Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:14

«Rusiya ətrafındakı ölkələri özünün əməliyyat zonası hesab edir». Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin baş elmi işçisi Robert D.Kaplan «The Wall Street Journal»da belə yazır.

YAXŞI FÜRSƏT

Müəllif yeni ABŞ prezidentinin Rusiyayla bağlı aparmalı olduğu siyasətin istiqamətlərini cızmağa çalışır. O yazır ki, hazırda Avrasiyadakı iki böyük avtoritar rejimdən ən təhlükəlisi Rusiyadır. Müəllif Çinin də materik ətrafındakı sulara hakim olmaq istədiyini, amma buna tədricən, ABŞ-la müharibəyə girmədən nail olmağa çalışdığını, Çinin «soyuq», ancaq Rusiyanın «isti» təcavüz göstərdiyini deyir. Və müəllifin fikrincə, indi bu «isti təcavüzkar»a çox əlverişli şərait yaranıb. Çünki indiki ABŞ administrasiyası fəal görünmür, yeni prezident hələ gəlməyib, yəni Putin-in müharibə siyasətində tarazlığı istədiyi istiqamətdə dəyişməyə bundan yaxşı fürsət ola bilməz.

Ekspert yazır ki, hazırda Rusiyanın iqtisadi durumu Çininkindən pisdir, bu isə o deməkdir ki, Rusiya liderlərinin millətçiliyi önə çəkməyə daha çox ehtiyacı var. Problem odur ki, qərbdəkilər bunu anlamır və tarixən formalaşmış təhlükə və etimadsızlıq, qorxu hissi rusların təcavüzünü daha kobud, həyasız, qanlı və riskli təcavüzə çevirir. Çin mübahisəli adalarda dəmiryolu çəkib, mübahisəli sulara balıqçı donanmaları göndərdiyi halda, Rusiya Ukraynaya xizəkçi maskası geymiş qatillər, Suriyaya isə kaset bombaları göndərir.

Müəllif Rusiyanın hazırda 4 zonaya –Baltik dənizi, Qara dəniz hövzəsi, Ukrayna və Suriyaya müdaxilə etdiyini, amma bütün bunların Moskvadan ötrü bir anlam daşıdığını vurğulayır. Yəni hamısı «yaxın sərhəd»dir, keçmişdə Sovet İttifaqının təsir dairəsi hesab olunub. Və indi, müəllifin fikrincə, Putin bütün bu zonalara müdaxilə ilə ABŞ-ın təzyiqini idarə etməyə çalışır. Məsələn, ABŞ ona Suriyada təzyiq göstərməyə çalışırsa, Putin ABŞ-a Baltikyanı ölkələrdə cavab verir.

B.Obama və V.Putin

B.Obama və V.Putin

ƏN BÖYÜK SUAL

Robert D.Kaplan yazır ki, əslində indi ABŞ Hələbin vəziyyətini yüngülləşdirə bilər, bunu hərbi mütəxəssislər də təsdiqləyər. Amma bir şeyi unutmaq olmaz; Dəməşqdəki rejimi devirməklə ölkənin şimalında vəhşi təcavüzü önləmək arasında böyük fərq var.

Xarici siyasət məsələsində yeni ABŞ prezidentinin qarşısında dayanacaq ən böyük sual budur: ABŞ Baltik dənizindən Suriya səhralarına qədərki təsir vasitələrini necə quracaq? Yəni Rusiyayla danışıqlarda strateji nəticəyə nail olmaqdan ötrü ABŞ harada dayanmalıdır?

Müəllifin fikrincə, indiki dövlət katibi John Kerry diplomat rolunu oynamır, missiya yerinə yetirir. Robert D.Kaplan yazır ki, Kerry-nin siyahısında Amerika maraqları deyil, sadəcə, danışıqların keçirilmə sırası qeyd olunur. «Görünür, dövlət katibi xarici siyasətdə maraqların dəyərlərdən öndə olduğunu anlamır», - ekspert belə deyir.

«SİYASƏT GÜCÜ ƏVƏZLƏMİR»

Müəllifin fikrincə, Qərbin Suriyaya müdaxiləsi təhlükə yaradırsa, ABŞ əsgərlərinin Avropaya qayıdışı, Fars körfəzinə əlavə qüvvənin yerləşdirilməsi Putin-i Suriyada daha mülayim davranmağa vadar edə bilər. Rusiyaya Şərqi və Mərkəzi Avropada ciddi təzyiq göstərməklə ABŞ Rusiyanı vacib danışıqlar masasına çəkməyə şərait yaratmış olar. Digər tərəfdən, müəllif Suriyanın regional müharibə zonasına çevrildiyini, ona görə də digər region ölkələrinin – Türkiyə, İran, Səudiyyə Ərəbistanının da məsələyə cəlb edilməli olduğunu vurğulayır, deyir ki, siyasət gücü əvəzləmir, amma güclə birgə istifadə edilməlidir.

Rusiyanın ABŞ-a kiber-hücumunun müharibə həddinə çatdığını deyən ekspert yeni prezidentin bu sahədə də ciddi iş görməli olduğunu yazır.

«Mən realistəm və reallıq budur ki, Rusiyanın yaxın sərhədlərə təcavüzü güc balansını pozub və bu təcavüzə bəzən konkret cavab verilməlidir» - Robert D.Kaplan belə yazır.

Günün bütün mövzuları

XS
SM
MD
LG