Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:38

«İslam dövləti» (İŞİD) adlı xilafət uğrunda mübarizə apardıqlarını bildirən döyüşçülər partizan müharibəsinə hazırlaşırlar. İŞİD partizan ordusuna çevrilə bilər. ABŞ-ın müdafiə naziri Ash Carter-in bu xəbərdarlığı haqda «The Daily Beast» xəbər saytı yazıb.

Hazırda İraqın ikinci böyük şəhəri olan Mosulu əlində saxlayan İŞİD-ə qarşı genişmiqyaslı əməliyyat başlanıb. ABŞ koalisiya qüvvələrinin yardım etdiyi İraq ordusunun İŞİD-i bir neçə aya da olsa, şəhərdən çıxaracağına inanır. Amma sonra nə olacaq?

EHTİYATLILIQ TÖVSİYƏ OLUNUR

«The Daily Beast» yazır ki, İŞİD heç yana getmir, üstəlik bu terror təşkilatı indi özünü qiyamçı elan edir və mütəxəssislərin fikrincə bu, yalnız adı dəyişmək deyil, daha artığı, hətta döyüş taktikasını dəyişməkdən artıq bir şeydir. Bu o deməkdir ki, İŞİD hətta Mosuldan çıxarılsa belə, onunla mübarizə hələ uzun çəkəcək.

İraqdakı qiyamçılarla müharibə son hesablamalara görə, 2 trilyon dollar və 5 min Amerika əsgərinin canı bahasına başa gəlib. Qiyamı yatırtmağa, üstəlik, 170 minlik qüvvəyə ehtiyac olub. Və acı həqiqətdir ki, iki ildir İŞİD-ə qarşı vuruşmağa hazırlaşan İraq əsgərlərinə təlim keçən, İŞİD-i hava zərbələriylə dağıtmağa çalışan ABŞ rəsmiləri terrorçu qrupun hələ də genişmiqyaslı təhlükəyə çevriləcəyindən narahatlıqlarını bildirirlər. Həm də İŞİD tək İraqa deyil, Qərbə də böyük təhlükə hesab olunur.

Britaniya təyyarəsi terrorçuların hərbi maşınını belə vurdu

İraqdakı koalisiya qüvvələrinin komandanı general Gary Volesky deyib ki, onlar İraq əsgərlərini qiyamçılarla uzunmüddətli mübarizəyə hazırlayırlar. Məhz partizan müharibəsi apardığından İŞİD-ə qarşı vuruşan döyüşçülərə ehtiyatla hərəkət etməyi tövsiyə edirlər. Çünki Mosula doğru sürətli irəliləyiş əsgərlərin arxadan zərbəyə məruz qalmasına səbəb ola bilər.

DOĞRUDANMI, QİYAM OLA BİLƏR?

İŞİD, doğrudanmı, güclü qiyam qaldıra bilər, ya ABŞ şiələrin üstünlük təşkil etdiyi Haider al-Abadi hökumətinin İraq sünnilərini də nəzərə alması üçün belə xəbərdarlıqlar edir? Axı şiələrin hökm etdiyi İraq hökumətinin sünnilərlə rəftarı İŞİD-in möhkəmlənməsində az rol oynamayıb.

«The Daily Beast» yazır ki, hər nə olursa-olsun, general Gary Volesky-nin bəyanatı koalisiyanın İŞİD-in əraziləri itirsə belə, İraqı qorxuda saxlayacağına əminliyini və bundan narahatlığını ifadə edir.

Sayt keçən həftə İŞİD-in bir neçə günə xeyli ərazi itirdiyini, Suriyanın Dabik şəhərindən çıxarıldığını, amma döyüşlər vəd etdiyini və əməliyyatların getdiyi dövrdə İŞİD-in hücumlarını doğrudan da artırdığını xatırladır. Təkcə keçən həftə Bağdadda partlayışlarda 55 nəfər ölüb.

Bu gün (oktyabrın 21-də) də İraqın şimalında, əsasən türkmanların və kürdlərin yaşadığı Kərkük şəhərində eyni vaxtda bir neçə yerdə partlayış olub. Rəsmilər intiharçı paltarı geyinmiş adamların polis və nəzarət məntəqələrini, elektrik stansiyasını partlatdıqlarını bildiriblər. Bütün hücumlara görə məsuliyyəti İŞİD üzərinə götürüb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG