Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:33

AB Rusiyayla bağlı sərt qərar verə bilmədi


Britaniyanın baş naziri Theresa May

Britaniyanın baş naziri Theresa May

AB-nin Rusiyaya qarşı sanksiyaların tətbiqiylə bağlı xəbərdarlıqları boşa çıxdı. Qərbin aparıcı nəşrləri Avropalı liderlərin dünən (20 oktyabr) gecəyarısına qədər davam edən görüşünün nəticələri haqda belə yazır.

Toplantıdan əvvəl AB Rusiyanın Suriyadakı əməliyyatlarının qarşısını almaq, Rusiyaya cavab vermək üçün bütün variantların, o cümlədən Rusiya şirkətləri və rəsmilərinə qarşı sanksiyaların gündəmdə olduğunu deyirdilər. Amma toplantı zamanı, əsasən, Britaniya, Fransa və Almaniyanın tərəfdarı olduğu bu plana qarşı çıxılıb.

«SURİYADA VƏHŞİLİK DAVAM EDƏRSƏ...»

«The Guardian» qəzeti yazır ki, Britaniyanın baş naziri Theresa May Brüsselə gələrkən bütün liderləri Kremlə mümkün qədər təzyiq göstərməyə, «Rusiyanın Suriyadakı vəhşilikləri»nə son qoymağa çağırmışdı. T.May deyirdi ki, Rusiyanın gündəliyində Suriyada «İslam Dövləti» silahlı qruplaşmasına, ya da «Əl-Qaidə»yə qarşı savaş dayanmır. Kremlin məqsədi Assad rejiminə dayaq durmaq, onun qələbəsi ehtimalını gücləndirməkdir ki, bu da Avropanın sülhü təmin etmək cəhdlərini darmadağın edir.

«Reuters» agentliyi yazır ki, Fransa Rusiyanın diplomatik təcridinin tərəfdarı idi. Buna həm BMT Təhlükəsizlik Şurasında, həm də AB-də cəhd göstərirdi.

Amma bütün sərt çıxış və xəbərdarlıqlardan, saatlarla sürən toplantıdan sonra avropalı liderlər «dumanlı» bəyanatla kifayətləndilər: «Suriyada vəhşilik davam edərsə, AB bütün mümkün variantlara baxacaq».

Sanksiyalar təklifinə hazırda AB-yə sədrlik edən, digər tərəfdən Rusiyayla geniş ticarət əlaqələri olan İtaliyanın baş naziri Matteo Renzi qarşı çıxıb. O deyib ki, sanksiyalar Rusiyayla bağlı strategiyanın bir hissəsi ola bilməz, çünki bu yolla Rusiyanı sülh danışıqlarına vadar etmək mümkün deyil.

AB-dəki mənbələrə görə, Suriyada sülh cəhdləri, danışıqlar hələ uzun çəkəcək. «Ruslar konstruktiv deyillər», - danışıqlardan xəbərdar bir diplomat «The Guardian»a müsahibəsində belə deyib.

Hələb şəhəri

Hələb şəhəri

ƏHALİNİN KÖKÜNÜ KƏSMƏK

Danışıqlar ərəfəsində Rusiya Hələbin bombalanmasının 11 saatlığına dayandırıldığını və atəşkəsin bu qayda ilə 4 gün davam edəcəyini bildirib. Avropalı rəsmilər Rusiyanın atəşkəsi qəsdən sammit vaxtına saldığını, bununla Kremlin Avropadan daha zəif reaksiyaya nail olmağa çalışdığını deyirlər.

«The New York Times» qəzeti isə Hələb xalqının onsuz da atəşkəslə bağlı deyilənlərə inanmadığını, inananların belə, şəhərdən çıxmağa qorxduğunu yazır. Hələbin şərqində, mühasirədə qalmış suriyalılar onları bombalayan rusların çıxış dəhlizlərində əhalini qoruyacağına inanmadıqlarını deyiblər. Assad rejiminə qarşı çıxan Bassem Ayoud adlı bir nəfər internet vasitəsilə göndərdiyi ismarışda belə deyib: «Rejimin haqqında danışdığı humanitar dəhlizlər boş şeydir, yalandır. Məqsəd əhalinin kökünü kəsməkdir».

İndi Suriyada hökumət tərəfdarları da, qiyamçılar da bir-birini əhalinin Hələbdən çıxmasına əngəl olmaqda günahlandırırlar. Və heç kim humanitar dəhlizə birinci keçmək istəmir. Çünki cəhd edənlərin gülləbaran olunması barədə xəbərlər yayılır.

RUSİYA GƏMİLƏRİ SURİYA SAHİLLƏRİNƏ DOĞRU GEDİR

Avropalı dövlət başçılarının Kremlə sanksiyalar məsələsini müzakirə etdiyi anlarda Rusiyanın hərbi gəmiləri Suriyanın Aralıq dənizi sahillərinə doğru irəliləməyə başlayıb. NATO əməliyyatların və münaqişənin genişlənəcəyinə işarə olduğunu deyir. NATO-nun baş katibi Jens Stoltenberg bildirib ki, gəmilər Hələbə hücumları artırmaq üçün istifadə oluna bilər.

Brüssel toplantısında təkcə Suriya məsələsi deyil, Rusiyayla başqa sahələrdəki gərginlik də müzakirə olunub. Avropalı liderlər Rusiyanın Avropanın hava məkanını pozması, dezinformasiya kampaniyası, kiber-hücumlar və Rusiyanın AB üzvü və digər ölkələrin daxili siyasətinə qarışması kimi problemlərə toxunublar. Avropa Şurasının prezidenti Donald Tusk deyib ki, «Rusiya AB-ni zəiflətmək strategiyasını yürüdür... Rusiyayla münasibətlərin gərginləşməsi bizim məqsədimiz deyil. Biz, sadəcə, Rusiyanın atdığı addımlara reaksiya veririk».

«The Guardian» qəzeti AB-nin Rusiyaya 2014-cü ildə Ukraynaya görə sanksiyalar qoyduğunu, Rusiya bankları, enerji şirkətləri və silah istehsalçılarının sanksiyalara hədəf olduğunu xatırladır və bu sanksiyaların aradan qaldırılması uğrunda danışıqların «izsiz-tozsuz» dayandırıldığını qeyd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG