Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:39

Erdoğan yenə Osmanlı keçmişindən dəm vurur


R.T.Erdoğan-ın təşkil etdiyi «Demokratiya və Şəhidlər yürüşü»

R.T.Erdoğan-ın təşkil etdiyi «Demokratiya və Şəhidlər yürüşü»

«Reuters» agentliyi yazır ki, NATO üzvü Türkiyənin İraqda, Mosul əməliyyatlarına cəlb olunmaması prezident Recep Tayyip Erdoğan-ın qəzəbinə səbəb olub. Üstəlik, Vaşinqtonun Suriyada da «İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasıyla mübarizə aparan kürd yaraqlılarına dayaq durması onun döyüşkən tonunu gücləndirib.

«DAHA DÖZMƏYƏCƏYİK»

Oktyabrın 19-da prezident sarayında muxtarlarla (kənd və rayon rəhbərləri) görüşən Erdoğan Türkiyənin öz düşmənləriylə tək vuruşacağını deyib. Prezident bundan belə özlərinin hücuma keçəcəyini, daha «bıçağın sümüyə dirənməsini gözləməyəcəklərini» söyləyib: «Bundan sonra biz problemin gəlib qapımızı döyməsini, terrorçu təşkilatların gəlib bizə hücum etməsini gözləməyəcəyik. Terror təşkilatlarına dayaq duran hər kimsə, biz onların köklərini qazıb çıxaracağıq… Hara getsələr, onları tapacaq, məhv edəcəyik…».

«Reuters» Erdoğan-ın kürd silahlı qruplaşması olan PKK-ya işarə etdiyini vurğulayır. Türkiyəyə qanlı hücumlarını 30 ilə yaxındır davam etdirən PKK Suriyada və İraqın şimalındakı bazalardan yararlanır.

Agentlik yazır ki, bir zamanlar Osmanlı imperiyasının tərkibində olan və Türkiyənin hələ də öz nüfuz dairəsində gördüyü Mosulun alınması uğrunda əməliyyatlardan kənar qalması Ankaraya, özəlliklə, təsir edib. Dünənki çıxışında Recep Tayyip Erdoğan bildirib ki, İraq ordusu şiə yaraqlılarına bel bağlasa, dini təriqətlər arasında qırğın qaçılmazdır.

«Reuters» Erdoğan-ın son zamanlar daha vətənpərvər ruhda çıxışlar ilə tərəfdarlarına daha yaxşı təsir göstərməyə çalışdığını qeyd edir.

R.T.Erdoğan

R.T.Erdoğan

«SİZ GƏLMƏSİNİZ»

«Reuters» yazır ki, ABŞ-ın Suriyada Assad rejimini devirməkdən çox İŞİD-lə mübarizəyə köklənməsi Türkiyənin özünü daha zəif hiss etməsiylə sonuclanır. ABŞ-ın fikrincə, cihadla mübarizədə kürdlər çox yararlı müttəfiqdirlər. Türkiyə isə Suriyadakı kürd yaraqlılarını düşmən hesab edir, onların PKK-nı genişləndirdiyini, ABŞ onlara arxa durduğu üçün sərhəd bölgələrdə baş verənlərə nəzarət edə bilmədiyini deyir.

«Bu biznesi bu regionda biz bilirik. Siz gəlməsiniz. Siz bilməzsiniz», - Erdoğan Qərbi tənqid edərkən belə deyib. Erdoğan həm də Suriya məsələsini bu həftə Rusiya prezidenti Vladimir Putin-lə müzakirə etdiyini, «əl-Nusra cəbhəsi» adı ilə tanınan qrupun Hələbdən çıxarılması barədə razılığa gəldiklərini deyib.

Erdoğan-ın son zamanlar Osmanlı parlamentinin imperiya sərhədlərini müəyyən edən qərarlarından dəfələrlə sitatlar gətirməsini «Reuters» xüsusi vurğulayır. O, 1923-cü ildə Lozanna müqaviləsini bağlayan türk rəsmilərinin güzəştlərə getməsindən təəssüfləndiyini bildirib. Agentlik dövlətin nüfuz dairəsində olan mətbuatın bu həftə Osmanlı imperiyasının Mosulun da daxil olduğu xəritəsini nəşr etdiyini vurğulayır.

«Reuters» yazır ki, Erdoğan Türkiyənin «regionun yenidən qurulması cəhdləri» qarşısında sakit oturmayacağını, kiminsə Türkiyədən ötrü müəyyən etdiyi rolla razılaşmayacaqlarını, öz planlarını gerçəkləşdirməyə başladıqlarını deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG