Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:14

Azərbaycanın dünya bazarına keyfiyyətli mallarla çıxmasının təşviqi, ölkənin taxıl idxalından asılılığı, «kölgə iqtisadiyyatı» və müstəqil məhkəmələrin cəmiyyətin inkişafında rolu bu gün medianın aparıcı mövzusudur.

DÜNYANIN YENİ BRENDİ- «MADE IN AZERBAIJAN»

«Azərbaycan» qəzetində dərc edilən «Dünya bazarlarının yeni brendi – «Made in Azerbaijan»» sərlövhəli məqalədə ölkənin dünya bazarına yeni, keyfiyyətli mallarla çıxacağından bəhs olunur.

Müəllif yazır ki, yaxın zamanlarda Azərbaycan nəinki regionda, dünya miqyasında keyfiyyətli məhsul ixrac edən önəmli dövlətə çevriləcək. Məqalədə vurğulanır ki, bütün zamanlarda yaşanan böhranlar bəşəriyyətin inkişafı yolunda imkanlar yaradıb, ortaya çıxan maneələri aşmaqda yeni üsullar tapmağa sövq edib: «Prezident İlham Əliyevin ixracı stimullaşdırmaq, idxaldan asılılığı azaltmaq barədə, qeyri-neft iqtisadiyyatının inkişafına xidmət edən sərəncam və fərmanları bu sahədə əsaslı dönüş yaradıb».

Müəllif yazır ki, dövlət başçısı ilin əvvəlində qeyri-neft sektorunda rəqabətədavamlı, ixrac potensialına malik məhsulların istehsalını Azərbaycanın yeni iqtisadi siyasətinin əsas prioritetləri elan edib. Bu səbəbdən hər bir rayon üzrə xüsusi inkişaf planı hazırlanır. Dövlət fermerlərə dəstək göstərir, subsidiyalar ödəyir, gübrələri, yanacağı güzəştlərlə verir.
Müəllif bildirir ki, son illər ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara 1 milyard manat həcmində güzəştli kreditlər verilib: «Dövlətin dəstəyi ilə həyata keçiriləcək tədbirlərdən sonra Azərbaycanın istehsal etdiyi məhsullar ayrı-ayrı ölkələrin əmtəələri ilə rəqabətə girəcək, «Made in Azerbaijan» brendi dünya bazarlarında xüsusi yer tutacaq».

Taxıl

Taxıl

TAXIL ASILILIĞI

Azadliq.info saytı isə «Azərbaycan xaricdən niyə taxıl idxal edir?» sualına ekspertlə cavab axtarıb.

Yazıda Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədova istinadən qeyd edilir ki, Aktau şəhərində iki ölkə arasında idxal-ixrac əməliyyatlarının artmasına imkan verən logistika mərkəzi tikilib.

Burada Azərbaycan və Qazaxıstan iş adamları qarşılıqlı məsələləri müzakirə ediblər. Səfirə görə, bu il Azərbaycan Qazaxıstandan 1 milyon ton taxıl almağı nəzərdə tutur.

Müəllif vurğulayır ki, bütün bunlar Azərbaycan rəhbərliyinin ölkədən dollar axınına səbəb olan məhsulların daxildə istehsalının genişləndirilməsi barədə bəyanatı ilə ziddiyyət təşkil edir: «Ölkədən xarici valyutanın çıxmasına səbəb olan məhsullardan biri də taxıldır. Bu istiqamətdə il ərzində təxminən 500 milyon dollar pul xərclənir».

Ekspert Vahid Məhərrəmov deyib ki, Azərbaycanın taxıl məhsullarına olan illik tələbatı 3 milyon tondur. Onun 1 milyondan bir qədər artığı ərzaq buğdasına aiddir. V.Məhərrəmov bildirib ki, 2 milyon tona digər dənli bitkilər arpa, qarğıdalı da daxildir: «Ölkəyə hər il 1.5 milyon ton buğda idxal olunur. Eyni zamanda 250-300 min ton digər dənli bitkilər alınır. Bu o deməkdir ki, ölkədə hakimiyyətin iddia etdiyi qədər taxıl istehsal olunmur. Düşünürəm ki, burada rəqəm şişirdilib. Ölkədə ümumilikdə 1.3-1.4 milyon ton taxıl istehsal olunur. Daxili istehsal hesabına tələbatın yalnız 45-50 faizi ödənir».

Fəhlələr

Fəhlələr

«KÖLGƏ İQTİSADİYYATI»NDA ÇALIŞANLAR

«Exo» qəzetində dərc edilən «Azərbaycanda 700 min nəfərə yaxın adam «kölgə»də çalışır» sərlövhəli məqalədə dövlət vergilərindən kütləvi yayınma halları ekspertlərlə araşdırılır. Ekspertlərdən Nəriman Ağayev qəzetə mövzunu belə şərh edib: «Azərbaycanda 700 min vətəndaş «kölgə»də çalışır. Bu şəxslər dövlət reyestrlərində qeydə alınmırlar. Bunun da nəticəsi olaraq dövlətə vergi ödəmirlər, amma ölkənin nəzarətçi orqanlarına gündəlik «haqq» verirlər».

N.Ağayevin bildirməsinə görə, dövlət orqanlarında, kommersiya müəssisələrində qeydə alınmayan işçilərin ixtisarları da sürətlə artır: «Rəsmi qeydə alınmayan şəxslər, əsasən, ticarət və kənd təsərrüfatı sahələrində çalışırlar. Baxmayaraq ki, bu adamlar dövlət reyestrlərində qeydə alınmırlar, dövlətə vergi ödəmirlər, amma istənilən halda onlar Azərbaycan iqtisadiyyatında fəaliyyət göstərirlər. Faktiki olaraq bu adamlar «arxayın» işləyə bilmək üçün hüquq-mühafizə orqanlarının əməkdaşlarına və digər nəzarətçi qurumlara «haqq» ödəyirlər».

Yazıda yada salınır ki, vergilər naziri Fazil Məmmədov da bildirmişdi ki, hazırda Azərbaycanda qeydiyyatda olmayan çoxsaylı iş yerləri var.

Ekspert vurğulayır ki, bu biabırçılığa, büdcədən yan keçən qeydiyyatsız maliyyə vəsaitlərinin axınına son qoymaq lazımdır.

Yazıda deyilir ki, «kölgə iqtisadiyyatı»nın böyük himayədarları var.

Biznes

Biznes

MÜSTƏQİL MƏHKƏMƏ OLMASA...

«Novoye Vremya» qəzetində isə «Müstəqil məhkəmə sahibkarlığın müdafiə zəmanəti» sərlövhəli məqalə oxumaq olar.

Müəllif yazır ki, hakimiyyət sahibkarlıq subyektlərinin əsassız yoxlamalarını kəskin şəkildə azaldıb. Daha sonra isə o belə bir sual verir: Bu, biznesin daha azad və daha çox müdafiə olunduğu anlamınamı gəlir?

Yazıda «Sahibkarlığın və bazar iqtisadiyyatının inkişafına yardım» Fondunun ölkə üzrə 1000 sahibkar arasında keçirdiyi sorğunun nəticələri də dəyərləndirilir.

Qeyd edilir ki, rəyi soruşulanların 33.9 faizi biznes sahəsindəki vəziyyəti «çox əlverişsiz» qiymətləndirib. 27.9 faizi cavab verməyə çətinlik çəkib. 27.4 faizi «əlverişsiz», 10 faizi «nə pis, nə yaxşı» adlandırıb və cəmi 0.8 faizi bu vəziyyəti «əlverişli» sayıb.

Sahibkarların 47 faizinin düşüncəsinə görə isə, hətta hakimiyyətin müəyyən addımlarından sonra belə yaxşılaşma hiss etmirlər: «Göründüyü kimi, sahibkarların çətinlikləri hələ də çoxdur. Çoxsaylı yoxlamalar kiçik və orta biznesin qarşılaşdığı problemlərdən biri idi. Qadağa vaxtında qoyulsa da, biznesin özünü azad hiss etməsi üçün təkcə fərman və sərəncamların verilməsi azdır».

Müəllif düşünür ki, vəziyyəti köklü şəkildə dəyişməkdən ötrü qanunvericilik və vergi sahəsində kompleks tədbirlər aparılmalıdır: «Siyasi islahatlar məhkəmə sistemini əhatə etməlidir. Başqa sözlə, müstəqil məhkəmə sistemi olmasa, kiçik və orta sahibkarlıq özünü müdafiəsiz hiss edəcək».

Günün bütün mövzuları

XS
SM
MD
LG