Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:10

Azərbaycan xəbərləri

İƏT-in Əmək Mərkəzi Bakıda yerləşəcək

İƏT-in İstanbul sammiti
İƏT-in İstanbul sammiti

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzi Bakıda yerləşəcək.

Bu haqda Azərbaycan xarici işlər və əmək və əhalinin sosial müdafiəsi nazirliklərinin birgə açıqlamasında qeyd edilir.

Açıqlamada bildirilir ki, İƏT Xarici İşlər Nazirləri Şurasının bu il oktyabrın 18-i və 19-da Daşkənddə keçirilən 43-cü sessiyasında mənzil-qərargahı Bakı şəhərində yerləşəcək İƏT Əmək Mərkəzinin Nizamnaməsi təsdiq edilib.

Nizamnaməni 10 üzv dövlət ratifikasiya etdikdən sonra qüvvəyə minəcək.

Bu mərkəzin əsas məqsədi əmək, məşğulluq, sosial müdafiə, insan kapitalının inkişafı sahəsində üzv dövlətlərin səylərinin birləşdirilməsi və dayanıqlı sosial müdafiə sisteminin formalaşdırılmasını təşviq etməkdir.

İslam Konfransı Təşkilatı 1975-ci ildə yaradılıb. 2011-ci ildə Astana konfransında qurum İslam Əməkdaşlığı Təşkilatı adlandırılıb. Azərbaycan 1991-ci ildən qurumun üzvüdür. Bütünlükdə qurumda 57 islam dövləti təmsil edilir.

Bütün xəbərləri izləyin

update

Daşkəsəndə AXCP üzvü saxlanıb

Sahib Məmmədzadə
Sahib Məmmədzadə

Daxili İşlər Nazirliyindən (DİN) AXCP Daşkəsən rayon şöbəsinin sədri Sahib Məmmədzadənin saxlanması ilə bağlı məlumatları təsdiqləyiblər.

Nazirliyin mətbuat xidmətinin regional qrupundan "Turan"ın sorğusuna cavab olaraq bildirilib, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən S.Məmmədzadəni Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları saxlayıb.

+++

Martın 18-də axşam saatlarında müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Sahib Məmmədzadənin saxlanıldığı bildirilir.

Partiyadan deyilib ki, S.Məmmədzadə yaşadığı Daşkəsən rayonunun girişində saxlanıb: "Sahib bəy heyvanlarını yaylağa aparırdı. Qara maskalı şəxslər polis postunda Sahib bəyi saxlayıb naməlum istiqamətə aparıblar".

AXCP-dən iddia edirlər ki, fəalın saxlanması onun siyasi fəaliyyəti ilə bağlıdır.

AXCP-nin hazırda azı beş fəalı müxtəlif ittihamlarla uzunmüddətli həbsdədir. Partiyadan onların siyasi sifarişlə şərləndiyini bəyan ediblər. Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.

Saleh Rüstəmlinin qardaşının satdığı evin müsadirə olunduğu bildirilir

Saleh Rüstəmov: Ümid edirdim ki, bir də hay-küy olmasını istəməzlər...
Gözlə

No media source currently available

0:00 0:02:04 0:00

Gədəbəy rayonunun keçmiş icra başçısı (1992-1993) Saleh Rüstəmlinin qardaşı Taleh Rüstəmlinin illər əvvəl satdığı mənzilin müsadirə edildiyi bildirilir.

T.Rüstəmli AzadlıqRadiosuna bildirib ki, Yasamal rayonunda yerləşən mənzili 2007-ci ildə satıb: "Mən vaxtı ikən ev alqı-satqısı ilə məşğul olmuşam. O vaxt "baş etibarnamə" ilə mənzil satmışam, yeni ev yiyəsi isə onu öz adına rəsmiləşdirməyib. Saleh həbs olunanda bizim də mülklərimizi müsadirə ediblər, bu, illərdir artıq mənim olmayan mənzil də o siyahıya düşüb".

"Hazırda əşyalarımızı evdən çıxarırlar"

Elçin Həsənzadə adlı şəxs də "Turan"a deyib ki, atası sözügedən mənzili 2007-ci ildə alıb: "O vaxt atam evi Taleh bəyin adına alıb. 2015-ci ildə atam rəhmətə gedib, başımız qarışdı və evi öz adımıza rəsmiləşdirmədik. Daha sonra gəlib deyiblər ki, bu ev müsadirə olunub. Bu gün, martın 18-də Yasamal rayon Məhkəməsinin icraçıları polisin iştirakı ilə gəliblər, evi açıblar. Hazırda əşyalarımızı evdən çıxarırlar".

Onun sözlərinə görə, bu qanunsuzdur və aidiyyəti orqanlara müraciət etmək niyyətindədir.

Bu deyilənlərə Ədliyyə Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Amma 2019-cu ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) qanunsuz pul köçürməkdə günahlandırılan və 7 il 3 ay azadlıqdan məhrum edilən S.Rüstəmlinin məhkəmə qərarı ilə mülkləri müsadirə olunub. Onunla yanaşı, qohumların da bəzi mülklərinin müsadirə olunduğu bildirilir.

Xatırlatma

S.Rüstəmli 2018-ci il mayın 8-də narkotik ittihamı ilə tutulmuşdu. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanıb. Sonra, mayın 25-də AXCP-nin üç funksioneri (Aqil Məhərrəmov, Babək Həsənov və Ruslan Nəsirov) tutulub. Bundan sonra ittihamların dəyişdiyi bəlli olub. Onların saxlanılması ilə bağlı yayılan rəsmi açıqlamaya görə, AXCP funksionerləri və S.Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda günahlandırılıblar. AXCP ittihamı rədd edib.

S.Rüstəmli 2022-ci ilin mayında əfv sərəncamı ilə azadlığa buraxılıb. Hazırda Rusiyada yaşayır. Yerli hüquq-müdafiə təşkilatları həbsdə olarkən onun adını siyasi məhbuslar siyahısına daxil etmişdilər. Amma Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.

ABŞ-ın Qafqaz danışıqları üzrə elçisi Bakıdadır

Lui Bono
Lui Bono

Bu gün, martın 18-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono (Louis Bono) ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, görüş zamanı əməkdaşlıq, regiondakı mövcud vəziyyət, eləcə də Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin bir sıra aspektləri müzakirə olunub.

C.Bayramov Azərbaycanın sülh prosesinə sadiq olduğunu deyib.

L.Bono Azərbaycandan öncə Ermənistanda səfərdə olub. Orada da bir sıra rəsmilərlə görüşərək həm əməkdaşlıq məsələlərini, həm də Azərbaycanla Ermənistan arasında sülh danışıqlarını müzakirə edib.

Son illər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə sülh danışıqları aparılsa da, hələlik, saziş imzalanmayıb. ABŞ Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqları dəstəkləyir.

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı ötən il sentyabrın 19-20-də isə Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirib. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

İlham Əliyev Putini təbrik edib

İ.Əliyev və V.Putin
İ.Əliyev və V.Putin

Martın 18-də Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə zəng edib.

Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatına görə, Əliyev Putini prezident seçkilərində qələbə münasibətilə təbrik edib, ona ölkənin inkişafı və firavanlığı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Telefon söhbəti zamanı ölkələr arasında müttəfiqlik və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə edilib, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Bazar günü, martın 17-də Rusiyada prezident seçkilərində səsvermə (üç gün çəkib) başa çatıb.

Seçki qurumunun rəsmi açıqlamasına görə, hesablanan bülletenlərin 80 faizinin nəticələrinə əsasən, V.Putin 87 faizdən çox səs toplayıb.

Müxalif düşərgədə rəsmi nəticələrə şübhə var.

Səsvermə bülletenində dörd namizəd var idi. Putin müstəqil namizəd kimi çıxış edirdi. Kommunist Partiyasından Nikolay Xaritonovun 4.3 faiz, "Yeni adamlar" partiyasından Vladislav Davankovun 3.8 faiz, Liberal-Demokrat Partiyasından Leonid Slutskinin isə 3.2 faiz səs topladığı açıqlanıb. Bülletenlərin 1.4 faizi etibarsız sayılıb.

Ukraynaya təcavüzə qarşı çıxan namizədlər - Rjevdən olan jurnalist Yekaterina Duntsova və Dolqoprudnıdan bələdiyyə deputatı Boris Nadejdin seçkilərə buraxılmayıb. Duntsovaya imza toplamağa icazə verilməyib. Nadejdin onu dəstəkləmək üçün 200 mindən çox imza toplasa da, Mərkəzi Seçki Komissiyası onlarda qəbuledilməz "qüsur" tapıb.

Ölkənin Mərkəzi Seçki Komissiyasının açıqlamalarına görə, Putinin bu nəticəsi onun 2000-ci ildən bəri Rusiya prezidenti postuna irəli sürüldüyü beş dəfə ərzində ən yüksək göstəricidir.

Rusiyada seçkinin ikinci günü: bülletenləri korlamaq cəhdləri, saxlananlar…
Gözlə

No media source currently available

0:00 0:02:30 0:00

NATO baş katibi Azərbaycan prezidenti ilə görüşüb

Prezident İlham Əliyev və NATO-nun baş katibi Yens Stoltenberq Bakıda keçirilən danışıqlardan sonra mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyev və NATO-nun baş katibi Yens Stoltenberq Bakıda keçirilən danışıqlardan sonra mətbuata bəyanatlarla çıxış ediblər.

Martın 17-də Bakıda prezident İlham Əliyevin Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) baş katibi Yens Stoltenberq ilə təkbətək görüşü olub.

Daha sonra onlar mətbuata bəyanatlar veriblər.

AZƏRTAC-ın xəbərinə görə, İ.Əliyev deyib ki, Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var.

İ.Əliyev Qarabağ münaqişəsinə toxunaraq əlavə edib ki, ölkənin ərazisi üzərində tam suverenlik bərpa edilib: "Hazırda isə biz Ermənistanla sülh danışıqlarının fəal mərhələsindəyik... Bu yaxınlarda qeyd etdiyim kimi, biz sülhə heç vaxt olmadığımız qədər yaxınıq".

NATO baş katibi isə deyib ki, onlar tərəflər arasında sülh prosesini təşviq edir və Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə nail olunacağına ümid edirlər: "Siz söylədiyiniz kimi, sülh sazişinə heç vaxt olmadığı qədər yaxın olmağınızla bağlı sözlərinizi yüksək qiymətləndirirəm. Mən Ermənistanla dayanıqlı sülh sazişinə nail olmaq üçün həmin fürsətdən istifadə etməyinizdə sizi dəstəkləyirəm".

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib. Bakı ötən il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirib. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.

NATO baş katibi habelə Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsini davam etdirdiyini bildirib. O, Azərbaycana Ukraynaya humanitar yardımlarına görə təşəkkür edib.

Martın 17-dən 19-dək NATO-nun baş katibi Y.Stoltenberq Azərbaycan, Gürcüstan və Ermənistanda səfərdə olacaq. O, Bakıdan Tbilisiyə getməlidir.

Azərbaycan-NATO əməkdaşlığı 1994-cü ildən başlanıb. Bu əlaqələrin əsas tərkib hissəsini hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr və sülhməramlı əməliyyatlar təşkil edib.

2002-ci ildə NATO-nun Praqa sammitində tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) qəbul edilib. 2003-ci ilin mayında Azərbaycan FTƏP-ə qoşulmaqdan ötrü rəsmi müraciət edib. 2005-ci ilin oktyabrında prezident İ.Əliyev Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq Əməliyyat Planını təsdiq edib.

Ancaq Azərbaycan rəsmiləri son illər açıq bəyan ediblər ki, qarşıya NATO-ya üzvilik məsələsi qoyulmayıb.

Jurnalist və fəalların şikayəti qəbul edilmədi

Toplum TV-nin ofisində axtarış
Gözlə

No media source currently available

0:00 0:00:10 0:00
15:30

Martın 15-də Bakı Apellyasiya Məhkəməsində ToplumTV, III Respublika Platforması və Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşlarının həbsindən verilmiş şikayətə baxılıb.

Proseslərdə III Respublika Platformasının üzvü Ruslan İzzətli, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov, Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli, əməkdaşı Müşfiq Cabbarın şikayətləri təmin olunmayıb.

Onların hamısı qaçaqmalçılıqda ittiham edilir, özlərini təqsirli bilmir və həbslərini fəaliyyətləri ilə əlaqələndirirlər.

Həmin şəxslərdən həm Ə.Məmmədlinin, həm də R.İzzətlinin səhhətindən yaxınları narahatdır.

"Bir sıra həkim rəyləri, qan analizləri və s. tibbi yolla əldə edilmiş sübutlar məhkəməyə təqdim edildi. Təəssüf ki, məhkəmə nə humanizm prinsipinə, nə qanunun aliliyinə əməl etdi", - Ə.Məmmədlinin yaxınları əlavə edib.

Bu açıqlamaya, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

9 mart
18:19

4 aylıq həbs olunanlar

Ələsgər Məmmədli (ToplumTV-nin həmtəsisçisi)

Müşfiq Cabbar (Toplum TV)

Akif Qurbanov (III Respublika Platforması)

Ruslan İzzətli (III Respublika Platforması)

Ramil Babayev (Demokratik Təşəbbüslər İnstitutu)

İlkin Əmrahov (Demokratik Təşəbbüslər İnstitutu)

Əli Zeynal (Demokratik Təşəbbüslər İnstitutu)

Onlar Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunurlar. Özləri ittihamı qurama sayırlar.

20:27

Polis nəzarətində olmaqla buraxılıblar

Saxlananlardan ToplumTV-nin əməkdaşları Fərid İsmayılov Elmir Abbasovla bağlı isə Xətai Rayon Məhkəməsində bir qədər fərqli qərar verilib. Onlar polis nəzarətində olmaqla buraxılıblar.

Onlar da qaçaqmalçılıqda ittiham edilirlər.

ToplumTV əməkdaşları ittihamı qəbul etmirlər.

19:52

Ələsgər Məmmədlinin evində axtarış

Hüquqşünas Ələsgər Məmmədlinin evində axtarış bitib. Yaxınlarının bildirməsinə görə, mənzildən onlara məxsus olmayan 60 min avro pul tapıldığı iddia edilib.

Ailə üzvləri pulun onlara məxsus olmadığını, mənzilə əməliyyatçıların qoya biləcəklərini vurğulayırlar.

Bu açıqlamaya əməliyyatı keçirən Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

+++

16:02

"Toplum işi" üzrə saxlanan Ramil BabayevElmir Abbasovun aclıq aksiyasına başladıqları bildirilir.

Bu barədə onların yaxınları məlumat verib.

+++

15:52

Martın 8-də III Respublika Platformasının üzvü Ruslan İzzətlinin Bakı şəhərindəki evində aparılan axtarış başa çatıb. Axtarış zamanı R.İzzətli də evə gətirilib.

Bu barədə AzadlıqRadiosuna onun xanımı Günel Manaflı məlumat verib.

Xanımı qeyd edib ki, Ruslan ona guya mənzildə pul tapılıb götürüldüyünü söyləyə bilib. Xanımının sözlərinə görə, pul onların olmayıb, heç məbləği də dəqiqləşdirə bilməyib, sadəcə aparılanda R.İzzətli bir-iki kəlmə ilə üzləşdikləri bu durumu ona izah edə bilib.

G.Manaflı əlavə edib ki, R.İzzətlinin öd kisəsində ciddi problem var : "Yoldaşım cərrahla görüşüb yaxın günlərdə əməliyyat olunmalı idi. Əməliyyat hələ ötən həftəyə təyin olunmuşdu, amma Ruslan soyuqlayıb deyə əməliyyat qaldı".

+++

12:26

III Respublika Platformanın üzvü Ruslan İzzətlinin martın 8-də saxlandığı bildirilir.

ToplumTV-nin baş redaktoru Xədicə İsmayıl deyib ki, R.İzzətli Xətai rayon Polis İdarəsinin qarşısında bir avtomobilə mindirilərək aparılıb.

İdarənin qarşısında digər saxlananların da olduğu bildirilir.

+++

Hüquqşünas Ələsgər Məmmədlini İstanbul Klinikasının qarşısında mülki geyimli şəxslərin saxladığı deyilir.

"Səhhətində ciddi problemlər - boğazında, düz bağırsağında və prostatında əməliyyat zərurəti tələb edən şişlər var. Bu gün, martın 8-də biopsiya üçün həkimə gedərkən saxlanılıb", - vəkil Aqil Layıc bildirib.

+++

Böyük Britaniya ToplumTV jurnalistlərinin və III Respublika Platformasının nümayəndəsinin həbsindən dərin narahatlıq hissi keçirir.

Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld martın 7-də X platformasındakı hesabında yazıb.

"Fikri ifadə azadlığını və əsas insan hüquqlarını, o cümlədən bu yaxınlarda həbs edilmiş bütün KİV nümayəndələrinin hüquqlarını qorumağa çağırırıq", - orada vurğulanır.

07 mart 2024

Akif Qurbanovun valideynlərinin evində axtarış...

III Respublika Platformasının təsisçilərindən Akif Qurbanovun martın 7-də valideynlərinin Bakıdakı evində axtarış olduğu bildirilir.

Bu barədə vəkil Şəhla Hümbətova məlumat verib.

Onun sözlərinə görə, axtarış axşam saatlarında aparılıb, o özü axtarışda iştirak etməyib.

Bu deyilənləri, hələlik, Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb.

Bir gün əvvəl Akif Qurbanovun özünün mənzilində və təşkilatın ofisində də axtarış olmuşdu. Onda, vəkilinin vurğulamasına görə, A.Qurbanov demişdi ki, III Respublika Platformasının ofisinə 30 min avro yerləşdirib götürüblər.

ABŞ Bakıdakı həbslərdən 'dərin narahatlıq' keçirir

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller (Matthew Miller) martın 6-da Vaşinqtonda brifinqdə deyib ki, Birləşmiş Ştatlar Bakıda televiziya jurnalistlərinə qarşı hərəkətlərdən "dərin narahatlıq" keçirir. O, Azərbaycanı fundamental azadlıqlardan yararlanan vətəndaşlara qarşı qısnamanı dayandırmağa çağırıb.

"Amnesty International", "Human Rights Watch", "Sərhədsiz Reportyorlar" Azərbaycan hakimiyyətini jurnalistləri dərhal azad etməyə, onlara qarşı ittihamları ləğv etməyə çağırıb.

"ToplumTV-də axtarış və hazırda əlaqə saxlamaq mümkün olmayan bir neçə əməkdaşın həbsindən qəzəbliyik. İlham Əliyev diktaturası jurnalistikanı məhv etməkdədir. Azərbaycanla əməkdaşlıq edən ölkələrin hamısı özlərinə sual verməlidirlər ki, müstəqil səslərə dözümsüz yanaşan belə bir rejimlə tərəfdaşlıq etmək istəyirlərmi?". Belə bir bəyanatla martın 6-da "Sərhədsiz Reportyorlar" Təşkilatından Janna Kavelye çıxış edib.

ToplumTV videoları Youtube-dan silinib

ToplumTV-nin videolarının Youtube-dan silindiyi deyilir.

Bu barədə məlumatı qurumun baş redaktoru Xədicə İsmayıl da təsdiq edib.

Bu deyilənlərə rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb

Akif Qurbanov tutulub

III Respublika Platformasının təsisçilərindən Akif Qurbanov şübhəli şəxs qismində tutulub.

Bunu vəkil Şəhla Hümbətova deyib.

Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

Vəkilin vurğulamasına görə, A.Qurbanov deyib ki, III Respublika Platformasının ofisinə 30 min avro yerləşdirib, götürüblər: "Akif Qurbanovun dediyinə görə, ofisə basqın edib həmin pulu özləri yerləşdirib və sonra da özləri götürüblər. Onun deməsinə görə, axtarış tam nəzarətsiz şəkildə aparılıb".

Hələlik, vəkilin açıqlamasına Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Fərid İsmayılov saxlanıb

Martın 6-da ToplumTV-nin əməkdaşı Fərid İsmayilovun evində axtarış aparıldığı və onun saxlandığı deyilir.

Bu barədə onun yaxınları məlumat verib. Onların deməsinə görə, axtarış zamanı evdən 3 min 100 avro götürüldüyü bildirilib. Üstəlik, axtarışın vəkilin iştirakı olmadan aparıldığı vurğulanır.

F.İsmayılov evindən tapıldığı deyilən pulun onun olmadığını bildirib. Bu barədə də onun yaxınları məlumat verib: "Fərid bildirdi ki, "bu pul mənim deyil, pulum olsaydı, borclarımı verərdim"".

Vəkil axtarışa buraxılmadığını deyir

Vəkil Şəhla Hümbətova bildirib ki, Akif Qurbanovun mənzilində axtarış zamanı onun qapısında gözləsə də, içəri buraxılmayıb: "Akif Qurbanov içəridədir, polis axtarış aparır. Mən gəlmişəm orderimlə birlikdə, Akif Qurbanovun vəkiliyəm. Qapını bayaqdan döyürəm, açmırlar. İçəridən mənə bildirdilər ki, polis qapını açmağa icazə vermir".

DİN-dən münasibət

DİN-in mətbuat xidmətinin inspektoru İbrahim Əmiraslanlı “Turan”a bildirib ki, prosesə vəkilin dəvət olunmasının qarşısı alınmayıb: "Əməliyyat-axtarış tədbirlərinin keçirildiyi ünvana vəkilin gecikməsi onun prosesdən kənarda qalmasına səbəb olub. Burada başqa xüsus yoxdur".

"Qeyri-qanuni addımımız olmayıb"

"ToplumTV cinayət işi üçün heç bir hüquqi əsas verməyib". Bunu jurnalistlərə ToplumTV-nin baş redaktoru Xədicə İsmayıl deyib.

"Bizim heç bir cinayətdə iştirakımız və hər hansı qeyri-qanuni addımımız olmayıb... Sadəcə ölkədəki repressiya dalğasının növbəti bir addımıdır", - o əlavə edib.

Rəsmilər, bir qayda olaraq, jurnalistlərin peşə fəaliyyətinə görə həbs olunmaları ilə bağlı deyilənləri qəbul etmir və ölkədə fundamental azadlıqların qorunduğunu vurğulayırlar.

ToplumTV-nin ofisi möhürləndi

Martın 6-sı axşama doğru ToplumTV-nin Bakı şəhərindəki ofisində axtarış başa çatıb.

Ofisin qapısı möhürlənib.

Bir çox jurnalistin saxlanıldığı bildirilir.

Jurnalistlərin yaxınları deyir ki, onlar polis maşınlarına otuzdurularaq aparılıb. Hazırda onlarla əlaqə saxlamaq mümkün deyil.

III Respublika Platformasının üzvlərinin də saxlanıldığı bildirilir. Məlumata görə, qurumun üzvləri Akif Qurbanov, Ruslan İzzətliAraz Əliyev ofislərindən çıxarılaraq aparılıb.

Xatırlatma

2023-cü ilin sonlarından başlayaraq Azərbaycanda 10-a yaxın jurnalist saxlanıb, həbs edilib. Onların çoxu "AbzasMedia" nəşrinin əməkdaşları olub. Bu iş üzrə həbslər ötən ilin noyabrın 20-dən başlayıb. Öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini olduğu bildirilən Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib. Daha sonra həbslər jurnalistlər Hafiz Babalı, Nərgiz Absalamova Elnarə Qasımova ilə davam edib. Onların hamısı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham olunur. Bu maddənin sanksiyasında 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Adları çəkilən jurnalistlərin heç biri özünü təqsirli bilmir, bunu peşə fəaliyyətlərinə təzyiq kimi dəyərləndirirlər.

Jurnalistlərin həbs müddətləri uzadılır

Sevinc Vaqifqızı və Ülvi Həsənli
Sevinc Vaqifqızı və Ülvi Həsənli

Məhəmməd Kekalovun da həbs müddəti uzadılıb

“Abzas media” nəşrinin direktor müavini kimi təqdim edilən Məhəmməd Kekalovun barəsində həbs müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb.

Martın 15-də Xətai Rayon Məhkəməsində keçirilən prosesdə verilən qərara əsasən, Məhəmməd Kekalovun haqqında həbs qətimkan müddəti daha 3 ay uzadılıb.

O, da Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham edilir və ittihamı qurama sayır.

***

Martın 14-də Abzas Media nəşrinin direktoru Ülvi Həsənlinin həbs müddəti 3 ay, baş redaktor Sevinc Vaqifqızının isə 2 ay 29 gün uzadılıb.

Xətai rayon Məhkəməsinin hakimi Rəfail Sadıxovun sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının (Daxili İşlər Nazirliyi) təqdimatı təmin edilib.

Bundan əvvəl də "AbzasMedia işi" üzrə daha bir neçə jurnalistin həbs müddəti uzadılmışdı.

Həmin jurnalistlər Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham edilir. Bu maddənin sanksiyasında 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Onlar bu ittihamı qəbul etmir və həbslərini peşə fəaliyyəti ilə əlaqələndirirlər.

2023-cü ilin sonlarından başlayaraq Azərbaycanda 10-dan çox jurnalist saxlanıb, həbs edilib. Onların əvvəlcə çoxu "AbzasMedia işi" ilə əlaqəli olub. Həmin işdə öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini olduğu bildirilən Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib. Daha sonra, bu işə aid həbslər jurnalistlər Hafiz Babalı, Nərgiz Absalamova Elnarə Qasımova ilə davam edib.

Bu ara başqa kütləvi informasiya vasitələrindən də həbs edilənlər olub. Onlar da qaçaqmalçılıq və başqa ittihamlarla üzləşiblər.

Ötən həftə, martın 6-da isə ToplumTV-nin üç əməkdaşı - videoredaktor Müşfiq Cabbar, sosial şəbəkələr meneceri Elmir Abbasov və müxbir Fərid İsmayılov da CM-nin yenə 206.3.2 (qaçaqmalçılıq) maddəsi ilə şübhəli sayılaraq saxlanıblar. Onlar da ittihamı qəbul etmirlər. M.Cabbar haqqında məhkəməyə qədər 4 aylıq həbs-qətimkan tədbiri seçilsə də, digər ikisi polisin nəzarətində olmaqla buraxılıb.

'Kanal 11' televiziyasının rəhbərinə əlavə ittiham verilib

Teymur Kərimov
Teymur Kərimov

"Kanal 11" internet televiziyasının həbsdə olan rəhbəri Teymur Kərimova qarşı əlavə ittiham irəli sürüldüyü bildirilir.

Bu barədə jurnalistin vəkili Nemət Kərimli məlumat verib. Onun sözlərinə görə, əvvəlki ittihama digəri də əlavə olunub: "Əvvəl Teymur Kərimova qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülmüşdü. Hazırda 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham əlavə olunub".

Vəkil qeyd edib ki, T.Kərimov özünü təqsirli bilmir və həbsini jurnalistika fəaliyyəti ilə əlaqələndirir.

T.Kərimov ötən il dekabrın 12-də həbs olunub. Onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Həmin ittihamlarla şəxsə 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər.

Hələlik, vəkilin dediklərinə rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Son aylar Azərbaycanda 10-a yaxın jurnalist həbs edilib. Onlar, əsasən, qaçaqmalçılıq, hədə qorxu ilə tələb etmə və başqa ittihamlarla üzləşiblər. Jurnalistlər ittihamları qurama sayır və bunu peşə fəaliyyətləri ilə izah edirlər. Rəsmilər isə ölkədə jurnalistlərin peşə fəaliyyəti ilə bağlı həbs olunmalarına dair fikirləri qəbul etmirlər.

‘Toplum’ TV-nin baş redaktoru polisə çağırılıb

Azerbaijan. Baku. Azerbaijani journalist Khadija İsmayil on hunger strike in Baku 15 January 2019
Azerbaijan. Baku. Azerbaijani journalist Khadija İsmayil on hunger strike in Baku 15 January 2019

“Toplum” TV-nin baş redaktoru Xədicə İsmayıl martın 14-də saat 15:00 radələri üçün Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb .

O axşam saatlarında idarədən çıxarkən bildirib ki, Azərbaycan Konstitusiyasının 66-cı maddəsi və Cinayət Prosessual Məcəlləsindən yararlanaarq ifadə verməkdən imtina edib:

"Mən sualların qərəzli olduğunu anlayanda bu imkandan istifadə etdim".

X.İsmayıl növbəti dəfə polisə çağırılıb-çağırılmayacağı barədə ona heç nə deyilmədiyini qeyd edib.

Onun bu açıqlamasına, hələlik, Bakı Şəhər Baş Polis İdarəsindən münasibət almaq mümkün olmayıb.

Martın 6-da "Toplum" internet televiziyasının ofisində polisin axtarışı olub və qapısı möhürlənib.

Həmin gün medianın üç əməkdaşı saxlanıb, daha sonra onlardan ikisi – Fərid İsmayılovElmir Abbasov polis nəzarətinə verilərək buraxılıb.

Videoredaktor Müşfiq Cabbar barəsində isə məhkəmə qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Martın 8-də də ToplumTV-nin təsisçisi Ələsgər Məmmədli həbs olunub. Onlar qaçaqmalçılıqda ittiham edilirlər və ittihamı qurama, peşə fəaliyyətləri ilə izah edirlər.

Son aylar Azərbaycanda 10-dan çox jurnalist və ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs ediliblər. Onlar da ittihamı qurama və siyasi sayırlar.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi həbslərin olması bağlı deyilənləri qəbul etmirlər.

Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyində çalışan mühasibin həbsinə qərar verilib

Bakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi

Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəliyində 15 il mühasib çalışmış Zərifə Abbasovanın həbsinə qərar verilib. Martın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində belə qərar çıxarılıb.

Bir ilə yaxındır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Z.Abbasovanın işinə baxılır. O, AB-nin Azərbaycandakı səfiri Peter Mixalko və nümayəndəliyin digər məsul şəxslərinin imza və möhüründən yaralanıb bir milyon manata yaxın vəsaiti mənimsəməkdə suçlanır.

Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham edilən Z.Abbasova həbsdə deyil. Həm istintaqda, həm də məhkəmədə hökm çıxanadək onun haqqında başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri seçilmişdi. Ancaq martın 14-də onun işinə baxan hakimlər kollegiyası məhkəmə prosesinin əvvəlində verdikləri bu qərarı dəyişib və Z.Abbasova haqqında həbs-qətimkan tədbiri seçilməsinə qərar verib. Səbəb kimi onun məhkəmədən yayınması göstərilib.

Məhkəmədə bildirilib ki, Z.Abbasova daha öncə martın 7-də keçirilən məhkəmə iclasına da gəlməyib. O, gəlməməsinin səbəbi haqda nə məhkəməni bilgiləndirib, nə də sənəd təqdim edib.

Z.Abbasova öncəki məhkəmə iclaslarında sağlamlığı ilə bağlı problemlər olduğunu bildirmişdi.

Cinayət işinin materiallarında iddia edilir ki, Z.Abbasova aylıq hesabatları saxtalaşdırıb, oradakı rəqəmləri fərqli göstərərək səfir və daha bir diplomatın imzasını saxtalaşdırmaqla təşkilatın hesabından pullar çıxarıb. O, həmin vəsaitləri öz maaş kartına köçürərək bu yolla 983 min manatı mənimsəməkdə ittiham edilir.

Məhkəmədə bu ittihama münasibət bildirən Z.Abbasova özünü qismən təqsirli bildiyini söyləyib. O, çalışdığı təşkilatdan təxminən 50 min manatlıq yeyintini qəbul edir və yalnız buna görə özünü günahkar saydığını deyir.

Keçmiş mühasibə xüsusilə külli miqdarda mənimsəmə ilə yanaşı, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı kimi ittihamlar da verilib. Ona ittiham verilən maddələrdə 14 ilədək həbs cəzası nəzərdə tutulub.

Ələsgər Məmmədlinin saxlanma videosunu yayan həkim işdən çıxarıldığını deyir

Aydın Əliyev
Aydın Əliyev

Həkim Aydın Əliyev çalışdığı "İstanbul" klinikasından çıxarıldığını bildirir.

Bu barədə həkim “Turan” agenliyinə məlumat verib.

A.Əliyevin bildirməsinə görə, martın 12-də klinikanın rəhbərliyi ona işdən azad edildiyini çatdırıb: "Dedilər ki, sabahdan işə gəlmə".

Həkim bunun səbəbini yaxın günlərdə baş verən bəzi hadisələrlə əlaqələndirir:

"Mənim bacımın həyat yoldaşı Ələsgər Məmmədli həbs olundu və mən onun qanunsuz həbsinə münasibət bildirmişəm. Görünür ki, bu kiminsə xoşuna gəlməyib".

A.Əliyev qeyd edib ki, o işdən azad olunması ilə bağlı ərizəyə qol çəkməyib:

"Mənim klinika ilə iş müqaviləm, sertifikatlarım, vergi, sosial ödənişlərim, hamısı qaydasındadır. Əslində indi klinika mənə təzminat ödəməlidir".

Bu açıqlamaya, hələlik, sözü gedən klinkanın və rəsmi qurumların münasibətini öyrənmək mümkün olmayıb.

A.Əliyev martın 7-də Toplum TV-nin təsisçisi Ələsgər Məmmədlinin "İstanbul" klinikasının önündə saxlanılma videosunu öz sosial şəbəkə hesabından paylaşmışdı. Daha sonra o, Ə.Məmmədlinin həbsi ilə bağlı açıqlamalar yayaraq bunu tənqid etmişdi.

Xatırlama

Son bir həftədə Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli, bu internet televiziyasının bəzi əməkdaş və ayrı-ayrı ictimai fəallar qaçaqmalçılıqda ittiham edilərək həbs olunublar.

Onların heç biri ittihamı qəbul etmir, bunu qurama iş kimi dəyərləndirirlər.

Ailəsi Nazim Bəydəmirlinin səhhətinin pisləşdiyini deyir

Nazim Bəydəmirli
Nazim Bəydəmirli

Həbsdə olan işadamı, keçmiş deputat Nazim Bəydəmirlinin səhhətinin pisləşdiyi bildirilir.

Bu barədə məlumat verən onun həyat yoldaşı Fəridə Bəydəmirli deyib ki, N.Bəydəmirlinin qan təzyiqi yüksəkdir: "Dünən, martın 11-də Nazimlə telefonla danışdım, bir həftədən çoxdur qan təzyiqi 150/90-dan aşağı düşmür, ürək döyüntüsü yüksəkdir, şiddətli nəfəs darlığı var".

F.Bəydəmirlinin sözlərinə görə, həyat yoldaşına iki həftədən çoxdur ki, açıq havada gəzintiyə icazə verilmir və onun bununla bağlı müraciətlərinə məhəl qoyulmur. Həmçinin, onun vurğulamasına görə, N.Bəydəmirlinin mülki həkim müayinəsi istəməsi ilə bağlı hələ fevralın 21-də etdiyi müraciət də təmin olunmayıb. Xanımının əlavə etməsinə görə, məsələ ictimailəşəndən sonra ədliyyə hospitalından həkim kardioloq göndərilib: "Həkim Nazimi elektrokardioqrafiya və exokardioqrafiya müayinəsindən keçirib. Tövsiyə edib ki, qan analizi versin, nəticəyə uyğun təcili müalicəyə başlanmalıdır. Lakin həmin həkim mənə Nazimin diaqnozunu demədi və bunu Penitensiar Xidmətin həkimlərindən soruşmağı tövsiyə etdi. Onlardan da soruşdum, doğru düzgün cavab ala bilmədim".

O, həyat yoldaşının səhhətinə, həyatına görə narahat olduğunu vurğulayıb.

Bu deyilənlərə Penitensiar Xidmət və Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsindən münasibət öyrənmək mümkün olmayıb.

Polis nəzarətində olan Söyüdlüdən səslər: 'Evimizdə dustağa çevrilmişik'
Gözlə

No media source currently available

0:00 0:05:57 0:00

N.Bəydəmirli ötən il iyulun 4-də Cinayət Məcəlləsinin (CM)182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq saxlanıb. Ertəsi gün məhkəmə onu 4 ay müddətinə həbs edib. Bəydəmirli ittihamı rədd edib, onu uydurma və hüquqi əsaslardan məhrum adlandırıb. Müdafiə tərəfinin bildirməsinə görə, N.Bəydəmirli hesab edir ki, o, ekologiya məhbusudur və həbsinin səbəbi Söyüdlü hadisələrini pərdələmək üçündür. Sentyabrın 1-də Bəydəmirliyə qarşı CM-in 182.2.2-ci (təhdid yolu ilə tələb etmə, dəfələrlə törədildikdə) maddəsi ilə daha bir ittiham irəli sürülüb. O, bu ittihamı da qəbul etmir.

Onun həbs müddəti məhkəməyə qədər bir neçə dəfə artırılıb.

Xatırlatma

Ötən il iyunun 20-də Gədəbəy rayonunun Söyüdlü sakinləri "Gədəbəy" qızıl yatağından çirkab suları üçün ikinci süni gölün qurulmasına ekoloji tələblərlə etiraz ediblər. Polis etirazlara gözyaşardıcı qazdan istifadə olunmaqla müdaxilə edib, saxlananlar, həbs edilənlər olub (onların dəqiq sayı rəsmi açıqlanmır).

İyulun 11-də prezident İlham Əliyev hökumətin iclasında Söyüdlüdəki etirazlardan danışarkən vətəndaşların qanuna tabe olmalı olduğunu vurğulayıb. Bu çıxışdan iki gün sonra Söyüdlüdə qızıl yatağının istismarının müvəqqəti dayandırıldığı açıqlanıb.

Rəsmi monitorinqlərin nəticələrinə görə, ərazidə su obyektlərində bir sıra göstəricilərin normadan artıq olduğu aşkarlanıb. Bununla belə, ötən il sentyabrın 26-da mədənin mərhələlərlə fəaliyyətə başlaması məqbul sayılıb.

Çindən konteynerlər Qazaxıstandan keçərək Azərbaycana çatıb

Çindən gələn konteynerlər
Çindən gələn konteynerlər

Azərbaycan və Qazaxıstan liderləri martın 11-də Çindən Abşeron yarımadasına Qazaxıstan ərazisindən yeni qatar marşrutu ilə konteynerlərin gəlişini izləyiblər.

Yüklə dolu 61 konteyner Çinin Sian vilayətindən 11 gün ərzində 7 min km yol qət edib. Konteynerlər Xəzərin Qazaxıstan sahilində gəmiyə yüklənərək Azərbaycana çatdırılıb.

Hər ay 10 belə konteyner qatarının Qazaxıstan vasitəsilə Çindən Azərbaycana göndəriləcəyi bildirilir.

Tokayevin Azərbaycana səfəri zamanı SOCAR ilə Qazaxıstanın "KazMunaiGas" enerji nəhəngi Qazaxıstan neftinin Azərbaycan ərazisindən Qərb bazarlarına nəqlinin artırılması üzrə saziş imzalayıblar.

"Tengiz" neft yatağından hasilatın genişlənməsi ilə bir neçə ilə Qazaxıstandan neft istehsalının artırılacağı gözlənilir.

Bu iki ölkə Türk Dövlətləri Təşkilatının (TDT) da üzvləridir. Qırğızıstan, Türkiyə və Özbəkistan da bu qurumdadır, Macarıstan, Türkmənistan və Şimali Kipr isə müşahidəçi statusuna malikdir.

+++

Martın 11-də Bakıda Azərbaycan və Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib. İclasda Azərbaycan prezidenti İlham Əliyev və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev də iştirak edib.

Daha sonra iki ölkə arasında bir neçə sənədin imzalanması mərasimi olub.

İmzalanan sənədlər arasında Qazaxıstan neftinin Azərbaycan ərazisindən tranzit edilən həcmlərinin mərhələli artırılması haqqında saziş də yer alıb.

Pandemiyanın 1 il əvvəl başa çatdığı elan edilib, Azərbaycanda karantin yenə uzadılır

'Yolumuz 5 manat idi, indi olub 5 min manat' - Şimalda bağlı sərhədlərə belə etiraz edirlər
Gözlə

No media source currently available

0:00 0:03:30 0:00

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti yenə uzadılıb.

Bu barədə baş nazir Əli Əsədov martın 11-də qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti iyulun 1-i saat 06:00-dək uzadılıb.

Bu müddət 2 aprelə kimi nəzərdə tutulmuşdu.

Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda 2020-ci ilin martından karantin rejimi elan edilib. Bu arada onun müddəti bir çox dəfə uzadılıb. Yoluxma sayından asılı olaraq zaman-zaman rejim sərtləşdirilsə də, sonra yenə yumşaldılıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2023-cü il mayın 5-də bu pandemiyanın başa çatdığını elan edib. Azərbaycanın özündə də son illər bu virusa yoluxma kəskin azalıb.

Koronavirusla bağlı 2020-ci ilin yazından Azərbaycanın quru sərhədlərində gediş-gəliş məhdudlaşdırılıb. Bu hal hələ də davam edir. Ölkənin bir sıra müxalifət partiyaları pandemiyanın başa çatdığını vurğulayaraq məhdudiyyətlərin götürülməsini tələb edir. Bəzi rəsmilər indi də sərhədlərin bağlı saxlanmasını təhlükəsizlik amili ilə izah edirlər.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də ÜST koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan ümumilikdə 7 milyona yaxın şəxsin öldüyü açıqlanıb. Azərbaycanda isə indiyə qədər bu virusa yoluxanlardan 10 min 400 civarında şəxsin vəfat etdiyi bildirilir.

Bakıda 'Gender əsaslı zorakılığa son' şüarı səslənib

Bakıda "8 Marş" piketi
Gözlə
Embed

No media source currently available

0:00 0:00:20 0:00

Martın 8-də bəzi fəallar Bakının mərkəzində "8 Marş - duruş sərgiləyirik" adlı piket keçiriblər.

Aksiya iştirakçıları bildirib ki, polis sədd quraraq bir neçə fəalı piket yerinə buraxmayıb.

Aksiyanın əvvəlində polis əməkdaşları plakatları cırıblar.

Fəallar zorakılığa məruz qalan qadınlara mühafizə orderlərini qısa müddətdə, maneəsiz verməyə, qadınların sosial, iqtisadi azadlığını təmin etməyə çağırıblar, əlilliyi olan qadınlara diskriminasiyanı, erkən nikahları pisləyiblər.

Onlar habelə həbsdə olan jurnalistlərə azadlıq tələb ediblər.

"8 Marş" piketi
"8 Marş" piketi

Aksiya zamanı fəallar "Gender əsaslı zorakılığa son!", "Erkən nikahlara son!", "Meydanda da yan-yana, zindanda da yan-yana!", "Barışdırma, araşdır""Qızları qoru, gələcəyi qoru" şüarları səsləndiriblər.

Aksiya zamanı saxlanılan olmayıb.

Aksiyada yaşanan olaylara, orada səslənən fikirlərə Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Martın 8-i, bir çox dünya ölkələrində olduğu kimi, Azərbaycanda da Beynəlxalq Qadınlar Günü kimi rəsmi qaydada qeyd edilir.

Jurnalistlərin həbs müddəti artırılıb

Elnarə Qasımova (Arxiv fotosu)
Elnarə Qasımova (Arxiv fotosu)

“Abzas Media işi” üzrə həbs olunmuş Elnarə QasımovaHafiz Babalının həbs müddəti uzadılıb.

Bu gün, martin 7-də Xətai Rayon Məhkəməsinin hakimi Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə istintaq orqanın təqdimatına baxılaraq təmin olunub.

Hər iki jurnalistin həbs qətimkan tədbirinin müddəti bu il iyunun 13-nə qədər uzadılıb.

Müdafiə tərəfi qərarı əsassız adlandırıb və apellyasiya şikayəti verəcəklərini bildirib.

2023-cü ilin sonlarından başlayaraq Azərbaycanda 10-dan çox jurnalist saxlanıb, həbs edilib.

Onların əvvəlcə çoxu "AbzasMedia" nəşrinin əməkdaşları olub. Öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini olduğu bildirilən Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib.

Daha sonra həbslər jurnalistlər Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova ilə davam edib.

Onların hamısı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham olunur. Bu maddənin sanksiyasında 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Adları çəkilən jurnalistlərin heç biri özünü təqsirli bilmir, bunu peşə fəaliyyətlərinə təzyiq kimi dəyərləndirirlər.

Dünən, martin 6-da isə Toplum TV-nin 3 əməkdaşı - video redaktor Müşfiq Cabbar, sosial şəbəkələr meneceri Elmir Abbasov və müxbir Fərid İsmayılov da Cinayət Məcəlləsinin 206.3.2 maddəsi (qaçaqmalçılıq) ilə şübhəli sayılaraq saxlanıblar.

Onlar da ittihamı qəbul etmirlər.

Hüseyn Abdullayevə yeni ittiham…

Hüseyn Abdullayev
Hüseyn Abdullayev

Keçmiş deputat Hüseyn Abdullayevin 6 illik həbs müddətinin başa çatmasına 47 gün qalmış ona qarşı yeni ittiham irəli sürüldüyü bildirilir.

İndi onun cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılmasında (Cinayət məcəlləsinin 193-1.3.2-ci mad.) ittiham olunduğu deyilir.

Bu barədə Turan-a onun vəkili Rəsul Cəfərov danışıb.

Onun deməsinə görə, martın 4-də Binəqədi Rayon Məhkəməsi keçmiş deputat barəsində əlavə olaraq 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Abdullayev əvvəlki ittihamlar kimi, yeni ittihamı da qəbul etmir.

Vəkil istintaqın artıq araşdırdığı dövr üçün Abdullayevə qarşı ittiham irəli sürüldüyünü bildirir və bunu əsassız hesab edir.

Yeni maddə ilə Abdullayevi 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Hüseyn Abdullayev 2005-ci ildən Azərbaycan Milli Məclisində təmsil edilib. 2007-ci ildə parlamentdə Nazirlər Kabinetinin fəaliyyətini tənqid edib və sonra deputat Fəzail Ağamalı ilə aralarında insident yaşanıb. O, əvvəlcə həbs edilib, sonra xuliqanlıq ittihamı ilə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

2013-cü ildə Azərbaycandan mühacirət edib. Bir müddət sonra ona qarşı vergi ittihamı ilə cinayət işi açılıb.

2018-ci il aprelin 22-də Türkiyədə saxlanılıb və Azərbaycana ekstradisiya edilib.

Bakıda Cinayət Məcəlləsinin 192.2.2 (böyük gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 178.2.1 (fırıldaqçılıq), 178.2.2, 178.2.4 (fırıldaqçılıq), 182.2.1 (əvvəlcədən əlbir olmuş şəxslər tərəfindən hədələmə yolu ilə pul tələb etmə), 182.2.2 (eyni əməllər təkrar törədildikdə) və 182.2.4-cü (eyni əməllər, zərərçəkmişə böyük ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham edilib.

Bundan sonra 6 il müddətinə azadlıqdan məhrum edilib.

Azərbaycan və Ermənistan komissiyaları yenə sərhəddə görüşüblər

Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan  baş nazirinin müavini Mher Qriqoryan
Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan  baş nazirinin müavini Mher Qriqoryan

Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyalarının 7-ci görüşü keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat verib.

Məlumata görə, görüş sərhəddə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında gerçəkləşib.

Açıqlamaya görə, tərəflər delimitasiya məsələləri üzrə fikir mübadiləsi aparıb. Həmçinin dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılmasına başlayıblar:

“Habelə delimitasiya işlərinin görülməsinin qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə ediblər. Tərəflər Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırmasını ən qısa zamanda başa çatdırmaq barədə sövdələşiblər.”

Tərəflərin eyni zamanda komissiyaların növbəti görüşünün keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəldikləri vurğulanır.

Hər iki ölkənin dövlət komissiyalarının bundan əvvəlki görüşü fevralın 1-də gerçəkləşmişdi.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi. Ancaq tərəflər sülh sazişi (danışıqlar həm Avropa İttifaqının, həm də Rusiyanın ayrılıqda vasitəçilikləri ilə aparılır) imzalamayıb.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yeravan bunu “etnik təmizlənmə” kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

İlham Əliyev Rusiya hökumətinin sədrini qəbul edib

 M.Mişustin və İ.Əliyev
M.Mişustin və İ.Əliyev

Martın 6-da prezident İlham Əliyevin Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə görüşü olub.

AZƏRTAC-ın xəbərinə görə, İ.Əliyev deyib ki, iqtisadi-ticari sahədə nəticələr qənaətbəxşdir, 17 faizlik artım var: "Artıq 4.5 milyard dollar səviyyəsinə yaxınlaşırıq".

O əlavə edib ki, Azərbaycanın 26 ali məktəbində rus dilində təhsil həyata keçirilir, 16 min Azərbaycan vətəndaşı olan tələbə rus dilində təhsil alır: "Həmçinin 324 orta məktəbdə təhsil rus dilindədir".

M.Mişustin isə iki ölkə arasında keçid məntəqələrində daşıma güclərinin beş dəfə artdığını vurğulayıb: "Bu da bizim Nəqliyyat Nazirliyinin Azərbaycandan olan hörmətli həmkarları ilə birgə böyük sistemli işidir".

M.Mişustin dünən, martın 5-də Azərbaycana gəlib və elə həmin gün bu ölkənin baş naziri Əli Əsədov ilə görüşmüşdü.

295 milyon dollarlıq birbaşa investisiya

Rusiya Azərbaycanın aparıcı iqtisadi tərəfdaşlarındandır. Hazırda Azərbaycanda min 400 Rusiya iştiraklı müəssisənin, onlardan təxminən 300-nün 100 faizli Rusiya kapitalı ilə işlədiyi qeyd edilir.

2023-cü ildə Azərbaycana Rusiyanın birbaşa investisiyaları 295 milyon dollar təşkil edib, Böyük Britaniya, Türkiyə və Kiprdən sonra dördüncü yeri tutub.

Nəqliyyat-logistika əməkdaşlığı

Rusiya hökuməti qeyd edir ki, iki ölkənin nəqliyyat-logistika sahəsində əməkdaşlığına xüsusi diqqət ayrılır. Rusiya və Azərbaycan "Şimal-Cənub" nəqliyyat dəhlizinin Azərbaycan ərazisindən keçən "qərb" marşrutunu birgə inkişaf etdirirlər.

Fevralın 28-də Rusiyada iki ölkə arasında regionlararası forum keçirilib.

Bu ilin yanvarında isə Rusiya -Azərbaycan əməkdaşlığının inkişafı üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi imzalanıb. Əvvəlki yol xəritələri 2018-2023-cü illəri əhatələyirdi.

Ötən il Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi 2017-ci illə müqayisədə iki dəfədən çox artaraq 4.3 milyard ABŞ dollarını ötüb. Ümumi yükdaşımaların həcmi 87 faiz, tranzit yüklərin həcmi dörd dəfəyə yaxın artıb.

Azərbaycan 2022-ci ildə Rusiya ilə müttəfiqlik bəyannaməsi də imzalayıb.

İranda Azərbaycan səfirliyinin işinin bərpası müzakirə edilib

Tehranda Azərbaycan səfirliyi
Tehranda Azərbaycan səfirliyi

Martın 5-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun iranlı həmkarı Hüseyn Əmir-Abdullahian ilə görüşündə Tehranda səfirliyin fəaliyyətinin bərpası müzakirə edilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, görüş Səudiyyə Ərəbistanında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində gerçəkləşib: "Nazirlər Azərbaycanın səfirliyinə terror hücumunu törədən şəxsə qarşı məhkəmə hökmündən sonra səfirliyimizin işinin bərpası istiqamətində addımlar barədə fikir mübadiləsi aparıblar".

XİN ötən ilin iyunda İranda Azərbaycan səfirliyinin bərpasının şərtini açıqlamışdı. "Terror aktını törədənlər və sifarişçilər məsuliyyətə cəlb olunmalı, ən sərt şəkildə cəzalandırılmalıdır. Azərbaycan tərəfi əmin olmalıdır ki, səfirliyin təhlükəsiz fəaliyyəti üçün şərait mövcuddur və bununla bağlı tam zəmanət verilməlidir", - XİN rəsmisi qeyd etmişdi.

Xatırlatma

Son illər Azərbaycan və İran Arasında münasibətlərin gərginləşməsi ilə bağlı hər iki tərəfdən qarşılıqlı ittihamlar səslənib.

Ötən il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın olub. Səfirliyin bir əməkdaşının həlak olduğu, ikisinin yaralandığı açıqlanıb. Bundan sonra səfirliyin işçiləri İrandan təxliyə edilib. Amma Azərbaycanın orda konsulluğu fəaliyyət göstərməkdədir. Səfirliyə silahlı hücumda təqsirləndirilən şəxsin hakim önünə çıxarıldığı, ona ağır cəza istəndiyi bildirilir.

Ötən ilin ortalarından iki ölkə arasında münasibətlərin yaxşılaşmasına dair açıqlamalar eşidilir.

Ermənistanda saxlanan əsgər Ruslan Pənahov Bakıya gətirilib

Ruslan Pənahov
Ruslan Pənahov

Altı gün əvvəl Ermənistanda saxlanan əsgər Ruslan Pənahov Azərbaycana qaytarılıb.

R.Pənahov martın 5-də təyyarə ilə Bakının Beynəlxalq Aeroportuna gətirilib.

Azərbaycan Müdafiə Nazirliyi onun Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azdığını açıqlamışdı.

Hələlik, məsələ ilə bağlı əsgər və onun yaxınları ilə danışmaq mümkün olmayıb.

+++

Ermənistan hakimiyyəti martın 4-də bildirib ki, fevralın 28-də sərhədi keçmiş azərbaycanlı əsgəri azad və repatriasiya edəcək.

Ruslan Pənahov Teğ kəndi istiqamətində saxlanmışdı. Azərbaycanın Müdafiə Nazirliyi onun Laçın rayonu ərazisində pis hava şəraitində yolu azdığını, itkin düşdüyünü açıqlamışdı.

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) məlumatına görə, digər hüquq-mühafizə orqanının apardığı təhqiqat üzə çıxarıb ki, Pənahov Azərbaycan sərhəd postundakı hərbi qulluqçular arasında insidentlə əlaqədar qaçaraq sonra sərhədi keçib. Ancaq MTX detalları açıqlamayıb.

Ötən həftə əsgərin itkin düşməsi xəbəri yayılanda da AzadlıqRadiosunun erməni xidməti- "Azatutyun" yerli şura üzvünə istinadla yazmışdı ki, Pənahov sərhədi başqa bir azərbaycanlı əsgərlə keçib, ancaq o qaçıb. İnsidentdən öncə kənd sakinlərinin sərhədin Azərbaycan tərəfindən qəzəbli qışqırıqlar, hətta atəş səsləri eşitdiyi iddia olunurdu. Amma Azərbaycan tərəfi bu iddialarla bağlı heç bir şərh açıqlamayıb.

MTX bəyanatında qeyd edir ki, Yerevan Pənahovu "xoş niyyət əlaməti" olaraq və azaraq bir-birinin ərazisinə keçən əsgərlərin sürətli repatriasiyasına dair Ermənistan-Azərbaycan razılaşmasına uyğun olaraq təhvil verməyi qərara alıb. Razılaşmanın ən yüksək səviyyədə əldə olunduğu bildirilir.

Ötən ilin aprelində Naxçıvandan Sünik vilayətinə keçən iki azərbaycanlı əsgər saxlanıb. Onlardan biri saxlanmazdan bir gün öncə Sünik sakinini qətlə yetirməkdə təqsirli bilinib. Dekabrda hər iki əsgər Azərbaycanın 32 ermənistanlı əsgər və dinc sakini buraxması qarşılığında azad edilib.

Ombudsman həbsxanalarda sıxlığı məruzə elədi

Səbinə Əliyeva
Səbinə Əliyeva

İstintaq təcridxanalarında və bəzi cəzaçəkmə müəssisələrində mövcud normadan artıq şəxsin saxlanıldığı halları müşahidə edilib.

AZƏRTAC-ın xəbərinə görə, bu barədə "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi"ndə qeyd edilib.

Vurğulanıb, 2 min 500 nəfər üçün nəzərdə tutulmuş Bakı İstintaq Təcridxanasında başçəkmələr zamanı limitdən daha çox şəxsin saxlanıldığı müəyyən olunub.

Bu gün, martın 5-də ombudsman Səbinə Əliyeva sənədi Milli Məclisdə təqdim edib. Müzakirələrdən sonra məruzə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul olunub.

Amma hər il ombudsmanın hazırladığı məruzəni ölkənin bəzi hüquq müdafiəçiləri sərt tənqid edirlər. Bu tənqidlərdə əsas arqument isə ondan ibarətdir ki, ombudsmanlar fəaliyyətləri ərzində bir dəfə də həbsxana və təcridxanalarda işgəncə faktını üzə çıxara bilməyiblər. Onların fikrincə, əksinə, bu məsələdə Ombudsman Aparatının mövqeyi hüquq-mühafizə orqanlarının mövqeyindən kəskin şəkildə fərqlənmir.

Builki məruzədə də işgəncə məsələlərindən gərəkli formada bəhs olunmadığı bildirilir.

Həbsxanalarda rüşvət iddiası: Keçmiş məhbuslar durumu danışır
Gözlə

No media source currently available

0:00 0:04:42 0:00

Xatırlatma

Azərbaycanda Ombudsman Aparatı 2002-ci ildən fəaliyyət göstərir. Bu quruma 17 il Elmira Süleymanova rəhbərlik edib. 2019-cu ildən onu Səbinə Əliyeva əvəz edir. O, Milli Məclisin Regional məsələlər üzrə iş komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçilərindən Siyavuş Novruzovun həyat yoldaşıdır.

Mingəçevir xəstəxanasında 50 min manat araşdırılır

Mingəçevir şəhər Mərkəzi Xəstəxanası
Mingəçevir şəhər Mərkəzi Xəstəxanası

Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının vəzifəli şəxslərinin dövlət büdcəsindən ayrılan 50 min manatdan artıq vəsaiti mənimsədiyinə şübhələr yarandığı deyilir.

Bu barədə Mingəçevir şəhər Prokurorluğunun məlumatında bildirilir.

Mingəçevir şəhər Prokurorluğunda CM-in 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb: "İbtidai istintaq davam edir".

Rəsmi açıqlamaya, hələlik, xəstəxananın vəzifəli şəxslərindən münasibət öyrənmək mümkün olmayıb.

Narkoloji Mərkəzin baş direktoru həbs olunub

Narkoloji Mərkəz
Narkoloji Mərkəz

Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin baş direktoru Elşən Mustafayev və müavini Zamin Əliyev həbs olunub

Bu barədə martın 1-də Baş Prokurorluq və Səhiyyə Nazirliyinin birgə məlumatında bildirilir.

Onlara Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilib.

Hələlik, ittihama sözügedən şəxslər və onların vəkillərindən münasibət almaq mümkün olmayıb.

Həmin maddələrlə şəxs 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.

Benzin üçün aksiz dərəcələri azaldılıb...

Yanacaqdoldurma məntəqəsi
Yanacaqdoldurma məntəqəsi

2024-cü ilin sonuna kimi 95-dən az oktan ədədi ilə benzin üçün aksiz dərəcələri azaldılıb, 1 ton üçün 200 manatdan 1 manata endirilib.

Bununla bağlı fevralın 29-da baş nazir Əli Əsədov qərar imzalayıb.

Eyni zamanda, dizel yanacağı üçün aksiz dərəcəsi 80 manatdan 1 manata salınıb.

Nazirlər Kabinetinin digər qərarı ilə ilin sonuna kimi Aİ-92 və dizel üçün 15 faiz gömrük rüsumu ləğv edilib.

Qərar 2024-cü il martın 1-dən qüvvəyə minir.

Bu gün, martın 1-dən Rusiya benzin ixracına altı aylıq qadağa qoyub. Azərbaycan Rusiyadan benzin idxal edir.

Bəzi ekspertlər bu səbəbdən Azərbaycanda benzinin bahalaşacağını təxmin edirdilər.

Davamı

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG