Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:06

72 yaşında hələ də gözəl qalan Jacqueline Bisset kino həyatından danışır


İngilis aktrisası Jacqueline Bisset.

İngilis aktrisası Jacqueline Bisset.

-

Məşhur fransız aktrisası Jacqueline Bisset aktrisalıq fəaliiyətinə 60-cı illərin sonlarında başlayıb. Aktrisa Roman Polanski, George Cukor, François Truffaut, Sidney Lumet kimi rejissorların filmlərində çəkilib, Jean-Paul Belmondo, Frank Sinatra, Peter Sellers, Gérard Depardieu və Marcello Mastroianni kimi aktyorlarla tərəf müqabili olub. Jacqueline uşaqlıqda baletlə məşğul olub, məktəbi bitirəndən sonra da aktyorluq kurslarının pulunu ödəyə bilmək üçün model işləyib. Bu il aktrisa 72 yaşını qeyd eləyir.

Aktrisa bu müsahibəsində dahi rejissorlardan, kinodan və gözəl qalmağın sirlərindən danışır.

- Aktrisa olmaq istədiyinizi ilk dəfə nə vaxt hiss elədiniz?

- Bu son dərəcə məzəli əhvalatdı. 14 yaşımda latın dilini öyrənməyə başlamışdım, bu prosesə çox aludə olmuşdum, məktəbdə müəllimimi suallarla bezdirirdim. Axırda bir gün mənə dedi ki, sən çox fəal və dilli-dilavər qızsan, səndən yaxşı aktrisa olar. Mən təəccübləndim, çünki o vaxt bunu heç ağlıma da gətirmirdim. Üç ildən sonra dostlarımın evinə qonaq getmişdim, Roman Polanski də ora gəldi. Gecənin sonunda mənə “sən əsl introvertsən, məncə, səndən yaxşı aktrisa çıxa bilər” dedi. Bax, ilk dəfə onda ürkək bir arzu yarandı- bəlkə özünü sınayım?

- Bu peşədə işləmək üçün hansı xüsusiyyətlərə sahib olmaq lazımdı?

- Entuziazm, ehtiras və işinə sadiqlik. Bildiyiniz kimi, mən birbaş çəkiliş meydançasında öyrənmişəm - öz işimi mümkün qədər yaxşı görməyə, rejissoru və tərəf müqabillərimi artıq suallarla bezdirməməyə çalışaraq. Aktyor punktual olmalıdı, yanında işləyənlərə hörmət eləməlidi. Siz öz rolunuzun mətnini əzbər bilməlisiniz, burda başqa variant yoxdu. Çünki rolunuzu bilməyəndə təkcə özünüzü yox, meydançadakı digər insanları da pis vəziyyətdə qoyursunuz. Bir də heç bir çətinliyə, problemlərə, incikliklərə baxmayaraq həmişə öz müəllimlərinə və həmkarlarına minnətdar olmaq lazımdı.

Buna da bax: Amerikalıların "müqəddəs Ingrid" adlandırdığı isveçli Hollywood əfsanəsi

- Kumirləriniz varmı?

- Mən Jeanne Moreau çox sevirəm. Bir də Charlotte Ramplingi. Hətta cavanlıqda məni tez-tez onunla səhv salırdılar.

- Siz Hollivudun dahi klassiki George Cukorun 1981-ci ildə çəkdiyi sonuncu filmi “Varlılar və məşhurlar”da oynamısınız. Onunla işləmək xatirinizdə necə qalıb?

Jacqueline Bisset ilk filmi "Məharət və onu necə əldə etməli" filmində, 1965-ci il.

Jacqueline Bisset ilk filmi "Məharət və onu necə əldə etməli" filmində, 1965-ci il.

- Mən həddindən artıq həyəcanlıydım – çünki o, İngrid Berqmanla, Katharine Hepburnlə, Greta Garbo ilə işləyib. Bilirsiniz, Cukor əsl diktator idi. Filmin bəzi səhnələri Nyu-Yorkun küçələrində çəkilirdi. Ki, bu da camaata mane olurdu. Gah yolu bağlayırdılar, gah da başqa problemlər yaranırdı. Hətta bəziləri dava salmaq üçün çəkiliş meydançasına soxulurdular. Onda Cukor – o, yekəpər adam idi – yerindən qalxırdı və hamıya, yumşaq desək, haqsız olduqlarını izah eləyirdi. Ümumiyyətlə, mənim Cukorla münasibərim normal idi, ancaq çətin anlarımız da olurdu. Məslən, o, bütün aktyorlardan yüksək temp tələb eləyirdi, eləcə “Cəld, cəld!” deyə qışıqırırdı. Kimsə ləngiyəndə hirslənirdi: “Bu nə pauzadı, bu qədər vaxta qatar gəlib-gedər!” Bir də nədənsə onun erotik səhnələr çəkməkdən xoşu gəlmirdi, belə səhnələrdə sadəcə “bunlar müasir işlərdi, özünüz bilməlisiniz necə oynamaq lazımdı” deyib durub gedirdi.

- Tempinə və ritminə görə “Varlılar və məşhurlar” klassik Hollivud komediyasıdı. Ancaq ümumilikdə çox kədərli film alınıb. Necə fikirləşirsiniz?

- Bilirsiniz, bu film üzərində işləməyə başlayanda mən fikirləşirdim ki, Bergmanın “Payız sonatası” ruhunda bir film olacaq. Hərçənd bizim əhvalat daha dinamik idi. Və haqlısınız, filmdə kədər var, amma gülməli məqamlar da çoxdu. Sonralar mən François Truffautya şikayətlənmişdim ki, Cukor hər şeyi çox komikləşdirib. Truffaut da cavab vermişdi ki, “Bəs nə gözləyirdin? Cukorun artıq 82 yaşı var, onu psixologiya və dərinlik maraqlandırmır, əyləncəli film çəkib gülmək istəyir”.

- O filmdə siz ilk və son dəfə prodüser rolunda çıxış eləmisiniz.

- Kinoistehsalat və bütün o studiya oyunları kişi işidi, mənlik deyil. Hərçənd indi hər şey dəyişir, daha çox qadın bu işlə məşğul olur. Amma o vaxt mən seçim elədim – başa düşdüm ki, qadın olmaq və qadınlığımı qorumaq istəyirəm.

- Siz zərif, incə qadınsınız, amma son dərəcə güclü təsir bağışlayırsınız. Xarakterinizi nə formalaşdırıb?

- Xarakterim atamdan keçib.

- O da kinoda işləyirdi?

- Yox, o, həkim idi, reqbi, qolf oynayırdı. Və heç vaxt ərköyünlük eləməyimə imkan vermirdi.

- Sizin ananız fransızdı, soyadınız da fransız soyadıdı və çoxları sizi fransız aktrisası hesab eləyir..

Jacqueline Bisset.

Jacqueline Bisset.

- Anam həqiqətən fransızdı, ancaq soyadım şotland mənşəlidi və tələffüz zamanı vurğu birinci hecaya düşməlidi. Cavanlığımda yalnız məktəbdə fransızca danışırdım. Odur ki, Truffautnun “Amerika gecələri” filmində rolumu əzbərləməli olmuşdum. Ancaq o filmdə amerikalı qızı oynayırdım, ona görə də ləhcəm mənə mane olmurdu. Belmondo ilə çəkildiyim “Möhtəşəm kişi” filmində də ləhcə ilə danışıram, amma hamı elə bilirdi ki, rolum belə tələb eləyir.

Buna da bax: Lord Kimmergemin varisi, ingilis kinosunun solçu siması - Tilda Swinton

- Rus mədəniyyəti ilə nə vaxt tanış olmusunuz? Rəqqas Aleksandr Qodunovla uzunillik sevgi münasibəti zamanı?

- Mənim rus mədəniyyəti ilə tanışlığım xeyli əvvəl başlayıb. Birincisi, rus musiqisi və baletindən. Mən klassik baleti çox sevirəm. Amma ən əsası – uşaqlığımda mənə güclü təsir eləyən insanlardan biri, məhz, rus qadını olub. O, bir ingilislə evli idi, ailələrimiz dostluq eləyirdi, onun oğlu mənim ilk boyfriendim idi. O vaxt beş yaşımız vardı. Yadımdadı ki, Pakluşa –onu belə çağırırdıq, çünki ərinin soyadı Pakli idi – royalda çox gözəl ifa eləyirdi, evlərində hamı ayaqqabısız, pişik kimi səssiz gəzirdi. Və o, bizə çox şeyə icazə verirdi – onun paltarları ilə oynayırdıq, geyinib-soyunurduq, kosmetikasından istifadə eləyirdik. Onun evində qeyri-adi bir sevgi ab-havası vardı. Yadımdadı ki, orda buxarı yanırdı, dadlı yemək qoxusu gəlirdi. Həmişə istəyirdim ki, mənim evimdə də elə olsun. O ki qaldı Aleksandr Qodunova.. O, qətiyyən Amerikadakı ruslarla ünsiyyətdə olmağa can atmırdı, həsrətlə yaşamaq barədə fikirləşmirdi. Çünki Rusiyadan uzaq olmaq üçün gəlmişdi.

- Deməli, siz rus dilini bilmirsiniz?

- Belə də. Bir-iki söz bilirəm.

- Rusiya kinosu ilə tanışsınızmı?

- Əlbəttə. Konçalovskinin, Mixalkovun, Sergey Bodrovun filmlərinə baxmışam. Təəssüf ki, Tarkovskinin filmlərinə heç vaxt baxmamışam – bu boşluğu doldurmaq lazımdı. Hazırda mən, Amerika Kinoakademiyasının üzvü kimi mümkün qədər çox əcnəbi film izləməyə çalışıram.

- Akademiyada səs verirsiniz?

Jacqueline Bisset 1989-cu ildə Oskar mükafatının təqdimetmə mərasimində.

Jacqueline Bisset 1989-cu ildə Oskar mükafatının təqdimetmə mərasimində.

- İndi hə, əvvəllər yox. Çünki yalnız müəyyən miqdarda filmə baxmış üzvlərin səs vermək hüququ var. Orda məxsusi olaraq xarici kino ilə məşğul olan komitə var - filmləri seçirlər, müxtəlif qruplardan olan akademiklər həmin filmlərə baxmaq üçün qeydiyyatdan keçirlər, ancaq çox filmə baxmaq lazımdı. Mənim hələlik o qədər vaxtım yoxdu, ona görə də yalnız son mərhələdə səs verirəm.

- Rusiyada Valdivostoka gəldiyiniz ilk gün sizi balıqçılıq fabrikinə aparmalarını istəmisiniz. Niyə?

- Hər halda alış-veriş eləmək üçün yox! Yeri gəlmişkən, shoppingi o qədər də sevmirəm. Məni iş prosesi maraqlandırırdı. Axı, biz çox şeyi elə qəbul eləyirik, sanki elə belə də olmalıymış. Orda isə kürünün necə hazırlandığını, konveyer lentinin arxasında dayanan qadınların zay kürüləri necə çıxartdıqlarını gördüm. Təkcə kinoya baxan insanların çəkiliş prosesinin necə maraqlı olduğundan xəbərləri yoxdu. Ancaq mən düşünürəm ki, hətta xadimənin də işi ilə bağlı öz peşə sirləri var.

- Bir aktrisa olaraq obraz yaradarkən hansısa xüsusi üsullardan istifadə eləyirsiniz?

- Əgər Stanislavskinin obraza girmək metodunu nəzərdə tutursunuzsa, yox. Mən daha çox ingilis məktəbinin üsullarından istifadə eləyirəm, sadəcə meydançaya gəlib öz işimi görürəm. Məzəli bir fakt deyim: Armand Assante ilə Napoleon haqqındakı seriala çəkiləndə o, daima obrazda olurdu – hətta çəkilişdən sonra da. Odur ki, çəkilişlər bitəndən sonra o, məni cazz-kluba dəvət eləyəndə çox təəccüblənmişdim.

- Sevimli tərəf müqabilləriniz varmı?

Jacqueline Bisset "Şirin gəzinti" filmində Michael Sarrazinlə tərəf müqabili olub, 1968.

Jacqueline Bisset "Şirin gəzinti" filmində Michael Sarrazinlə tərəf müqabili olub, 1968.

- Tərəf müqabili sarıdan bəxtim gətirib. Hamısı çox gözəl insanlar olub. Təkcə Peter Sellerslə çətinlik çəkmişəm, amma onda gənc və təcrübəsiz idim. Sevimli tərəf müqabillərimdən biri gözəl aktyor Terence Stamp idi. Sevimli işlərimdən biri də Gérard Depardieu ilə tərəf müqabili olduğum “Nyu-Yorka xoş gəlmisiniz” filmidi. O filmdə mən Depardieunin arvadını oynayıram. Baxmayaraq ki, əhvalat çox ağırdı, amma qəhrəmanım kimi mən də ona qarşı sevgi hiss eləyirəm.

Buna da bax: Həm filmdə, həm ailədə uğurun sirri...

- Müasir rejissorlardan kiminlə işləmək istəyərdiniz?

- Michael Haneke ilə. Mən heç vaxt rol üçün ağız açmıram, amma şəxsi söhbət zamanı Hanekeyə filmində çəkilmək sitədiyimi demişəm. “Sevgi” filminə baxandan sonra.

- Son illər çəkilən filmlərdən hansılar yadınızda qalıb?

- Hanekenin “Sevgi”si, sonra Paddy Considine-nin “Tirannozavr” filmi; orda gözəl aktyor Eddie Marsan oynayır. Və bir animasiya filmi. Əslində animasiya ilə o qədər maraqlanmıram, amm bu film son dərəc gözəldi – “Anomaliza” filmi.

- Seriallara münasibətiniz necədi?

Jacqueline Bissetin 2013-cü ildə çəkildi "Son həddə olan rəqslər" filmindəki ifası. Bu aktrisanın filmdə sonuncu böyük işidir.

Jacqueline Bissetin 2013-cü ildə çəkildi "Son həddə olan rəqslər" filmindəki ifası. Bu aktrisanın filmdə sonuncu böyük işidir.

- Çox yaxşı. Bu sahədə indi əsl inkişaf gedir, güclü ssenarilər, rollar var. Hər şey kinodakından daha sürətlə baş verir. Senzura yoxdu və çoxlu maraqlı aktyorlar və müəlliflər var. Mən özüm də “Son həddə olan rəqslər” adlı serialda çəkilmişəm. (Bu serialdakı roluna görə Jacqueline Bisset 2014-cü ildə “Qızıl qlobus” mükafatı qazanıb)

- Belə gözəl qalmağınızın sirri nədi?

- Özümə diqqət eləyirəm. Evdə yeməkləri özüm hazırlayıram, şorbaları sevirəm. Bax, burdan evə qayıdan kimi böyük bir qazan faydalı şorba bişirəcəm. Brokkoli, yaşıl lobya, ispanaq və kökü bişirirəm – amma qaynatmıram, buxarda saxlayıram. Sonra onları soyuduram. Ayrıca tərəvəz bulyonu bişirirəm, toyuqdan da olar. Onu da soyuduram, buxarda saxladığım tərəvəzlərlə qarışdırıram, ədviyyat əlavə eləyirəm, bir neçə hissəyə ayırıb, buzxanaya qoyuram. Lazım olanda çıxardıb qızdırıram. Çox rahat və faydalıdı, bütün vitaminləri qorunur. Qonaq gələndə içinə parmezan və zeytun yağı da əlavə eləmək olar.

- Bu qədər sadə?

- Bilirsiniz, gözəlliyin, formada qalmağın sirri nə kosmetikadadı, nə də pəhrizlərdə. Vacib olan başqa şeydi. Məsələn, mən adi telefondan istifadə eləyirəm, hər kəsin gözünü zillədiyi bu smartfonlardan yox. E-maili yoxlamaq lazımdısa, bunu axşamlar ipad-lə də eləyə bilərəm. Gündüzlər isə başımı dik tutub gəzirəm və səmaya baxıram.

Günün bütün mövzuları

XS
SM
MD
LG