Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:16

Jam.az saytının hazırda həbsdə olan baş redaktoru Fikrət Fərəməzoğlu barəsindəki cinayət işinin materialları ilə tanış olur.

Bu haqda oktyabrın 31-də Bakı İstintaq Təcridxanasında jurnalistlə görüşən vəkili Elçin Sadıqov deyib. Vəkil cinayət işinin istintaqının bitdiyini bildirib.

Cinayət işinin tamamilə əsassız olduğunu bildirən vəkil “Nardaran işi”ndə adı keçən əməliyyatçıların jurnalistə işgəncə verilməsində iştirak etdiyini bildirib.

Buna da bax:​ Jurnalist ev dustaqlığına buraxılmadı

“Cinayət işi materiallarına baxış zamanı məlum oldu ki, F.Fərəməzoğluna qarşı əməliyyat keçirən və onun tutulmasında iştirak edənlər “Nardaran işi”ndə adları hallanan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməliyyatçıları İbrahim Kazımov və İslam Ağabəyov olublar. Fikrət Fərəməzoğlu məhz həmin əməliyyatçılar tərəfindən işgəncəyə məruz qalması faktı ilə bağlı Baş prokurorluğa ifadə verib”, vəkil bildirib.

Vəkil eyni zamanda Fikrət Fərəməzoğlunun heç bir cinayət törətmədiyi, onun məhz yazılarına görə, həbs edildiyini məhkəmədə isbat edəcəklərini vurğulayıb.

“Nardaran işi”ndə tutulan dindarlar da məhkəmədə ifadələrində BMCMİ-in əməkdaşları İbrahim Kazımovla İslam Ağabəyovun işgəncələri və təhqirləri ilə üzləşdiklərini bildirmişdilər. Ancaq hər iki əməliyyatçı məhkəmədə zərərçəkən kimi ifadə verəndə işgəncə ilə bağlı ifadələri təkzib etmişdilər.

Buna da bax: Fikrət Fərəməzoğlunun ittihamları ağırlaşdırıldı

Jam.az saytının baş redaktoru F.Fərəməzoğlu 2016-cı il iyunun 30-da saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə rüşvət tələb etmə) maddəsinin müxtəlif bəndləri ilə ittiham irəli sürülüb.

Daxili İşlər Nazirliyi (DİN) iddia edir ki, jurnalist iyunun 30-da bir sahibkardan 3000 manat alarkən saxlanıb. DİN həmçinin, bəyan edib ki, F.Fərəməzoğlu bir qrup şəxslə birgə çoxsaylı sahibkar və vəzifəli şəxs barəsində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə onlardan külli miqdarda pul tələb edib.

Jurnalistin vəkili ittihamlarla razılaşmadıqlarını açıqlayıb. Əgər ittihamlar sübut olunarsa jurnalistə əmlakı müsadirə edilməklə 10 il həbs cəzası verilə bilər.

Buna da bax: ​Jurnalistin xanımı Ramil Usubova müraciət etdi

Jam.az saytının baş redaktoru F.Fərəməzoğlu 10 il öncə də cinayət məsuliyyətinə cəlb olunub. O zaman “24 saat” qəzetinin baş redaktoru olan F.Fərəməzoğlu daxili işlər naziri Ramil Usubovun şərəf və ləyaqətin qorunmasına dair iddiası üzrə məhkəməyə çəkilmişdi. Məhkəmə jurnalisti şərti olaraq 1 il müddətinə azadlıqdan məhrum etmişdi.

F.Fərəməzoğlu son illərdə bir neçə dəfə prokurorluğa da çağırılıb. Ona yazılarına görə, xəbərdarlıq olunmuşdu.

Buna da bax:

Günün bütün mövzuları

XS
SM
MD
LG