Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:11

Beş gün öncə həbsdən buraxılan Cavid Hüseynov futbola qayıtdı


Cavid Hüseynov
Cavid Hüseynov

Beş gün öncə həbsdən buraxılan futbolçu Cavid Hüseynov “Qəbələ” Futbol Klubuna dönür. Klub artıq futbolçu ilə müqavilə də imzalayıb.

Bu haqda klubun Facebook səhifəsi xəbər verir.

Xəbərdə anlaşmanın müddətinin mövsümün sonuna kimi olduğu bildirilir.

“Sabahdan etibarən (oktyabrın 18-i) futbolçu məşqçilər korpusunun proqramına əsasən çalışmalara başlayacaq. Futbolçunun ölkə çempionatı və ölkə kuboku yarışlarında iştirakı üçün Peşəkar Futbol Liqasına müraciət olunub”, klubun məlumatında bildirilir.

Buna da bax:​ Cavid Hüseynovun azadlığa buraxılması birmənalı qarşılanmayıb

“Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynov jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi ilə bağlı cinayət işi üzrə həbs olunmuş və məhkum edilmişdi.

Məhkəmə futbolçunu 4 il azadlıqdan məhrum edən hökmdən verilmiş apelyasiya şikayətinə baxarkən, şikayətin arqumentlərini haqlı sayıb. Cavid Hüseynov oktyabrın 12-də azadlığa buraxılıb.

Futbolçunun gözlənilmədən azadlığa buraxılmasını jurnalist Rasim Əliyevin ailəsi, bir çox həmkarları və yaxınları mənfi qarşılayıb.

Hətta jurnalistin atası Məmmədəli Əliyev məhkəmənin qərarını “ağlasığmaz” adlandırmışdı.

“Biz Cavid Hüseynovun “məlumat verməməyə” görə həbs edilməsi ilə razı deyildik. O, cinayətin təşkilatçısı idi. O, oğlumuzun qatilidir”, deyə Əliyev bildirib.

Buna da bax:​ Rasim Əliyevin anası: 'Bəs bu işi prezident nəzarətdə saxlayırdı?'

Jurnalist Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülmüş və 9-na keçən gecə 1 saylı Kliniki Tibbi Mərkəzdə vəfat etmişdi. Bu ölüm işi ilə əlaqədar Cavid Hüseynov da daxil olmaqla, 6 nəfər həbs edilmişdi.

İstintaqın sonunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən bədənə ağır xəsarət yetirmə - ölümə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən beş nəfərin işi ayrılmışdı. Onlar Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 ildən 13 ilə qədər həbs cəzası almışdılar.

CM-nin 307.1-ci (ağır cinayətin hazırlanmasını və törədilməsini bilib xəbər verməmə) və 307.2-ci (ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilən Cavid Hüseynov isə Səbail Rayon Məhkəməsinin hökmü ilə 4 il azadlıqdan məhrum edilmişdi.

Cavid Hüseynov məhkəmədə özünü təqsirli bilmədiyini və jurnalistin döyülməsi ilə heç bir əlaqəsi olmadığını, haqsız tutulduğunu deyirdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG