, bu tədbirlərdən əlavə Avropanın maliyyə institutları Azərbaycanın məhkəmə sisteminin inkişafına investisiya da qoyurlar. Amma bütün bunlara baxmayaraq, məhkəmə sistemində islahatlar hələ də axsayır».

Müəllif hesab edir ki, əsas problem məhkəmələrin müstəqil olmamasındadır: «Azərbaycan vətəndaşları yerli məhkəmələrə etibar etmir. Azərbaycandan Avropa Məhkəməsinə göndərilən iddiaların artması da bunun sübutudur».

Müəllif düşünür ki, icra hakimiyyətlərinin müdaxilələri dayandırılmalı və məhkəmə-hüquq sistemində köklü islahatlar aparılmalıdır: «Azərbaycanın məhkəmə sistemində köklü islahatlar aparılmalıdır və icra hakimiyyəti məhkəmə çəkişmələrinə müdaxiləyə son qoymalıdır. Siyasi sifarişdən imtina ölkənin məhkəmə sistemində islahatların başlanğıcı ola bilər».

Günün bütün mövzuları

XS
SM
MD
LG