Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:58

«Doing Business 2017» hesabatı, səhiyyə xərclərinin azalması, depressiya düşən insanların sayının artması və qadınların zorakılıqla üzləşməsi bu gün medianın aparıcı mövzusudur.

DÜNYANIN BEŞ DÖVLƏTİNDƏN BİRİ

«Azərbaycan» qəzetində dərc edilən «Azərbaycan dünyada ilk beş dövlətdən biridir» sərlövhəli məqalədə Dünya Bankının «Doing Business 2017» hesabatı dəyərləndirilir.

Müəllif hesab edir ki, prezident İlham Əliyevin hakimiyyətdə olduğu dövrdə Azərbaycan iqtisadiyyatında böyük uğurlar əldə edilib:

«Azərbaycanda son 13 ildə əldə olunmuş iqtisadi nailiyyətlərin əsasında müasir çağırışlara cavab verən islahatlar dayanır. Prezident İlham Əliyevin düşünülmüş, gələcəyə hesablanmış, xalqın, dövlətin milli maraqlarına xidmət edən məqsədyönlü və praqmatik siyasəti».

Müəllifə görə, elə bu siyasətin yekunu olaraq ölkədə həyata keçirilən inkişaf strategiyası bütün sahələrdə öz nəticələrini göstərib.

Məqalədə vurğulanır ki, yeni neft strategiyasının öz bəhrəsini verdiyi dövrdə geridə qoyulan hər bir il ölkənin davamlı yüksəlişi, dinamik və kompleks tərəqqisi kimi əlamətdar olub. Ötən hər bir ildə milli iqtisadiyyatın rəqabət qabiliyyəti artaraq ixrac potensialının möhkəmlənməsinə müsbət təsir edib: «Elə bunun nəticəsidir ki, dünyanın ən nüfuzlu iqtisadi institutlarının araşdırmalarında, hesabatlarında Azərbaycana böyük diqqət yetirilib, ölkəmizlə bağlı göstəricilər mütəmadi olaraq müsbətə doğru dəyişib».
Məqalədə deyilir ki, Azərbaycanın iqtisadi strategiyasının prioritet istiqamətlərindən biri sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin təmin olunmasıdır. Müəllifə görə, Dünya Bankının «Doing Business 2017» hesabatında da bu öz təsdiqini tapıb.

Xəstəxana

Xəstəxana

SƏHİYYƏ XƏRCLƏRİ AZALDILIR

Azadliq.info saytı «Səhiyyə xərcləri niyə azaldılır?» sualına ekspertlərlə cavab axtarır.

Məqalədə qeyd edilir ki, bu il dövlət büdcəsində səhiyyə xərcləri azaldılıb. Üstəlik, Səhiyyə Nazirliyi dövlət xəstəxanalarının statusunu dəyişir. Hərçənd, Səhiyyə Nazirliyi bildirib ki, bundan sonra da xidmət pullu olmayacaq.

«Dövlət tibb müəssisələri əvvəllər Əsasnamə əsasında fəaliyyət göstərirdisə, bundan sonra Nizamnamə əsasında fəaliyyət göstərəcək. Yalnız bələdiyyə xəstəxanaları pullu fəaliyyət göstərəcək»,-deyə nazirlikdən bildiriblər

Məsələni şərh edən ekspert Samir Əliyev deyib ki, bələdiyyələrin qanunla xəstəxana açmaq səlahiyyəti var. Amma Azərbaycanda indiyə qədər bələdiyyə xəstəxanalarının yaradılması o qədər geniş vüsət almayıb.

Ekspertin bildirməsinə görə, Azərbaycanda bir çox bələdiyyələr heç işçilərin maaşını vaxtında verə bilmir. Ona görə ciddi maliyyə problemləri yaşayan bələdiyyələr xəstəxana saxlamaq iqtidarında deyil: «Azərbaycanda xəstəxanaların pulsuz xidmət göstərdiyi vurğulansa da, əslində xidmətlər pulludur. Qeyri-rəsmi ödənişlər olur».

İqtisadçının fikrincə, hökumətin bu addımı indiki iqtisadi durumdan irəli gəlir: «Bu addımlar büdcə xərclərinin azaldılması məqsədi daşıyır».

Depressiya

Depressiya

GÜNÜN XƏSTƏLİYİ-DEPRESSİYA

«Exo» qəzetində isə «Azərbaycanda ən geniş yayılmış xəstəlik depressiyadır» sərlövhəli məqalə oxumaq olar.

Müəllif yazır ki, depressiya bütün dünyada olduğu kimi, Azərbaycanda da artır: «Bu gün əhali arasında ən geniş yayılan xəstəlik depressiyadır. Depressiyadan müxtəlif vaxtlarda insanların 15-20 faizi əziyyət çəkir. Depressiya elə xəstəlikdir ki, iştaha, gündəlik rejimə, yuxuya, başqa insanlara əlaqələrə təsir göstərir. Müalicə alınmadığı halda depressiya bir neçə il uzana bilir». Bunu isə qəzetə Psixi Sağlamlıq Mərkəzinin rəhbəri, tibb elmləri doktoru Fuad İsmayılov deyib.

F.İsmayılovun bildirməsinə görə, bütün dünyada olduğu kimi, Azərbaycanda da depressiya kişilərlə müqayisədə qadınlar arasında iki dəfə çoxdur. O, bunun səbəbini belə izah edir: «Səbəb budur ki, qadınlar daha çox həssas və emosionaldırlar, onlar zorakılığa daha çox məruz qalırlar».

F.İsmayılova görə, insanlar arasında depressiyaya düşənlərin sayının artmasının əsas səbəbləri həyatın sürəti ilə ayaqlaşa bilməmək və sosial problemlərdir.

Qadın zorakılığı

Qadın zorakılığı

QADINLAR TƏK QALIB

«Bizim Yol» qəzeti «Qadınlar zorakılıq meydanında tək qalıb» sərlövhəli məqalə diqqət çəkir.

Yazıda qeyd edilir ki, BMT-nin Əhali Fondunun apardığı sorğunun nəticələrinə görə, Azərbaycanda qadınların 24 faizi müxtəlif formada zorakılığa məruz qalır. Sorğuda buna əsas səbəb kimi də qanunvericiliyin kifayət qədər işləməməsi və günahkarların cəzasız qalması göstərilir.

Amma bəzi QHT rəhbərləri bu rəqəmlərə şübhə ilə yanaşırlar. «Təmiz Dünya» İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova BMT nümayəndəsinin qeyd etdiyi bəzi məqamlarla razı deyil: «Qeyd olunur ki, zorakılığa məruz qalma halları ən çox Abşeron yarımadası və Lənkəranda baş verir. Mən bu fikir ilə tam razı deyiləm. Çünki qeyd edilənlərlə gündəlik mətbuatda izlədiyimiz faktlar uyğunsuzluq təşkil edir».

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova isə hesab edir ki, hesabatda rəqəm az göstərilib. Onun fikrincə, Azərbaycanda qadınlara qarşı zorakılıq daha geniş yayılıb. M.Əzizova bildirir ki, son 10 ildə məhz QHT-lər ailə zorakılığının qurbanlarına yardım edirdilər: «Ancaq son iki ildir, QHT-lərə qarşı olan məhdudiyyətlər nəticəsində bu problemlərlə mübarizə zəiflədi, insanlara kömək edilmədi. Ümid edirəm ki, qrant haqda qanuna dəyişiklik olacaq və QHT-lər rahat şəkildə insanlara yardım edə biləcəklər».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG