Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:43

Bir inəklə azərbaycanlıların yeniliyə münasibətini öyrənmək


İmam Həsənovun çəkdiyi "Müqəddəs inək" filmindən bir kadr.

İmam Həsənovun çəkdiyi "Müqəddəs inək" filmindən bir kadr.

-

Nuranə Məmməd

Müqəddəs arzuları arxasınca aparan Azərbaycan filmi

“Holly cow”, yəni, “Müqəddəs inək” filmi hər il Tbilisidə keçirilən “CİNEDOC” film festivalında nümayiş etdirilən ilk Azərbaycan filmidir. Filmin rejissoru İmam Həsənovdur.

Film Amsterdamda IDFA “First Appearance Competition”, Torontoda Hot Docs – “World Showcase”, Praqada “One World” və daha bir neçə beynəlxalq festivalda iştirak edib.

Layihə Çexiyanın Gürcüstanda keçirilən “Est of Documentary “ müsabiqəsindən keçərək Best Pitch - ən yaxşı təqdimata layiq görülüb.

Azərbaycanda görməyə alışdığımız, daha çox müsahibələrdən ibarət olan sənədli filmlərdən fərqli olaraq rejissor filmə bədiilik qatıb. Filmdəki hadisələr və qəhramanlar gerşək həyatda yaşayırlar. Rejissorun dediyinə görə, filmin ideyası yerli xəbərlərin birindən götürülüb. İdeya və mövzunu çox bəyənən rejissor mövzuyla bağlı kənddə ağsaqqallarla danışdıqdan sonra film üçün “ona lazım olan konflikti tapıb” və ssenarini yazmaq qərarına gəlib. Rejissor filmi üç il ərzində ərsəyə gətirib.

Buna da bax: Azərbaycanlı rejissorun filmi Gürcüstanın şəhərlərində göstərilir

"Müqəddəs İnək" filminin posteri.

"Müqəddəs İnək" filminin posteri.

Filmdə Lahıcda yaşayan sadə bir ailənin həyatından bəhs olunur. Filmin əsas qəhrəmanı Tapdıq ailəsinin rifahını yaxşılaşdırmaq üçün Avropa inəyi almaq qərarına gəlir. Tapdıq yalnız bu arzu ilə yaşayır və bir gün arzusunu reallaşdıracağına inanır. Lakin, onun inəyi almaq üçün kifayət qədər pulu olmur. Gecə-gündüz çalışaraq bu pulu toplayan qəhramanın daxili inamı və mübarizəsi film boyu daim yüksələn xətt üzrə inkişaf edir . Lakin, qəhramanın tək maneəsi pulunun olmaması deyil. Ona mane olan ənənələr və bu ənənələrin daşıyıcısı olan insanlar da var. Belə ki, kəndin ağsaqqalları və həyat yoldaşı Vəfa onu bu fikrindən daşındırmağa çalışırlar. Lakin, bu qəhramanı ruhdan salmır. O, öz ideyasını həyata keçirmək üçün çalışmağa davam edir və borc pul tapıb Avropa inəyi alır. İnəyin adını isə Madonna qoyur.

Rejissor azərbaycanda mövcud olan adət-ənənələri tamaşaçılara ağsaqqalların dili ilə çatdırır. Onlar “ən namuslu xalqın məhz Azərbaycanda" olmasından ağız dolusu danışdıqdan sonra avropalı inəyin kəndə gətirilməsinə qarşı çıxdıqlarını bildirirlər. Əslində bu minvalla onlar avropalı inəyin simasında avropa mədəniyyətinin kəndə gətirilməsinə baş qaldırırlar.

Hazırda real cəmiyyətdə mövcud olan nəsillər arası qarşıdurma bu filmdə çox gözəl bir şəkildə əks olunmuşdur. “Ağsaqqal məsləhətinə qulaq asmadı bütün pulunu itirdi” deyən yaşlının simasında rejissor yaşlı nəsil tərəfindən gənclərə inamın az olmasını, ənənələrin gənclərin azad qərar vermək haqlarını məhdudlaşdırdığını sadə bir üslubda vurğulayıb.

Əvvəl Tapdığın ideyasına qarşı çıxan yaşlı adam onun tikdiyi yeni evə gələrək ona xeyir-dua verir. Hətta Vəfa da rifahları yaxşılaşdıqdan sonra Tapdığın ideyasını bəyənir və həyat yoldaşına dəstək olmağa başlayır. Bir insanın uğurunun ən sərt adətləri belə məhv etməsi filmin kuliminasiya nöqtəsi kimi göstərilir.

"Müqəddəs İnək" filminin ingiliscə treyleri.

Öncələr bütün kənd sakinləri arasında dedi-qoduya səbəb olan, əhalinin kəskin şəkildə qarşı çıxdığı ideya Tapdığın uğurundan sonra insanlara ağıllı fikir kimi görünməyə başlayır. Madonnanın balası Alyonanı digər bir gənc kənd sakini alır. Bu son səhnədə kənddə yenilik toxumunun səpilməsi və bir-birinə sıx zəncir kimi bağlı olan ənənələrin qırılması digər bir gəncin simasında göstərilir. Lakin, son epizod həm də tamaşıçılarda maraq doğurur. Filmin ən önəmli səhnəsində rejissor filmi bitirir.

Filmdə Vəfa öz obrazını uğurlu canlandıra bilməsə də,o, sadə bir kənd xanımı kimi tamaşaçıya olduqca səmimi və təbii görünür. Vəfanın əksinə olaraq Tapdıq filmdə uğurlu obraz yarada bilib və öz ifası ilə tamaşaçıların rəğbətini qazanıb.

Buna da bax: Gənc Azərbaycan rejissorları: 'Nazirlikdən 50 min istədik, vermədilər ki, filmimizi çəkək'

Musiqi yalnız filmin sonunda səslənir. Rejissor qəhrəmanının arzusunun yerinə yetməsini görəndə onunla birlikdə sevinir. İmam Həsənov filmində qəhramanını xoşbəxt görmək istəyir. Özünün də qeyd etdiyi kimi “bəzi rejissorlardan fərqli olaraq filmin uğurlu və təsirli alınması üçün qəhramanının əzablı həyat keçirməsini arzulamır”.

Qəhramanlarını xoşbəxt görmək rejissora daha böyük ideyalar qazandırır və ilham qaynağı kimi görünür.

“Müqəddəs inək” filmi öz təbii üslubuna, ideyasına və mövzuya yanaşma tərzinə görə fərqlənir. Müəllif bu filmdə pafoslu, qeyri-təbii çıxışlardan istifadə etməyib. Bunun əksinə olaraq filmin sadə üslubu həm də onun təbii və inandırıcı olmasına səbəb olub.

“Müqədəs inək” insan arzusunun qutsal olması, insanların arzularını həyata keçirmə gücü və mübarizə əzmi haqqındadır. Bir sözlə “Müqəddəs inək” azad insan və onun uğuru haqqındadır.

Imam Həsənovun çəkdiyi başqa bir film "Bakirənin xoşbəxtliyi və ya görünməyən tərəfi".

Qeyd edək ki, bu rejissorun ilk tammetrajlı filmi olsa da rejissorun ilk və qısametrajlı filmi “Bakirənin xoşbəxtliyi və ya görünməyən tərəfi” adlı film olub. İkinci qısametrajlı filmi isə “Ümid” adlanır.

“Bakirənin xoşbəxtliyi və ya görünməyən tərəfi” filminin çəkilişində çox sadə texnikadan istifadə edən İmam Həsənovun bu filmi uğursuz alınıb. Hətta filmin mövzusu Azərbaycan mentalitetinə uyğun gəlmədiyi və mühafizəkar ənənələrin ziddinə olduğu üçün rejissoru işdən çıxarıblar.

İnsanın özünü tənqid etməsi və ya edə bilməsi bu ölkədə yaşayan cəmiyyət üçün çox da tanış olmayan bir vərdişdir. Biraz dönüb özümüzə kənardan baxsaq, gördüyümüz işlərə tənqidi yanaşa bilsək bəlkə də daha çox uğura imza ata bilərik.

İmam Həsənov bir rejissor kimi özünü və filmlərini tənqid etməyi bacarır. Rejissor ilk filmini tənqid edərək vurğulayır ki, “ilk filminin uğursuz alınması onu ruhdan salmayıb”. Əksinə daha uğurlu film çəkmək arzusuna düşüb və bu yolda bir çox çətinliklərlə üzləşib. Prodüser tapmaq və lahiyəsini təqdim etmək üçün çox böyük əzmlə çalışan İmamın arzusu da eynilə qəhramanı Tapdığın arzusu kimi çin olub. Bu mənada rejissorun əzmini alqışlamaq olar.

Nuranə Məmməd.

Nuranə Məmməd.

“Müqəddəs inək”, “Pərdə”, “Axınla aşağı” kimi filmlər müstəqillik dövründə çəkilmiş ən uğurlu filmlərimizdəndir. Bu hələ başlanğıcdır son deyil…

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG