Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:04

-

Xeyrəddin Qoca​

(Miniatür hekayələr)

Gözlərim

Uşaqlıqdan gözü qıpığam, yəni qorxağam. İllər keçib, indi böyüyüb yekə kişi olmuşam, amma qorxu canımdan çıxmır ki, çıxmır. Böyürdən biri “pık” eləyən kimi bağrım yarılır. Yəqin, maraqlanırsınız, bu, nə qorxudur belə mənim canımı tir-tir titrədir?

O vaxt qanmırdım, nə görürdüm, gəlib ata-anamın yanında danışırdım, onlar da üstümə qışqırırdılar, az qala iki barmaqlarını gözlərimə soxurdular ki, “gördüyün hər şeyi danışma, yoxsa iki gözünü bir deşikdən çıxardarıq”. Odur-budur, hər şeydən qorxuram. Gördüklərimi görməməzliyə vururam.

Məsələn, görürəm ki, təzə-təzə siyasətin əlifbasını öyrənənlər ölkə prezidenti olmaq istəyirlər, özümü vururam görməməzliyə. Bilirəm ki, prezident olmaq hər kişinin işi deyil. Toyuğun peşəsi yatıb yuxusunda darı görməkdir. Görürəm ki, özünü göstərmək üçün kimdənsə “qəhrəmanlıq nidası” gəlir, tay-tuşları da ona qoşulub verirlər səs-səsə, ağız deyəni qulaq eşitmir, özümü vururam görməməzliyə. Düşünürəm, hər “qəhrəmanam” deyəndən qəhrəman olmur ki! Görürəm ki, əli qələm tutan ağına-bozuna baxmadan ağzına gələni yazır, bir nəfər də yerindən qalxıb demir ki, a bala, ayıbdır! Mən də susuram, özümü vururam görməməzliyə. Deyirəm mənə nə var, kim-kimi söyür, kim-kimi “döyür”. Görürəm ki, yaltaqlar, məddahlar ölkəni götürüb başına, dinmirəm, “mən dünya düzəldən deyiləm ki” - deyə düşünüb, özümü vururam görməməzliyə.

Başağrısı olmasın, mənim gördüyüm, görməməzliyə vurduğum hadisələr, şeylər çoxdur, saymaqla qurtaran deyil. Allah belə gözləri mənə verincə, kor yaratsa, yaxşıdı. Vallah-billah, elə kor kimiyəm. Korun buynuzları olmaz ki!

***

“Kibrit Rəhim”

Ona “Kibrit Rəhim” deyirlər. Yəqin, fikirləşirsiniz ki, Rəhim bu adı necə qazanmışdır, eləmi?

O, baş idarədə çoxdan işləyirdi. İşlədiyi müddətdə neçə dəfə idarənin rəisi dəyişilib. Onların yaxşısını da görüb, pisini də. Hər rəis gələndə idarənin neçə işçisi işdən çıxarılıb, neçəsi də ərizə yazıb “öz xahişi ilə” getmişdi. Amma indiyədək rəislərdən heç biri Rəhimə “gözün üstə qaşın var” deməmişdi.

Bəli, Rəhimin oturduğu otaq siqaret çəkmək üçün ayrılan yerin yanında olduğundan rəislər də hərdən siqaret çəkmək üçün həmin yerə gəlirdilər. Rəhim qapını azca aralı qoyurdu ki, ora gələnləri gözaltı da olsa nəzərdən keçirsin. Elə ki, rəis gəlib cibindən bir siqaret çıxartdı, Rəhim tez kibritini götürüb ona yaxınlaşırdı. Rəisin siqaretini bir andaca yandırırdı. Rəis də gülümsəyib razılıq əlaməti olaraq başını tərpədirdi. Beləliklə, Rəhimin hörmətcilliyi rəislərə çox xoş gəlirdi, xətrinə dəymirdilər. İdarəyə təzə rəis gəlmişdi. Xeyli müddət keçsə də, təzə rəis siqaret çəkilən yerdə görünmürdü. “Deməli, təzə rəis siqareti kabinetində çəkir” fikri Rəhimə rahatlıq vermirdi.

Bir dəfə rəis ona iş tapşırmaq üçün yanına çağırdı. O, Rəhimə oturmaq təklif etmədən, bir siqaret çıxarıb damağına qoydu. Rəhim himə bənd imiş kimi tez kibriti çıxarıb yandırdı, əlini rəisin siqaretinə tərəf uzatdı. Elə bu vaxt rəisin dik ayağa qalxması ilə qışqırmağı bir oldu:

-A kişi, sən neynədin?!

Rəis yanmış bığını sığallayıb qəzəblə Rəhimə baxdı. Rəhim də çaşdığından yanan kibrit çöpünü zibil qabına atmaq əvəzinə, qutusuna qoydu. O dəqiqə əlindəki kibrit qutusu alovlandı. Kibrit də yandı, əli də. Elə həmin an Rəhimin yadına düşdü ki, indiyədək siqaretlərini yandırdığı rəislərin axı bığı yox idi.

Elə o vaxtdan onun adı “Kibrit Rəhim” qalıb...

***

Buna da bax: Yazıçılar haqda lətifələr

.

Qoz ağacının başında

(Hakimin söhbəti)

Şərif Rəşad. Bürokratiya.

Şərif Rəşad. Bürokratiya.

Cavan vaxtlarım idi, rayonların birində hakim işləyirdim. Özüm də kasıb yaşayırdım, hələ, necə deyərlər, alıb-verməmişdim. Bir gün bir kişini tutdular ki, tikinti idarəsindən taxta oğurlayıb, yəni dövlət əmlakını mənimsəyib. Məhkəmədən əvvəl kişi gəldi yanıma ki, bəs filan qədər pulum var, verim, cəzamı yüngül elə. İnanın, elə kasıblamışdım ki... Bu yandan da pul təklif olunurdu. Bilmədim alım, yoxsa almayım? Rayonun başçısı ilə də yola getmirdim. Bilsəydi, əlli-ayaqlı basdırardı məni dama. Qalmışdım “iki daşın arasında”. Nə etməli?

Dedim: “Kişi, dur, sənin maşınınla gedək filan kolxoza baş çəkək, gələk”. Getdik. Kolxoza çatanda gördük yolun kənarında böyük, qol-budaqlı qoz ağacı var, üstündə də çoxlu yetişmiş qoz. Kişiyə dedim: “gəl, çıxaq ağaca, silkələyək, qoz tökülsün yerə, sonra yığaq maşına”. Razılaşdı. Ağacın başına təzəcə çıxmışdıq ki, dilləndim:

-Onu ver görüm bura!

-Nəyi?

-Pulu də... Bayaq demirdin?

Kişi üç min manatı verdi mənə. Ağacdan düşdük. Kişini göndərdim ki, gedib qozu təmizlətdirsin, qoysun filan yerə. Özüm də getdim çoxdan dostluq etdiyim kolxoz sədrinin yanına. Sədrin otağına çatar-çatmaz pulu bükülü şəkildə ona verib dedim ki, sabah gəlib aparacağam.

Rayona, iş yerinə qayıdanda bir neçə vəzifəli şəxs - icra başçısı, polis rəisi, prokuror, millət vəkili və Bakıdan gələn nümayəndə başımın üstünü kəsdirdi ki, tez elə, bu kişidən aldığın rüşvəti qoy masanın üstünə.

Qorxudan tər-su məni apardı, amma özümü o yerə qoymadım, dilləndim:

-Nə pul?

Nəsə... Hər yeri, yırtıq-deşikləri axtardılar, pulu tapa bilmədilər. Düşdüm dövlət əmlakını qəddarcasına mənimsəyən və əvəzində mənə rüşvət verən kişinin üstünə, nə düşdüm:

-A kişi, sən mənə pul vermisən?

-Vermişəm.

-Harada, kimin yanında?

-Qoz ağacının başında...

Sonra üzümü məni sorğu-suala çəkənlərə tutdum:

-Eşitdiniz? A kişilər, mən hakim, dəli-zad olmuşam ki, gedib qoz ağacına çıxam, orada rüşvət alam? Rüşvət almağa yer tapılmır?

Sözün qısası, heç nəyi sübut edə bilməyən komissiya üzvləri ilə birlikdə çörək yeməli olduq. Masa arxasında Bakıdan gələn qonaq soruşdu:

-Daha olan-olub, keçən-keçib, mən ölüm, de görək, o kişidən pul almısan, yoxsa yox?

-Cibindəki diktafonu söndür, deyim.

Qonaq cibində diktafon olmadığını bildirdi.

-Əşi, almışam, atasını da yandırmışam! Burdan çıxanda min manatını da sənə verəcəyəm. Uzaq yol gəlmisən, əliboş getməyəcəksən ki!

Qonaq şaqqanaq çəkib güldü. Amma yeyib-içənlərdən heç kim bilmədi ki, o, niyə gülür...

***

Buna da bax: Tualetdə də ehtiyatlı olun: Böyük qardaş sizi izləyir...

Tutuquşunun cavabı

Direktor müavini hər gün evə qanıqara gəlir, o ki var, direktorun arxasınca danışırdı:

-Belə də direktor olar, süründürməçinin, qabiliyyətsizin, savadsızın, qohumbazın, biridir. Daha canımı boğazıma yığıb...

Heç demə, evdə saxladığı tutuquşu da onun sözlərini əzbərləyirmiş. Bir gün direktor ona qonaq gəlməli olur. Direktoru görən tutuquşu dillənir:

-Belə də direktor olar, süründürməçi, qabiliyyətsiz, savadsız, qohumbaz...

Ev sahibi rüsvay olmamaq üçün tutuquşunu basır soyuducuya ki, səsi kəsilsin. Yarım saatdan sonra tutuquşunu ağappaq görkəmdə buzun içərisindən çıxarır. Tutuquşu soyuqdan əsə-əsə dillənir:

-Direktorumuz əla rəhbərdir. Həmişə süründürməçiliyə, qabiliyyətsizliyə, savadsızlığa, qohumbazlığa qarşı mübarizə aparır...

Ev sahibi heyrətlənir. Qonaqlar gedəndən sonra tutuquşudan soruşur:

-Necə oldu ki, gözəl sözlər danışdın?

Tutuquşu əsə-əsə dillənir:

- Səni də mənim günümə salsaydılar, elə danışardın...

* * *

Arayış ver ki...

İşdən çıxıb tələsik özümü yaxınlıqdakı bərbərxanaya çatdırdım ki, üz-başımı qaydaya saldırıb qaçım evə. Çünki arvad yaxşı bilirdi mən işdən saat neçədə çıxıram və yarım saat yol getməyimi üstünə gələndə nə vaxt evə çatmalıyam. Əgər “hesab” düz gəlməsə, o günüm, hətta bir həftəm qara keçərdi...

Tərs kimi, bərbərxanada müştəri çox idi, hər ustaya beş-altı adam “göz dikmişdi”. Öz-özümə götür-qoy eləyib fikirləşdim ki, onsuz da gecikmişəm. Yaxşısı budur, gözləyim.

Nəhayət, növbəm çatdı, oturdum bərbərimin stulunda. O, əllərini yuyub bir siqaret çəkənə kimi xeyli vaxt itdi. Nəhayət, üz-başımı da, cibimi də mafi qayda ilə “qırxandan” sonra, bərbərxanadan hansı sürətlə çıxdığım yadımda deyil, bir də gördüm evin qapısına çatmışam, zəngin düyməsini basıram. Düyməni bir neçə dəfə basdım, amma qapını açan olmadı. Elə bildim, arvad yatıb. Bir az gözləyib, sonra qorxa-qorxa zəngin düyməsini bir də basdım. Bu dəfə arvad qapını açdı, başını bayıra çıxarıb qışqırdı:

-Harada ləngimişdin, qayıt, get ora!

Qapını üzümə elə çırpdı ki, az qala lay divar qopub üstümə düşəcəkdi.

Xeyli bayırda qaldıqdan sonra zəngin düyməsini bir də basdım. Arvad qapını açıb acıqlı-acıqlı şəhadət barmağı ilə mənzili göstərdi:

-Keç içəri, görüm!

Qapıdan içəri girər-girməz o, Ərəbzəngi kimi qabağımı kəsib əllərini belinə qoyaraq soruşdu:

-Haradaydın, ay?.. Demişdim, qoy qalsın!

Ağzımı açmağa aman vermədi:

-De görüm, səndən duxi iyi niyə gəlir?

O, iki barmağı ilə pencəyimin üstündən nə isə götürəndə gözləri hədəqəsindən çıxdı:

- Bu kimin tüküdür belə, hə? İndi bildim haradaydın!..

Daha dözə bilmədim. Cəsarətlənib qışqırdım:

-Ay arvad, harada olacağam, bərbərxanada! O tük də öz başımın tüküdür, nə istəyirsən məndən?!

Yenə qanımı qaraltdı. Düz bir həftə küsülü qaldıq. İndi hara getsəm, kimin yanında olsam, xahiş edirəm ki, nə zaman hansı məkanda olduğum barədə mənə “arayış” versinlər. Hər ehtimala qarşı...

* * *

Buna da bax: Şıxəli Qurbanov. Yoldaşlar, gücü veririk kababa… bağışlayın plana!

“Xarici adam”

Centlmen sövdələşməsi.

Centlmen sövdələşməsi.

Bir tanışım var, adı Səftərdir. Yazıq nə eləsin ki, anadan şokolad rəngində doğulub. Qara, qıvrım saçı var. Sifətindən şirinlik yağır, necə deyərlər, çox yapışıqlıdır. Qarabuğdayılıqda elə mən də ondan geri qalmıram...

Bir dəfə avtobusda gedirdik. Əyləşdiyimiz oturacaq sərnişinlərlə qabaq-qənşər idi. Adamlar bizə baxıb bir-birinin qulağına nə isə pıçıldayırdılar. Qadınlardan biri dilləndi:

-Yəqin, Kubadan gəliblər...

O biri qadın başını tərpətdi:

- Aaz yox, ərəbə oxşayırlar.

Bir başqası zəndlə bizə baxıb əlavə etdi:

-Kim nə deyirsə-desin, bunlar zəncidirlər, amma bir az ağından...

Axırı dözmədim:

-Belə maraqlanırsınızsa, özümüzdən soruşun, hansı millətdən olduğumuzu deyək də...

Avtobusda gülüşmə başlandı. Qadınlardan biri üzrxahlıq elədi:

-A bala, bağışlayın, elə bildik xarici adamsınız...

... Mağazada növbədə dayanmışdıq. Ağsaqqal bir kişi üzünü mənə tutub rus dilində soruşdu:

-Vı arab?

Mən cavab verdim:

-Net, azerbaydjanets.

-Ne poxojete...

Azərbaycan dilində dedim:

-Ay kişi, görmürsünüz ki, azərbaycanlıyıq?

...Mərkəzi şəhərlərin birində qatara tələsik bilet almalıydıq. Növbəyə durduq. Kassaya çatanda kassir dedi:

-Vı idite na verx. Vaşa kassa tam...

Tələsik ikinci mərtəbəyə qalxanda nə görsək yaxşıdır? Orada bircə dənə kassa vardı, üstündə də yazılmışdı: “İnostrannaya kassa”. Kassanın qarşısında isə xarici millətlərin nümayəndələri növbəyə dayanmışdılar. İşin nə yerdə olduğunu başa düşüb birinci mərtəbədəki kassanın qabağına yüyürdük. Lakin gec idi, qatar getmişdi...

Bir sözlə, xarici adamlara oxşamağımızın bizə həm xeyiri dəyib, həm ziyanı. Xeyri o olub ki, çox yerdə bizə xarici qonaq kimi hörmət ediblər. İşimiz irəli düşüb. Ziyanı da o olub ki, başımıza qatar əhvalatı kimi çox əhvalat gəlib...

Günün bütün mövzuları

XS
SM
MD
LG