Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:27

Klinton: Tramp Putinin əlində oyuncaq olacaq


ABŞ prezidentliyinə namizədlər Donald Tramp (solda) və Hilari Klinton (sağda) üçüncü və son teledebat zamanı. Oktyabr 2016.
ABŞ prezidentliyinə namizədlər Donald Tramp (solda) və Hilari Klinton (sağda) üçüncü və son teledebat zamanı. Oktyabr 2016.

Tramp seçkinin nəticələrini tanımaya da bilər

ABŞ president seçkilərinin son teledebatı Nevada Universitetinde baş tutub. Klinton bu dəfə debata rəy sorğularında ciddi irəliləmə ilə daxil olub. Ekspertlərin fikrincə seçki gününə 20 gün qalmış keçirilən debatda hər iki namizədin məqsədi müstəqil – yəni özünü rəsmən heç bir partiyaya aid etməyən seçicilərin səslərini qazanmaq idi. Ötən debatlarda olduğu kimi həm Hilari Klintonun, həm də Donald Trampın seçki qərargahları debatqabağı günlərdə rəqibləri barədə mümkün qədər çox nüfuzdan salan məlumat yaymağa çalışırdılar. Belə ki, bir tərəfdən Klintonun Wikileaks tərəfindən yayılmış email-ləri, digər yandan isə Trampa qarşı bir neçə qadının ifşaedici ifadələr verməsi diqqət mərkəzində olub.

ALİ MƏHKƏMƏ VƏ HƏSSAS MƏSƏLƏLƏR

Hakimlər ömürlük təyin edildiyindən, bu qərar Ali Məhkəmədə güc balansını birtərəfli dəyişək və illər boyu qəbul ediləcək məhkəmə qərarlarına təsir edəcək.

İlk olaraq Ali Məhkəməyə yeni hakimin təyin edilməsi müzakirə edilib. Xatırladaq ki, bu yaxinlarda hakim Antonin Skalianın vəfatından sonra onun yerinə yeni namizəd hələ də təyin edilməyib. Prezident Obama öz namizədini təklif etsə də, respublikaçıların çoxluq təşkil etdiyi Senat namizədliyi müzakirə etməkdən imtina edir. Respublikaçıların ümidi Donald Trampın prezident seçilməsi və respublikaçı bir namizəd irəli sürməsidir. Hakimlər ömürlük təyin edildiyindən bu qərar Ali Məhkəmədə güc balansını birtərəfli dəyişək və illər boyu qəbul ediləcək məhkəmə qərarlarına təsir edəcək.

Prezidentliyə namizədlər yeni hakimdən gözləntilərində kəskin fərqləniblər və hər biri öz partiyasının mövqelərini qabardıb. Klinton qadınların hüquq bərabərliyini, böyük şirkətlərin seçkiləri maliyyələşdirməsini, müxtəlif azlıqların hüquqlarını, Tramp isə silah əldə etmək hüququnu (Konsitusiyaya 2-ci düzəliş), və konservativ dəyərləri hakim seçimində vacib faktorlar kimi qeyd edib.

Bu müzakirə fonunda abort qanunlarına toxunan Klinton, qadının seçiminin əsas olduğunu bildirib. Tramp isə istənilən həyatın toxunulmazlığına inandığını və hətta mövcud, yumşaq qanunları dəyişmək istədiyini bir daha vurğulayıb. Digər həssas məsələdə - silah alınması və saxlanmasında da tərəflər arasında kəskin fərqlər özünü göstərib.

İMİQRASİYA VƏ RUSİYA

İmiqrasiya məsələsi hər debatda qaldırılıb və bu dəfə də yeni bir şey deyilməyib. Klinton həmişəki kimi sənədsiz imiqrantlara vətəndaşlıq qazanmaq üçün şərait yaradacağını, bunun həm onlar üçün, həm də ölkə iqtisadiyyatı üçün faydalı olacagını deyib. Tramp isə, əksinə, 11 milyon imiqrantın iqtisadiyyata yalnız mənfi təsir etdiyini deyərək, özünün məşhur Meksika ilə sərhəddə divar tikmək vədini bir daha təkrar edib.

Klintona görə, Wikileaks vasitəsilə yayılmış məlumatlar əslində Vladimir Putinin əmri ilə yayılırmış. Hətta Trampın prezident kimi Putinin əlində oyuncaq olacağı iddiası da səslənib.

Təbii ki, bu dəfə də Rusiyasız ötüşməyib. Klinton Rusiya hökumətinin Trampın qələbəsində maraqlı olduğunu və bunun üçün ABŞ-a qarşı casusluq etdiyini bildirib. Ona görə, Wikileaks vasitəsilə yayılmış məlumatlar əslində Vladimir Putinin əmri ilə yayılırmış. Hətta Trampın prezident kimi Putinin əlində oyuncaq olacağı iddiası da səslənib.

Tramp Putinlə hər hansı əlaqəsini rədd etsə də, mümkün olarsa, normal münasibətlər qurmaq istədiyini deyib. Klintonun Putinə qarşı nifrətini isə demokratların administrasiyasının Rusiya prezidentinə daim uduzması ilə izah edib.

İQTİSADİYYAT, SURİYA VƏ PREZİDENTLİYƏ KİM LAYİQDİR

İqtisadi strategiya ilə bağlı da həmişəki tezislər səslənib. Hər iki namizəd məhz özünün planının orta təbəqə üçün əlverişli olacağını, vergiləri, səhiyyə və təhsil xərclərini azaldacağını iddia etsə də, debatın aparıcısı hər iki planın iqtisadçılar tərəfindən mənfi qiymətləndirildiyini qeyd edib. Belə ki, Klintonun planının Obama dövrünün zəif iqtisadi inkişaf tendensiyasını təkrar edəcəyi, Tramp planının isə xarici borcu daha da artıracağı gözlənilir.

“Mosul bizim əlimizdə idi, indi isə onun üçün yenidən döyüşürük”

Xarici siyasət seqmentində əsasən Suriya və İŞİD müzakirə edilib. Mosul şəhərinin yaxın vaxtda alınacağına ümid etdiyini deyən Klinton bundan sonrakı hədəfin Rakka olacağını, daha sonra isə əl Əsəd və Putinlə diplomatik danışıqlar vaxtının gələcəyini ehtimal edib. Tramp isə İraqdan qoşunları çıxarmaqla problemə Obama və Klintonun elə özlərinin səbəb olduqlarını iddia edib. “Mosul bizim əlimizdə idi, indi isə onun üçün yenidən döyüşürük”, namizəd deyib. Trampa görə yaranmış vəziyyətdən udan yalnız Rusiya və İran olacaq.

Gözlənildiyi kimi bir neçə qadının Trampa qarşı nalayiq əməllər etməsi ittihamları barədə sual verilib. Tramp bunları yalan adlandırıb və əlində sübutu olmasa da, bunların Klinton tərəfindən təşkil edildiyinə inandığını bildirib.

Buna da bax: Trump deyir Klinton dopinq testdən keçsin

Klinton yenə də rəqibinin prezidentlik üçün yaramadığını, Trump isə Klintonun email qalmaqalında əslində cinayət törətdiyini, bu səbəbdən də onun seçkilərdə iştirakının düzgün olmadığını deyib. Bundan başqa Klinton xeyriyyə fondunun fəaliyyəti və namizədin qadın hüquqlarını tanımayan ərəb ölkələrindən seçki üçün pul qəbul etməsi də sorğulanıb.

Respublikaçı namizəd bütün dövlət aparatının və hətta medianın ona qarşı qərəzli mövqe tutduğunu, artıq bəzi seçki pozuntularından xəbəri olduğunu və bu səbəbdən seçkilırin nəticələrini tanımamaq ehtimalı olduğunu deyib.

SON DEBATIN SON SÖZÜ

Klinton sonda hər bir amerikalının prezidenti olmaq istıdiyini bildirib. Bununla o, özünü müxtəlif azlıqlara qarşı xoşagəlməz ifadələr işlədən Trampa qarşı qoyub. Özünün təcrübəsinə diqqət çəkmək istəyən Klinton həm də fəaliyyətini böyük kapitalların yox, sadə vətəndaşların xeyrinə yönəldəcəyinə söz verib.

Tramp son sözündə belə Klintonu şərh edərək, onun elə həmin kapitallardan pul aldığını yada salıb. Özünün isə ölkənin hərbçilərinin, veteranlarının, polis və kasıb şəhər əhalisinin, o cümlədən afro-amerikan və ispandilli grupların yanında olacağını vəd edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG