Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:10

Oktyabrın 12-də həbsdən buraxılan futbolçu Cavid Hüseynov yaşıl meydanlara dönür. Ötən həftə futbolçu ilə müqavilə imzalayan “Qəbələ” Futbol Klubu Peşəkar Futbol Liqasına müraciət edib.

Report-un xəbərinə görə, "Qəbələ" klubu Cavid Hüseynovu ölkə çempionatı və kubok oyunlarına sifariş edib.

Buna da bax:​ Beş gün öncə həbsdən buraxılan Cavid Hüseynov futbola qayıtdı

C.Hüseynovun meydana 14 nömrəli forma ilə çıxacağı bildirilir.

“Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynov jurnalist Rasim Əliyevin döyülərək ölməsi ilə bağlı cinayət işi üzrə həbs olunmuş və mühakimə edilmişdi.

Bakı Apelyasiya Məhkəməsi futbolçunu 4 il azadlıqdan məhrum edən hökmdən verilmiş şikayətinə baxarkən, müdafiə tərəfinin arqumentlərini haqlı sayıb. Cavid Hüseynov oktyabrın 12-də azadlığa buraxılıb.

Futbolçunun gözlənilmədən azadlığa buraxılmasını jurnalist Rasim Əliyevin ailəsi, bir çox həmkarları və yaxınları mənfi qarşılayıb.

Buna da bax: 'Dünya dağılaydı, amma Rasim qalaydı'- Nişanlısı

Hətta jurnalistin atası Məmmədəli Əliyev məhkəmənin qərarını “ağlasığmaz” adlandırmışdı.

“Biz Cavid Hüseynovun “məlumat verməməyə” görə, həbs edilməsi ilə razı deyildik. O, cinayətin təşkilatçısı idi. O, oğlumuzun qatilidir”, deyə Əliyev bildirib.

Jurnalist Rasim Əliyevi ötən il avqustun 8-də bir qrup şəxs döymüşdü. Bundan bir gün sonra O, 1 saylı Kliniki Tibbi Mərkəzdə vəfat etmişdi. Bu ölüm işi ilə əlaqədar Cavid Hüseynov da daxil olmaqla, 6 nəfər həbs edilmişdi.

Buna da bax: ​Rasim Əliyevin anası: 'Bəs bu işi prezident nəzarətdə saxlayırdı?'

İstintaqın sonunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən bədənə ağır xəsarət yetirmə - ölümə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən beş nəfərin işi ayrılmışdı. Onlar Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 ildən 13 ilə qədər həbs cəzası almışdılar.

CM-nin 307.1-ci (ağır cinayətin hazırlanmasını və törədilməsini bilib xəbər verməmə) və 307.2-ci (ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilən Cavid Hüseynov isə Səbail Rayon Məhkəməsinin hökmü ilə 4 il azadlıqdan məhrum edilmişdi.

Cavid Hüseynov məhkəmədə özünü təqsirli bilmədiyini və jurnalistin döyülməsi ilə heç bir əlaqəsi olmadığını, haqsız tutulduğunu deyirdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG