Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:23

Ölkədə aparılan islahatlar, rəsmi medianın ABŞ-ı hədəf seçməsi, işə qəbul agentliklərində fırıldaqlar və Hesablama Palatasının son hesabatı bu gün medianın aparıcı mövzusudur.

İSLAHATLAR NƏTİCƏ VERİR

«Azərbaycan» qəzetində «Səmərəli islahatlar uğurlu nəticələr verir» sərlövhəli məqalə dərc edilib.

Müəllif hesab edir ki, Azərbaycanda dünya ölkələrinin heç birinə bənzəməyən inkişaf modeli formalaşıb: «İqtisadi-siyasi liberallaşmaya xidmət edən islahatların dərinləşdirilməsi və hər bir vətəndaşın layiqli həyat tərzinin təmin edilməsi yeni mərhələdə milli ideyanın mahiyyətində qərarlaşmış praktik məqsədlərdir».

Müəllifə görə, dünya 2008-ci ildən başlayan böhranın nəticələrini tam aradan qaldıra bilmədiyi halda, Azərbaycan qeyri-neft sektorunu və kənd təsərrüfatı sahələrini inkişaf etdirə bilib. Məqalədə deyilir ki, dünyada neftin qiymətinin kəskin düşməsi müəyyən çətinliklər yaratsa da, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatlar ölkənin dayanıqlı inkişafını təmin edərək, real büdcə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə imkan verib.

Məqalədə vurğulanır ki, ölkə iqtisadiyyatının, xüsusilə də özəl sektorun inkişafında keyfiyyətcə yeni mərhələ başlanıb: «Bu mərhələdə sahibkarların fəaliyyətinə əsassız və qanunsuz müdaxilələrin, bürokratik yoxlamaların aradan qaldırılması, liberal biznes mühitinin formalaşdırılması xüsusi diqqət mərkəzindədir».

Müəllif hesab edir ki, ölkənin qazandığı uğurların dünyanın ən nəhəng reytinq qurumları və maliyyə institutlarının hesabatlarında əksini tapması da ölkədə aparılan islahatların uğurunun göstəricisidir.

Gültəkin Hacıbəyli

Gültəkin Hacıbəyli

BAKININ ABŞ-A QƏZƏBİNİN SƏBƏBİ

Azadliq.info saytı isə «Hakimiyyət niyə yenidən ABŞ-a hücuma keçdi?» sualını gündəmə daşıyır.

Müəllif yazır ki, hakimiyyətin nəzarətində olan media yenidən ABŞ-ı hədəf götürüb. İş o yerə çatıb ki, bəzi deputatlar ABŞ-da seçkilərin qeyri-demokratik keçiriləcəyi və cəmiyyətin iradəsini əks etdirməyəcəyi ifadələrinə belə yer verir: «Buna səbəb hakimiyyətin beynəlxalq qurumlardan maliyyə almaq şansının bir qədər də azalmasıdır və bu qərarın qəbulunda ABŞ-ın müstəsna rolu var. Mədən Sənayesində Şəffaflıq Koalisiyasının (MSŞK) Azərbaycanla bağlı çıxardığı qərar (qurumda namizəd statusunun saxlanması) reallığı əks etdirməklə yanaşı, ölkənin beynəlxalq maliyyə reytinqinə ciddi zərbə vurub».

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli deyir ki, MSŞT-nın Astanada keçirilən toplantısında Azərbaycanla bağlı daha pozitiv qərar qəbul edilməsi və ya qurumda üzvlüyə xitam verilməsi mümkün idi: «Qəbul edilən qərar ən praqmatik və düzgün idi. Çünki müxalifət düşərgəsi də hesab edir ki, Azərbaycanın koalisiyadan uzaqlaşması vətəndaş cəmiyyətinin problemlərinin həllinə yox, vəziyyətin daha da gərginləşməsinə gətirib çıxara bilər. Amma bu müddət ərzində sərt bir şəkildə qərarların icrasını tələb etmək durumun yaxşılaşması istiqamətində müəyyən addımların atılmasına gətirib çıxara bilər».

G.Hacıbəyli deyir ki, Azərbaycan hakimiyyəti mart ayına kimi həbsdəki vicdan məhbuslarını azadlığa buraxmadığı, QHT-lərin fəaliyyətinə yaradılan maneələr qanunvericiliklə aradan qalxmadığı halda daha sərt qərar veriləcək: «Bu baxımdan bu, daha düzgün qərar idi. Bu qərarın qəbul edilməsində ABŞ nümayəndə heyətinin xüsusilə böyük fəaliyyəti olub. Bundan başqa, Astanadakı mühüm görüşdən öncə insan hüquqlarının qorunması sahəsində 18 mötəbər beynəlxalq təşkilatın MSŞK-ya müraciəti çox sərt və birmənalı idi».

Bakıda iş elanı

Bakıda iş elanı

SADƏLÖVHLƏR VƏ FIRILDAQÇILAR

«Exo» qəzetində isə «İşə qəbuletmə agentlikləri Azərbaycanda işsizlərin hesabına varlanır» sərlövhəli məqalə oxumaq olar.

Müəllif yazır ki, iqtisadiyyatın tənəzzülü və işsizliyin artırması fonunda ölkədə işə qəbuletmə agentliklərinin fəaliyyəti çiçəklənir. Vətəndaşlar hansısa bir iş tapmaq ümidi ilə bu agentliklərə üz tutdular.

Ekspertlər isə hesab edirlər ki, bu qurumlardan real kömək gözləyənlərin bir çoxu fırıldaqçıların qurbanına çevrilir. Yazıda oxuyuruq: «Sadəlövh və həm də məyusluq içində olan vətəndaşlar işə qəbul üzrə agentliklərin kandarlarından əl çəkmirlər. Agentlik əməkdaşları isə bu haldan sui-istifadə edərək vətəndaşların maliyyə problemləri hesabına qanunsuz varlanırlar».

Yazıda deyilir ki, həmin agentliklərin yalnız bir neçəsi özünü doğruldub: «Bu qurumların bəzi bədxah üzvləri hətta qarşı tərəfin ixtisası olmasa belə, ona yüksək maaş tapa biləcəyi vədini verir. Adam anket dolduraraq 10-20 manat ödəyir. Təbii ki, də iş tapa bilmir».

Ekspertlər deyirlər ki, belə sadəlövhlük üzündən yüzlərlə insan dələduzların «qarmağı»na keçib.

Yazıda qeyd edilir ki, hətta vətəndaşa iş tapan agentliklər belə bəzən qanunsuzluqlara yol verirlər. Ekspertlərin qəzetə bildirməsinə görə, bu agentliklər vətəndaşın şəxsiyyət vəsiqəsini və başqa sənədlərini özlərində saxlayaraq, ilk maaşın 50 faizinin onlara verilməsini tələb edirlər. Bu istəyi geri çevirənlər isə tezliklə yenidən işsiz qalırlar: «Bu da belə düşünməyə əsas verir ki, bu agentliklər işə götürənlərlə əlbirdirlər»,-deyə yazıda qeyd edilir.

Foto illüstrasiya

Foto illüstrasiya

HESABLAMA PALATASI NÖQSANLARI XALQDAN GİZLƏDİR

«Bizim Yol» qəzeti «Büdcə oğurluğuna yaşıl işıq» sərlövhəli məqalədə Hesablama Palatasının (HP) aşkarladığı pozuntuları gizlətməyə başlamasından bəhs edir.

Müəllif yazır ki, audit yoxlaması yeddi istiqamət üzrə aparılıb. Artıq məlumatlar Milli Məclisə göndərilib.

Ancaq müəllif vurğulayır ki, audit nəticəsində hansı maliyyə pozuntuları, hansı nöqsanlar ortaya çıxarılıbsa, bu barədə heç bir məlumat verilmir: «Qurumun veb-saytında yerləşdirdiyi məlumatın informasiya yükü bundan ibarətdir. Halbuki, HP bu ildən büdcədən maliyyələşən qurumlarda apardığı auditlərin ümumiləşdirilmiş nəticələrini ayrıca dərc edirdi».

Müəllif xatırladır ki, saytda «son auditlər» adlı bölüm var, həyata keçirilən ən son auditlərin nəticələri oraya yerləşdirilirdi. Bu nəticələrdə, əsasən, dövlət qurumlarının hamısına xarakterik olan satınalma qaydasının pozuntusu, büdcədən ayrılan vəsaitlərin təyinatından kənar istiqamətlərə yönəldilməsi, böyük maliyyə itkisinə dair faktlar əks olunurdu: «Ən son audit nəticəsi «Metropoliten»lə bağlı dərc edilmişdi. Kifayət qədər ciddi faktlar vardı. Baxmayaraq ki, Palatada audit nəticələrini çox ehtiyatla açıqlayırdılar. Mətbuat məsələyə öz şərhini verməklə problemin ciddiliyini ortaya qoyurdu».

Yazıda vurğulanır ki, bundan öncəki kollegiya iclası ilə bağlı yayılan məlumatın məzmunu nisbətən daha konkret faktları əks etdirirdi, amma yenə də audit nəticələri xəsisliklə verilmişdi: «Bu da Palatanın işinin şəffaflığını şübhəyə alır. Çünki Palata aşkara çıxartdığı pozuntuları ictimaiyyətə bildirməlidir».

Günün bütün mövzuları

XS
SM
MD
LG