Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:06

Çirkab sularının daşdığı şəhər...


İlham Əliyev
İlham Əliyev

Azərbaycanda dövlət müstəqilliyinin ildönümü, yağışın yağması ilə paytaxt nəqliyyatının iflic olması, balıqçılığın monopoliyaya alınması və yoxsulluğun cinayətlər doğurması bu gün medianın aparıcı mövzusudur.

MÖCÜZƏ İNKİŞAF

«Azərbaycan» qəzetində dərc edilən «Möcüzə inkişaf» sərlövhəli məqalədə ölkənin 25 illik müstəqillik dövrü dəyərləndirilir. Məqalənin müəllifi qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqovdur.

Deputat-redaktor yazısına ölkə prezidenti İlham Əliyevdən sitat gətirməklə başlayır: «Biz fəxr edirik ki, 25 il müstəqil dövlət kimi yaşayırıq. Öz hesabımıza yaşayırıq, heç kimə borclu deyilik, heç kimdən asılı deyilik. Müstəqilliyi hər şeydən üstün tuturuq, xalqımız azaddır, taleyimiz öz əlimizdədir».

Daha sonra müəllif Azərbaycanın üzləşdiyi problemləri müstəqilliyin ilk illərində ölkəyə rəhbərlik etmiş Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin günahı kimi dəyərləndirir. Müəllifə görə, müstəqillik itirilmə təhlükəsi ilə üzləşib. Yalnız Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəldikdən sonra bu təhlükə aradan qalxıb.

Deputat-redaktor daha sonra 2003-cü ildə İlham Əliyevin prezident seçilməsi dövrünə qayıdır. O, İ.Əliyevi yeni dövrün yeni lideri kimi dəyərləndirir.

Müəllif artıq Azərbaycanının oturuşmuş dövlət halına gəldiyini nəzərə çatdırır. Məqalədə vurğulanır ki, demokratiya sahəsində ciddi uğurlar əldə edilib. Söz zadlığı təmin olunub, çoxpartiyalı sistem hökm sürür, insan hüquqları qorunur. «Bizi bu hədəflərə çatdıran isə xalqın sevdiyi və dəstəklədiyi cənab İlham Əliyevdir!»- deyə deputat-redaktor yazır.

Bakını su basdı
Gözlə
Embed

No media source currently available

0:00 0:02:16 0:00

YAĞIŞ YAĞDI, PAYTAXT NƏQLİYYATI İFLİC OLDU...

«Novoye Vremya» qəzeti isə «Bakıda nəqliyyat-yağış kollapsı» sərlövhəli məqalədə oktyabrın 17-də yağan yağışın paytaxt nəqliyyatını iflic hala salmasından bəhs edir.

Müəllif Bakını daim tərif edən rəhbərliyi güclü yağış yağan zaman paytaxt yollarında baş verən hadisələri görməyə çağırır: «Həmişə olduğu kimi, Bakı yolları sürətlə axan çaylara dönmüşdü. Səkiləri su basıb, kanalizasiya suları şəhərin küçələrinə axır...».

Yazıdadeyilir ki, Bakıya yağış yağan kimi təkcə yolları su basmır. Bunun ardınca işıqforlar işləmir, yollarda dəhşətli tıxac yaranır.

Müəllif vurğulayır ki, Bakıda yağışlar tez-tez yağmır. Yoxsa faciəvi vəziyyət tez-tez yaranardı: «Bu, hər il təkrar olur və hərə dəfə də bunu yağıntı miqdarının normadan çox düşməsi ilə izah etmək istəyirlər. Bununla da şəhər rəhbərliyi bəraət qazanmaq istəyir. Bəraət olan yerdə də məsuliyyət aradan qalxır».

Müəllif qeyd edir ki, Bakıda yolların, körpülərin çəkilməsinə böyük pullar sərf olunub. Ancaq böyük pulların xərcləndiyi yollarda, körpülərdə kanalizasiya sistemini, əsasən, yaddan çıxarıblar: «Məsələ nə qədər yolun çəkilməsində deyil, necə çəkilməsindədir. İnsanlar 20 dəqiqəlik yolu 2 saata başa vura bilmədi... Şübhə etməyin, bu elə belə də davam edəcək. Belə problemlər səriştəsizliyin, məsuliyyətsizliyin nəticəsidir və buna görə heç kəs cavabdehlik daşımır. Şəhər çirkli sulara qərq olur, bütün rəhbərlər öz yerlərində əyləşirlər və heç kim heç nəyə cavabdehlik daşımır».

Balıqçılar
Balıqçılar

BALIQÇILIQ OLİQARXLARIN ƏLİNƏ KEÇİR

Azadliq.info saytında «Balığın da qiyməti qalxacaq» sərlövhəli məqalədə balıq yetişdirilməsi məqsədilə yaradılan süni göllərin ləğvi ekspertlərlə müzakirə edilib.

Yazıda deyilir ki, balıq yetişdirilməsi məqsədilə yaradılan süni göllər ləğv edilməkdədir. Kənd Təsərrüfatı Nazirliyi bunu əkinə yararlı olan torpaqların yenidən fonda qaytarılması məqsədi ilə izah edib.

Yazıda Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə istinadən bildirilir ki, indiyədək ölkə üzrə 304 belə süni balıq göl yaradılıb. Belə göllərə ən çox Neftçala, Salyan, Biləsuvar, Hacıqabul, Saatlı, Sabirabad, İmişli və Yevlax rayonlarında rast gəlmək mümkündür.

Müəllif vurğulayır ki, artıq bu proseslər bazarda yerli balıqların da qiymətinə təsir göstərib. Balıqların qiymətində 50 qəpik-1 manat arasında bahalaşma var.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib ki, Amerikadan gələn mütəxəssislər balıqçılıq sahəsində ciddi problemlər olduğunu müəyyən ediblər: «Azərbaycanın özünün balıq və balıq məhsullarına olan tələbatının yalnız 30 faizini ödəyə bilir. Adambaşına norma 20 kiloqram olduğu halda, ölkədə istehlak 7 kiloqramdır. Bunun da yalnız 5 kiloqramı Azərbaycanda istehsal olunur».

Ekspert deyib ki, ölkəyə balığın bir hissəsi xaricdən gətirilir, xüsusi ilə Vyetnamdan. V.Məhərrəmli qeyd edib ki, Vyetnamdan gətirilən balıqların keyfiyyəti normaya uyğun deyil. Ekspert vurğulayıb ki, Azərbaycan Xəzər sahilində yerləşsə də, balıqçılığa görə hətta Gürcüstan və Ermənistanda da geri qalır: «Birinci, Xəzərdə xəstəliklər geniş yayılıb. İkinci, dəniz çirkli olduğu üçün balığın artımının qarşısını alır. Bütün bunlar onu deməyə əsas verir ki, biz dənizdən əvvəlki qədər balıq əldə edə bilməyəcəyik».

Ekspert deyib ki, süni göllərin ləğvini heç də əkinə yararlı torpaqları zəbt edən monopolistlərə qarşı mübarizə kimi təqdim etmək düzgün deyil. O qeyd edib ki, oliqarxlara məxsus göllər heç də ləğv edilmir: «Söhbət nazir səviyyəsində olan məmurlardan gedir. Bu da imkan verəcək ki, bu sahə tam şəkildə oliqarxların əlində cəmləşsin. Bundan sonra istehsalı, emalı, idxalı da oliqarxlar həyata keçirəcək. Nəticədə bazarda qiyməti məhz onlar diktə edəcəklər».

Foto illüstrasiya
Foto illüstrasiya

SOSİAL PROBLEMLƏR CİNAYƏTKARLIĞA YOL AÇIR

«Exo» qəzetində «Sosial problemlər Azərbaycan vətəndaşlarını cinayətə təhrik edir» sərlövhəli məqalə oxumaq olar.

Müəllif öncə bildirir ki, bu ilin 9 ayı ərzində Bakıda 9 min 137 cinayət qeydə alınıb. Keçən ilin eyni dövrü ilə müqayisədə 431 fakt çoxdur. Ekspertlərdən Elman Osmanov mövzunu qəzetə belə şərh edib: «Pulsuzluqdan, işsizlikdən yaranan boş vaxtlar insanı kriminala, ilk növbədə isə oğurluq və soyğunçuluğa təhrik edir. Bakıda baş verən cinayətlərin statistikası həmişə öz «sabitliyi» ilə fərqlənir. Demək olar ki, cinayət hər il eyni səviyyədə olur və bunun sayının azalmaması suallar doğurur».

Ekspert hesab edir ki, ölkədə kriminogen durumun pisləşməsinin səbəbi hüquqpozmalara dair profilaktik işin səmərəsizliyi və sosial problemlərin çoxluğudur.

O deyib ki, iqtisadi böhran insanları cinayətlərə təhrik edir.

Ekspertin fikrincə, xırda cinayətkarlar arasında kredit borcları olanlar da var: «Üzərində borc olan, pulu bu aydan o aya çatdıra bilməyən adam çox şeyə əl ata bilər».

XS
SM
MD
LG