Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:39

Dağlıq Qarabağ münaqişəsi, ölkənin iqtisadi vəziyyəti, lokal sosial etirazlar, neft hasilatının azalması və dəm qazından ölüm halları bu gün medianın aparıcı mövzusudur.

QARABAĞ MÜNAQİŞƏSİ VƏ İNKİŞAF

«Azərbaycan» qəzetindəki «Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu deyil» sərlövhəli məqalədə ölkənin Qarabağ problemi fonunda inkişafından bəhs edilir.

Məqalədə vurğulanır ki, bu günlər ölkədə dövlət müstəqilliyinin bərpa olunmasının 25 iliyi qeyd olunub. Bu illər ərzində demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda inkişafa nail olunub, Azərbaycan yüksək iqtisadi göstəricilərlə dünya miqyasında fenomenə çevrilib.

Müəllif qeyd edir ki, bütün bu uğurlar Qarabağ problemi şəraitində əldə olunub.

Müəllif yazır ki, Qarabağ problemi ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər. Bu, rəsmi Bakının dəyişməz və prinsipial mövqeyidir. Müəllif fikirlərinin təsdiqi kimi dövlət başçısı İlham Əliyevdən də sitat gətirir: «Azərbaycan heç vaxt - nə bu gün, nə on ildən, nə də yüz ildən sonra əzəli torpağımız olan Dağlıq Qarabağı bizdən ayıra biləcək razılaşmaya getməyəcək. Azərbaycan öz tarixi torpağı olan Dağlıq Qarabağın müstəqilliyinə və burada ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcək».

Müəllifin fikrincə, Ermənistan tərəfi hələ də problemin həllində konstruktiv mövqe tutmur. Odur ki, başqalarının ərazilərini öz nəzarətində saxlamaq siyasəti Ermənistana baha başa gələcək.

Xocəsəndə etiraz

Xocəsəndə etiraz

ETİRAZLAR QAPINI DÖYÜR

Azadliq.info saytında dərc edilən «Ölkəni bürüyəcək kütləvi aksiyalar qapını döyür» sərlövhəli məqalədə son günlər Bakıda və əyalətlərdə keçirilən sosial xarakterli, lokal etiraz aksiyalarından söz açılır.

Müəllif yazır ki, Azərbaycan xalqı heç vaxt ölkə sərvətlərindən nəsibini almayıb, Azərbaycana milyardlarla vəsait daxil olanda da, xalq çətinliklər içində yaşayıb: «Ölkədə işsizlik və yoxsulluq hökm sürür, yüz minlərlə insan dolanışıq üçün xaricə pənah aparıb. Ölkə vətəndaşları uzun illərdi böhranın əhatəsində yaşayır və xoş günə həsrət qalıb».

Yazıda qeyd edilir ki, 2015-ci ildən sonra vəziyyət daha da pisləşib. Manatın iki dəfə kəskin ucuzlaşması, qiymətlərin artması, ixtisarların sürətlənməsi xalqı daha ağır duruma salıb.

Müəllif hesab edir ki, qışda vəziyyət daha ağır olacaq. Yazıda qeyd edilir ki, artıq kütləvi narazılıqların işartıları özünü göstərir: «Düzdür, bu qədər əzab-əziyyətin qarşılığında böyük etirazlar, hələ ki, yoxdur. Amma son günlər Göyçayda, Goranboyda, Xocəsəndə və Bakının müxtəlif qəsəbələrində lokal etirazlar baş verib».

Müəllifə görə, bu proses dönməz xarakter alacaq. Çünki əhalinin vəziyyəti yaxşılaşmaq əvəzinə getdikcə pisləşir: «Başa düşmürlər ki, sosial partlayışın təkanverici qüvvəsi müxalifət yox, hökumətin anti-xalq siyasətidir. Bu gün müxalifət funksionerlərini həbs etməklə nəticə dəyişməyəcək. Alternativləri sıradan çıxarmaq narazıların sıradan çıxarılması deyil. Ölkənin hər yerini etiraz dalğaları bürüyəndə, etirazçıları «ermənipərəst», «vətən xaini» adlandırmaq mümkün olmayacaq».

Neft Daşları

Neft Daşları

NEFT HASİLATI 2024-CÜ İLƏ KİMİ ARTMAYACAQ

«Exo» qəzetində isə «Azərbaycan yeni neft ehtiyatlarını 2024-cü ildən sonra tapa bilər» sərlövhəli məqalə oxumaq olar. Müəllif ölkədə neft hasilatının azalmasını ekspert Oqtay Haqverdiyevlə müzakirə edib.

Yazıda dövlət başçısı İlham Əliyevin bu günlərdə Azərbaycanın birtərəfli qaydada neft hasilatını artırmaqdan imtina etməyə hazır olduğu bəyanatını xatırladır. Müəllif qeyd edir ki, onsuz da Azərbaycan neft hasilatını artıra bilməz. Əksinə, ildən-ilə hasilat aşağı düşür. Hasilatı artırmaqdan ötrü yeni «qara qızıl» yataqları tapılmalı və onlar istismar edilməlidir. Oqtay Haqverdiyev deyib: «Azərbaycanda neft hasilatı həcminin azalması iki il öncə, hələ, neftin qiymətlərinin kəskin enmədiyi vaxtlardan başlayıb. İndiyə kimi bu həcm azalmaqda davam edir».

Ekspertin bildirməsinə görə, hələ «Əsrin müqaviləsi» imzalanarkən neft proqramı təqdim edilib. Orada dəqiq göstərilib ki, neft hasilatının maksimal həcmi 2012-13-cü illərdə qeydə alınacaq, bundan sonra 2024-cü ilə kimi azalma müşahidə ediləcək: «Azərbaycan bu gün arzu etsə də belə, «qara qızıl»ın hasilatını artıra bilməz. Yeni yataqlarla bağlı axtarışlar gedir. Geoloqlar «Günəşli» yatağında ehtiyatlar olduğunu bildirirlər, amma bu ehtiyatlar çox dərindədir. Bu istiqamətdə iş gedir, xaricilər buna diqqət yetirirlər, amma nəticə ancaq 2024-cü ildən sonraya gözlənilir».

Qaz

Qaz

MƏİŞƏT QAZI NİYƏ ÖLDÜRÜR?

«Bizim Yol» qəzeti isə «Standarta uyğun... qətliam» sərlövhəli məqalədə son vaxtlar tez-tez təkrarlanan dəm qazından ölüm hallarını araşdırır.

Müəllif yazır ki, qış fəsli gələn kimi ölkə mediasında hər gün dəm qazından ölüm xəbərlərinə rast gəlmək mümkündür: «Qışın gəlişi ilə yenə məişət qazı canlar almağa başlayıb. Coğrafiyası da genişdir, hər gün müxtəlif bölgələrdən belə bəd xəbərlər alırıq, qaz keçən ildən yarımçıq qalan «öldürmək missiyası»nı davam etdirir».

Müəllif yazır ki, «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları öz işlərinin öhdəsindən gələ bilmir. Evlərdə texniki nasazlıqlarla bağlı vətəndaşlardan pul umulduğundan, bir çox hallarda problemlər həll edilməmiş qalır.

Üstəlik, müəllif hesab edir ki, qış vaxtı qazın tərkibinə zərərli qatqıların vurulduğu barədə iddialar da araşdırılmalıdır: «Çox güman ki, qatqını insanları boğmaq üçün vurmurlar. Məqsəd yəqin ki, qənaətdir. Əlavə pul qazanmaq istəyidir. Lakin çoxsaylı ölümlərdən dolayı kimsə məsuliyyət daşımır, faciələr bədbəxt hadisə kimi qeydə alınır».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG