Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:14

Oktyabrın 26-da müdafiə naziri Zakir Həsənov Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber-in rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətinin xəbərinə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırkı vəziyyətə dair məsələlər müzakirə edilib.

Z.Həsənov bildirib ki, Azərbaycanın ərazilərinin bir hissəsi 20 ildən artıqdır Ermənistanın işğalı altındadır. Bunun nəticəsində bir milyondan çox insan doğma yurd-yuvasından didərgin düşüb.

Nazir deyib ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən qeyd-şərtsiz çıxması ilə bağlı 1993-cü ildə BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib. Lakin Ermənistan hakimiyyəti uzun illərdir beynəlxalq ictimaiyyətin tələbinə məhəl qoymur və mövcud status-kvonu saxlamaqda maraqlıdır.
H.Salber də öz növbəsində bildirib ki, Avropa Birliyi Cənubi Qafqaz regionunda sabitliyin təmin olunmasından ötrü münaqişənin tez bir zamanda sülh yolu ilə həllinin tərəfdarıdır və bu istiqamətdə danışıqların davam etdirilməsi zəruridir.
Görüşdə regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Oktyabrın 25-də prezident İlham Əliyev də Herbert Salber-in başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdi. Həmin görüşdə də, əsasən, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərin müzakirə edildiyi bildirilirdi.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib. Hazırda münaqişənin həlli ilə bağlı danışıqlar ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır.

Herbert Salber oktyabrın 25-də Bakıya gəlib. Onun səfəri üç gün davam edəcək.

Bu il iyulun 6-da Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib.

Azərbaycan Avropa Birliyi ilə «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG